• cümə axşamı, 26 dekabr, 15:02
  • Baku Bakı 10°C

Uşaqlara ana dilini sevdirməyə ehtiyac var

14.12.16 13:50 76583
Uşaqlara ana dilini sevdirməyə ehtiyac var
Məktəbin ingilis dili müəllimi Məlahət Rəhimova "Bir məktəbin tarixi”nə müsahibəsində bu gün şagirdlərin Ana dilindən daha çox əcnəbi dilləri öyrənməyə üstünlük vermələrindən narahatlığını ifadə etdi.
- Şagirdlərin ingilis dilinə kütləvi marağını necə izah edərdiniz?
- İngilis dili qlobal dildir, ümumdünya dili sayılır. Şagirdlər sabah həyata atılanda onlara hər addımda lazım olacaq dil məhz ingilis dilidir. Digər tərəfdən, öyrənilməsi asan dildir. Uşaqlar bu dili daha yaxşı öyrənə bilirlər. Eyni zamanda, bizim proqramlarda ingilis dilinə önəm çox verilib. Məktəbdə xarici dil kimi ingilis dili əsas götürülür. Alman və fransız dillərinə ikinci yer verilir. Uşaq hətta "İngilis dili mənə niyə lazımdır” sualını versə belə, o, ingilis dilini məktəbdə keçir. Əgər uşaqda maraq olarsa, istər-istəməz ingilis dilini öyrənəcək.

- Bəs şagirdlər ingilis dilinə maraqları ilə bağlı son məqsədlərini necə izah edirlər?
- Bu da bir az dəblə bağlıdır. Hamı xaricdə oxumağa can atır. Ən azı magistraturanı xaricdə oxumaq istəyirlər. Bunun üçün ingilis dilini bilmək lazımdır. Bizim ölkəmizdə də işə qbul olunarkən ingilis dilini bilənə üstünlük verirlər. Ona görə də uşaqlar hərtərəfli inkişaf etmək və yaxşı iş tapmaq üçün ingilis dilini öyrənirlər.

- İngilis dili ilə bağlı orta məktəblər üçün yazılan dərsliklərlə bağlı problemlər var. Məsələn, elə məktəblər var ki, Azərbaycan dili bölməsində rus sinifləri üçün nəzərdə tutulan ingilis dili dərsliyindən istifadə olunur. Bu sahədə müəllif qıtlığı var?
- Bizim ümumtəhsil məktəbləri üçün çap olunan dərsliklər var. Dərsliklərdə həddindən artıq çox material yer alıb. Ola bilsin ki, bu, uşaqlara bir az çətinlik törədə bilir. Dil baxımından, innovasiya, kurikulum kimi sözlər çox işlənir. Kitablarda elə sözlər var ki, uşaqlar onu az işlədirlər və ya həyatlarında az rast gəlirlər. Yəni bir qədər mövzunun əhatəsi geniş olmaqla bərabər, material da çoxdur. Ola bilsin ki, bu çətin dərsliyi keçməkdə müəllimlərdə həvəs yoxdur. Onlar daha asan dillə yazılan kitablara üz tuturlar. O da ola bilər ki, bu gün uşağın marağında olmayan mövzulara daha çox toxunulur.

- Elə uşaqlar da var ki, onların dil öyrənməyə həvəsləri yoxdur, valideynin təhriki ilə öyrənirlər. Belə olan təqdirdə uğur qazanmaq mümkündürmü?
- Marağı olmayan uşaqlara da çox rast gəlinir. Ancaq valideynin təhriki ilə onlar haradasa 30 faiz dili mənimsəyə bilirlər. Buraxılış və ya qəbul imtahanlarını verməyə bu bilgiləri onlara kifayət edir və ya etmir, bunu nəticələr göstərir. Ancaq "3” alan kifayət qədər uşaqlar da var. Müşahidələrimə görə, ingilis dilinə maraq digər fənnlərə nisbətən daha böyükdür. Ola bilsin ki, bu, müasirliklə və ya dünyaya çıxışla bağlıdır. Digər tərəfdən, ingilis dili müəllimləri də çox aktivdirlər.

- Bəs şagirdlərin hazırlığı müəllimlərin fəallığı ilə adekvatdırmı?
- Bu gün Təhsil Nazirliyinin 23 nömrəli məktəbdə "İngilis dili mərkəzi” adlı layihəsi həyata keçirilir. 4 məktəb həmin layihədə iştirak edir. Həmin mərkəzə getmək üçün uşaqlarda da böyük canfəşanlıq var. Bu layihəni bir qədər də genişləndirmək, o cümlədən həmin ingilis dili mərkəzini bizim məktəblərdə də açmaq daha yaxşı nəticələr verə bilər. Sadəcə, bu mərkəzləri yaratmaqda bir qədər təşkilatçılıq zəifdir. Belə olanda uşaqları daha çox cəlb edəcəyik və şagirdlərin ingilis dili öyrənməsi sahəsində daha böyük irəliləyişə nail olacağıq.

- İngilis dilinə marağın aşırı həddə çatması öz ana dilimizi arxa planda qoymurmu?
- Düz deyirsiniz, belə bir problem yaranır. Bir müəllim və ya valideyn kimi bilirəm ki, əksər valideynlər övladlarını rus bölməsində oxutmağa can atırlar. Mənə elə gəlir ki, bu tendensiya bir müddətdən sonra ingilis dili ilə əvəz olunacaq. Bu, əlbəttə, ana dilinə olan marağı bir qədər azalda bilər. Bunun üçün öz dilimizin layihələrə bağlılığını bir qədər çoxaltmaq, Azərbaycan dili və ədəbiyyat müəllimlərini bir qədər aktivləşdirmək, bu sahədəki tədbirləri genişləndirmək lazımdır. Hər şeydən əvvəl uşaqlara ana dilini sevdirməyə ehtiyac var. Ana dili ilə bağlı ali məktəblərdəki fakültələrin və şöbələrin işini canlandırmaq, ümumiyyətlə dilimizlə bağlı fəaliyyəti genişləndirmək lazımdır.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər