“Üç qardaş”ın üç yumruğu - TƏHLİL

Azərbaycana
və ya onun müttəfiqlərinə qarşı hər hansı bir iddiası olanlar üç qardaş ölkənin
universal yumruğu ilə qarşı-qarşıya qalacaq
Azərbaycan,
Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə sentyabrın
12-dən etibarən "Üç qardaş - 2021” beynəlxalq təlimi başlayıb.Xüsusi Təyinatlı
Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev
açılış mərasimində çıxış edərək Azərbaycan, Türkiyə və Pakistanın dost və qardaş ölkələr olduğunu deyib: "Buna əyani
sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın
silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk
günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini
göstərmək olar".

General-leytenant
H.Mirzəyev "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin
hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılmasına və
onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə
əminliyini bildirib.

"Siyasi dəyişikliklər
dünyanı bürüsə də,..”
Türkiyə və
Pakistan nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və
polkovnik-leytenant Aamir Şahzad çıxış edərək qeyd ediblər ki, xalqlarımız və
ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın
sınaqlarından uğurla çıxacaq, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri
bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş
olaraq daha da yaxınlaşacaq. "Üç qardaş - 2021" beynəlxalq təlimi
ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə
xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə
və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqların inkişaf etdirilməsinə imkan
yaradacaq.

Azərbaycanda
ilk beynəlxalq hərbi təlim
Hərbi
ekspert Ədalət Verdiyev"Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan hərbiçiləri
arasında keçirilən beynəlxalq birgə təlimlər hər üç strateji tərəfdaş ölkənin təhlükəsizliyinin
təmini baxımından mühüm əhəmiyyətə malikdir: "Bu təlimlər birgə döyüş əməliyyatları
aparılması zamanı tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətlərinin
təkmilləşdirilməsi, onların sülh və müharibə dövründə hərbi əməliyyatlara
hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə həyata
keçirilir. Digər bir əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycan indiyədək
regional birgə hərbi təlimlərə ev sahibliyi edirdisə, artıq Pakistanın bu təlimlərə
cəlb olunması ilə ölkəmiz ilk dəfə olaraq beynəlxalq birgə hərbi təlimlərə ev
sahibliyi edir”.

Universal
yumruqla qarşı-qarşıya
Ə.Verdiyev
qeyd etdi ki, təlimlərdə iştirak edən hər üç ölkənin xüsusi təyinatlı qüvvələri
özlərinə məxsus üstün cəhətlərə malikdir: "Hər üç ölkənin hərbi qulluqçularının
malik olduqları təcrübənin mübadilə edilməsi və bu təcrübənin qardaş və dost
ölkələr arasında paylaşılması onu deməyə əsas verir ki, Azərbaycana və ya onun
müttəfiqlərinə qarşı hər hansı bir iddiası olanlar, gələcəkdə tək dəmir
yumruqla deyil, üç qardaş ölkənin universal yumruğu ilə qarşı-qarşıya qalacaq.
Eyni zamanda bu təlimlər hər üç qardaş ölkənin anti-terror əməliyyatlar aparmaq
üçün təcrübə və imkanlarını genişləndirməklə bərabər, yeni silahlı mübarizə
metodlarının da mənimsənilməsi ilə nəticələnəcək”.

"Siyasi
mesajların ünvanı bəllidir”
"Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistanın
xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021”
beynəlxalq təliminin siyasi mesajlarının ünvanı bəllidir: "Bu ünvanlar erməni
separatçıları, Ermənistan hakimiyyəti və onların arxasında dayanan güclərdir. O
güclər Rusiyada da, İranda da var, hansı ki, biz onların təxribatlarını müşahidə
edirik. Əsas mesajımız budur ki, artıq Azərbaycan tək deyil. 44 günlük müharibə
də göstərdi ki, Azərbaycanı Türkiyə dəstəkləyib və dəstəkləyəcək. Üstəgəl,
Pakistan da bu prosesə qoşulub və bu, hamıya mesajdır. Rusiya prezidenti Vladimir
Putin də etiraf etmişdi ki, Türkiyənin bölgədəki varlığı artıq qaçılmazdır.
Eyni zamanda Pakistan da bölgədə yerləşib. Bu, Azərbaycanın maraqlarına
uyğundur. Düşünürəm ki, rəqiblərimizə və bizə təxribat yaratmaq istəyən qüvvələrə
ciddi mesaj verilib. Türkiyə ilə hərbi ittifaq hər keçən gün güclənir və vahid
ordu yaradılıb. Dövlət başçısı İlham
Əliyevin də bir açıqlaması var idi ki, Azərbaycan ordusu türk ordusunun kiçik modelinə çevrilməlidir. Bu prosesdə nüvə dövləti
olan Pakistanın da iştirakı gücümüzə daha böyük güc qatır”.

"Ən müasir
silahlar alacağıq”
E.Şahinoğlu
qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında vahid ordu konsepsiyası işləyir: "Bu
günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Baş qərargah rəisi Kərəm
Vəliyev Türkiyədə səfərdə oldular. O cümlədən, Türkiyədən generallar Azərbaycana
təyin olunub, vahid ordu yaradılır. Bu proses sürətlə gedir və bu, bizim üçün
çox vacibdir. Hesab edirəm ki, Azərbaycan müharibədə qələbə çalsa da, müəyyən məsələlər
var ki, onları da həll etməliyik. Məhz bu məsələlərin həllində Türkiyə bizə dəstəyini
yenə də əsirgəmir. Pakistanın da hərbi texnikası müasirdir, təyyarələr istehsal
edir. İstisna etmirəm ki, Türkiyədən və digər dost dövlətlərdən silah və sursat
aldığımız kimi gələcəkdə Pakistandan da ən müasir silahlar alacağıq”.
Bəxtiyar Məmmədli
