BIR GÖZƏL ŞEİR YAZANDA ÖZÜMÜ DÜNYANIN ƏN XOŞBƏXT ADAMI SAYIRAM
Milli ədəbiyyatımızda və teatrımızda mənzum dramların
ilk qadın müəllifi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
Prezident təqaüdçü 20 şeir kitabının, 15 pyesin müəllifi, Azərbaycan Yazıçılar
Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, şair-dramaturq Kəmalə Ağayeva
ilə Naxçıvan şəhərindəki evlərində görüşdük. Oğlu, sənətşünaslıq üzrə fəsləfə
doktoru, dosent, iş yoldaşım Ələkbər Qasımov söhbət əsnasında deyəndə ki, anam
Naxçıvandadır, bizdədir, çoxdan görüşmək istədiyim bu xanım şairlə üzbəüz
söhbətləşmək keçdi könlümdən. Və bir şənbə günü, çay süfrəsi arxasında onunla
ətraflı söhbət etdik. Şeirdən, həyatdan, yaradıcılığından və digər mövzulardan
danışdıq. İlk olaraq soruşdum ki...
–Kəmalə xanım, siz
Azərbaycan ziyasının söndürülməyə çalışıldığı, Stalin repressiyasına uğradığı
bir ildə–1937-ci ildə anadan olmusunuz. Çox maraqlıdır təvəllüdünüzü yazanda,
kimsə tərəfindən doğulduğunuz il soruşulanda hansı hissləri keçirirsiniz?
–Hə, doğrudan da o ildə ki, mən dünyaya gəlmişəm, həmin ildə mənim ən
çox sevdiyim Cavidimi, Müşfiqimi, Cavadımı əlimizdən aldılar. Həmişə kədərlə
xatırlayıram ki, görəsən mən niyə o ildə doğuldum? Yaxşı ki, o vaxt uşaq
olmuşam. Yeniyetmə vaxtlarımda Cavidi o qədər çox sevirdim ki. İndi də evimdə
başımın üstündədir şəkli. Bütün günü ona baxıram. Amma o vaxtlar bilmirdim bu
acı taleyi. Eləcə Cavidə şeirlər yazırdım. O qədər şeirim var ki, Cavid
əfəndiyə. Sən demə onunla eyni məhlədə yaşamışıq. Mən onun ev-muzeyi var ha,
indiki Naxçıvan şəhərindəki ev-muzeyi, bax, həmin Əlixan məhləsində doğulmuşam.
Onun yaşadığı evlə bizim ev arasında 150 addım məsafə vardı. Demək, Cavidin
getdiyi yollarla mən məktəbə gedib gəlmişəm. Bilməmişəm bu yollarla vaxtı ilə
Cavid addımlayıb. Atam mənə həmişə oxutdurardı Cavidi. Yəni, ilahi bir
məhəbbətiydi düşmüşdü ürəyimə.
Buna görə də hər dəfə təvəllüdüm soruşulanda Cavid gəlib durur
gözümün qabağında. Müşfiq gəlir gözümün qabağına. (Bu yerdə xeyli susur Kəmalə
xanım, kövrəlir... Mən isə söhbəti tez dəyişirəm).
– Şükür sənin kimi əl
ağacım var,
Ey
könül həmdəmim, tək qoyma məni.
Qələminizi əl ağacı
adlandırırsınız. Əl ağacınız bu günə kimi sizi nə vaxtsa tək qoyubmu?
–Məni heç tək
qoymayıb. Bu gün də əlimdədir o "ağac”. Bəlkə də təsəllim ancaq odur. Övladlar
da böyük təsəllidir, ancaq bir həmdərd olaraq ürək sözümü deyən ancaq
qələmimdi.
– "Bir quru yarpaq da, bir adi daş da,
Bir ovuc torpaq da vətəndir mənə”.
Sizin sözünüzdür. Çox
gözəl də demisiniz. Bəs bir misra şeir, bir yeni fikir, bir məhrəm duyğu
sizinçün nədir?
–Onlar mənim
üçün xoşbəxtlikdi. Bir gözəl şeir
yazanda özümü dünyanın ən xoşbəxt insanı
sayıram. Bəzən günlərlə ürək sözümü deyə bilmirəm. Yazıram, yazıram, vərəqlər
dolur, amma ürəyimdəki o sözü deyə bilmirəm, alınmır ki, alınmır. Belə halda
sanki dünyaya uşaq gətirirsən, gərək o söz mütləq vərəqə köçsün. Və o zaman
rahatlayıram.
–Orda sular inci, gül gülüşlüdür,
Daşlar da söz açır əfsanələrdən.
Orda otlar şehli, çay gümüşlüdür,
Sular ayrı düşməz təranələrdən.
"Kənd yeri”
şeirinizdəndir. Bax, bu şeirinizdəki kənd yerindən doğma, əziz, ruhu
dinləndirən bir bucaq varmı insan üçün?
–Kənd yerini
uşaqlığımdan çox sevmişəm. Anam deyərdi ki, səni kəndə ərə verəcəyəm. Kaş ki,
elə olaydı. (Gözucu oğlu Ələkbərə baxır və gülür). Mən ABŞ-ı, Fransanı, Türkiyəni, Özbəkistanı gəzmişəm. O vaxtlar bu ölkələrə
rəsmi nümayəndə heyətlərinin tərkibində getmişəm. SSRİ Yazıçılarının Moskvada
keçirilən VI Qurultayının nümayəndəsi olmuşam. Heç vaxt o uca binalar,
göydələnlər məni kəndin bir köhnə divarı qədər oxşamayıb. Bir uçuq divar
qarşısında durub nələr düşünürəm, Allah bilir. Sanki mənim varlığım elə odur.
Gözüm qalır alçaq evlərdə, kənd adamının saflığında, ağaclarda, otlarda,
dağlarda. Mən elə bil təbiət üçün yaranmışam.
–Heç nə istəmirəm bu dünyadan mən,
Könlümə bir şirin söz istəyirəm.
–O üzü və sözü sizə verdilərmi, yaxud
əldə edə bildinizmi?
–Ümumiyyətlə bütün şirin
sözləri istəyirəm. Bir söz var ki, deyir şirin söz insanı yaradır, insana həvəs
verir. Həyat eşqi verir insana. Şirin sözü hamı istəyir. Acı sözü kim istəyər
ki. Bir adamdan bir acı söz eşidən kimi bütün varlığım sarsılır. Deyirəm,
Allah, beləsini niyə yaratmısan? Mənim hələ indiyə kimi yadıma gəlmir ki, bir
adama bir acı söz deyəm. Ya övladıma, ya qonum-qonşuya, ya da yada. Çünki acı
söz insanı insandan uzaqlaşdırır.
–1958-ci ildən, yəni 60 ilə yaxındır ki,
Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Və bu baxımdan birliyin ən stajlı
nümayəndələrindənsiniz...
–Mənim ilk mətbu şeirim "Hilal olaydım”
şeiri idi. O vaxt Azərbaycan jurnalında nəşr olunmuşdu. Yazıçılar Birliyinə
gedib-gəlirdim və o şeiri Əli Kərim çox bəyənmişdi və jurnalda çap etdirmişdi.
Amma məni Yazıçılar Birliyinə bir
"Gənclik” şeirim var idi, o şeirlə qəbul etdilər. 1958-ci il idi Naxçıvan
şəhərində indiki muxtar respublika Gənclər və İdman Nazirliyinin binasında
Azərbaycan Yazıçılar İttifaqının (o zaman belə adlanırdı) səyyar plenumu
keçirilirdi. İttifaqın sədri, xalq şairi Rəsul Rza mənim haqqımda xoş sözlər
dedi. Özümü heç tanımırdılar. O şeirə görə təklif etdilər ki, İttifaqa üzv
qəbul edələr. O vaxt Naxçıvanda 2 üzv var idi. Həmin gün məni, Hüseyn Razini,
Əliyar Yusiflini, Məşkur Əkbəri və Əhməd Mahmudu üzvlüyə qəbul etdilər. Orada
Məmməd Rahim dedi ki, bu qız gələcəyin Heyran xanımı olacaq.
Onu da qeyd edim ki, o zaman
Azərbaycanda üzvlüyə qəbul olunanlar eyni zamanda birbaşa SSRİ Yazıçılar
İttifaqının üzvü seçilirdilər.
–Deməli, muxtar respublikada SSRİ Yazıçılar İttifaqının ilk üzvü olan
qadın Sizsiniz.Həyat yoldaşınız rəssam olub. Siz də şair. Sanki bir evdə sözün rəngi
ilə, rəngin sözü birgə ömür yaşayırdı. Maraqlıdır sizin həyat yoldaşınızın
hansısa tablosuna həsr etdiyiniz şeir varmı, yaxud həyat yoldaşınız sizin
hansısa şeirinizdən təsirlənib çəkdiyi rəsm əsəri varmı?
–Naxçıvan Teatrındakı "Məhsəti”, "İsmət”, "Apardı sellər Saranı”,
həmçinin "Cavid” Poeziya Teatrının açılışı münasibətilə yazdığım "Mənim tanrım
gözəllikdir, sevgidir” kimi tamaşalarımın səhnə tərtibatını o verib. 2-3
kitabıma rəsm çəkib. Tarix bunu necə qəbul edəcək ki, yoldaşım rəssam olub,
özüm də gözəl qız, bir dənə mənim portretimi çəkməyib (gülür). İnciyirdim
bundan. Amma bir gün götürdü bir ağ vərəqdə mürəkkəbli qələmlə şəklimi çəkdi və
onu kitabımın birində verdim ki, itib-batmasın.
–Bəs şeirinizə?
–Yox.
–Bəs siz?
–Amma mən yazmışdım ona
şeir. Lakin dünyasını dəyişəndən sonra daha çox yazdım.
–Zəroş Həmzəyevaya yazdığınız "Hardasan,
səhnəyə gəl” şeirinizdə bir misra var –"Məhsəti yetim qalıb”. Təbii ki, bunu o
mənada demişdiniz ki, həmin dövrdə sizin qələmə aldığınız "Məhsəti” pyesi
tamaşaya qoyulanda Məhsəti rolunun ilk ifaçısı Zəroş xanım idi. Yeri gəlmişkən,
onu da oxucularımızın diqqətinə çatdırım ki, Naxçıvan Teatrının indiki möhtəşəm
binası 1964-cü ilin oktyabrında məhz "Məhsəti” tamaşası ilə açılıb. Amma ondan
sonra bu tamaşa bir neçə dəfə, müxtəlif quruluşlarda oynanılıb. Və ən sonda isə
bu rolu Naxçıvanda Azərbaycan Respublikasının əməkdar artisti Elmira Kərimova
oynayıb. Sizcə Məhsəti yenədəmi yetimdi?
-Xahiş
edirəm məndən inciməsinlər. Amma heç kim Zəroş xanımın yerişini yeriyə bilməz,
o başqa idi.
-Kəmalə xanım, ömrünüzün səkkizinci
onilliyini başa vurmaq üzrəsiniz. Sizin kimi dünyagörmüş, təcrübəli, yaradıcı
insanlardan öyrənəcəyimiz çox mətləblər var. Məsələn elə Naxçıvanın özü. Yarım
əsr, hətta 20 il bundan əvvəlin Naxçıvanı ilə bugünün Naxçıvanı arasındakı fərqi
siz bizdən daha yaxşı görə bilərsiniz...
–2005-ci ildə möhtərəm
Prezidentimizin şəxsi qayğısı ilə Bakıda gözəl və rahat mənzillə təmin olunduqdan
sonra yaradıcı işlərimlə əlaqədar təməlli orda qalmalı oldum. Lakin heç olmasa
ildə bir dəfə doğma şəhərimə gəlib, onun havasını udub, suyunu içməsəm yaşaya
bilmərəm.
İnanırsız, o qədər
gözəl bir şəhərdir ki, doğma Naxçıvanımız. Bir xatirə qədər şirindi. Yeni həyat
verilmiş köhnə, qədim abidələr, tərtəmiz, dümdüz yollar, yaşıllıqlar,
gülkarlıqlar, çox yaxşı qonşuluq əlaqələri. Son gəlişimdə o qədər dəyişikliklər
gördüm ki. Qızlar bulağı, Əcəmi Seyrəngahı, Xan evi, Əshabü-Kəhf ziyarətgahı,
Həzrəti Nuhun türbəsi, ilk ədəbi hissə müdiri kimi çalışdığım və mənim
dramaturq kimi yetişməyimdə əvəzsiz rolu olan, həyat yoldaşım – əməkdar incəsənət xadimi Məmməd Qasımovun 35
il baş rəssamı olduğu doğma Naxçıvan Dövlət Musiqili Dram Teatrının tamamilə yenidən
qurulmuş binası, yenə də onun bir zamanlar ilk sədri olduğu Naxçıvan Rəssamlar
Birliyinin gözoxşayan binası, 30 ildən artıq fransız dili müəllimi işlədiyim
şəhər internat məktəbinin ərazisində salınmış Heydər Əliyev adına Hərbi Lisey
şəhərciyi...
İndi bu məktəbdə gəlinimin tarix müəllim
kimi çalışması məni çox sevindirir. Yeri gəlmişkən deyim ki, Azərbaycan Silahlı
Qüvvələrinin zabiti olan böyük nəvəm də bu hərbi liseyin məzunu olub və indi
döyüş bölgəsində vətənə xidmətini davam etdirir.
Sualınızın cavabında onu da bildirim ki,
müasir memarlıq üsubunda yeni yaşayış binalarının, inzibati binaların
tikilməsi, küçələrin, parkların təmizliyi, hər tərəfdə gül-çiçək görmək adama
çox xoş gəlir.
–Gəlininizdən, nəvənizdən danışdınız. Və belə bir sual yarandı. Üç
övlad anasısınız. Yolunuzu davam etdirən varmı?
–Elxan müəllim, bu
sualı cavablandırmazdan əvvəl bildirim ki, eyni zamanda 6 nəvəm, 3 nəticəm var.
Mən uşaqları çox sevirəm. Təsadüfi deyil ki, "Qönçələr” adlı kitabımdakı bütün
şeirləri və pyesləri onlara həsr etmişəm.O ki qaldı sualınıza,
mənim peşə yolumu kiçik oğlum davam etdirərək ingilis dili ixtisası üzrə ali təhsil
aldı. Lakin indi Bakı Şəhər Baş Gömrük İdarəsinin inspektorudur. Qızım isə
atasının yolunu seçib. Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunudur.
Hazırda İstanbulda özünün yaratdığı "Qədim sənət əsərlərin və xatirə əşyalarının
bərpası Mərkəzi”nə rəhbərlik edir.
İş yoldaşınız olan böyük oğlum isə ali
ixtisaslı teatr xadimi kimi valideynlərinin bu sahədəki yolunu birləşdirərək davam
etdirir. O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, rejissor, aktyor, jurnalist,
həm də səhnə danışığı üzrə gözəl mütəxəssis-pedaqoqdur. 1989-90-cı illərdə məhz
onun təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələn və formalaşan Naxçıvan Dövlət
Kukla Teatrında mənim üç tamaşama quruluş verib, bir mənzum-nağılı isə özü
pyesə çevirib. Bakıda "İsmət” pyesimə verdiyi quruluş isə onun diplom işi olub.
Bir sıra maraqlı şeirləri də var. Dördünə mahnı bəstələnib. Qeyd edim ki, ona
atasından da nə isə miras qalıb: gözəl zövqü var, hələ sovet dövründən maraqlı
emblemlər, loqolar hazırlayıb müsabiqələrdə iştirak edib. Yeri gəlmişkən, mən
uşaq pyeslərimi elə burada, dövlət kukla
teatrının da ilk ədəbi hissə müdiri işlədiyim dövrdə – 1990-2003-cü illərdə
yazmışam.
–Bəs, son dövrlər nə yazırsız?
–Zəroş xanım Həmzəyeva
haqqında portret kitab üzərində işləyirəm. Yaxşı materiallar toplamışam. Bu
yaxınlarda nəşriyyata təqdim edəcəyəm. Eləcə də "Kaman səsi” pyesi üzərində
işləyirəm. Şeirlər də ki, mütəmadi olaraq yazıram. Şeirlərimə bəstələnən mahnılarımın
sayı 30-a çatıb. Onların əksəriyyəti mütəmadi olaraq müxtəlif teleradio
kanallarında səslənməkdədir. Bayaq şəhərimizin gözəlliyindən bəhs etdim. Bu
haqda da bir poemaya başlamışam. Sağlıq olsun bir də Naxçıvana gələndə bu
mənada əlidolu gələcəyəm, inşaallah!
–Sizə möhkəm can sağlığı,
yaradıcılığınızda yeni uğurlar diləyirəm. Maraqlı müsahibə üçün çox sağ olun.
–Təşəkkür
edirəm. Mən də Sizə elmi və yaradıcı fəaliyyətinizdə nailiyyətlər arzu edirəm.
Müsahibəni
götürdü: Elxan Yurdoğlu,
Filologiya
üzrə fəlsəfə doktoru