Başını vətən yolunda qoyan şair

O, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri
kimi tanınır və sevilir. İctimai-siyasi fəaliyyəti ilə bərabər, öz qələminin
qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün bacardıqca
istifadə edib. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə
yollarında məşələ çevirən şair Əliyə Təbrizin şairlər məclisində müdriklər
tərəfindən Tudə-Xalq təxəllüsü verilib.
Ata-anası əslən ƏrdəbilinÇanaxbulaq kəndindən idi. Ancaq
valideynləri Azərbaycana köçdüklərindən, Əli Tudə də Bakıda anadan olub. Neft
mədənində fəhləlik edərək ailəni dolandıran atası Qulu, sonradan buruq ustası
vəzifəsinədək yüksəlib. Ancaq faciə balaca Əlini hələ uşaq ikən haqlayıb. Bir yaşında
olarkən atasını, 5 yaşında isə anasını itirib. Nənəsi Qəribin himayəsində böyüyüb.
150 saylı orta məktəbdə oxuduğu illərdə Bakı Pionerlər Sarayının nəzdində Osman
Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvünə çevrilən Əlinin,
artıq 13 yaşında ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist”, "Yeni yol”
qəzetlərində çap olunur, radioda səslənir.1938-ci ildə həmin ədəbiyyat
dərnəyinin nəşr etdiyi almanaxda da onun şeirləri çap olunur.
Həyat isə xoş olmayan "sürprizlərini” ondan əsirgəmir. Valideynsiz,
əzab-əziyyətlə böyüyən Əlinin taleyinə yenidən sürgün həyatı yazılır. 1938-ci
ildə - 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan əsilli olduğundan, nənəsi
ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalan yeniyetmə, İranda
təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin
şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onu yazıb-yaratmaq həvəsindən çəkindirə
bilmir.
Silah və qələmlə mübarizə
1940-cı illərdə Cənubi
Azərbaycanda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə
açır.
O, azadlıq hərəkatına qoşulur. Gənc şair silahı və qələmi ilə mübarizə aparır, milli
ruhlu şerləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda”
qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944-1946-cı illərdə
Ərdəbildə çıxan "Ziddi-faşist”, "Cövdət” qəzetlərində, ədəbi almanaxlarda,
Təbrizdə çıxan"Vətən yolunda”, "Azərbaycan” qəzetlərində, "Şəfəq”, "Azərbaycan”
məcmuələrində, "Şairlər məclisi” almanaxlarında şeirləri müntəzəm işıq üzü
görür. O, 1944-cü ildə "Hizbitudeyi İran” partiyasının üzvü olur. Əli Tudə bir
ildən sonra Təbrizdə yarananAzərbaycan Demokrat Firqəsininsıralarına
qoşulur. İran Xalq Partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı
(1944-1945), Milli Hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində
tədris şöbəsinin müdiri (1945-1946) işləyir. "Ana dili” kitabının tərtibi və
çap olunmasında xüsusi rol oynayır. İran tarixində ilk dəfə olaraq Təbrizdə
Milli Filarmoniya yaradılır və Əli Tudə onun ilk və son müdiri olur. O, mahal-mahal,
kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir. "Öz gözlərimlə” kitabında Əli
Tudə yazır: "Bu, təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi.
Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə
oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert
başlamazdan əvvəl Milli Hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq
idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.
Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri kimi
ona Tudə, yəni "Xalq” təxəllüsü verilir. Milli Hökumət onu "21 Azər” Ali
mükafatı ilə təltif edir.
Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə
- deyə şair yazırdı.
O vaxt Əli Tudənin cəmi 22 yaşı var idi. İlk şerlər kitabı da hələ
işıq üzü görməmişdi. Ancaq milli
ruhda yazdığı şeirləri xalqı mübarizəyə səsləyirdi.Lakin tale yenə
də öz qəddar hökmünü verir. Min bir əzabla, qanlar, qurbanlar bahasına qurulan Milli
Hökumət süqut edir. Əli Tudənin çapa hazırlanan üsyankar ruhlu şeirlər kitabı
mətbəədə yandırılır. İran şahı onun tutulduqdan sonra məhkəməsiz qətlə
yetirilməsi barədə fərmanı verir. Şair mübarizəni davam etdirmək və geriyə qayıtmaq
məqsədilə öz məsləkdaşları ilə bir daha Bakıya mühacirət etmək məcburiyyətində
qalır. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim” şeri Cənubi
Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi kimi məşhurlaşır. Şeir o taydan
gələn azərbaycanlıların manifestinə çevrilir.
Ömürlük siyasi mühacir
Milli demokratik hökumət süqut etdikdən sonra Bakıya mühacirət edən
Əli Tudəyə "Ədəbiyyat” qəzeti qapılarını açır. O, qəzetdə ədəbi işçi
vəzifəsində çalışır. Həmçinin universitetin filologiya fakültəsində oxuyur.
İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan nəşriyyatında
redaktor, Ali Partiya Məktəbində müdavim, Azərbaycan Demokratik Firqəsinin
orqanı olan "Azərbaycan” qəzetində
ədəbi-şöbə müdiri kimi çalışır. O, bütün həyatını bədii yaradıcılığa həsr edir.
Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti
ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. tədbirlərdə
iştirak edir. "Əməkdə fərqlənməyə görə” (1959) medalı ilə mükafatlandırılır. ƏliTudənin«Cənubnəğmələri»adlananilkkitabı, 1950-ciildəBakıdaçapdançıxır. O, ümumilikdə 50 poemanın, 40-a yaxın kitabın
müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə
tərcümə olunub.
Əli Tudə ömürlük siyasi mühacir kimi yaşayıb. Bu isə onu sovet
pasportu daşımaqdan, həmçinin bir çox yüksək titul və mükafatlardan məhrum edib.
O, buhəyatını "ayrılıqimtahanı”adlandırıb.
Əli Tudə Azərbaycanın sevilən şairlərindən biri kimi daima azadlıq
duyğusu ilə yaşayıb. Əli Tudənin yaradıcılığından
Güney mövzusu qırmızı xətlə keçir, şeirlərində həmişə ikiyə bölünmüş Azərbaycanın həsrəti yer
alır. «Arazın o tayında», «Yaralanmış nəğmələr», «Mehabadlı tələbə», «Hicran
yolu», «Çanaxbulaq dastanı», «Əbədi nisgil», «Gecikmiş vüsal», «Ayrılmış
sahillər» və s. poemaları məhz belə yaradıcılıq nümunələri sayılır. Ayrılıq,
həsrət, hicran dolu həyat motivləri ilə yanaşı, şairin azadlıq arzuları da
həmin əsərlərin əsas qayəsini təşkil edir. Keçən əsrin 50-ci illərindən
başlayaraq qələmə alınmış bu poemalar bu gün də əhəmiyyətini qoruyub
saxlayır.
1950-ci ilin dekabr ayında Moskvada keçirilən
Azərbaycan ədəbiyyatı ongünlüyündə iştirak edən Əli Tudə tədbir ərəfəsində məşhur rus şairi Pavel
Antakolski ilətanışolur. P.Antokolski ilk
olaraq Əli Tudənin şeirlərini rus dilinə tərcümə edir.Şairin
3 kitabı Moskvada "Sovetski pisatel” nəşriyyatı tərəfindən rus dilində çap
olunur.Hər üç kitabda yer almış şeirlər yüksək
peşəkarlıqla, oxucuların anlaya biləcəkləri səviyyədə tərcümə edilir.Aleksandr Xaldeyev isə Əli Tudənin şeirlərini ilk dəfə rus dilinə
çevirib vaxtaşırı olaraq "Bakinskiy raboçiy” qəzetinin səhifələrində çap etdirib.A.
Xaldeyev həmçinin şairin yaradıcılığı haqqında bir sıra məqalələrin
müəllifidir.Onun məqalələrində şairin ayrı-ayrı
şeirləri təhlil edilir və yaradıcılıq məziyyətlərindən söhbət açılır.
Əli Tudənin sağlığında 30-dan çox
kitabı işıq üzü görür ki, bunların üçü nəsr əsərləridir."Öz
gözlərimlə” kitabında ədibin xatirələri toplanıb ki, həmin xatirələr
ədəbiyyatşünaslıq və tarix baxımından memuar ədəbiyyatının gözəl nümunəsi sayılır.
Vətən mövzusunda yazılmış şeirlər şairin
yaradıcılığında başlıca yer tutur. Vətənin azadlığı, müstəqillik arzusu başlıca
yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri
geniş şəkildə qələmə alınıb. Bu əsərlərin əsas leytmotivi vətənə bağlılıq,
milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümüdür. Poeziya
yaradıcılığında siyasi lirikaya böyük önəm verən şair, Cənubi Azərbaycan
demokratik ədəbiyyatının yaradıcılarından biri olub.
"Ona ömrünün axırına kimi Cənubi
Azərbaycana, Təbrizə, Ərdəbilə, doğma kəndinə getməyə imkan vermədilər. O tərəf
İran, bu tərəf sovet. İki imperiya bir şairdən qorxdu!”- deyə Əli Tudəni
nisgillə xatırlayan Xalq şairi Nəriman
Həsənzadə, həmkarını Azərbaycan üçün yazıb-yaradan, xalqını sevən
vətənpərvər bir şair kimi xatırlayır: "Biz Əli Tudəni vaxtsız itirdik. 36-dan
çox kitabın müəllifi olan şairin ölməz əsərləri bu gün də, sabah da heç vaxt öz
aktuallığını itirməyəcək. O, təkcə qələmlə silaha sarılmamış, həm də Cənubi
Azərbaycanda Pişəvəri hərəkatına qoşularaq Milli Dirçəliş uğrunda mübarizə
aparmış, səngərlərdə döyüşmüşdür. Azərbaycan üçün yazıb-yaradan, xalqını sevən
vətənpərvər bir şair idi. O, bir insan kimi dostluğa da sədaqətli idi. Onunla
uzun müddət dostluq etmişdim. Onun ailəsi ilə bu gün də dostluq, qonşuluq
əlaqələrimiz kəsilməyib. Oğlu Natiq, qızları Pərvanə, Rəna o gözəl ailənin,
gözəl övladları kimi atalarının xatirəsini əziz tuturlar. Onun kitablarını təkrar
çapa hazırlayırlar. Ölkə prezidenti İlham Əliyevin belə ölməz şair və
yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları xalqımız
tərəfindən böyük sevgi ilə qarşılanır. Ölməz sənətkarımız Əli Tudənin xatirəsi
mənim üçün əzizdir. Onun xatirəsi daim yad ediləcək”.
Əli Tudə 1996-cı il fevralın 26-da Bakıda vəfat edib. Qəbri Fəxri Xiyabandadır.
Yanvarın 31 görkəmli şairin 95 illik yubileyidir. "Mən başımı qoydum
Vətən yolunda!” deyən şair, bütöv Azərbaycanın
yaddaşında xalq və azadlıq şairi kimi yaşayır.
Təranə Məhərrəmova
