AZE | RUS | ENG |

Bəstəkar ürəkli tarzən

Bəstəkar ürəkli tarzən
Və ya tapılan tarın sehri və hökmü

Musiqi mədəniyyətimizin parlaq simalarından olan tarzən Əhsən Dadaşovun anadan olmasının 95 illiyi tamam olur. Hər dəfə bu bənzərsiz və böyük sənətkarı xatırlayarkən ilk olaraq yadıma 1976-cı ilin yazı, daha dəqiq desəm may ayı düşür. Qəfildən elə bil şəhərə bir sükut düşdü. Bakımızın hüsnündəki bu hüznün səbəbi həqiqətən çox acı bir xəbərlə bağlı idi. O vaxt bircə televiziyamız var idi, qəzetlərin də sayı indiki kimi çox deyildi. Heç kim bu itkini qəbul etmək istəmirdi. Əhsən Dadaşovun barmaqları qızıl idi, tarı ürəyinin üstünə sıxanda ordan gələn musiqinin ahəngində minilliklərin nisgili duyulurdu. Yanmış arzuların, puç olmuş niyyətlərin, Sibirin buzlu çöllərində dondurulmuş ömürlərin fəryadı eşidilirdi. Bəlkə də Əhsən Dadaşov ilk tarzən idi ki, o, tarı dilləndirəndə sözə ehtiyac olmurdu.

Tələbəlikdən dostluq etdiyim (Azərbaycanın əməkdar artisti, muğam və xalq mahnılarımızın mahir ifaçısı) Yaqut Abdullayevanın yanına getdim. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi idi. Çox üzgün görünürdü. Onun söylədiklərini indiyə qədər unutmamışam. Canlı konsert olacaqmış, Yaqut xanımın da adını gənc ifaçı kimi proqrama salıblar, amma deyiblər ki, mütləq Əhsən müəllimlə məşq etməlidir. Məşqə gələnlərin çoxluğundan bu ünsiyyət baş tutmayıb. Naəlac qalıb Yaqutun eləcə səhnəyə çıxmasına icazə veriblər. "Ahu kimi” mahnısını ifa edib. Konsertdən sonra Əhsən Dadaşov gənc ifaçının yanına gəlib və onun alnından öpərək deyib: "İndən belə sən mənim ansamblımın üzvü oldun”. Sadə bir addım və münasibət deyil, bu, istedadı duymağı və dəyərləndirməyi bacaran ustad sənətkarımızın böyüklüyü və müdrikliyi idi. Heyif ki, amansız ölüm Əhsən Dadaşovun ömrünə 51 yaşında xitam verdi.

Təbiətən xeyirxah, həssas olan, həmişə insanlara - xüsusi ilə də ehtiyacı olanlara qayğı və məhəbbətlə yanaşan Əhsən Dadaşov həyatın təzadlarını yaşamış bir insan idi. Kiçik yaşlarında atası Mirzə Əliabbas ötən əsrdə tüğyan edən repressiyanın qurbanı olmuşdu. Savadlı və maarifpərvər bir ziyalı olan Mirzə Əliabasın ailəsi, qohumları, digər soydaşlarımız kimi 1918-ci ildə erməni daşnaklarının Bakıda törətdiyi qırğınlardan müsibətlər çəksələr də, xilas ola bilmişdilər, amma məşum 37-ci ilin hədəfindən yayına bilmədilər.

        Hələ ailəcə xoşbəxt yaşadıqları günlərdə Əhsən qardaşı Mürsəllə ( Xalq artisti Murad Dadaşovun babası-F.X.) birlikdə Abşeron bağlarında bir ağacın altında tar tapmışdılar. Bəlkə də  "oxuma tar”ın hökmünə məruz qalmış bu musiqi aləti qardaşları çox mütəəssir etdi. Növbə ilə onu "çalmağa” başlayıblar. Ata uşaqlarının marağına laqeyd qalmayaraq böyük oğlunu bir tarzənin yanına aparıb. O da bir-iki gün uşaqla məşğul olandan sonra qətiyyətlə deyib ki, bu uşaqdan tar çalan olmayacaq. Sonra da ailənin qapısını qara qüvvələr döyüb. 1937-ci ildə Mirzə Mənsur həbs edilib, evin əşyaları dağıdılıb, kitablarını aparıblar, yerdə qalanları yandırılıb. Bu talan və vəhşəti gözləri ilə görən Əhsənin 12-13 yaşı var idi. Ailə ağır və zillətli günlər yaşayıb. Bu çətin illərdə Əhsənin fikri qovğalardan salamat çıxararaq  gizlətdiyi tara həyat vermək olub. Xatirələrində yazırdı: "…Bakıdakı 22 saylı orta məktəbin səkkizinci sinfində oxuyurdum. 1938-ci il idi. Təsadüfən yolum bir saylı Azərbaycan Dövlət Musiqi Texnikumunun qarşısından düşdü. Gözüm texnikumun divarına vurulmuş qəbul elanına sataşdı. Elanda tar sinfinə də qəbul vardı… Sənədlərimi ora vermək eşqinə düşdüm. "Əslində ana oğlunu həkim görmək istəyirdi. Sonra bu arzunu Əhsənin bacısı gerçəkləşdirəcək. Tapılan tarın hökmü onu görkəmli musiqiçilərlə görüşdürüb. Unudulmaz bəstəkarımız Səid Rüstəmovdan, musiqiçilər Mənsur Mənsurovdan, Ənvər Mənsurovdan dərs alır. Beləliklə, sehrinə düşdüyü tarın ahənginə yeni ruh gətirir.

        Ailənin dolanışığı ağır idi. Buna görə də Əhsən işləmək istəyir, amma harada, necə? Müşkülə düşmüşdü. Bu yerdə onun köməyinə Səid Rüstəmov gəlir. 16 yaşında ikən onu rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə işə götürür. Hətta bu məsələyə narazı olanlar da tapılır. "Bu uşağın heç pasportu da yoxdur…”- deyə söz də atıblar. Səid Rüstəmovun qətiyyəti gəncin həyatına çıraq tutub: "…Əhsən hələ vətəndaşlıq pasportu almayıb, amma ifaçılıq pasportunu çoxdan alıb…” Çox keçmir ki, Əhsən Dadaşov kollektivin əsas yaradıcı simalarından birinə çevrilir.

        Yaxşı ki, ondan yadigar qalan lent yazılarında biz "Şur” "Rast”, "Orta Mahur”, "”Zabul –Segah”, "Humayun”, "Bayatı- Şiraz”, "Cahargah” və s. muğamlara qulaq asa bilirik. Hələ texnikumda oxuduğu illərdə dahi bəstəkarımız Üzeyir Hacıbəyli   Əhsən Dadaşovun tarda ifa etdiyi "Şur”a valehliyini belə ifadə etmişdi:
-         Adın nədir?
-          Əhsən.
-         Əhsən sənə, Əhsən! 

Demək olar ki, bu alqış bütün ömrü boyu onunla idi. Tar ifaçılığında möhürünü vuran Əhsən Dadaşovu həmkarlarından fərqləndirən bir cəhət var. Bütün tarzənlərin çalğısında mütləq sözə ehtiyac duyulur ki, tarın səsindəki mənalar açılsın. Amma Əhsənin tarı sinəsindən qopan haray və nisgilləri elə dəqiq və təsirli çatdırır ki… 

Bir çox alətlərdə - kamançada, udda, sazda… məharətlə ifa edən Əhsən Dadaşov Azərbaycan musiqisinin inkişafında,  zənginləşməsində çox böyük xidmətlər göstərib. Orta təhsili musiqi ilə bağlı olsa da, ali məktəbi tamamilə fərqli sahə üzrə oxumuşdu. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdi. Bu da ona imkan vermişdi ki, Şərq ədəbiyyatını, mənəviyyatını, musiqisini dərindən  bilsin. Bu səbəbdən də qədim musiqi alətlərimizin tədqiqində, təqdimində böyük əməyi vardı. Bu baxımdan udu ilk dəfə orkestrə gətirən, ona növbəti həyatı verən, bu sahədə yeni ifaçılar yetişdirən məhz Əhsən Dadaşov olub. Ona həm də "bəstəkar ürəkli tarzən” də deyirdilər. Müəllifi olduğu təsniflər, rənglər, musiqilər o qədər gözəl, munis və orijinaldır ki… Amma təbiətən sadə və təvazökar olduğundan heç vaxt "bu əsər, bu rəng mənimdir” deməzdı. Sağlığında unudulmaz xanəndəmiz İslam Rzayev birtəhər onu razı salaraq mahnı hazırlamışdı: "Bİri sənsən, biri mən”. Sözləri də Xalq şairi Bəxtiyar Vahabzadənindir. Mahnıya qulaq asan Bəxtiyar müəllim heyrətini belə dilə gətirmişdi: "Musiqiyə qulaq asdım və dəli oldum. Musiqinin özü mənim şerimi elə açıq və həzin pıçıldayırdı ki… Allah insaf versin, Əhsənə, o, adi bəstəkar deyil, möcüzədir…”

Bir çox ifaçıların yetişməsində Əhsən Dadaşovun əvəzsiz xidmətləri var. Həmişə kiməsə kömək etməyə can atardı. Müğənniyə oxumağı, musiqiçiyə çalmağı öyrədərdi. O, Rəşid Behbudovun ansamblında dünyanı gəzmişdi. Sonra da özünün rəhbəri olduğu Xal çalğı alətləri ansamblı ilə onu dinləyənləri heyrətə gətirmişdi. Kimləri müşayiət etməmişdi: Zülfü Adıgözəlov, Xan Şuşinski, Fatma Mehrəliyeva, Rübabə Muradova, Sara Qədimova, Şövkət Ələkbərova, Hacıbaba Hüseynov, Gülağa Məmmədov, Elmira Rəhimova və onlarla digər sənətkarlarımızı. Unudulmaz Qədir Rüstəmovu ilk dəfə kəşf edən, səhnəyə çıxardan məhz Əhsən Dadaşov olub. "Mən ömrüm boyu Əhsən Dadaşova minnətdaram” sözlərini Qədir Rüstəmov elə-belə, xoş gəlsin deyə etiraf etməmişdi ki…  İTV-də layihə rəhbəri olduğum "Yadigarlar”ın növbəti sayını məhz Əhsən Dadaşova həsr etdik. Çəkilişə hazırlaşan vaxt bir fakt məni riqqətə gətirdi. Qədir Rüstəmovun ifasında "Sona bülbüllər”ə qulaq asan Əhsən Dadaşov göz yaşlarını saxlaya bilməyərək qəhərli səslə deyib: "Səsə bax!” Bir musiqiçi də kinayə ilə deyib ki, axı səs görünmür, biz onu necə görək? Əhsən müəllim də dərhal onun cavabını verib: "səsi adı gözlə görmək mümkün deyil, gərək ürəyin ola və onun gözüylə görəsən”. Ümumiyyətlə, Əhsən Dadaşovun qənaəti belə idi ki, hər bir sənətin və sənətkarın mayasında ürək olmalıdır. Yoxsa, hansısa sənət nümunəsindən və uğurdan danışmaq əbəsdir.

Xalq artisti Şəfiqə Eyvazova söyləyir: "Mən özümü onun mənəvi övladı sayıram. Rəhbərlik etdiyi ansamblda çalmışam.  Əhsən Dadaşov həqiqətən böyük pedaqoq idi. Ondan çox şey öyrənmişəm. İlk dəfə xarici ölkəyə də onun kollektivi ilə birgə getmişəm. Dəfələrlə Əhsən müəllimin necə məhəbbətlə qarşılandığının, alqışlandığının şahidiyəm. Heyif ki, az yaşadı, bir də ailəsinə sitəm vuran quruluşun dağıldığını, müstəqilliyimizi görmədi…”

Bəstəkar Hacı Xanməmmədovun Şərqdə tar ilə simfonik orkestr üçün yazdığı ilk konserti Əhsən Dadaşova ithaf etmişdi. Xoşbəxtlikdən bu əsərin ilk ifaçısı da elə Əhsən Dadaşovun özü oldu. 1960-cı ildə Bəstəkar Fikrət Əmirovun təşəbbüsü ilə ana televiziyamızın nəzdində yaradılan Xalq çalğı alətləri ansamblının ilk rəhbəri Əhsən Dadaşov oldu. Ömrünün sonuna kimi də bu vəzifəni ləyaqətlə yerinə yetirdi. İndi "Xatirə”  xalq çalğı alətləri ansamblı kimi Əhsən Dadaşovun adını daşıyır. Bu unudulmaz sənətkarın adı ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər, müsabiqələr keçirilir. Bu yazıda bir insana da minnətdarlığımı bildirmək istəyərdim. Əməkdar incəsənət xadimi Arif Əsədullayev uzun illər Əhsən Dadaşovla bir ansamblda çalışıb. Söyləyir ki, Əhsən Dadaşovun yazdığı musiqi əsərləri bəstəkar və musiqiçilərimiz üçün çox qiymətli istinad mənbəyidir. Bu səbəbdən də Arif müəllim Əhsən Dadaşovun bəstələdiyi muğam rənglərini nota salmaqla onları əbədiləşdirmiş və öz ustadına məhəbbət və ehtiramını ifadə etmişdir. Bu həm də bir vətəndaşlıq missiyasıdır ki, nümunə götürməyə dəyər. Unutmayaq ki, bizi də unutmasınlar.

Atasının yolunu ləyaqətlə davam etdirən Xanım Məhərrəmova söyləyir ki, 43 ildir ki, atam dünyasını dəyişib. Yetirmələri onu heç vaxt unutmurlar. Bu illər ərzində şəxsən bizimlə elə ünsiyyət qurublar ki, mən elə bilirəm, onlar mənim ən doğmalarımdır. Xeyrimiz də, şərimiz də bir yerdə olur.

Əhsən Dadaşovun ən böyük arzularından biri idi ki, tarımızı bütün dünya tanısın. Xarici ölkələrə gedəndə elə sevinərmiş ki, tarın möcüzəsini əcnəbilərə çatdıracaq. Ruhun şad olsun, ustad, indi Azərbaycan muğamları da, tarımız da YUNESKO-nun qeyri-maddi mədəni İrs Siyahısına daxil edilib. Bu o deməkdir ki, bizim milli musiqimizin atributları dünyada  həm tanınır, həm də yad əllərdən, niyyətlərdən mühafizə edilir.

…Yenə də tarının səsi gəldi. Səni yaşadan ürəklərə, səslərə ümid və əbədilik gətirən 95 illiyin mübarək olsun,  bioqrafiyasında 51 yaşlı qalan Əhsən Dadaşov!
 
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist  
 
        
                                          


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908