Braylca Azərbaycan əlifbası

Bu əlifbaya düzəlişlərlə keçidin müzakirəsinə və rəsmiləşdirilməsinə ehtiyac var
Yazı insanlar arasında ən
mühüm ünsiyyət və fikir mübadiləsi vasitəsi olan səsli dili müəyyən qaydalarla
ifadə edən şərti işarələr, yəni yazı vahidləri – yazılar toplusudur. O,
insanların çox böyük ehtiyac duyduğu uzaq məsafəli və nəsillərarası əlaqələri
gerçəkləşdirdiyi üçün indiyədək baş vermiş misilsiz inkişafın başlıca
dayaqlarından biridir.
Müxtəlif şəkilli yazı vahidləri – yazılar gözlə və barmaqla
oxunduğuna görə, müasir yazı bu iki növə ayrılır:
görən yazısı;
brayl yazısı.
Görən yazısının görünən
yazıları xətli və nöqtəlidir. Bu yazı gözləri görən əksər insanların gözlə oxuduqları kütləvi yazıdır. O, əşyavi,
piktoqrafik, ide- oqrafik və fonoqrafik (hərfi) yazı mərhələlərindən ibarət
uzun inkişaf yolu keçmişdir. Hazırkı hərfi yazıda hər fonemin bir hərfi var.
Az insanın, o cümlədən
minlərlə azərbaycanlının istifadə etdiyi köməkçi brayl yazısı isə ümumən 6
qabarıq nöqtəlidir. Bu yazı, qabarıq nöqtəli yazıları gözlə oxuya bilməyənlərin
hissiyyatlı barmaq ucları toxunanda oxunur. O, öz görkəmli banisi fransız
tiflopedaqoqu Lui Brayylın xatirəsinə
”brayl yazısı”, qabarıq 6 nöqtəsi isə "brayl nöqtələri” adlanır.
Brayl nöqtələri
düzbucaqlı damanın solunda (yazanda sağında) 1, 2, 3 və sağında (yazanda
solunda) 4, 5, 6 saylı olan nöqtələrdir.
Dəqiq yazılış izahları
onlarla kodlaşdırılır. Məsələn: o .135 (oxu: o nöqtə 1, 3, 5), ö .246 (oxu: ö
nöqtə 2, 4, 6) göstərir ki, o hərfi
1-ci, 3-cü, 5-ci, ö isə 2-ci, 4-cü və 6-cı nöqtələrin qabardılması nəticəsində
yazılır.
Törəmə brayl yazısı
yaradıldığı 1829-cu, Azərbaycanda işləndiyi 1936-cı (başqa məlumata görə
1938-ci) ildən (3, 315; 2.512) əsas görən
yazısından qaynaqlanıb, dili ifadə edir. Müqayisəli araşdırmalar
göstərir ki, brayl yazılarının çoxu görən yazısındakı müxtəlif qrafikalı
yazıların müvafiq yönlü variantlarıdır. Onların bir qismi bərpa edilmiş latın
qrafikalı müasir Azərbaycan əlifbası ilə bağlıdır.
Uzun əsaslı elmi
müzakirələrdən sonra xalqın tələbi ilə 25 dekabr 1991-ci ildə "Latın qrafikalı
Azərbaycan əlifbasının bərpası haqqında” Qanun qəbul olunmuşdur. 1992-ci ildə
türk və alman əlifbaları əsasında braylca latın yönlü Azərbaycan əlifbasını o
vaxtkı layihə üzrə müəyyənləşdirmişik. Yeni əlifbaya keçid ulu öndər Heydər
Əliyevin imzaladığı "Dövlət dilinin Tətbiqi İşinin Təkmilləşdirilməsi haqqında”
18 iyun 2001-ci il tarixli fərmanına əsasən 1 avqust 2001-ci ildə rəsmən başa
çatmışdır.
Görən yazısındakı latın qrafikalı və braylca latın yönlü 32 hərf bu
latın köklü Azərbaycan əlifbasını təşkil edir.
Demək olar ki, bu
Azərbaycan (az) əlifbası türk (tür), italyan (it), niderland (nid), norveç
(nor), fransız (fr), katalon (kat), portuqal (por), alman (alm), isveç (isv),
macar (mac), ispan (isp), qalisiya (qal), fin, island (isl), çex, ingilis
(ing), latın (lat) əlifbaları kimi latın köklü əlifbalar əsasında braylca 2
düzəlişlə müəyyənləşir.
Latın köklü əlifbalarda
ən geniş yayılmış 23 hərf–a,b,c,d,e,f,g,h,i,j,k,l,m,n, o,p,r,s,t,u,v,y və z
türk, italyan, niderland, norveç, fransız, katalon, portuqal, alman, isveç,
macar, ispan, qalasiya, fin, island, çex, ingilis və latın hərfləridir. Onlara
Keniya və Uqandanın svahili əlifbasında da təsadüf olunur (6.193).
Bu 23 hərf sonrakı 2 hərf
- x və q ilə birgə çex, ingilis və latın (əczaçılıq) əlifbalarına məxsusdur
(6.29,175). Onlar alban, danimarka, xorvat, qrenland, litva, lüksemburq, malay,
polyak, rumın, slovak, sloven əlifbalarında da geniş yayılmışdır (6.26, 32,86,88,113,122,124,165,173,194,199).
Bu 25 hərf sonrakı ü ilə
birgə ispan və qalisiya (6.132,201), ö ilə birgə isə fin və island əlifbalarının 26 hərfini (6.42,54)
səciyyələndirir.
Aralarında ü hərfinin
olduğu 26 hərf ö ilə birgə alman, isveç, macar (6.182, 188,203), ç .12346 ilə
birgə fransız, katalon, portuqal (6.172,180,197) əlifbalarının 27 hərfini, ö və
ç ilə birgə isə italyan, niderland, norveç (6.101,174, 190) əlifbalarının 28
hərfini təşkil edir. Ö və ü hərfləri həm də eston və esperanto əlifbaları üçün
səciyyəvidir (6.36,177).
Bu 28 hərfin 26-sı görən
yazısında, 25-i isə braylca x və q hərflərinin olmadığı türk əlifbasının tərkib
hissəsidir (4.27-28; 6.204).
Vaşinqtonda ingiliscə
çapdan çıxmış "Dünya braylı” kitabından görünür ki, italyan, niderland, norveç,
fransız, katalon və portuqal hərfi ç .12346 (6. 101,172,174,180,190,197)) türk
və Azərbaycan əlifbalarında ç samitini bildirmək üçün ən münasib hərfdir. Əvvəl
fransız yazısında yaradıldığı üçün bu hərf hər 2 yazının qrafik tərkibinə
uyğundur.
Görən yazısında ç samit hərfi olmayan ingilis braylcasında ch hərf
birləşməsini bildirən qovuşuq ç .16 hərfi alınıb işləndiyi müasir Azərbaycan və
türk braylcalarının (4.18,27; 6.7,204) qrafik tərkibinə uyğun gəlmir.
Bu hazırkı uyğunsuzluğu aradan qaldırmaq üçün ç .16 hərfini görən və
brayl yazılarında daha əvvəl işlənən ç .12346 hərfilə əvəz etmək lazımdır. Bu
kiçik zəruri düzəliş Azərbaycan braylcasında tək ç .12346 hərfinin özü ilə
məhdudlaşdığı halda, türk braylcasında qovuşuq di .12346 hərfinin (4. 65) ç .12346 hərfinə, ç .16 (4,27; 6,204) hərfinin isə çoxişlək qovuşuq di .16 hərfinə çevrilməsini tələb edir.
Aralarında x, q deyil, ö, ü və ç .12346 hərflərinin olduğu 26
hərf digər 3 hərf – ğ, ı, ş ilə birgə Azərbaycan dili və latın köklü əlifbası
ilə ən sıx bağlı olan 29 hərfli türk
əlifbasını təşkil edir (4,27-28; 6.204).
Azərbaycan və türk
əlifbalarındakı ğ .126 braylca ərəb əlifbasının ğeyn .126 hərfi ilə ortaq bir hərfdir
(6.7,204,166-168).Azərbaycan və türk dillərinin ərəb qrafikalı əski əlifbaları,
1920-ci ildə ərəb özüllü türk braylcasının mövcud olması (4.7), habelə indiki
müvafiq ortaqlıq göstərir ki, ğ .126 hərfinin braylca qaynağı ərəb braylcasının
ğeyn .126 hərfidir.
Əski ərəb yazısındakı ayn (eyn) hərfini və "həmzə” işarəsini sonrakı
Azərbaycan yazılarında 2004-cü ilədək əvəz etmiş ‘ (apostrof) .12356 işarəsinin
(5.101-103; 1.2;) braylca elə ayn .12356 kimi yazılmasından görünür ki, latın
və kiril yönlü ğ .126 hərfinin ərəb yönlü
ğeyn .126 kimi yazılması heç də təsadüfi deyil.
Türk əlifbasındakı ı .35
i .24 hərfinə şaquli xəttinə, braylca isə bir-birinə eyni maili istiqamətdə və
məsafədə yerləşən hər 2 nöqtəsinə görə oxşadığı üçün latın köklü bir hərf
sayılır (4.27; 6.7,204).
Ş hərfinin braylca latın yönlü iki yazılışı məlumdur: ş .146,ş 156.
Ş .146 latın köklü türk
və Azərbaycan əlifbalarında ş samitini bildirən bir hərf kimi özünü təsdiq edir
(4.28; 6.7,204). Braylca bu hərf ingilis mənşəlidir. O, görən yazısında ş hərfi
olmayan ingilis dilində ş samitini bildirən sh hərf birləşməsinin braylca yazı
qısaldan qovuşuq ş .146 hərfidir (4.18). Ş .146 əvvəl ingilis braylcasından
türk braylcasına, 1992-ci ildə isə türk braylcasından Azərbaycan braylcasına
daxil edilmiş, "Dünya braylı”nda qeydə alınmış bir hərfdir (6.7). Braylca ilk
türk əlifbasının ərəb əlifbası əsasında yaradıldığını nəzərə alıb qeyd etmək
lazımdır ki, ş .146 hərfi ərəb braylcasında da ş samitini bildirən şin .146
hərfilə eynidir (6.7,166,168,204). Rumın braylcasının ş .156 hərfinə Azərbaycan
braylcasında (6.199) ehtiyac qalmır.
"AME”nin "Brayl
şriftləri” məqaləsində "latın qrafikalı brayl əlifbası və rəqəmlər” adı ilə 26 hərfli ingilis əlifbası
verilir (2.512).Onun w (‘dablju:) .2456 hərfi deyil, qalan 25 hərfi Azərbaycan
əlifbasında işlənir. "Dünya braylı”nda həmin hərflər ç .16 ilə deyil, daha
əvvəl yaradılmış ç .12346 hərfilə, habelə kitabdakı ö,ü,ğ,ı və ş hərflərilə
birgə Azərbaycan əlifbasının 31 alın-a hərfini (6.7) təşkil edir. Ç .12346
cədvəldəki 32-ci ə .16 hərfinin Azərbaycan braylcasında bərpasına yol açır.
ASE-nin "Brayl”
məqaləsindəki kiril köklü ə .16 (3.315)
ç .12346 hərfinin olduğu latın köklü Azərbaycan əlifbasında da özünü
doğruldur. Buna görə də ç .16 və ə .34
hərfləri cədvəldəki ç .12346 və ə .16 hərflərinə çev rilir. "Dünya
braylı”ndakı ə .4,1 hərfi (6.7) 2 damada çox yer tutduğuna, qazax braylcasındakı
ə .345 hərfi (6.78) isə çox nöqtəsi ilə yazı prosesini ağırlaşdırdığına görə,
Azərbaycan braylcasının çoxişlək ə hərfi üçün əlverişli deyil.
Ç .12346 və ə .16 hərfləri ilə
bağlı zəruri düzəliş mənimsəmə və istifadə işlərini çətinləşdirmədiyi üçün asan
tətbiq olunma imkanına malikdir.
Braylca latın yönlü Azərbaycan hərflərilə bağlı işlənir (6.7):
Latın yönlü Azərbaycan
braylcasının defis (-), tire (–) və
"Dünya braylı”-nda qeydə alınmış durğu işarələridir (6.7)
Say bildirən ərəb
rəqəmləri dünya və Azərbaycan braylcalarında rəqəm işarəsi .3456 (3.315; 6.7)
ilə başlanıb belə yazılır.
Braylca latın yönlü
Azərbaycan əlifbasına düzəlişlərlə keçidi dövlət səviyyəsində rəsmiləşdirmək
lazımdır. Bu əlifba hüquqi boşluğun və
təhriflərin qarşısını almağa imkan verir. Problemin həllinə nail olmaq
üçün o, geniş dərin araşdırmalarla birgə
ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır.
KAMRAN SƏFİYEV,
Azərbaycan dili və ədəbiyyat müəllimi
Biləsuvar rayonunun Bağbanlar kəndində dünyaya gəlib. Görmə məhdudiyyətli olduğu üçün orta təhsilini 1973-85-ci illərdə görməyən və zəifgörən uşaqlar üçün
Respublika Xüsusi Orta İnternat Məktəbində alıb. 1985-ci ildə daxil olduğu
BDU-nun filologiya fakültəsini 1990-cı ildə bitirib.
