Cəlil Məmmədquluzadənin publisistikası - MİRZƏ CƏLİL – 150

"Azərbaycanda və onun hüdudlarından kənarda geniş
yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının
inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil
dühasının məhsuludur”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
"Molla Nəsrəddin” satirik
publisistika məktəbi bəzi istisnalar nəzərə alınmazsa, demək olar ki,
öyrənilməyib. Cəlil Məmmədquluzadənin bu sahədəki fəaliyyəti
mollanəsrəddinçiliyin özəyi və təməl daşıdır.
O, hələ "Şərqi-Rus” qəzeti redaksiyasında işləyərkən, dərc etdirdiyi
məqalələri ilə mollanəsrəddinçiliyin əsasını qoymuşdur. Ancaq Mirzəcəlilçi
mollanəsrəddinçilik təlim olaraq 1906-cı il, aprelin 7-dən başlayıb. Cəlil
Məmmədquluzadənin bilavasitə rəhbərliyi ilə keçirilən bu möhtəşəm yaradıcılıq
təlimləri 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci
illərdə Bakıda baş tutub.
İndi mollanəsrəddinçilik
xüsusi bir təlim kimi öyrənilir. Bu təlim kitabında tənqidi-realist
ədəbiyyatın poetikasından, ideya-bədii istiqamətlərindən bəhs edilir. Mollanəsrəddinçilik
azərbaycançılıq ideyasını reallaşdırmaq üçün təlim kitabıdır. Bu təlim
kitabının baş müəllifi Cəlil Məmmədquluzadədir. Azərbaycanda tənqidi-realist
ədəbiyyatın və mətbuatın inkişaf istiqamətlərini və xüsusiyyətlərini müəyyən
edən ideya-estetik prinsiplər mollanəsrəddinçilikdə öz əksini tapmışdır.
Böyük demokrat ədib Cəlil
Məmmədquluzadə (1869-1932) 37 yaşında ikən "Molla Nəsrəddin”i yaratdı, jurnal
qapananda isə o, 62 yaşın içində idi. Həm bu 25 ilin publisistika
çərçivəsində, həm də ondan əvvəlki ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı
tarixində silinməz cığırlar açdı: satirik ədəbiyyatın, satirik publisistikanın,
karikatura sənətinin əsasını qoydu, ilk rəngli şəkilli jurnal yaratdı, kiçik
hekayənin böyük ustadı oldu, Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin” ədəbi
məktəbinin, tənqidi realizmin banisi kimi şöhrət qazandı, bir sözlə, milli
satirik ədəbiyyatın mollanəsrəddinçilik ədəbi təlimini formalaşdırdı, bununla
da azərbaycançılıq ideyasının ədəbiyyatda və publisistikada, ictimai fikirdə
əsas yaradıcılarından biri kimi milli qan yaddaşımızda əbədilik qazandı.
"Molla Nəsrəddin”
jurnalında Azərbaycan nəsrinin, şeirinin, publisistikasının, karikaturasının
əbədiyaşar nümunələri öz əksini tapmışdır. Bu əsərlər öz dövründə müasirləri
üçün ədəbi məktəb rolunu oynamış, indi də oynayır və gələcəkdə də bu missiyanı
yerinə yetirəcək.
Azərbaycan ədəbi-ictimai
fikrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin yüksək təşkilatçılığı
ilə bir araya gələn əməl dostları - Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq
Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz Şəbustəri, Məmmədəli
Nasir və onlarla digər görkəmli Azərbaycan ədibi mollanəsrəddinçiliyin fədakar
nümayəndələri olmuşlar. Mollanəsrəddinçilik həmin böyük şəxsiyyətlərin məsləyinə,
həyat amalına çevrilmişdir. Mollanəsrəddinçilik təlimi "Molla Nəsrəddin” ədəbi
məktəbinin proqramıdır.
"Molla Nəsrəddin” ədəbi
məktəbinin bütöv yaradıcılıq proqramı bu möhtəşəm təlim kitabında dolğun əksini
tapmışdır. Proqramın əsasını isə milli müstəqillik və azadlıq uğrunda
mübarizə təşkil edir. "Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri, başda
Cəlil Məmmədquluzadə olmaqla milli istiqlala bir ordudan ziyadə xidmət göstərmişlər.
Bu mənada "Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının ən böyük istiqlal
kitabıdır. Yaxud milli istiqlal uğrunda mübarizə dövrün digər axınları ilə
müqayisədə daha çox mollanəsrəddinçilikdən keçir .
Mollanəsrəddinçilər
ictimai satiranın, gülüşün gücündən maksimum yararlanmaq, bunun vasitəsilə də
cəmiyyəti dəyişmək, inkişaf etdirmək istəyirdilər. Onlar həm də demokratik
ideyaları - insan hüquq və azadlıqlarını ədəbiyyatda və publisistikada əks
etdirmiş, ictimai fikrə aşılamaq missiyasını uğurla yerinə yetirmişlər.
Mollanəsrəddinçilik -
mollanəsrəddinçilərin özünəməxsus
yaradıcılığı və bu yaradıcılıqda əks olunan azərbaycançılıqdır. Xalqı milli
istiqlala qovuşdurmaq mollanəsrəddinçilərin əsas məqsədi olmuşdur. Məhz bu
səbəbdən xalqı müstəqillik və azadlıq uğrunda mübarizəyə hazırlamaq və sövq
etmək mollanəsrəddinçilik təliminin ana xəttini təşkil edir. Bu ana xəttin
reallaşdırılması üçün birinci, millətin özünəqayıdış prosesini yönləndirmək
lazım idi. Sonra onun özünüdərkinə yardımçı olmaq, milləti ayıltmaq və siyasi
oyanışını təmin etmək lazım idi. Bütün bunları mollanəsrəddinçilər sistemli
olaraq həyata keçirməyə, vahid məcraya salmağa nail oldular.
Mollanəsrəddinçilik
ədəbiyyatımıza novatorluq ənənələri bəxş etmişdir. Cəlil Məmmədquluzadə
mollanəsrəddinçilik təlimini yaratmaqla, Azərbaycan ədəbiyyatı tarixinə
islahatçı bir ədib kimi düşmüşdür.
Mollanəsrəddinçilik –
yeni novator yazıçıların yaradıcılığı üçün əsaslı zəmin olan əbədi məktəbdir.
Mollanəsrəddinçiliyin
fərqlənən cəhətlərindən biri də bədii əsərlə təsviri sənəti, hekayə və
felyetonla karikaturanı birləşdirərək, bir araya gətirməsidir.
Mollanəsrəddinçilik həm də karikaturada özünü ifadə və təsdiq etmişdir.
Mollanəsrəddinçiliyin
qabarıq təzahürü "Molla Nəsrəddin” ədəbi məktəbi nümayəndələrinin bədii
yaradıcılıqlarının bütün sahələrində və publisistik əsərlərində aydın görünür.
Cəlil Məmmədquluzadə
yaradıcılığında məmləkət və millət ideyalarının ifadəsi publisistikasında
dolğun əks olunmuşdur. Azərbaycan məmləkəti ideyasına bir neçə mühüm bucaqdan
yanaşmaq olar: Azərbaycan məmləkətinin tarixi ərazi bütövlüyü; Azərbaycan
məmləkətinə vətəndaş məhəbbəti; Azərbaycan məmləkətini sivil görmək arzusu.
Ədibin azərbaycançılıq
ideyası, Azərbaycan məmləkətinin tarixi ərazisi və bütövlüyü haqqındakı
fikirləri "Azərbaycan” məqaləsində daha qabarıqdır:
" ...dilimin adı
türk-Azərbaycan dilidir, ...Vətənim də Azərbaycan vilayətidir.
- Haradır Azərbaycan?
- Azərbaycanın çox
hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri
də Gilandan tutmuş, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxillərindədir
ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayaziddən
ibarət olsun”. Vətəndaş ədibin çağırışı belədir: "Vətən, vətən, vətən, Dil, dil, dil, Millət, millət, millət! Dəxi
bu dairələrdən kənar bəni-nöi bəşər üçün özgə nicat yolu yoxdur” .
Ədib, Azərbaycanın
bütövlüyünün böyük carçısı idi. Bütövlük uğrunda mübarizədə millətə dostu,
düşməni tanımağı məsləhət görür, mübarizə üsullarında fanatizmi rədd edirdi.
"Tarix” adlı felyetonunda mübarizələr tarixinin ibrətamiz dərslərini
xatırladaraq yazır: "İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına
tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv
eyləyiblər, - dəxi sən həmin səhvi eyləmə”. Bu, birbaşa və dəqiq tezisdən sonra
publisist əsas mətləbə keçir. Bu mətləbdə vaxtı ilə İranda öz azadlığı uğrunda
mübarizəyə girişmək fikrində olan həmvətənlərimizin bu mübarizədəki qeyri-real
hərəkəti açıqlanır: "Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları
gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar
ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və
padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi,
quranın vərəqlərini də parça-parça eyləyib havaya uçurtdu. Bu, bir tarixdir ki,
bəni-növi bəşər üçün bir ibrət olacaq”.
Bundan sonra Cəlil
Məmmədquluzadə əsl mətləbə keçir. Əsl mətləb isə Azərbaycandan həmişə torpaq
iddiası ilə bəd əməllərə əl atan ermənilərə qarşı mübarizəs ilə bağlıdır.
Müəllif bu yerdə ən yaxın tarixdən misal gətirərək yazır: "Erməni-müsəlman
davasında Şeytanbazar müsəlmanları Quranın ayələrini kağız üstə yazıb
yapışdırmışdılar divarlara ki, evlərinə xətər toxunmasın; amma bu evlərin
çoxuna od düşəndə, hər bir şeydən qabaq bu dualar alışıb yandılar; çünki kağız
taxtadan və daşdan tez yanar”. Cəlil Məmmədquluzadə mübarizənin, millət və
vətən davasının öz üsulları olduğunu xatırladır.
Uzun müddət Cəlil
Məmmədquluzadənin erməni xislətini ifşa edən əsərləri barədə danışmağa yasaq
qoyulduğundan, bəlkə də, elə təsəvvür yaranmışdır ki, guya, ədib yalnız
xalqlar dostluğunun tərənnümçüsü olmuşdur. Cəlil Məmmədquluzadə erməniləri
yaxşı tanıyırdı. Hətta bir dəfə əlinə silah alıb döyüşmək istəmişdi. Ermənilər
Əsgəranda yolu kəsib Şuşanı mühasirəyə alanda Ağdama gəlmiş, şuşalıları
aclıqdan qurtarmaq üçün hücumda iştirak etmək niyyətində olmuşdu. Bunu 1917-ci
il sentyabrın 14-də Həmidə xanıma yazdığı məktubunda bildirmişdi: "Əzizim
Həmidə! Yaxın günlərdə türk qoşunlarının Əsgərana hücumu gözlənilir. Onlara
kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən gəlmişəm əlimdən gələn köməyi
göstərim və qoşunlarla birgə hücumda iştirak eləyim.”.
Ədib özünün "Müsəlmanlar
silahlanır” felyetonunda Azərbaycan torpaqlarını ermənidən qorumağın, bu məmləkətin
qeyrətini çəkməyin bir yolu olduğunu göstərirdi: Silahı əldə hazır saxlamaq!
Birləşmək! Bir məqsədə xidmət etmək, Vətəni, məmləkəti hər şeydən uca tutmaq.
Publisist rus
imperiyasının müstəmləkəçilik, "parçala hökm sür” siyasətini tənqid edirdi. Rus
məmurunun təbliğatına uyaraq müsəlmanların bir-birinə qarşı çıxması isə şübhəsiz,
Cəlil Məmmədquluzadəni narahat edirdi. Hətta belə təbliğatın cəzasız qalması
müəllifi qəzəbləndirirdi: "Mən elə bilirdim ruslarda yumurta döyüşdürmək adət
deyil” - yazan ədib, Şamaxıda "sünnü-şiə” davası salmaq istəyən Leontiyevin
cəzasızlığının əsl səbəbini açır:
"Şikayətçi
müsəlmanlar məndən soruşurlar:
-…Bu
kişi niyə biz ilə belə rəftar etdi? – Bunun cavabında mən dedim:
-
Ondan ötrü ki, bu da biz müsəlmanları dadıb. Bəli, … biz müsəlmanları cənab
Leontyevlər və onun kompaniyaları çoxdan dadıblar”.
Cəlil Məmmədquluzadənin
ən böyük arzularından biri Azərbaycanı sivil cəmiyyət kimi görmək olmuşdur.
Bunun üçün publisistikasında, sivil qaydalara qovuşmağı, elmə, təhsilə
yiyələnməyi, dünyəvi elmlərə qabil olmağı önə çəkmişdir. Bu sivil qaydalara
uyğunlaşmaq təcrübəsinə söykənmək üçün Azərbaycan bu gün də Avropaya üz
tutmaqdadır. Bu baxımdan Cəlil Məmmədquluzadənin qələmə aldığı publisistik
əsərlər bu günümüz üçün də aktualdır.
Ədib "Müsəlman içində
gördüklərim” əsərində "Nemsə tayfasından
Reynqart adlı birisinin” səyahətindən alınan təəssüratı qələmə almışdır.
Əsərdə Azərbaycanın bir sıra əyalətlərində məktəblərin olmamağı, bu üzdən də
insanların savadsızlığı təsvir edilir. Cəlil Məmmədquluzadə Reynqartın dili
ilə Azərbaycanda bir çox adamın öz milliyyətini anlamayıb da, özünü "müsəlman”
adlandırmasına təəssüfünü bildirir. Müəllif qəsdən avropalının Gəncədə də,
Rəştdə də, Bakıda da belə adamlara rast gəldiyini ürək ağrısı ilə bildirir.
"Meşədə gördüklərim”
felyetonu da bu üslubdadır. Avropalı səyyah Şamaxıda gördüklərini qələmə alıb.
Avropalının dili ilə Şamaxıda şəhər əhalisinin bir-biri ilə davasından,
müxtəlif pis əməllərindən söhbət açılır və burada kitabxanaya heç kimin ayaq
basmadığı xüsusi vurğulanır. Avropalı Bekkerin ikinci eyni adlı məktubu Bakı
barədədir və eyni məzmunludur.
Bütün bu tipli
əsərlərində Cəlil Məmmədquluzadə bir vətəndaş-yazıçı, vətəndaş-publisist olaraq
Azərbaycanın sabahı haqqında düşünürdü.
Cəlil Məmmədquluzadə
yaradıcılıq fəaliyyəti dövründə millətə xidmət etməyi əsas vəzifəsi hesab
etmişdir. Azərbaycan məmləkəti ideyası onun, demək olar ki, bütün yaradıcılığının
ruhunu təşkil edir. Onun əsərlərində aydın görünən vətənin dərdlərinə dərman
axtarışları sübut edir ki, böyük ədibin, bu məmləkəti gözəl görməkdən savayı
arzusu olmayıb. İstər öz yaradıcılığının, istərsə də "Molla Nəsrəddin”in bütün
mərhələlərində Cəlil Məmmədquluzadə, xüsusilə, millətin milli özünüdərketmə
prosesinin dərinləşməsinə səy göstərmişdir. Bu proses isə Azərbaycan deyilən
bir məmləkətin qorunmasına, bütövləşməsinə, təkmilləşməsinə xidmət etməlidir.
Azərbaycan satirik publisistikasının
banisi Cəlil Məmmədquluzadə satiranın ideya-bədii istiqamətlərini düzgün
müəyyənləşdirmiş, jurnalistikanın bütün janrlarından bacarıqla istifadə
etmişdir. Xəbər, hesabat, söhbət, korrespondensiya, müsahibə, reportaj,
resenziya kimi janrlar məcmuədə satirik məzmun daşımaqla, klassik
formasındadır. O, jurnalistikanın janrlarının yeni satirik üslubda sistemli
inkişafını təmin etmişdir. Həmçinin lüğəti, atalar sözlərini, teleqramları,
səyahətnaməni ədəbi mühitdə janr səviyyəsində formalaşdırmışdır.
Allahverdi
MƏMMƏDLİ,
Filologiya elmləri
doktoru, professor,
əməkdar jurnalist
