Cəlil Məmmədquluzadənin nəsri

(I məqalə)
"Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni
mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb
formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş
yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurısi
dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır”.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Cəlil Məmmədquluzadə
yaradıcılığı Azərbaycan ictimai-ədəbi mühitinin müəyyən zaman faktı olsa da, bu
heyrətamiz yaradıcılıq dünyasına hər nəslin öz qayıdışı, öz baxışı var. Bu gün
özünün yeni və əbədi müstəqillik dövrünü yaşayan Azərbaycanın indiki nəslinin
Cəlil Məmmədquluzadənin bədii irsinə yanaşma tərzi isə daha geniş diapazonlu,
ideoloji kanonlardan uzaq, daha obyektiv olmalıdır. Heç kəsə sirr deyil ki,
Cəlil Məmmədquluzadə yaradıcılığının elə məqamları var ki, bu məqamlar haqqında
Azərbaycan tədqiqatçısına yalnız indi ortaya çıxarmaq, bütöv söz demək imkanı
vardır. Bu mənada Cəlil Məmmədquluzadənin çoxşaxəli tematikası sırasında
azərbaycançılıq səyləri ayrıca bir araşdırma faktı tələb edir.
Əvvəlcə azərbaycançılıq barədə. Azərbaycançılığın milli mədəniyyət, milli
bədii fikir, ictimai dünyagörüşü istiqamətində qədim tarixi vardır. Millətin
formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbaycançılıq, fərddən
cəmiyyətə, cəmiyyətdən dövlət səviyyəsinə qədər böyük bir inkişaf yolu
keçmişdir. Mədəniyyətin müxtəlif pillələri tədrici təkamülün mərhələləri hesab oluna bilər. Onların hər
biri keçmişin bəhrəsi olduğu kimi, həm də gələcəyin formalaşmasında rol
oynayır. Mədəniyyətin müxtəlif pillələri bizim kontekstdə həm də
azərbaycançılığın çeşidli pillələrini özündə ehtiva edir. Hər bir millətin mədəniyyəti
onu təmsil edən xalqın milli dəyərləri üzərində inkişaf edir.
Azərbaycan mədəniyyəti və
bədii fikri, bədii söz sənəti tarixən və əsasən, vətən, millət və ana dili
anlayışlarını özündə birləşdirən azərbaycançılığın ifadəsinə, istiqlalın əldə
edilməsinə, milli şüurun oyanmasına, dilin varlığının qorunmasına xüsusi səy
göstərmişdir.
İdeologiyada mədəniyyətin
başlıca vəzifəsi xalqda vətən əxlaqı tərbiyə etməkdir. Azərbaycançılıq vətən
əxlaqının tərkib hissəsi kimi zaman-zaman ziyalıların istinad yeri olmuşdur. Bu
ideologiyanın milli bədii söz sənətində daimi mövzu kimi qalması da bu
zərurətin dərk edilməsindən doğur. Vətənin müqəddəratı, millətin taleyi, ana
dilinin qorunması və inkişafı ilə bağlı məsələlər azərbaycançılığın özəyini
təşkil edir.
Özlüyündə
ayrı-ayrı mənaları ehtiva edən azərbaycanlı və azərbaycançı anlayışları fərqli
semantikaya malikdir. Müəyyən tale, tarix, ideya birliyinə malik olan müxtəlif
xalq və etnoslar birlikdə Azərbaycan xalqını təmsil edirlər.
Azərbaycançılıq
ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi,
mədəni ənənələri zəminində birlik və müstəqillik ideyası durur və bu, nəinki
indi, həm də uzaq gələcəkdə də bir ölkədə yaşayan azərbaycanlıların bir çox
nəsillərinə xidmət edəcək.
Cəlil Məmmədquluzadənin
yaradıcılığında milli ideya-azərbaycançılıq qırmızı xətlə keçir. Xüsusilə, onun
nəsrındə millətin oyanışına, özünüdərkinə, tərəqqisinə çalışmaq məramı qabarıq
şəkildə ifadə olunmuşdur. Yazıçının fundamental nəsr əsəri olan "Danabaş
kəndinin əhvalatları” (1894) bütün bədii məziyyətləri ilə məhz bu mərama
xidmət edir.
Ədib əzilən və öz
hüquqlarını tələb etməyən insanların dərdini ifadə etməklə, onların niyə bu
günə qaldıqlarının səbəbini göstərir. Buna səbəb kimi mühit və bu mühitin
insanı öz hüquqlarından məhrum etməsi önə çəkilir. Müəllif tipik bir kəndin
simasında bütöv bir ölkənin gerçək mənzərəsini yaratmaqla, həyəcan təbili
çalır. Təsirli vasitələrlə göstərir ki, vətəndaş öz həmkəndlilərinin halına
acımağı belə yada sala bilmir. İmkanı olan hər kəs özündən aşağını təhqir etməyə,
yamanlamağa, onu ac-yalavac qoymağa, var-dövlətini əlindən çıxarmağa hazırdır.
Xudayar bəyin ölən "dostunun” dul arvadı Zeynəbə inadkar "məhəbbəti” onun
olan-qalanını əlindən almaq məqsədinə qulluq edir. Hətta Zeynəbin doğmaca oğlu
da öz mənafeyi naminə anasından imtina etməyə meyllidir... Bu kənddə əsrin yeni
qaydalarından xəbərsiz insanlar yaşayır. Ədib dünyadan xəbərsizliyin,
hüquqsuzluğun günahını bir tərəfdən rejimdə, imperiya siyasətində görürsə,
digər tərəfdən də həyat uğrunda mübarizə yollarını bilməyən insanların özündə
axtarır. Bu halal insanlar ancaq
şükranlıq etməklə yaşayırlar. Müəllif isə onlara istiqlal düşüncəsi
aşılamaq istəyir.
"Poçt qutusu”, "Qurbanəli
bəy”, "İranda hürriyyət” və bu tipli onlarca nəsr əsərlərində vətənin
müstəmləkə zülmündən azad olması, millətin öz hüquqlarını anlaması barədə
məsələlər qoyulur.
Əlbəttə, "Poçt qutusu”ndakı
Novruzəlinin adi poçt qutusuna nabələdliyi bir xalqın savadsızlığının
ümumiləşdirilmiş faktı kimi ibrətamizdir. Lakin bu kiçik hekayə həm də insanın
öz hüquqları uğrunda mübarizə barədə düşünməkdən çəkinmək faktını da ifadə
edir: Novruzəli onun savadsızlığına bais olan, onu mütiliyə alışdıran rejimdə
heç bir günah görə bilmir.
Yazıçı, əslində,
novruzəlilərin sivil bir xalq kimi formalaşmasına mane olan müstəmləkəçilik
siyasətini daha çox satira atəşinə tutur. Ədəbiyyatşünaslıqda etiraf olunduğu
kimi, divanxananı yaxşı tanımağa məcbur edildiyi halda poçt qutusunun,
poçtxananın mahiyyətini bilməyən Novruzəlinin taleyinin təqdimi ilə ədib
Azərbaycan kəndlisinin böyük müdafiəçısı olduğunu nəzərə çatdırmışdır.
Müəllif Novruzəlinin
savadsızlığının, öz hüquqlarını bilməməsinin səbəbini müstəmləkəçilik
siyasətində olduğunu göstərmişdir. Çar Rusiyası yerli millətlərin inkişafına
daim əngəl törətdiyindən, poçt məmuru da başqa millətin nümayəndəsidir.
"Qurbanəli bəy”
hekayəsində də milli azadlıq ideyasının dolayısı yolla ifadəsi və əsərin bütün
ruhunda Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş imperiya siyasətinin ifşa
məqamları var. Hekayənin ilk sətri: "Xəbər çıxdı ki, bu gün naçalnik gəlir
kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür”. Və sonra
bu xanımın – yadellinin arvadının ad gününün məhz Azərbaycan mühitində necə
təmtəraqla qeyd edilməsindən bəhs edilir.
Qurbanəli
bəyin "tostuna” diqqət edək: "Mən özümü bu gün xoşbəxt hesab eyləyirəm ki, bu
məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin.
Ondan ötrü ki, çünki nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim
kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim... Naçalnik ağa, sən bizim
başımızın sahibisən... Qurban sənə mənim canım. Nə qədər ki, mən sağam,
nökərəm sənə” .
Qurbanəli bəy obrazı
yaltaqlığın yox, mövcud şəraitdə müəyyən dərəcədə ayıqlığın ifadəçisidir. Onda
Kərbəlayi Qasıma müəyyən mərhəmət hissi var. O, Qarabağ atı ilə qürur duyur.
Qurbanəli bəy naçalniki və onun xanımını bir növ ələ salır. Ümumiyyətlə, Cəlil
Məmmədquluzadə çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizə apardığı
üçün Azərbaycan bəyini rus naçalniki qarşısında alçaltmazdı. Mirzə Cəlilin
Qurbanəli bəyi rus naçalnikinin ailəvi məclisində bir növ kefkomluq etməyi
bacaran obraz kimi diqqəti cəlb edir
Bu hekayələrdən aydın
olur ki, millət özünü dərk etməyincə, tərəqqisi mümkün deyil. Özünüdərkin
əsasında isə millətin, vətənin müstəqilliyi dayanır.
Mirzə Cəlil, bütövlükdə
mollanəsrəddinçilərdən ötrü hürriyyət ən
böyük mədəniyyət və milli dirçəliş atributu olmuşdur. Ancaq hürriyyət qazanmaq
üçün hürriyyətin - azadlığın nə olduğunu bilmək lazımdır. Ədib "İranda hürriyyət”
(1906) hekayəsində öz hüququnu dərk etməyən, hürriyyət haqqında anlayışı olmayan, bir qarın çörək üçün ölkələrə
səpələnən, getdikləri ölkələrdə də eyni aclıq və səfalətlə üzləşən insanların acı taleyini qələmə
almışdır.
Bəs İranda və
Azərbaycanda olan bu acınacaqlı vəziyyətin səbəbi nədir? Səbəb "İranda
hürriyyət” hekayəsində açılır. Bu əsər aktuallığına və realizminə görə, ədibin
"Poçt qutusu”, "Usta Zeynal”, "Qurbanəli bəy”, "Nigarançılıq”, "Zırrama” və
başqa klassik hekayələri ilə yanaşı durur.
"İranda
hürriyyət” hekayəsi XX əsrin əvvəllərində Cənubi Azərbaycandakı ictimai
proseslərin səviyyəsini və mənzərəsini təsəvvür etməyə şərait yaradır.
Hekayədəki mülahizələr mövcud vəziyyəti göstərməklə yanaşı, artıq milli
oyanışa və azadlığa meylin olduğunu əyani şəkildə nümayiş etdirir: "Axı kim
eşidibdi ki, o taydan bura hürriyyət gəlsin?! O taydan bu üzə həna gələr,
səbzə, badam içi gələr, tütün, çay, tiryək… belə zadlar gələr. Yoxsa, vallah,
mən də ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə də
hürriyyət alış-verişi eliyəni də mən eşitməmişəm”.
İctimai mühiti çox dolğun
şəkildə ifadə edən bu hekayə insanın özünüdərki fonunda millətin özünüdərk
problemini ortaya qoyur. "Poçt qutusu”nda əsrin ən adi texniki vasitəsinə
nabələdlik fonunda mövcud vəziyyəti əks etdirən yazıçı "İranda hürriyyət”də daha
irəli gedərək ciddi problemləri önə çəkir. Buna görədir ki, ədəbiyyatşünaslıqda
"İranda hürriyyət” hekayəsi düşündürücü, cəlbedici ideya məzmunu ilə əsl milli
özünüdərk nümunəsi, ...bədii vasitələrlə ifadə olunaraq hər bir dövr üçün
müasir səslənən, "hürriyyət payı” kimi
qiymətləndirilmişdir.
Ədib "Quzu” hekayəsində gününü eyş-işrətlə keçirən
xandan, bir quzunun pulunu üç dəfə almağı bacaran fərasətli kəndli obrazı
yaratmışdır.
"Danabaş kəndinin
məktəbi” povestində yazıçı göstərir ki, şükranlıq xalqın qanına hopdurulmuşdur
və bu keyfiyyətlərdən qurtulmayınca, kütlənin bir xalq kimi formalaşması
ləngiyəcəkdir. "Danabaş kəndinin əhvalatları” povestində təsvir olunan
kənddəki sadəlövhlük mühitindən fərqli
olaraq "Danabaş kəndinin məktəbi”ndəki kənddə müəyyən dərəcədə itaətkarlıq
psixologiyasından az da olsa, narazılıq hissləri özünü göstərir. Hər iki əsərin
adı adamlara yox, mühitə münasibəti əks etdirir. Bu kənd Cəlil
Məmmədquluzadənin təsvirində tipik Azərbaycan kəndidir. Yazıçı kəndin və onun
adamlarının təsvirində, ümumiyyətlə, ölkədəki ictimai geriliyi göstərməyə
çalışır. "Danabaş kəndinin əhvalatları” tək bir povesti deyil, ədibin silsilə
nəsr əsərlərini ehtiva edir. Bu sırada "Danabaş kəndinin məktəbi” maraqlı bir
yer tutur. Müəllif Azərbaycan kəndini tədricən oyanışda, mühitə etiraz
qığılcımları fonunda təsvir edir. "Danabaş kəndinin əhvalatları”ndakı
sadəlövhlük üstündə köklənmiş kəndlə "Danabaş kəndinin məktəbi”ndəki kəndin
arasındakı fərq bunu göstərir. Müəllifi narahat edən əsas məsələ "Danabaş
kəndinin əhvalatları”ndakı avamlıq və geriliyin tipikliyidir. Ona görə də,
Cəlil Məmmədquluzadə eyni mövzuya müxtəlif baxışla, yenidən qayıtmalı olur.
Hər iki əsərdə kəndin
adının "Danabaş” olması təsadüfi deyil. Əvvəla, ədibin əsərlərində ictimai mühitin
mənzərəsini ifadə edən belə kənd adları çoxdur. "Ətcələr”, "Lehməli”,
"Samanlı”, "Düdüklü”, "Qapazlı”, "İtqapan” və s. İkincisi, bu kənd adı Cəlil
Məmmədquluzadənin Azərbaycan mühitinə tənqidi yanaşmasının ifadəsidir. O
bilirdi ki, yalnız bu cür sərt ifadələrlə mühitə təsir etmək olar.
Ümumiyyətlə, böyük ustad
Cəlil Məmmədquluzadənin əsərlərində
tədqiqatçı Ramiz Qasımovun qeyd etdiyi kimi, ...gülüş və tənqid "kiçik” adamın
vasitəsçiliyi ilə ictimai hədəflərə, mənbələrə yönəlir.
Cəlil Məmmədquluzadə
hansısa əsərində birbaşa və açıq şəkildə heç bir ideoloji məqam diqtə etməyib.
Ədib, birbaşa deyilməsi lazım gələn adi məzəmməti də, danlaq və giley-güzarı da
dolayı şəkildə söyləməyi çox sevir.. Doğrudan da, əgər yazıçı öz
fikrini müstəqim şəkildə söyləmiş olsaydı, düşünmək üçün az imkan qalardı.
Cəlil Məmmədquluzadə oxucunu düşündürən sənətkardır.
Cəlil Məmmədquluzadə
yaradıcılığı VƏTƏN, MİLLƏT, DİL trilogiyasının möhtəşəm ifadəsidir. Böyük
azərbaycançı Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi
gətirmişdir. Açıq ana dilində yazmağın nümunələrini yaratmışdır. Ədibin bütün
əsərləri xalqin taleyi ilə birbaşa bağlıdır. Gerçək həyat həqiqətlərinə ayna
tutan bu əsərlərdə konkret bir dövrün vəziyyətini, həm də ensiklopedik
səviyyədə mənzərəsini seyr etmək olar. Azərbaycan insanının mənəvi-psixoloji
aləmini öyrənmək olar. Azərbaycançılıq məfkurəsinin inikasi olan bu əsərləri
oxuyan hər kəs orda özünü görür, islah olunmaq istəyir, milli daxili-mənəvi
azadlıq haqqında düşünür. Bu mənada Cəlil Məmmədquluzadə yaradıcılığı
özünüislahın, azadlığın təcrübə məktəbi kimi böyük əhəmiyyətə malikdir.
Allahverdi MƏMMƏDLİ,
Filologiya elmləri doktoru,
professor,
əməkdar jurnalist
