Bəşəri cinayət
"Hərəkətsizlik
özü də əməldir və bu mənada əminliklə demək olar ki, bu gün danışmayan, görməyən,
eşitməyən hüquq-müdafiə təşkilatları, habelə Xocalı faciəsini hələ tanımayan bəzi
böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar”
XX əsrin faciəsi sayılan Xocalı soyqırımı aqressiv
və cinayətkar erməni siyasətinin nəticəsidir. Düz 30 il bundan öncə - 1992-ci
il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində
soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000
nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Faciə baş
verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi
də məlum deyil.
Cinayət cəzasız qalanda…
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil,
bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətdir. Bu cinayət erməni
hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata
keçirilib. Xocalıya hücumda mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı
altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında
3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və
alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak edib. Ermənistanda
vaxtilə mühüm dövlət postları tutan bir çox ermənilər, o cümlədən
eks-prezidentlər Robert Köçəryan, Serjik Sarkisyan da Xocalı soyqırımının əsas
günahkarlarıdır. Dünyanın gözü qarşısında baş verən bu soyqırımı aktına, təəssüflər
olsun ki, indiyə qədər beynəlxalq hüquqi siyasi qiymət verilməyib. Əfsus ki,
soyqırımı aktını törədən erməni-daşnak tör-töküntüləri bu vaxta kimi beynəlxalq
məhkəmə qarşısına çıxarılmayıb, məsuliyyətdən yayınıblar.
Bəşəriyyət adına utanc
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü, hüquqşünas Bəhruz Məmmədov bildirib ki, 30 il öncə Xocalıda sadəcə azərbaycanlılara
qarşı soyqırımı törədilməyib, eyni zamanda bəşəri cinayət törədilib. Millət vəkilinin
sözlərinə görə, Ermənistan hərbi siyasi rəhbərliyi Xocalıda insanlıq adına elə
bir təhlükəli əməl törədib ki, ona qiymət verərkən özlüyündə bir cinayət tərkibi
tövsif etmək yetərsiz qalır: "Soyqırımı əlamətləri ilə yanaşı, sülh və insanlıq
əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə XX əsrin sonunda, insan haqlarının beynəlxalq hüququn
prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də, müasir
audiovizual vasitələrlə sənədləşsə və digər təkzibolunmaz sübutlarla təsdiqlənsə
də, hələlik əsl beynəlxalq hüquqi qiymətini almayıb. Bu, bəşəriyyət adına utancdır.
Təəssüf doğuran haldır ki, bəzi "həssas" beynəlxalq hüquq-müdafiə təşkilatları
hansısa konkret şəxsin törətdiyi və cinayət tərkibinin mövcudluğu şübhə
doğurmayan əməli siyasi məhbus şousuna çevirirlər. Lakin beynəlxalq hüququn
norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun 366-cı
alayının da iştirakı ilə Xocalıda dinc əhaliyə misli görünməmiş qəddarlıqla
divan tutulmasına, 106 qadın, 63 uşaq, 70 qocanın məhz azərbaycanlı və türk
olduğuna görə xüsusi qəddarlıqla qətlə yetirilməsinə 30 ildir reaksiya vermir”.
Cinayətin ortağı kimi qalan ölkələr
Hüquqşünas deyib ki, beynəlxalq aləmin bu cür ədalətsiz
münasibətinə Azərbaycan dözümlə yanaşa bilməz: "Ümummilli lider Heydər Əliyev
hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması
üçün dövlət səviyyəsində işlərə başlanıb. Prezident İlham Əliyevin çox ciddi səyləri,
Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondu, habelə UNESCO
və İCESCO xətti ilə çoxşaxəli təbliğat işi, xüsusən, Fondun vitse-prezidenti
Leyla xanım Əliyevanın təşəbbüsü ilə 14 ildir ki, başlanan "Xocalıya ədalət”
beynəlxalq kampaniyası nəticəsində hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən
tanınıb. Faciəyə beynəlxalq siyasi qiymət verilməsi istiqamətində ciddi nəticələr
əldə edilməkdədir. Heç şübhəsiz ki, soyqırımın törədilməsinə görə Ermənistanın
o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Cinayətin təhrikçi, təşkilatçı
və icraçılarından biri olan Serjik Sarkisyanın Avropa mediasına şəxsi etirafına
baxmayaraq, hüququn aliliyindən danışanlar onun və cinayət ortağı Robert
Koçaryanın vəhşiliyinə hələ də biganəlik göstərirlər. Hərəkətsizlik özü də əməldir
və bu mənada əminliklə demək olar ki, bu gün danışmayan, görməyən, eşitməyən
hüquq-müdafiə təşkilatları, habelə Xocalı faciəsini hələ tanımayan bəzi böyük
dövlətlər bu cinayətin ortağı olaraq qalırlar”.
Zaman keçsə də, erməni dəyişməyib
Deputat vurğulayıb ki, mülki əhaliyə qarşı cinayətlər
Ermənistanın dövlət siyasətidir: "Bu gün kimsə iddia edə bilər ki, artıq irəli
baxmaq lazımdır, əlbəttə, düşmənçilik daimi ola bilməz, lakin əgər erməni xislətini
dəyişmirsə, biz nə edə bilərik? Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni,
Bərdəni, digər şəhər və kəndlərimizi ballistik və reaktiv raketlərlə, kasetli
bombalarla hədəfə alması bir daha sübut etdi ki, zaman keçsə də, erməni dəyişməyib.
Zamanla sadəcə metodlar dəyişib, mülki əhaliyə qarşı cinayətlər Ermənistanın
daim dövlət siyasəti olaraq qalıb. Əlbəttə, əvvəldə də qeyd etdiyim kimi, bu,
yalnız Azərbaycana aid məsələ deyil, 613 mülki insanın amansızlıqla qətli bəşəri
faciədir və bu faciəyə susmaq bəşəri cinayətə göz yummaqdır. Azərbaycanın özü,
zatən öz qisasını almış və bundan sonra da ala biləcək gücdür. Prezident İlham
Əliyevin "Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamının məzmununda
da ifadə edildiyi kimi, 44 günlük savaşdakı zəfərlə Azərbaycan xalqı əzəli
torpaqlarını işğaldan qurtararaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin
yerinə yetirməklə bərabər, həm də çoxsaylı faciələrin, o cümlədən Xocalı
soyqırımı qurbanlarının qisasını almaqla, tarixi ədaləti bərpa etmiş oldu”.
Rufik İSMAYILOV