• bazar, 13 Oktyabr, 10:55
  • Baku Bakı 18°C

BİRLİK – taleyimizdir

20.08.13 09:29 1923
BİRLİK – taleyimizdir

Cavanşir FEYZİYEV,
Millət vəkili
Bu günlərdə Gəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammitinə nəzər saldıqda belə bir qənaətə gəlmək olar ki, Türk dövlətlərinin birliyi kimi böyük bir ideyanın gerçəkləşməsi yolunda Təməl Faza artıq bitib. Onun ən çətin, başlanğıc mərhələsi keçilib: türk xalqlarının əksəriyyəti Avrasiyanın son ən böyük imperiyasının – Rusiyanın tərkibindən çıxaraq öz müstəqil dövlətlərini bərpa edib və bununla da, Avrasiya məkanında suveren türk milli dövlətlərinin sarsılmaz müttəfiqliyinə doğru aparan yeni geopolitik situasiya yaranıb.
İki minilliyi birləşdirən tarixi mərhələdə müstəqil türk respublikalarının yaranması həm də onları birləşdirən proseslərin güclənməsi ilə üst-üstə düşür. Belə ki, 20-ci əsrin 90-cı illərində bir çox türk respublikalarının müstəqilləşməsi dərhal daha optimal inteqrasiya zərurətini - müttəfiqləşmə zərurətini doğurdu. Bu dəfə artıq məcburi yox, doğma qardaşların əl-ələ verməsi, bir-birinə dayaq olması şəklində. Burada artıq “böyük qardaş”, “kiçik qardaş” yoxdur, QARDAŞLAR vardır! Türk xalqlarının nümayəndələri hər cür maddi mənfəət marağından yüksək olan müqəddəs qardaşlıq duyğusu ilə görüşür, problemlərini və perspektivlərini birlikdə araşdırırlar. Müstəqillik dönəminin başlanğıcından davamlı olaraq keçirilən Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayları, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantıları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasları, TÜRKSOY çərçivəsində görüşlər, Türkdilli Ölkələrin Parlament Assambleyasının sessiyaları və s. bu kimi tədbirlər böyük türk dünyasını bütövləşdirməyə yönələn fəaliyyətlərin meydanını gündən-günə genişləndirir. Bu genişlənmə daha çox siyasi-iqtisadi və ictimai-mədəni məzmun alır və getdikcə daha çox beynəlxalq əhəmiyyət kəsb edir.
Artıq hamıya aydındır ki, türk dövlətlərinin müttəfiqləşməsi prosesi labüddür və nə qədər cəhdlər edilsə də onu geriyə döndərmək və əngəlləmək tarixin məntiqini dəyişmək qədər qeyri-mümkündür. Avrasiyanın siyasi inkişafı onun kökündən yeniləşməsinə doğru – bu məkanda müstəqil və güclü siyasət yeridən türk dövlətlərinin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın sarsılmaz birlik yaratmasına, indiyə qədər bu məkanda hökmranlıq etmiş qüvvələrin öz “qınına” çəkilməsinə, bütövlükdə Avrasiyanın sülh, təhlükəsizlik, sabitlik və davamlı tərəqqi məkanına çevrilməsinə doğru gedir.
Heç kimə sirr deyil ki, türk xalqlarının yaşadığı çox geniş coğrafi məkanda son onilliklərə – Müstəqilləşmə Epoxasına qədər bu və ya digər formada, lakin ardıcıl olaraq imperializm siyasəti yeridilib, bu xalqların nəinki ərazilərinə, həm də milli, mədəni, intellektual sərvətlərinə də sahiblik edilib, bütün maddi və mənəvi ehtiyatlar həmin siyasətin maraqlarına xidmət edib. Lakin müstəqilləşmə ilə başlayan və suveren türk respublikalarının öz iradəsini ortaya qoymaq imkanlarını açan yeni geopolitik şərait bu siyasətin bütünlüklə “türk coğrafiyasından” geri çəkilməsini tələb edir. Öz milli kimliyini, tarixi dövlətçiliyinin möhtəşəmliyini dərk etmiş, müstəqil respublika olaraq siyasi-iqtisadi hədəflərini müəyyənləşdirmiş türk xalqlarının artıq bundan sonra kiminsə, hətta ən güclü superdövlətin belə qanadları altına girməsi ağlasığmazdır. Bunu təmin etməyin yeganə yolu isə türk dövlətlərinin sarsılmaz birliyini yaratmaqla güclənməkdir. Bu gün birlik - qlobal və regional siyasətin oriyentasiyalarını müəyyən edən ən başlıca faktordur. Birlik imkanlarından rasional şəkildə istifadə edilmədiyi təqdirdə onların – yəni suveren türk milli dövlətlərinin hansısa bir superdövlətin və ya güc mərkəzinin “himayəsi” altına keçməsinin qaçılmaz olduğu bəllidir.
Nümunə olaraq Avropa Birliyinə baxaq. Dünyanın bu aparıcı bölgəsində ötən əsrin əvvəllərində çox qüdrətli dövlətlər vardı. Lakin mütləq hegemonluq iddiaları Avropadan başlayan iki dünya müharibəsində onları vuruşdurdu. Nəhayət, avropalılar dərk etdilər ki, hətta ayrı-ayrılıqda güclü olmaq belə dövləti savaşlardan və nə zamansa süquta uğramaqdan sığortalamır. Əksinə, güclü olmaq – savaşların mərkəzində olmaq, daim gözlənilməz təhlükələrlə üzbəüz qalmaq deməkdir. Gücün birliklə tamamlanması həqiqəti, axır ki, hətta öz aralarında problemlər olan Qərbi Avropa dövlətlərini də müttəfiqləşmək – İttifaq yaratmaq zərurətinə gətirib çıxardı.
Müasir türk respublikalarının öz aralarında onları ciddi şəkildə toqquşduracaq “daxili ziddiyyətlər təhlükəsi” yoxdur. Lakin türk dünyasının bütövlüyünü sarsıtmaq istəyənlər tərəfindən “xarici təhlükə” həmişə bu ərazilərin başı üzərində qara bulud kimi dolaşıb və indi də dolaşmaqdadır. Hər cür təhlükəyə qarşı səfərbər olmaq, güclənərək birləşmək və birləşərək güclənmək zərurəti bu gün türk dünyasının var olmaq gerçəkliyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Biz nə qədər bir yerdə olsaq, gücümüz də bir o qədər artacaqdır” – Bu həqiqətin doğrudan da alternativi yoxdur.
Bu da bir həqiqətdir ki, Türk Dövlətləri Birliyinin yaradılması və möhkəmlənməsi digər dövlətlərə və onların birliklərinə qarşı deyil. O, sadəcə hərbi-siyasi bloklaşma məqsədlərini nəzərdə tutmur, əksinə, öz ətrafında belə bir bloklaşmanın yaradılmasına və ümumiyyətlə, hər cür təcavüzkar niyyətlərin çevrələnməsinə qarşıdır. Belə bir müttəfiqləşmə – öz növbəsində dünya birliyini də gücləndirən, beynəlxalq aləmə yeni bir enerji verən, qlobal siyasətin qeyri-bərabərlik, dominantlaşma, bloklaşma, separatizm, təcridçilik və s. kimi neqativ tendensiyalarına qarşı müqaviməti artıran bir prosesdir. İyirminci əsrdə Avropa Birliyi bəşəriyyətin tarixi-siyasi həyatında, beynəlxalq sülhün təminatında hansı rolu oynamışdısa, iyirmi birinci əsrdə yaranan Türk Dövlətləri Birliyi də eyni funksiyanı, lakin daha böyük siyasi təcrübə və potensialla yerinə yetirmək imkanları qazana bilər. Yalnız belə olduqda, yenicə müstəqillik əldə etmiş türk respublikalarının qardaşlıq münasibətlərinin yaradılmasında böyük səy göstərən Türkiyənin sabiq prezidenti Turqut Özalın 1992-ci ildə söylədiyi “İyirmi birinci əsr – Türk Əsri olacaqdır” uzaqgörənliyi öz təsdiqini tapa bilər. Hələ o vaxtlar Turqut Özalın bu nikbin və cəsarətli siyasi paradiqmasına münasibət bildirən şərhçilər burada təkcə Türkiyənin deyil, bütün türksoylu dövlətlərin nəzərdə tutulduğunu və bu fikrin obyektiv qənaətlərə söykəndiyini anlatmışdılar.
Ümumiyyətlə, Türk birliyi ideyası yeni deyil. Hələ Avropa Birliyi yaradılmazdan xeyli əvvəl – XX əsrin lap əvvəllərində bütün türk dünyasında, xüsusilə Azərbaycanda və Türkiyədə dünya türklərini birləşdirmək təşəbbüsləri ciddi şəkildə göstərilmişdir. İmperialistlərin təbirincə “Pantürkizm” və “Panturanizm” adlandırılan bu hərəkatlar ən amansız təqiblər və ideoloji sapmalarla müşayiət olunsa da, özünün sağlam toxumlarını yaşada bildi. Hələ yüz il öncə Türkiyə və Azərbaycan Xalq Cümhuriyyəti ümumtürk birliyi ideyasını milli siyasətlərinin özülündə görürdülər. Məhz tarixin bəslədiyi, kökdən gələn bu siyasi amal iyirminci əsrin sonlarında, müstəqilliyini heç zaman əldən verməmiş Türkiyə Cümhuriyyəti ilə yenicə suverenlik qazanan türk respublikalarının münasibətlərində yenidən öz təcəssümünü tapır. Altaylardan Balkanlara qədər Avrasiyanı qurşaqlayan türk superetnosunun özgürlük duyğuları yenidən dillənir. Türk dövlətçiliyinin tarixi birlikyaratma ənənələrindən bəhrələnməklə bu günkü suveren türk dövlətlərinin daha müasir bir İttifaqda gələcəyə doğru irəliləməsi dövrümüzün zərurətidir. Türk dünyasının ulu öndərləri – Mustafa Kamal Atatürkün öz zamanında və Heydər Əliyevin yeni tarixi şəraitdə türk dünyasının milli mənafelərini uzlaşdırmaq siyasəti bu gün türk dövlətlərinin birliyi istiqamətində görülən işlərin təməl qatını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Qarşılıqlı münasibətlərimizin hər bir sahəsində hadisələrin yalnız müsbət inkişafını görürük. Bu gün elə bir məsələ yoxdur ki, ölkələrimizin münasibətləri bir-birindən fərqlənsin... Yalnız bir problem vardır – necə edək ki, bu münasibətlər dolğunlaşsın, möhkəmlənsin və qarşılıqlı surətdə faydalı istiqamətə yönəlmiş yeni qərarların qəbul edilməsinə gətirib çıxarsın”.
Bu gün türk dövlətlərinin qarşılıqlı münasibətləri ilə bağlı olan sənədlər deklarativ xarakter daşımır, onlar siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə əlaqələrimizin real əsasını təşkil edir. Bu gün Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında səslənən fikirlər də bu reallığı bir daha təsdiq edir: “ Tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizi birləşdirilib. Azərbaycan artıq bizim qardaşlarımız, Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit rolunu oynayır. Nəqliyyat infrastukturunun yaxşılaşdırılması məqsədi ilə həm ikitərəfli, həm üçtərəfli formatda işlər həyata keçirilir. Onların sırasında Avropa və Asiyanı birləşdirən Bakı-Tiflis-Qars dəmiryolunu göstərə bilərəm. Bu dəmiryolu ölkələrimizə xidmət edəcək. Əminəm ki, yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik. Qədim ipək yolunun bərpası reallıqdır.”
Yalnız belə çoxtərəfli əsaslar üzərində müasir türk respublikalarının müştərək siyasi platforması, iqtisadi coğrafiyası və milli-mədəni identifikasiyası formalaşır. Əgər türksoylu insanlar və onların siyasi rəhbərləri bir-birinə kökdən gələn doğma duyğularla, tarixi qan yaddaşı ilə bağlı olmasaydılar, onları birləşdirən neft-qaz kəmərləri yalnız fiziki məna daşıyardı, yalnız maddi qazanca söykənərdi. Lakin bizim ürəklərimiz və düşüncələrimiz də eyni amallar və ideyalardan qaynaqlandığı üçün, bizi birləşdirən bütün fiziki-maddi vasitələr ikiqat önəm daşıyır.
Çağdaş türklər öz keçmişinin, tarixi mövcudluğunun, uzun əsrlər boyu yenilməz mübarizə əzminin mahiyyətinə vardıqca, vahid etnosfer məkanından, dövlət quruluşlarından necə boy atıb böyüdüklərinin genealogiyasına baş vurduqca, bir həqiqəti dərk etməkdədirlər: bəşəriyyətin yazıya alınmış və alınmamış bütün tarixi boyunca böyük dövlətlər və imperiyalar yaratmış, həmin dövlət və imperiyaların tərkibində ən müxtəlif konfiqurasiyalarda dəfələrlə birləşib-ayrılmış türk superetnosu yenidən öz müstəqil dövlətlərini müasir beynəlxalq təcrübənin ən yüksək səviyyəsində birlik halına gətirməlidir. Türk dövlətlərinin tarixiliyi və müasirliyini, maddi-iqtisadi və mənəvi-intellektual sərvətlərini özündə ehtiva edən böyük potensialı belə deməyə imkan verir ki, bu günkü türk dövlətləri və onların yaratdığı birlik – Avrasiyanın siyasi məzmununu dəyişməyə qadir olan bir reallıqdır! Məhz bu inama söykənən ölkə başçısı öz çıxışında cəsarətlə “XXI əsr türk dünyası əsri olmalıdır” demişdir.
Beynəlxalq siyasətin transformasiyasını yetişdirə biləcək ümumtürk birliyi layihəsi dünya üçün də gərəkli və faydalıdır. Ona görə faydalıdır ki, bu platforma üzərində qlobal siyasət humanistləşməyə və demokratikləşməyə doğru əsaslı dönüş etmək imkanları qazanacaqdır. Türk siyasi mədəniyyətinə məxsus olan bütün dəyərlər (ədalətlilik, bərabərlik, humanizm, siyasi əxlaq, ümumbəşərilik, milli özgürlüklərə ehtiram, millətə və dövlətə sadiqlik, xalqları əsarətə, itaətə, asılılığa məhkum edən fəaliyyətlərə insanlığa yad əməllər kimi baxılması...) bu imkanların reallaşmasına meydan açacaqdır. Sirr deyil ki, bu gün beynəlxalq siyasətin “yüyəni” hələ də bir neçə superdövlətin əlindədir. Onların atı dünyanın hər yerinə səyirdilir. Onlar müxtəlif bəhanələrlə, bəzən də “demokratiya” bayrağı altında beynəlxalq aləmdə milli dövlətlərin konfiqurasiyasını özlərinin istədikləri şəkildə qurmağa çalışırlar. Bu kimi cəhdlər beynəlxalq hüquqa zidd olsa da, onlar özlərini buna səlahiyyətli sayırlar. Bu “qaydalara” boyun əyməyənləri cəzalandırır, onların milli dövlət ərazisini münaqişə ocağına çevirir və bu ocaqdan digər dövlətlərə qarşı təhdid vasitəsi kimi istifadə edirlər. Demokratiya ilə İmperializmin bir araya sığmadığını beynəlxalq ictimaiyyət görür və ona qarşı müqavimət gücündə birləşməyə ehtiyac duyur. Belə bir beynəlxalq gücün tükənməz passionar mənbələrindən biri də – türk dünyasıdır və onun da beynəlxalq aləmdə səsini qaldırmaq , haqq-ədaləti və demokratiyanı müdafiə etmək hüququ tanınmalıdır.
Mövcud supergüclərin qlobal siyasətə baxışı və qlobal siyasi arenada bu günkü davranışı köhnəlməkdə və artıq siyasi səhnədən çıxmaqda olan “Parçala və hökm sür” prinsipinə əsaslanır. Böyük türk imperiyaları tarixində türklər gücə əsaslanan birliyin təcrübəsini müasir supergüclərdən çox-çox əvvəllər əldə etmişdilər. Bütün bunlar köhnə dünyanın qanunları idi. Müasir dövrümüzdə isə Siyasət və Diplomatiya vasitəsilə, beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə, milli suverenliyin toxunulmazlığı şərtləri ilə müttəfiqləşməyin artıq yeni paradiqması mövcuddur. Türk dövlətlərinin birliyinə nail olmaq üçün məhz bu paradiqma çərçivəsində göstərilən bütün təşəbbüslər həyata vəsiqə qazanmağa layiqdir. XX əsrdən başlayaraq Avropa Birliyinin yaradılması prosesində bu təşəbbüslər nə qədər zəruri və təbii idisə, bu gün Türk Dövlətləri Birliyinin yaradılması və bu yolda irəli sürülən təşəbbüslər və göstərilən çabalar da o qədər zəruri və təbiidir. Müstəqil türk dövlətləri müasir beynəlxalq siyasətin tələblərinə uyğun şəkildə, özlərinin siyasi iradəsi, zəkası və uzaqgörənliyi ilə bu birliyin yaradılmasına doğru addım-addım, lakin qətiyyətlə irəliləyirlər. Bu gün türk respublikalarının ictimai-siyasi həyatında çox mühüm dəyişikliklər baş verir. Onlar iqtisadi cəhətdən qüvvətlənir, demokratik təsisatlarını möhkəmləndirir, beynəlxalq birliyin inkişaf proseslərinə qoşulmaq üçün zəruri olan mühüm üstünlüklər əldə edirlər. Türk respublikalarının daxili və xarici siyasətinin inkişaf istiqamətləri milli dövlət bazasını gücləndirməklə yanaşı, son nəticədə ümumtürk birliyinin yaradılması məqsədlərində öz konsentrasiyasını tapır. Bütün bunlar türk dünyasının müasir beynəlxalq həyatda, qlobal ictimai-siyasi proseslərin inkişafında özünün innovativ imkanları ilə iştirakı üçün mədəni-siyasi düşüncə potensialı və elmi-humanitar baza yaradır. Türk dünyasının inkişafı – beynəlxalq birliyin ümumi inkişafının tərkib hissəsi kimi getdikcə daha çox diqqət mərkəzində dayanır. Məhz buna görə də Türk Dövlətləri Birliyinin təşəkkülü prosesini beynəlxalq siyasi həyatın dinamikasını şərtləndirən mühüm tərəqqi əlamətlərindən biri hesab etmək olar. Aparıcı dünya mətbuatı, siyasi analitiklər də bu prosesi diqqətlə izləyir, araşdırır və dəyərləndirirlər.
Bütövlükdə müstəqil türk dövlətlərinin birliyi timsalında yaranmaqda olan Güc Avrasiyanın taleyini və gələcəyini dəyişmək və müəyyən etmək iqtidarında ola bilər. Diqqətlə və geopolitik bir nəzərlə dünyanın siyasi xəritəsinə baxdıqda görünür ki, Mərkəzi Asiyanın türk respublikaları – Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan hamısı bir-birinə söykənib, Azərbaycan Xəzərdən şərqə doğru – Mərkəzi Asiya türk respublikalarına, qərbə doğru isə – Türkiyəyə söykənib. Avrasiya boyunca türk dövlətlərindən birinin ərazisi qurtardığı yerdə o birinin ərazisi başlayır. Məhz bu qədim torpaq və onun üzərində yaşayan qədim köklü türk millətləri 23 avqust 2012-ci ildə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İkinci Zirvə görüşündə qəbul edilən vahid Türk Bayrağı ətrafında birləşdilər və bu möhtəşəm ideyanı gerçəkləşdirdilər. Bütün türk respublikalarının milli atributlarını orqanik şəkildə özündə təcəssüm etdirən Türk Bayrağı – bütün türk dünyasının gələcəyinə işıq saçacaq bir mayak, yoluna istiqamət verəcək bir simvol oldu. Bütün əski türkləri birləşdirən Göy Türk bayrağının Mərkəzi Asiyada dalğalanmasından təqribən 1500 il sonra – üçüncü minilliyin başlanğıcında yenidən Avrasiya məkanında müstəqil türk dövlətlərinin vahid Türk Bayrağının dalğalanması tarixin dönməz məntiqidir. Türk coğrafiyası Avrasiyada elə bir parçalanmaz geopolitik məkandır ki, onların birliyi dərinləşdikcə, bu məkana hər hansı bir təsir və müdaxilə imkanları da qeyri-mümkün olacaqdır. Türk Dövlətləri Birliyinin beynəlxalq siyasi arenada artan nüfuzu isə bütün Avrasiyanın təhlükəsizliyi üçün qarant rolunu oynaya biləcəkdir. Bu halda doğrudan da “türk dünyası əsri” bütün türklərin “qızıl əsrinə” çevriləcəkdir.
banner

Oxşar Xəbərlər