Belə asan tibb təhsili? - ARAŞDIRMA
Hər il yüzlərlə gənc heç
bir hüquqi statusu olmayan kursları bitirib müəyyən vasitələrlə özəl
xəstəxanalara işə düzəlir, vətəndaşların sağlamlığının "keşiyində” dayanır
Paytaxt Bakıda müxtəlif
hazırlıq kursları, özəl təhsil mərkəzləri fəaliyyət göstərir. Bu qurumlarda
valideynlər müəyyən ödəniş müqabilində övladlarının məktəbəqədər hazırlığını
təşkil edə, həmçinin abituriyentlər repetitor xidmətlərindən yararlana
bilərlər. Son dövrlər bu cür özəl təhsil mərkəzlərində yeniyetmə və gənclərə
tibb peşə vərdişlərinin aşılanması, müxtəlif peşələrin öyrədilməsi kimi
xidmətlər də təklif olunur.
Cəlbedici çağırış
Bunu sübut
etmək üçün paytaxt Bakını gəzib ayrı-ayrı təhsil mərkəzlərini axtarmağa, orada kimlərisə danışdırmağa ehtiyac yoxdur. İnternet üzərindən axtarış verib onlarla
belə hazırlıq kurslarını tapmaq, təklif etdikləri xidmətlərlə tanış
olmaq mümkündür. Belə mərkəzlərdə aylıq 50 manat ödəniş müqabilində tibb
kurslarına - yəni əczaçı, tibb bacısı, tibb qardaşı, akuşer mamalıq (doğuş),
ilkin tibbi yardım kimi peşələrin öyrədilməsinə müştəri cəlb olunur. Misal
üçün, belə elanların birinin mətnində qeyd olunur ki, 9-cu və 11-ci sinif
məzunları, evdar və ya işləyən xanımların hər biri sadalanan sənətlərə yiyələnə
bilər. İddia olunur ki, dərslər Tibb Universitetinin ixtisaslaşmış müəllimləri
tərəfindən tədris edilir, sondadiplom verilir.
"Puluna minnət” təhsil
Bu cür
elanlardan biri ilə tanış olub Nigar Süleyman ad-soyadlı əlaqələndirici şəxslə
telefon əlaqəsi yaratdıq. Nigar xanım təmsil etdiyi hazırlıq kursunun
şərtlərini ətraflı şəkildə izah etdi. Bildirdi ki, tibb bacısı, əczaçı, tibb
qardaşı, akuşer mamalıq, ilkin tibbi yardım peşəsi üzrə təhsil almaq istəyən
hər bir kəs kursda qeydiyyatdan keçmək üçün əvvəlcə 100 manat ilkin ödəniş,
ardınca da hər ay 50 manat təhsil haqqı ödəməlidir. Tibb bacısı və ya əczaçı
olmaq üçün 10 ay təhsil almaq kifayətdir.
Diplomları Ədliyyə Nazirliyi tanıyır?
Kursa
yazılanlara sonda veriləcək diplomun hüquqi statusuna gəlincə, Nigar xanım bizi
inandırmağa çalışdı ki, indiyə qədər kursu bitirən hər hansı məzun diplomla
bağlı problem yaşamayıb. Belə ki, məzunlara verilən diplomlar Ədliyyə
Nazirliyində qeydiyyatdan keçir. "Nə üçün diplomlar Təhsil Nazirliyində deyil,
Ədliyyə Nazirliyində qeydiyyatdan keçir?” sualına verilən cavab bu oldu ki,
özəl kurslara təhsil nazirliyi nəzarət etmir və ümumiyyətlə, bu məsələ təhsil
alan şəxsləri qayğılandırmır. Çünki kursları müvəffəqiyyətlə bitirən məzunlar
indiyə qədər çoxsaylı özəl səhiyyə müəssisələrində işə düzəliblər və onlarla
bağlı hər hansı narazılıq yoxdur.
Möhürlü kağız parçası
Azərbaycanda
tibb sahəsi üzrə peşəkar kadr hazırlığı, əsasən, Tibb Universitetində, Naxçıvan
Dövlət Universitetində, Bakı və Gəncədəki tibb kolleclərində həyata keçirilir.
Bununla yanaşı iki özəl ali məktəbdə də tibb ixtisası üzrə kadrlar hazırlanır. Ümumən,
bu təhsil müəssisələrini bitirən hər bir məzuna Təhsil Nazirliyi tərəfindən
təsdiq olunan, hüquqi statusu olan diplom verilir. Özəl kurslardan fərqli
olaraq, tibb kolleclərində əczaçı, tibb bacısı, akuşer mamalıq, tibb qardaşı
olmaq üçün 2 il 6 ay nəzəriyyə öyrədilir, 6 ay təcrübə bilikləri aşılanır. Ali
məktəblərdə bu müddət daha çox ola bilər. Özəl hazırlıq kurslarının diplom adı
altında verdiyi sertifikata gəlincə, bu, hüquqi statusu olmayan, sadəcə
üzərində hansısa sahibkarlıq subyektinin, daha düzgün ifadə etsək, yeganə
məqsədi pul qazanmaq olan işbazın möhürü olan kağız parçasıdır.
Tanışlıqla işə düzələn "sağlamlıq keşikçiləri”
Belə
işbazların fəaliyyətinin saf-çürük edilməsi, qanunauyğunluğunun yoxlanması
aidiyyəti qurumların üzərinə düşən məsuliyyətdir. Diqqət çəkən məqam budur ki,
hazırlıq kurslarında təklif edilən tibb ixtisaslarına kütləvi axın var. Hər il
yüzlərlə gənc bu kursları bitirib müəyyən vasitələrlə özəl xəstəxanalara işə
düzəlir, vətəndaşların sağlamlığının "keşiyində” dayanır. Özəl səhiyyə
müəssisələrinin belə "kadrlara” hansı maraq müqabilində "qucaq açması” da
düşündürücü məsələdir. Olmazdımı ki, cəmiyyətdə tibb kurslarına olan böyük
maraq nəzərə alınaraq bu istiqamət üzrə ixtisaslaşmış peşə təhsil müəssisəsi yaradılsın? Belə olarsa, hər il
yüzlərlə gəncin bəzi işbazların girovuna çevrilməsinin qarşısı alınar. Eyni
zamanda onlar hüquqi statusu olan, Təhsil Nazirliyi tərəfindən təsdiqlənən
diplomla təmin edilərlər ki, bu da həmin şəxslərin əmək bazarında, o cümlədən
dövlət və özəl səhiyyə müəssisələrində müvafiq işlə təmin olunmasına kömək edər.
Bazar iqtisadiyyatı, kütləvi maraq
Mövzu ilə
bağlıtəhsil eksperti Nadir İsrafilov"Kaspi” qəzetinə
açıqlamasında deyib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılandan sonra
Azərbaycanda peşə təhsilinə olan maraq xeyli artıb: "Cənubi Koreya, Türkiyə ilə
əməkdaşlıq çərçivəsində bir sıra müasir təhsil mərkəzləri açılıb, peşə-təhsil
ixtisaslarına qəbul prosesi elektronlaşdırılıb. Zamanla, dövrlə, inkişafla
əlaqədar yeni peşələr meydana çıxıb ki, bu sahələr üzrə də kadrların hazırlığı
həyata keçirilir. Bütün bunları nəzərə alsaq, tibb sahəsi üzrə müəyyən
kadrların hazırlanmasını da bu istiqamət üzrə ixtisaslaşmış yeni bir peşə təhsil
mərkəzində reallaşdırmaq mümkündür. Bazar iqtisadiyyatını, gənclərin kütləvi
marağını nəzərə alaraq, hətta publik hüquqi şəxs qismində olsa belə, hansısa
ixtisaslaşmış peşə məktəbində bəzi tibb ixtisaslarını tədris etmək, o
istiqamətlər üzrə şagird-tələbə qəbulunu həyata keçirmək olar”.
Peşə Təhsili
üzrə Dövlət Agentliyinin də mövzuya dair münasibətini öyrəndik. Qısaca olaraq bildirildi ki,
qeyd edilən məsələ bilavasitə Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir. Tibb
ixtisasları üzrə qəbulu da, əsasən, bu nazirlik aparır.
Rufik İSMAYILOV