AZE | RUS | ENG |

Üç əsr bizimlə

Üç əsr bizimlə
Elə şəxsiyyətlər var ki, onlar zamanla dəyərə, ölçü vahidinə çevrilirlər. Lev Tolstoy da belə şəxsiyyətlərdəndir. Əslində, Tolstoyçuluq - müəllifin yaşam və yaradıcılıq mahiyyətindən yaranmış ədəbi termin – anlayışdır. Dünyada belə yazarların, yaxud obrazları anlayışa çevrilmiş müəlliflərin sayı azdır. Dahinin dünya ədəbiyyatına təsiri haqqında danışmaq, elə bilirəm, artıq olar, çünki bu məsələlər ədəbiyyatsevərlərə kifayət qədər aydındır. Onun Azərbaycan ədəbiyyatına təsirinə gəldikdə isə, hər halda, ayrıca bir mövzu kimi qiymətlidir və bizə aidliyi baxımından bu məsələlərə toxunmaq lazımdır.
Tolstoy 1880-ci ildə Afanasi Fetə yazdığı məktubda Mirzə Şəfi Vazehin şeirlərinə heyranlığını dilə gətirirdi. Sultan Məcid Qənizadə ilə də şəxsi münasibətləri varmış, hətta azərbaycanlı ədib Yasnaya Polyanada – Tolstoyun evində olub. Ədib isə qonağına "Hərb və sülh” romanını hədiyyə edib. Azərbaycanın ilk dərsliklərindən sayılan, Rəşid bəy Əfəndiyev və Abbas Səhhətin hazırladıqları dərslik Tolstoyun "Əlifba” kitabına uyğun tərtib edilib. Hələ XIX əsrin sonlarında Tolstoyun "Birinci araqçəkən”, "Zülmətin hakimiyyəti” əsərləri Azərbaycan teatrında göstərilirdi. Cəlil Məmmədquluzadə Lev Tolstoyun "Zəhmət, ölüm və naxoşluq” əsərini Azərbaycan dilinə tərcümə etmişdi.
Lev Tolstoy 1882-ci ildən Azərbaycan dilinə tərcümə edilib. Nə xoş ki, tarixi "Kaspi” qəzeti də Tolstoyun əsərlərini dilimizə tərcümə edən ilk mətbu orqanlardandır (Digərləri "İttifaq”, "Səda”, "Təzə həyat” qəzetləri). Ümumiyyətlə, 3 əsrdir ki, onun əsərləri dilimizə çevrilir və azərbaycanlı oxucular tərəfindən sevilərək oxunur.
"Kaspi” qəzeti indiyədək dünya səviyyəli dəyərlərdən – Heydər Əliyev, İmadəddin Nəsimi, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Şahtaxtılar, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspıralı, Nəriman Nərimanov, Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi, Hacıbəyli qardaşları, Firudin bəy Köçərli, Şəfiqə Əfəndizadə, Vaqif Səmədoğlu, İsa Muğannaya "Xüsusi buraxılış”lar həsr etmişdir. Lev Tolstoy -  "Xüsusi buraxılış” həsr olunan ilk əcnəbi yazardır. Onu nəsil-nəsil Azərbaycan ədibləri və oxucuları çox sevmiş və yüksək qiymətləndirmişlər. Biz də düşündük ki, Lev Tolstoya həsr olunmuş ayrıca nömrə nəşr edərək, dahinin yaradıcılığını daha geniş miqyasda və əsasən də elmi araşdırmalar, təhlillər müstəvisində oxucularımıza təqdim edək.
 
Fərid Hüseyn

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019