Ana dili müəllimi Təranə Vəzirova: “Dərsliklər təkmilləşsə, daha effektli olar”
11.05.16 15:56
25820
V sinifdə Ana dili dərsi çərçivəsində təkcə şagirdlərin dilin
qayda-qanunlarını deyil, həm də kurikulumu necə mənimsədiyini müşahidə etmək
mümkündür. «Vətənpərvər», «Qarabağ», «Şuşa», «Cəsurlar», «Çeviklər» qruplarına
bölünən şagirdlər "Sifətin mənaca növləri və dərəcələri”, "İsim və sifətin
oxşar və fərqli cəhətləri”ni müzakirə edirlər. Qrup liderləri Şəms Abbaslı,
Ayaz Qurbanlı, Arzu Əliyeva, Əskinaz Xəlilli, Aytac İsayeva daha çox fəallıq
göstərirlər. Daha sonra Ana dili müəllimi
Təranə Vəzirova qruplara test tapşırıqları verir. "Ana təbiət haqda”, "Təsviredici
mətn hazırlıqları”, "Şuşanın işğalı” və s. üzrə qruplar öz aralarında dəqiq
cavabı müəyyənləşdirirlər.
Proyektr və divardakı ekran da mövzuya aid təsvirlərin əyani göstərilməsi
baxımından effektlidir. Adətən müəllimlər dərslərdə özlərinin hazırladıqları
slaydlarla işləyirlər.
Şagirdlər müəllimin sərbəst sualları üzərində də düşünür və fəallıqla
sualları cavablandırırlar. Müəllimənin "Əgər kimsə desə ki səsiniz dünyada
eşidiləcək, düşmənə hansı mesajı göndərərsiniz?” sualına şagirdlərin "Qarı düşmən,
Qarabağdan əlini çək!” cavabı eşidilir.
Müəllimə söhbətimizdə bildirir
ki, uşaqlara daha çox vətənpərvərlik ruhunda tərbiyəvi mövzular keçilir:
«Düzdür, şagirdlər başqa dilləri də sevirlər, amma öz dilimizə daha çox
üstünlük verirlər». Müəllimənin dediyinə görə, beşinci sinif məktəbdə ən fəal
siniflərdən biridir. Belə ki, müxtəlif fənlər üzrə keçirilən açıq dərslərdə
şagirdlər fəallıq göstərirlər: «Şagirdlərin Azərbaycan dilinə xüsusi həvəsləri
var. Hər dərsə yaxşı hazırlaşırlar. Aralarında şeir yazanlar da var. Onların ən
böyük arzuları Şuşaya qayıtmaqdır. Hətta sinifdə oxuyan və əslən Şuşadan
olmayan şagirdlər də həsrətlə Şuşaya gedəcəkləri günü gözləyirlər. Son hadisələrə
görə uşaqlarda sanki bir coşqunluq yaranıb».
Təranə Vəzirova şagirdlərin yazı vərdişlərinin inkişafı üçün onlara
inşa, esse yazdırdığını bildirir: «Şagirdlərə müstəqil mövzular tapşırıram. Vətənpərvərlik
haqqında tez-tez inşalar yazırlar». Müəllimə buraxılış sinif şagirdlərinin Ana
dilindən kafi göstəricilərinə münasibət bildirərək daha çox testi təqsirləndirir:
«Uşaqlar testlərlə əzbərçiliyə meyil edirlər. Variantları əzbərləməyə çalışır,
mövzunun dərinliyinə getmirlər. Nəticədə fikirlərini yaxşı ifadə edə bilmirlər.
Onlar bədii təhlil vasitələrindən istifadə etməyi bacarmırlar. Şagirdlər bədii əsər
oxumurlar”. Uşaqlarda ədəbiyyata həvəs yaratmaq üçün müxtəlif gecələr təşkil
etdiklərini bildirən müəllimə hesab edir ki, bu yolla onlarda mütaliəyə həvəs
yaratmaq mümkündür: "Ədəbiyyatdan xəbəri olmayan uşaqlarda ədəb-ərkan ola bilməz.
Bunun üçün də onların bədii ədəbiyyat oxumalarına ehtiyac var». Müəllimə Ana
dili dərsliklərinin səviyyəsindən razı olmadığını bildirir: "Dərsliklərdə
cavablar bir az dolaşıqdır. Yersiz ifadələr çox işlədilir. Bəzən şagirdlərin
yaşına uyğun olmayan, ümumiyyətlə dərsliyə aid olmayan ifadələr işlədilir.
Kifayət qədər orfoqrafik və heca səhvləri var. Fikri yerində düzgün işlətmirlər.
Fikrimcə, dərsliklər təkmilləşsə, daha effektli olar».