Üç yolun bir ünvanı
Teatr
tamaşaları, film və müxtəlif orkestrlərin uğurlu alınmasında təkcə ssenaristin,
rejissorun, bəstəkarın, aktyorun üzərinə yük düşmür. Həqiqətən də bu sənət növləri
kollektiv yaradıcılığın məhsuludur. Mütəxəssislər gözəl bilirlər ki, hər hansı
teatr tamaşasının təsirli alınmasında, yadda qalmasında bədii tərtibatın - rəssam
işinin öz yeri var. Bəzən adi dekorasiya vasitəsi sandığımız bir lampanın, rəngli
bir görüntünün, geyimin, silahın mühüm mənası olur. Bütün vasitələr tamaşanın,
filmin, konsertin müvəffəqiyyətlə başa çatmasına xidmət edir.
Milli
teatrımız yarandığı ilk gündən dekorasiya məsələsinə diqqətlə yanaşılsa da,
professional rəssamların olmaması səbəbindən müxtəlif şəkillərdən, pyesin məzmununa
uyğun gələn əşyalardan, şablon, tipik vasitələrdən istifadə edilsə də, ildən-ilə
peşəkar teatr rəssamına ehtiyac duyulurdu.
Ötən əsrin
əvvəllərində Azərbaycan teatr sənətinin inkişafında bir sıra istedadlı fırça
ustaları öz əməyini əsirgəmədi. Əzim Əzimzadə, Rüstəm Mustafayev, Həsən Fətullayev
və başqaları öz dəst-xətləri ilə teatrı bu çətinlikdən xilas etdilər. Azərbaycanda
teatr-dekorasiya sənətinin inkişafında və təşəkkül tapmasında isə xalq rəssamı
Bədurə Əfqanlının son dərəcə məhsuldar və gərgin əməyi dayandı. Bir fərəhli
fakt da var ki, o, həm də ilk teatr rəssamı olan azərbaycanlı qadındır. Ümumiyyətlə,
bu rəssamın taleyində ilkin olmaq qızıl xətt kimi keçir. 1920-ci ildə Bakıda təşkil
olunan Bakı Rəssamlıq Məktəbinin milli rəssamların yeni nəslinin yetişməsində
böyük rolu oldu. Maraqlıdır ki, həmin məktəbi bitirənlərdən biri də Bədurə Əfqanlı
idi.Yenə də ilk azərbaycanlı qızlardan idi ki, professional təhsil
alırdı.
O,
Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün
tanınmış ziyalılarından və geniş dünyagörüşlü şəxsiyyətlərindən olan Məlik Nəcəf
oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan,
incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki,
böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurədə də kiçik
yaşlarından incəsənətə böyük maraq vardı. Onlar yayda bütün ailə ilə
Novxanıdakı bağ evlərində dincələrdilər. Bədurənin təbiətə, rənglər aləminə
marağı da elə dəniz kənarında dalğalara, qağayılara diqqət kəsildiyi vaxtlardan
başladı. İlk "teatrı" da Novxanıda görmüşdü Bədurə xanım. O, dini mərasimlərdə
şəbih çıxaran insanlara maraqla baxardı. Eləcə də milli bayramlarda, el şənliklərində,
kənddə düzənlənən mərasimlərdə iştirak edər və bütün bunlar da Bədurənin
yaddaşında dərin iz salardı. Sonralar orta məktəbdə oxuduğu illərdə dəftərinə çəkdiyi
rəsmlərlə müəlliminin diqqətini cəlb edərdi. Əvvəlcə pedaqoji məktəbdə oxusa
da, həvəsi onu rəssamlıq dünyasına çəkdi. Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə
daxil olan gənc qız dünya incəsənət tarixini öyrənməyə böyük həvəs göstərdi.
Sonralar müxtəlif şəhərlərdə - Moskvada, Sankt-Peterburqda yerləşən qalereya,
teatr və etnoqrafiya muzeylərini dolaşdı. Gördükləri fikirlərini bir istiqamətə
yönəltmişdi. Bütün bunlar da onun fikrini qətiləşdirdi - teatr rəssamı
olmalıdır. Diplom işinin mövzusu V.Şekspirin "Otello" faciəsi idi. Çəkdiyi
eskizlər, qurduğu kompozisiyalar, tapdığı yeni rəng çalarları onu həm təkrarçılıqdan
uzaqlaşdırdı, həm də özünəməxsus bir diplomçu kimi fərqləndirdi.
90 il
ömür sürmüş Bədurə Əfqanlı bu bitkin həyatın 70 ilini teatra bağlayıb. 1930-cu
ildə həyat yoldaşı Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm"
tamaşasının bədii tərtibatı da məhz Bədurə Əfqanlıya məxsusdur. Uzun illər Rza Əfqanlı
ilə birlikdə uğurlu tamaşaların səhnə həyatına ömür verdilər. Onların birgə
hazırladığı tamaşalardan "Şeyx Sənan" faciəsi, "Aşıq Qərib"
operası, "1905-ci ildə" və "Sevil" pyesləri haqqında o
dövrün mətbuatında maraqlı fikirlər var. Sonralar bir müddət Aşqabadda
çalışsalar da, yenidən Bakıya qayıdan ailə öz yaradıcılıq işlərini doğma şəhərdə
davam etdirib. 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət edilən Bədurə
xanım burada uzun müddət rəssam kimi çalışıb. Bu rəssamın ən müsbət cəhətlərindən
biri də bu idi ki, o, heç vaxt rəssam fırçasına, istedadına arxayın olmazdı. Bədii
tərtibat verdiyi əsəri diqqətlə oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini,
geyim tərzini dəqiqliklə araşdırardı. Bu səbəbdən də onun tamaşalara verdiyi tərtibat
həm sadəliyi, həm ciddiliyi, həm də əsərin mövzusu ilə həmahəng olması ilə
seçilirdi. Xüsusilə də Cəfər Cabbarlının pyeslərinə hazırladığı dekorasiyalar,
eskizlər bu tamaşaların uğurlu alınmasında böyük rol oynadı. İkinci dünya
müharibəsi illərində və sonra teatrlarda qoyulan tamaşaların, demək olar ki, əksəriyyətinə
bədii tərtibat Bədurə Əfqanlı tərəfindən verilirdi. O, çox istedadlı quruluşçu
rəssam idi. Eskizləri, bədii tərtibat verdiyi əsərlər başqa rəssamlar üçün bir
məktəb sayılırdı. O, zahiri effektləri, geyimləri elə seçirdi ki, təqdim olunan
əsərin məzmunu təbii surətdə açılsın. Dekorasiyalar, bir növ, tamaşanın şərh edilməsində
böyük rol oynayırdı. Mütəxəssislər həmişə bu fikri təsdiqləyirdilər ki, Bədurə
xanımda bir rəssam kimi əsl sənət əsəri yaratmaq üçün lazım olan bütün
komponentlər - istedad, əməksevərlik, axtarış həvəsi, professional yetkinlik
var idi. Bəlkə də elə bu səbəbdəndir ki, onun quruluşçu rəssamı olduğu
tamaşalar həmişə monumental xarakter daşıyırdı. Rənglərin çalarlarından məharətlə
istifadə edərək teatr estetikasının daha zənginləşməsinə nail ola bilirdi. Onun
bədii tərtibatı səhnələşdirilən pyesin ideyasını açmaqda rejissora kömək
edirdi. Bu səbəbdən də həm rejissorlar, həm də dramaturqlar Bədurə xanımla işləməyi
çox sevərdilər. Rənglər vasitəsilə tamaşaçıda xoş ovqat yarada bilirdi. Bədurə Əfqanlı
yaradıcılığının tədqiqatçısı sənətşünas Dilarə Səfərəliyeva yazırdı: "Bədurə
Əfqanlı gözəl geyim eskizlərində hər bir əsərin ideyasının xarakterinə dərindən
nüfuz etmək nümunəsi göstərmişdir".
O, təkcə
teatrda deyil, kinostudiyada da fəaliyyət göstərərək müxtəlif ekran əsərlərinə
geyim eskizləri çəkərdi. Bu filmlərə indi də maraqla baxılır:
"Koroğlu", "Leyli və Məcnun", "Böyük dayaq",
"Dəli Kür", "Dədə Qorqud", "O qızı tapın",
"Qatır Məmməd" və s.
Bədurə Əfqanlının
yaradıcılığından danışarkən onun müxtəlif ansambllar və ifaçılar üçün
hazırladığı geyimlərdən söz açmamaq olmur. Onun bu sahədəki fəaliyyətinə bütün
dünya bələd idi. Həm fərdi sərgiləri keçirilərdi, həm də eskizləri əsasında
geyinən ifaçılar bütün planeti dolaşardılar. Unudulmaz Rəşid Behbudovun rəhbərlik
etdiyi Mahnı Teatrının kollektivi həmişə Bədurə xanımın məsləhət gördüyü geyimlər
əsasında konsert tamaşalarına gedərdilər.
Yaradıcılığı
həmişə yüksək qiymətləndirilərdi. 1974-cü ildə xalq artisti fəxri adına layiq
görülən Bədurə Əfqanlı sənətinin vurğunu idi. Bəlkə də elə bu səbəbdəndir ki,
onun irsi bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Teatrın bədii tərtibatı ilə
məşğul olan hər kəs bu unudulmaz şəxsiyyətin bədii irsindən öyrənməkdədir. Bədurə
Əfqanlı yaradıcılığı, sözün əsl mənasında, məktəb idi. Bu məktəbin dərsləri
indi də davam edir. Özü olmasa da... sənəti yaşayır.
Təzadlarla dolu bir ömür yaşayıb Rza Əfqanlı. Hələ
uşaqlıq illərindən üzləşdiyi itkilər, ağır dərdlər ahıl çağlarında belə,
varlığından çəkilmirdi. Gözlərində duyulan kədərin dərinliyində bu görkəmli sənətkarın
nə çəkdiyi onu yaxından tanıyanlara bəlli idi.
110 yaşı
tamamlanan Rza Əfqanlının mədəniyyət tariximizdəki xidmətlərini araşdırarkən
bir fikrin təsdiqinə varırsan ki, o, son dərəcə istedadlı, sənətinə bağlı cəfakeş
aktyor olub. İstər mütəxəssislərin rəyinə görə, istərsə də müasirlərinin xatirələrində
Rza Əfqanlı fərqli aktyor kimi təqdim edilir. Onun bütün sevinci, nəşəsi
yaratdığı obrazların uğurlu alınmasında əks olunardı. Səhnəni çox sevirdi.
Sanki bütün dərdlərini yaratdığı obrazlarda unudurdu. Rza Əfqanlı üçün rolun böyüyü,
kiçiyi yox idi. O, həmişə libasını geyindiyi obrazın canlı və təbii olmasına,
yadda qalmasına, tamaşaçılar tərəfindən maraqla qarşılanmasına çalışırdı. Həyatdakı
Rza Əfqanlı ilə səhnədəki rolları arasında böyük fərq var idi. O, hər bir
obrazın fərqli xüsusiyyətini, daxili aləmini, sevinc və nifrətini təbii yarada
bilirdi. Sənətşünas İnqilab Kərimov söyləyir ki, Rza Əfqanlı bütün problemlərini,
dərdini teatrdan kənarda qoyardı. Bu səbəbdən də həyatda nə qədər dərdli, qəmli
hadisələrlə üzləşsə də, səhnədə hər bir obrazın öz geyimində, formasında, dəyərində
olmağı bacarırdı. Sadə, epizodik obrazdan başlamış baş qəhrəmana kimi bütün
rollarını can-dildən yaradırdı.
O,
1899-cu ilin mayında Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. 2 yaşında
ikən atası Rüstəmi itirən Rza yetimliyin çox ağır ovqatı ilə üzləşib. Onun
yaşıdları valideynləri ilə birlikdə xoşbəxt həyat sürərkən, Rza 9 yaşında
qapılarda işləməyə, qoyun-quzu otarmağa məcbur olub. Dolanışığının çətinliyi
1912-ci ilin baharında Rzanın Bakıya gəlməsinə səbəb olub. O vaxtlar neft şəhəri
kimi məşhurlaşan paytaxta bir parça çörək dalınca üz tutanlar çox olurdu. Bu səfərlərin
də uğurlu və uğursuzu olurdu. Kimi həqiqətən gün-güzəran sahibi olur, bir
başqası isə yenə də işsizlik girdabında əziyyət çəkirdi. Bəlkə də elə bu səbəbə
görə, dörd il sonra Rza Əfqanlı Pyatiqorsk şəhərinə gedib. Burada da həyat onun
üzünə gülməyib. Gah çəkməçi şagirdi işləyib, gah vağzallarda yük daşıyaraq bir
təhər çörək pulu qazanıb. Sonra isə rus ordusunda hərbi xidmətə gedib.
Rzanın hələ
uşaqlıqdan xalq oyunlarına böyük marağı olub. Doğrudur, yaşıdlarına qoşulub
"teatr çıxarmağa" vaxt tapmazdı, amma sinəsinin altında qaynayan bir
həvəs daim fikirlərini xəyalında yaratdığı bir aləmə çəkərdi. Bəlkə də elə buna
görə, yenidən Bakıya qayıdıb neft mədənlərində iş axtaran Rza Əfqanlı ilk növbədə,
Sabunçu qəsəbəsindəki dram dərnəyinə üzv yazılıb. Gənc oğlandakı aktyorluq
istedadını ilk dəfə akademik teatrın aktyoru Xəlil Hüseynov hiss edib. Dünya həqiqətən
də yaxşı adamlardan xali olmur. Əslində, bu görkəmli aktyorun Rza Əfqanlının
qarşısına çıxması onun gələcək həyat yolunun düzgün müəyyənləşməsində əsas rol
oynadı. Beləliklə, Rza Əfqanlı tezliklə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə
başladı. Mətn əzbərləmək qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə
söyləməsi, səhnədəki jestləri artıq rejissorların da diqqətini çəkirdi. 1923-cü
ildə Milli Dram Teatrın truppasında işə götürülən Rza Əfqanlı, eyni zamanda təhsil
almağı da unutmur. 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib.
Həmin
dövrdə azərbaycanlıların sıx yaşadığı şəhərlərdə geniş teatr şəbəkəsi yaratmaq
məqsədilə Bakıda çalışan müqtədir sənətkarları tez-tez bölgələrə dəvət edirdilər.
1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Rza Əfqanlı
Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. Artıq onun şöhrəti başqa
respublikalara da yayılırdı. 1933-34-cü il teatr mövsümündə Rza Əfqanlı Türkmənistanın
paytaxtı Aşqabaddakı Azərbaycan Teatrında baş rejissor işləyib. Bir müddət
burada çalışdıqdan sonra yenidən Bakıya qayıdıb, milli teatrın səhnəsində
çalışan Rza Əfqanlı o dövrdə tamaşaya qoyulan əsərlərin əksəriyyətində müxtəlif
rollar yaradıb. Həm yerli dramaturqların, həm də dünya klassiklərinin əsərlərində
yaratdığı obrazlar janr əlvanlığı, estetik zənginliyi ilə seçilirdi. Arada bir
müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edən Rza Əfqanlının sənət yolu
müxtəlif təzyiqlərdən, maneələrdən, bəzən də haqsızlıqlardan keçməli olub. Həyatı
kimi səhnə taleyi də hamar deyildi. Amma bütün bunlara baxmayaraq, Rza Əfqanlının
Azərbaycan teatrına bəxş etdiyi obrazlar cazibədarlığı ilə görənlərin
yaddaşında iz salıb. Mütəxəssislərin fikrincə, hətta eyni tamaşada bir neçə surəti
oynayan Rza Əfqanlı onları elə səpkidə, məharətlə təqdim edə bilirmiş ki,
tamaşaçılar yalnız proqramdakı adların siyahısına görə onun üç rol
yaratdığından xəbər tuturmuşlar.
Səhnədəki
səmərəli fəaliyyətilə əlaqədar 39 yaşında əməkdar, 44 yaşında isə xalq artisti
fəxri adlarına layiq görülən Rza Əfqanlı 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin
səhəri" tamaşasında yaratdığı Fərhad roluna görə Stalin mükafatı alıb. O,
1973-cü ildə dünyasını dəyişmişdi.
Azərbaycan
kino sənətinin inkişafında da Rza Əfqanlının özünəməxsus xidməti var. O, həm də
görkəmli kino xadimi sayılırdı. Rza Əfqanlı "Bakılılar", "Kəndlilər",
"Yeni horizont", "O olmasın, bu olsun", "Aygün",
"26-lar", "Dağlarda döyüş", "Qanun naminə",
"Mən ki gözəl deyildim" və digər filmlərdə yaratdığı obrazları ilə
tamaşaçı rəğbətini qazanıb.
Yazımın
əvvəlində dediyim kimi Rza Əfqanlı həm də ailəsi ilə birlikdə Azərbaycan mədəniyyətinin
inkişafına kömək edirdi. Həyat yoldaşı Bədurə Əfqanlı barəsində dediyim kimi o,
uzun illər müxtəlif teatrlarda geyim rəssamı olub. Onun bədii tərtibat verdiyi
tamaşalar orijinallığı və milliliyi ilə seçilirdi. Övladı Ofeliya Aslan uzun
illərdir ki, həm teatrın, həm də kino sənətinin inkişafında özünəməxsus fədakarlıq
göstərib. Ofeliya Aslanın Musiqili Komediya Teatrında yaratdığı obrazlar
bir-birindən duzlu və məzəli olub.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist