Bu
günlərdə Gəncə Dövlət Dram Teatrının səhnəsində Respublikanın əməkdar mədəniyyət
işçisi, şairə-dramaturq Xəzangülün "Xərabət gözəli” adlı bioqrafik faciəvi eşq
ayini üslubunda yazılan yeni pyesi ictimaiyyətə təqdim olunub. Pyes XII əsrdə
yaşayıb yaradan, mənşəcə Azərbaycan türklərindən sayılan şairə, sufi Əxi təriqətinin
üzvü kimi tanınan Məhsəti Gəncəvinin həyat və fəaliyyətinə həsr olunub.Pyesdə cərəyan
edən hadisələr XII əsrdə Gəncədə sufi Əxi təriqətinin yaranması və təbliği ilə
bağlı hadisələr fonunda baş verir. Həmçinin müəllif tərəfindən bu dövrdə Məhsəti
Gəncəvinin şəhər xurafatçıları tərəfindən bir çox təzyiqlərə məruz qalması, Gəncə
Xətibinin ona qarşı amansız davranışı, Xətibin oğlu ilə olan eşq macərası pyesdə
ön plana çəkilir.
Məlumdur ki,
XI əsrin sonları XII əsrin əvvəllərində yaşayan böyük Məhsəti Gəncəvi Azərbaycan
və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla, öz şerlərində sənətkar,
şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi
kimi yaddaşlarda yaşayır. Qeyd etmək lazımdır ki, o, ilk məşhur Azərbaycan şairəsi,
ilk şahmatçı qadın, görkəmli qadın musiqiçimiz olmaqla yanaşı, tərcümeyi-halı rəvayətlər
və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa, həmin
dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənib.
Rəvayətlərə əsasən o, Gəncənin Xərabat məhəlləsində yaşayıb, vaxtını
qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirib. Onun şerlərində şərab və
eşq duyğusu tərənnüm olunub. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində
yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və
başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur. Məhsəti Gəncəvi təqribən
1089-cu ildə Gəncə şəhərində doğulub və ömrünün sonuna qədər burada yaşayıb.
Onun əsl adı Mənicə olub. Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürüb.
Tarixi araşdırmalar göstərir ki, həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayətlər
məlumdur. Bütün bu sadalananlar isə pyesin müəllifi olan şairə-dramaturq Xəzangül
tərəfindən çox dəqiqliklə təsvir edilib. Müəllif, öncə bu pyesi qələmə alarkən
Məhsəti Gəncəvinin yaşadığı dövrü dəqiqliklə araşdıraraq öyrənməyə müvəffəq olub,
tarixi bir üslubda maraqlı bir pyesin süjet xəttini qələmə ala bilib.
Pərdə açılarkən
ilk hadisələrdən bəlli olur ki, bir ilahiyyat aliminin qızı dünyaya gələrkən
uşağın taleyinə baxan münəccimlər onun böyük gələcəyindən, xalqın rəğbət və məhəbbətini
qazanacağından xəbər veriblər. Həmçinin məlum olub ki, qızın taleyi nə zamansa
xərabatla, yəni içki içilən yer, meyxanalarla bağlı olacaq. Buna görə də, Ənvər
ata qızını tərbiyə olunmaq üçün dini məktəbə verib. On səkkiz yaşına qədər
burada oxuyan qız, Quranı tam olaraq mənimsəyib və artıq imtahan verməyə
hazırdır. Xalq artisti Məmmədəli Balayevin ifasında Ənvər ata obrazı dövrünün
ziyalısı, həmçinin böyük elm sahibi və ağsaqqalı kimi təqdim olunur. Aktyorun
ifasında, eləcə də qızının böyük çətinliklər hesabına xərabətdə sufi Əxi təriqətinin
təbliği və geniş formada yayılması istiqamətində görəcəyi işlərin ağırlığı göstərilir.
Məmmədəli Balayev bu obrazın mahiyyət etibarı ilə tamaşaçıya çatdırılması üçün
rejissor traktofkasına uyğun olaraq uğurla ifasına nail ola bilib.
Tamaşada Məhsəti
Gəncəvi obrazı gənc aktrisa Günay Cabbarovaya həvalə olunub. Əslində aktrisanı
Gəncə Dövlət Dram Teatrının səhnəsində bir neçə uğurlu obrazları ilə tanımışam.
Xatırladım ki, gənc aktrisa Gəncə Dövlət Dram Teatrının "İkinci nəfəs” Teatr Studiyasının
yetirməsidir. Aktrisa ifası ilə Məhsəti Gəncəvi obrazını təmkinli, qəbul etdiyi
qərarların düşünülən bir formada dərki və obrazın mahiyyət etibarı ilə dəqiq
ştrixlərlə təqdim olunmasına müvəffəq ola bilib. Məhsəti yaxşı təhsil alaraq
müqəddəs Quranı kamil bir formada mənimsəyib. Pyesdə cərəyan edən hadisələrdən məlum
olur ki, artıq iyirmi yaşında Məhsəti öz savadı, gözəlliyi, məlahətli səsi və
poetik istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində nüfuz və rəğbət
qazanıb. Xərabatda Məhsətinin səsini dinləmək üçün uzaqdan-yaxından həm əyanlar,
həm də tacirlər Gəncəyə gəlirlər. Bu minvalla Gəncə şahı adlandırılan şəhər
hakimi də (aktyor Samir Abbasov) Məhsətinin səsinin vurğunu olub. Məhz buna görə
də, onu tez-tez saraya dəvət edir. Növbəti ziyafətlərin birində şah sabahkı
görüşün şərtləri barədə ona xəbər göndərir. Gecikən, cərimə olaraq şərab içməlidir.
İş elə gətirir ki, Məhsəti bu dəvətə gecikir. O, şərtə tabe olur və sonda cəsarətli
addımı üçün Gəncə Xətibinin təzyiqi ilə üzləşir. Bütün bu sadalananlar gənc
aktrisa Günay Cabbarovanın ifasında daha dəqiq və dolğun bir formada təqdim
olunur.
Tamaşada
maraqla izlənilən obrazlardan biri də gənc aktyor Ruslan Hüseynovun ifasında
Əmir Əhməd obrazıdır. Gəncə Xətibinin oğlu olan Əmir Əhməd məhəllələrin birindən
keçəndə musiqi sədaları eşidir və öyrənir ki, bura Xərabatdır. O, burada Məhsəti
ilə tanış olur. Gənclər ilk görüşdən bir-birinə aşiq olur və rübailərlə şerləşirlər.
Müəllif ideyasına, həmçinin rejissor traktofkasına uyğun olaraq gənc
aktyor Ruslan Hüseynov səhnədə çox sərbəst
və ideya baxımından obrazın tam bir formada təqdiminə çalışaraq, tamaşa boyu
maraqla izlənilir. Aktyorun ifasında Əmir Əhməd özünü olduqca bacarıqlı və
istedadlı bir gənc kimi göstərməklə, kamil bir şəxsiyyət olaraq təqdim olunur.
Oğlunun Xərabətə
getdiyini və orada Məhsəti ilə tanışlığından xəbər tutan Gəncə Xətibi bundan
çox qəzəblənir. Hətta qəzəbini söndürmək üçün onu zindana saldıraraq şallaqla cəzalandırır.
Buna baxmayaraq oğlu Əmir Əhməd dediyindən dönmür və təkbaşına Xərabata, Məhsətinin
yanına gedəcəyini bildirir. Əmir Əhmədi zindandan xilas etmək üçün Məhsəti
buraya gəlir. Bu zaman isə Gəncə Xətibi Məhsətidən Gəncəni tərk etməsini tələb
edir. Məhsəti Əmir Əhmədin azad olunması üçün bu təklifi qəbul edir. Aktyor Mətləb
Təhmazinin ifasında Gəncə Xətibi obrazı qəddar və əzazil, eləcə də Xərabətin
qatı düşməni olaraq təqdim olunur.
Müəllif Xəzangül
qələmə aldığı "Xərabət gözəli” pyesində cərəyan edən hadisələri daha dolğun və
maraqlı ştrixlərlə göstərməyə müvəffəq ola bilib. Belə ki, Məhsəti Gəncə Xətibinin
tələbi ilə Məşhəd şəhərinin Bələx məntəqəsinə gedir. Onun gəlişi şərəfinə Bələxin
və bütün Xorasanın şairləri buraya yığışır. Şer yarışı başlanır. Məhsəti poetik
tapmaca söyləyir. Heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin
tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl bir şerlə
cavablandırır. Bu zaman məlum olur ki, bu şəxs Əmir Əhməddir. Əmir Əhməd atası
Gəncə Xətibinin çox ağır xəstə olması xəbərini Məhsətiyə bildirməklə, onun təkidlə
Gəncəyə qayıtmasını istəyir. Məhsəti bu təklifi qəbul edərək Əmir Əhmədlə yenidən
Gəncəyə qayıdır. Gəncə Xətibi onlara xeyir-dua verir və dünyasını dəyişir.
Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi olur. Bir müddət sonra o, özü də
vəfat edir. Onun vəfatı xəbəri Məhsətiyə çox ağır təsir edir və bu itki ilə
barışa bilmir. Bütün bu sadalananlar tamaşa boyu Məhsəti Gəncəvinin həyat tərzinin
formalaşması və yaşam tərzindən xəbər verməklə maraqla izlənilir. Müəllif Xəzangül
bu sadalanan faktlara böyük ustalıqla yanaşaraq, bir daha Məhsəti Gəncəvinin həyatını
tam olaraq tamaşaçılara təqdim etməyə müvəffəq ola bilir.
Müəllif tərəfindən
təqdim olunan pyes olduqca əyləndirici bir dillə yazılıb desəm, səhv etmərəm.
Düzdür, onun dildən-dilə keçən hər bir hekayəti səhnədə maraqla baxılır. Ancaq
burada deyilənlərin hamısı inandırıcı da deyil. Hadisələr cərəyan etdikcə,
tamaşaçı sanki nəyinsə axıracan deyilmədiyini hiss edir. Belə bir təəssürat da
yaranır ki, müəllif Xəzangül bir sıra tərcümeyi-hal faktlarını bilərəkdən gizlədir,
bunun əvəzində isə yalnız həmin dövrdə yaşayanların anlayacağı işarələrlə
danışır. Bu da müəllifin məhz Məhsəti Gəncəvinin yaşadığı dövrü və zamanı tam dəqiqliyi
ilə araşdırmasından və öyrənməsindən irəli gəldiyi məntiqini təsdiq edir.
Gəncə şahı və
Cahan pəhləvan obrazlarında aktyor Samir Abbasovun, Nizami Gəncəvi obrazında
aktyor Rəşad Hüseynovun, Əbül Üla Gəncəvi obrazında aktyor Emil Salmanovun,
Raziyə Gəncəvi obrazında aktrisa Sevinc Hüseynovanın, Səti Gəncəvi obrazında
Könül Kazımovanın və Alim obrazında aktyor Vasif İsmayılovun da ifaları səhnədə maraqla izlənilir.
Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur.
Rejissor traktofkasına görə, tamaşanın əsas qayəsi olaraq sufilərin
dünyagörüşünün insan həyatının ali məqsədi olaraq Allaha məhəbbət olması əsas
götürülməklə önə çəkilir. Bu ideyaya görə, Allaha mistik məhəbbət vasitəsilə müəyyən
vəziyyətdə-ekstazda (yəni hal) ona qovuşmaq, sonra isə onda ərimək də
mümkündür. Bu hala çatmaq isə yalnız mütəmadi məşğələlər keçən, sufi şerlərini
ritmik musiqi altında dinləyən təriqət nümayəndəsinə nəsib ola bilər. Tamaşa
boyu müəllif ideyasına görə, rejissor traktofkasında sırf sufi şerlərində
Allahın dərkinə göstərilən əhdlər məhəbbətlə eyniləşdirilir, Allahın özü dost,
yar adlandırılır. Sufi ya aşiqə, yaxud rində, yəni əyyaşa bənzədilir. Həmin
terminologiyaya görə, sufinin ekstaz vəziyyəti meylə sərməst olmaq, təriqət
nümayəndələrinin cəmləşdikləri yer isə xarabət, meyxana adlandırılır. Sufilərin
əksəriyyəti məscid əvəzinə öz toplantılarına gedir, hədislər oxumağı xərabatda
şerlər dinləmək, şərqilər söyləmək və rəqs etməklə əvəzləyirlər. Bütün bu
sadalananlar tamaşa boyu quruluşçu rejissor Elşad Əhmədov tərəfindən səhnə
traktofkasında tam olaraq açılır və tamaşaçıya bu haqda daha dolğun məlumat
verilir. Elşad Əhmədovun səhnə traktofkası həm də tamaşaçının anlayacağı dərəcədə
dəqiq və sadədir. O, fikir və düşüncələrini aktyor ifası ilə həmahəng tərzdə
qurmaqla, maraqla izlənilməsinə nail ola bilir.
Tamaşanın quruluşçu rəssamı, teatrın baş rəssamı Vahab
Cəfərovdur. Rəssam maraqlı bir ideyanı tamaşa boyu öz tərtibatında təqdim edə
bilib. Belə ki, yeddi qapının səhnədə təqdimi, müqəddəs Quranın səmanın yeddi
qatından nazil olması və göylə-yerin yeddi səddən ibarət olmasına dəlalət edərək
ağ rəngdə təqdim olunur. Bu da müəllif ideyasının və rejissor traktofkasının
tam olaraq açılmasına xidmət edir. Hətta Gəncədə baş verən zəlzələdən sonra bu
yeddi qapının Gəncə ziyalıları tərəfindən yenidən ucaldılaraq qaldırılması,
yerlə göy arasında səmavi bir qüdrətin, varlığın mövcudluğunu göstərir. Rəssam
Vahab Cəfərov səhnə tərtibatında sadə predmet vasitələrinin təqdimi ilə
ideyanın bədii cəhətdən açılmasına nail ola bilib.
Tamaşanın
musiqi tərtibatı isə Ziyad Abbasova aiddir. Musiqi tərtibatı hadisələrin cərəyanında
maraqla dinlənilir. Səssiz və sakit tempdə təqdim olunan musiqi parçaları öz
seçimində uğurlu səhnə quruluşuna zəmin yarada bilir.
Nəticə
etibarı ilə Respublikanın əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangülün
"Xərabət gözəli” adlı bioqrafik faciəvi eşq ayini üslubunda yazılan yeni pyesi
məhz Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və öz fəlsəfi
mahiyyəti etibarilə dərin məzmunlu şerləri ilə Azərbaycan və ümumən Şərq
poeziyası tarixində mühüm rol oynadığının təsdiqini göstərir. Yeni təqdim
olunan bu tamaşa Gəncə Dövlət Dram Teatrının repertuar zənginliyinin qorunub
saxlanılması baxımından təqdirə layiqdir və Məhsəti Gəncəvinin 930 illik
yubileyi ərəfəsində şairənin xatirəsinə böyük ehtiramın tərənnümüdür.