Bazara qayıdan sənət-REPORTAJ
"Müştərilərim
var ki, övladları xaricdən onlara paltar göndərirlər, amma dərzinin müdaxiləsi
lazım gəlir. Yəni "ölçüm budur”la iş aşmır. İndiki geyimlərin biçilməsində
nöqsan var. Elə geyimlər var ki, onların nöqsanlarını dərzi də aradan qaldıra
bilmir”.
Bir var sənin
bədən quruluşuna uyğun tikilən geyim, bir də var hazır, mağazalarda satılanlar.
Birincilərə 80-90-cı illərdə tələb daha çox idi, ikincilər isə günümüzdə aktualdır.
Hazır geyimlərə tələbat artdıqca, dərzilik peşəsinə yönələnlərin sayı azaldı.
Lakin son illər hiss olunur ki, onlar – dərzilər qayıdırlar. Səbəb nədir? Yenidən
tələb yaranıb? İşləri əvvəlki kimi "xod” gedirmi? Suallara cavab tapmaq üçün
ömrünün 40-50 ilini bu sənətə həsr etmiş dərzilərlə söhbətləşdik.
"Trendyol” dövrüİlk həmsöhbətimiz
Mənsurə İsmayılova oldu. Mənsurə xanım deyir ki, o, işə yeni başladığı
vaxtlardan bu günə qədər xanımlardan aldığı sifarişlərin xarakterində və çeşidində
böyük dəyişiklik olub: "O vaxt deyirdilər ki, gəlinin bəxti, taleyi gəlinliyinin
içindədir. Ona görə, hər gəlinin özünə məxsus gəlinlik donu olmalı idi. Yeni
başladığım vaxtlarda ən çox gəlin paltarları sifariş edirdilər. 2000-ci illərə
doğru gəlinliklərin sifarişi azaldı. İndi artıq gəlinlik paltarı tikdirən
yoxdur. Sonra internet genişləndi, xanımlarımız dünyanın dörd bir yanındakı
geyimlərlə tanış oldular. Bundan sonra bəyəndikləri geyimlərin şəkillərini gətirib
"bunun eynisini tikin” dövrü başladı. İndi isə "Trendyol” dövrüdür. Yəni daha çox Türkiyədən sifariş edirlər.
"Trendyol”dan alınan geyimlər birinci bizə gəlir. Çoxunun düzəlişə ehtiyacı
olur. İndi geyimlərin sahmana salınması işi tikişdən çoxdur”.
"Ana və qızı eyni geyimləri sifariş edirlər”M.İsmayılova
deyir ki, əvvəllər toya gedən xanımlar geyim tikdirməyə çox meyilli olurdular:
"İndi də var, amma əvvəlkinin 30 faizi qədər. Yaxud jurnallarda, məşhurların əynində
hansısa geyimi bəyənirlər, şəklini gətirib onu tikməyimizi istəyirlər. İndi ana
və qızın hansısa özəl günlərdə eyni ziyafət geyimləri geyinməsi dəbdədir”.
Varlılar dərziyə müraciət edir…
M.İsmayılova
deyir ki, indi dərziyə imkanlı şəxslər daha çox müraciət edirlər: "İmkanı var,
mağazaları gəzməyə vaxt sərf etmir. İstədiyi formada tikdirir. Varlılar dərziyə
müraciət edir, aşağı büdcəlilər "Trendyol”dan istifadə edir”.Bir qisim xanımlar da var ki, dərzilərə sifariş verməsələr də, onların əl işlərini "İnstaqram”dan alırlar: "Dərziyə geyim tikdirməyə maraq göstərmirlər. Amma bir nəfər "İnstaqram”da səhifə yaradır, sifarişləri də biz dərzilərə verir. Tikirik, paylaşırlar, adamlar da oradan alırlar. Təbii ki, bu zaman geyimlər müştərilərə daha baha satılır. Çünki səhifədə bu işi təşkil edən də məhsulun üzərinə öz gəlirini qoyur”.
Ortayaşlılar kostyum sifariş edirlər, gənclər isə...
Kişilərin
sifarişlərinə gəlincə, dərzi Elşən Məmmədov bildirdi ki, o vaxt kişilər ən
çox kostyum və palto tikdirmək üçün müraciət edirdilər: "Kostyum, palto satışda
da var idi, amma tikdirməyə üstünlük verirdilər. O vaxt insanların keyfiyyətli əl
işindən anlayışları vardı. İndi də əl işinə qiymət verənlər az da olsa var. Düzdür,
indi palto tikdirən yoxdur, amma kostyum sifarişləri olur. Ayda, bəzən 10-15
kostyum sifarişi götürürəm. Əsasən, ortayaşlı bəylər sifariş verirlər. Gənclər isə
təmir işləri üçün müraciət edirlər”.
Hazır geyimlərə mütləq dərzi müdaxiləsi olmalıdırDərzi
Hüseyn Babayev deyir
ki, o vaxt geyim mağazaları indiki qədər deyildi, ona görə də kişilər dərzilərə
üz tuturdular: "Həm geyim seçmək üçün mağazalar az idi, həm də
insanların zövqü başqa idi. O vaxtın kişiləri hazır geyimləri bəyənməzdilər.
Dərzinin tikdiyi, əl işi olan geyimləri daha çox sevirdilər. Bir də, kişilər bəylik
kostyumlarını həmişə tikdirirdilər”.
Təkcə
xanımlar deyil, elə bəylərin də dərziyə işi ən çox aldıqları hazır geyimlərin əyər-əskiklərinin
düzəldilməsi ilə bağlı olur. H.Babayev vurğuladı ki, brend mağazalardan alınan
geyimlərin çoxuna dərzi müdaxiləsi lazım olur: "İndiki hazır geyimlərə mütləq dərzi
müdaxiləsi olmalıdır. Müştərilərim var ki, övladları xaricdən onlara paltar göndərirlər.
Amma dərzinin müdaxiləsi lazım gəlir. Yəni "ölçüm budur”la iş aşmır. İndiki
geyimlərin biçilməsində nöqsan var. Elə geyimlər var ki, onların nöqsanlarını dərzi
də aradan qaldıra bilmir”.
"O vaxtkı kimi işləsək, ac qalarıq”
H.Babayev
deyir ki, bədənin əyər-əskikliyinin bilinməməsi üçün əl işi çox yaxşıdır:
"Çünki dərzi sənin bədənini ölçür, nöqsanlı görünən hissə varsa, geyimi elə
tikir ki, onları bağlaya bilsin”. H.Babayev bildirdi
ki, dərzi olaraq gördüyü indiki iş ürəyincə deyil: "Biz dərzilik məktəbi
görmüşük. O işlərə baxanda, indi etdiyimiz dərzilik deyil. Bu, ailəni saxlamaq
üçündür. O vaxt gördüyümüz işləri indi Avropada milyonerlər sifariş verirlər. O
vaxtkı kimi işləsək, ac qalarıq. Çünki o işlərə tələb də yoxdur”.
Sayı çoxdur, peşəkarları azHüseyn
Babayev son vaxtlar dərzixanaların
artmasını belə şərh etdi: "Obyektlərin sayı çoxala bilər, amma peşəkarların
sayı azdır, sənətkar deyillər. Onların çoxu dərzi deyil, şalvar, yubka ayağı kəsənlərdir.
Mürəkkəb işlərlə bağlı müraciət olunanda, bacarmırlar”.
Mənsurə
İsmayılova deyir ki,
dərzilərin sayı çox olsa da, uzun müddət fəaliyyət göstərənləri çox deyil: "Düz
tikişlər edirlər, nəyisə kəsib tikirlər. Yaxud hazır formalar üstündə işləyirlər.
O dərzilər uzun müddət işləyir ki, peşəkardır, öz müştərisi var”.Aygün Asimqızı
Foto-Rəşad Mehdiyev / Global Media Group