• cümə axşamı, 11 sentyabr, 00:17
  • Baku Bakı 25°C

“Bağçasaray çeşməsi”nin qəhrəmanı...

14.12.13 09:26 4294
“Bağçasaray çeşməsi”nin qəhrəmanı...
Vardım ki, yurdumdan ayaq köçürmüş,
Yavru getmiş, issiz qalmış otağı.
Camlar şikəst olmuş, meylər tökülmüş
Saqilər məclisdən çəkmiş ayağı

…Sərin meşə kölgəliyində otların, tökülən yapraqların altından güclə sezilən cığırlar get-gedə arınır və nəhayət, bu cığırlar birləşərək iki adamın umuz-umuza məhrəmanə gedə biləcəyi dar yolağa çevrilir. Amma hava dəyişir, yağış yağır, elə ki, bir-iki gün ayaq kəsilir, bu cığırlar da hər tərəfdən yaşıllanaraq yolu basan, bir-birinə sarmaşan otların - çayırların az qala altında qalır, yol görünməz olurdu.
Bu cığırlar beləcə yüz illərdir ki, gah itib, gah da təzələnməyindədir. Bu illər ərzində kimlər olmayıb Krımda?! Krımın aşiqlərini də cazibədar, işvəli bir gözəlin aşiqləri kimi sayıb qurtarmaq mümkün deyil.
Krımdan türk nəfəsi çoxdan kəsilib. Sinəsindən doğma adları silinib, yeni sahiblər bu adları özləri gətirdiyi yad adlarla əvəz ediblər. Əhalisi dönə-dönə qırılıb; Krımın II Yekaterina dövründən başlayan istilası (1783) və Krım müharibəsi (1853-1856) yerli əhalinin - tatarların qırğınına səbəb olsa da, 1944-cü ildəki Stalin köçürülməsi Krım torpaqlarını tatarsız qoydu.
Qalan isə Krımın köksündə saxta uydurmalara, "tarixçələrə" dözən memarlıq abidələri və bir də Krımın göylərində dolaşan əfsanələrdir.
Bağçasarayda Xan sarayının həyətində acı məhəbbət yadigarı olan göz yaşı çeşməsi - "Bağçasaray çeşməsi" çoxdan dastanlaşıb.
Bu abidənin özü qədər də onun tarixçəsi o qədər heyrətamiz gözəlliklər daşımaqdadır ki, insan özü də sanki bu tarixçəni əfsanə donunda qəbul etməklə sakitləşib.
Bağçasaray çeşməsi... Nə üçün rus şairi Aleksandr Puşkinin yaratdığı poemanın adını çeşmə yox, fontan işlədirik? Heç təsadüfi deyil ki, poemanın ilk tərcüməçisi Mirzə Kazım bəy poemanı məhz "Göz yaşı çeşməsi” adı ilə tərcümə etmişdi. Həm də bu xatirə abidəsində fontanı-fəvvarəni andıran heç nə yoxdur. Burada gözdən süzülən yaş kimi damla-damla axan çeşmə var, Sanki o zamandan bəri bu çeşmə ağlamaqdan - dərdini pıçıldamaqdan yorulmur: lap qışın qış vaxtında təpəsinə papaq-papaq yumşaq qar oturmuş ağacların dövrələdiyi bu həyətdə, ya da isti, boğanaq havanın keçə bilmədiyi daim nəmliyini, rütubətini saxlayan bu sərin bağda gecə-gündüz həzin-həzin ağlayan, ağlamaqdan yorulmayan aşiq gözləri var.
1764-cü ildə Krım xanı Kərim Gərayın sevimli qadını Dilarə Bekeç vəfat edir. Kərim Gəray gənc Dilarənin ölümündən sonra ovunmaq bilmir, onun məzarı üstündə türbə tikdirərkən ustaya sifariş verir, ürəyinin kədərini açır: "Bu abidədə ovunmaq bilməyən aşiq obrazı olmalıdır". Usta Ömər xanı başa düşür: Xan öz əbədi məhəbbətinə abidə qoydurmaq istəyir. Usta anlayır ki, o sadəcə sərdabə tikmir, başdaşı yonmur, o ölən məhəbbətə, solan arzulara və indi yalqız aşiqin ürəyində yaşadılan qəmə, qüssəyə abidə qoymalıdır. O indi xatirələrə əmanət edilən nakam eşqin, yarımçıq məhəbbətin davamını bu fani dünyada daşlarda yaradıb yaşatmalıdır. Bu əbədi məhəbbətə, əbədi ayrılığa abidə idi. O gündən bu günədək daimi kədəri, əbədi vəfanı, əhd-peymanı andıran bu çeşmə, damla-damla axan göz yaşı vəfa-sədaqət simvolu kimi səssiz-səmirsiz ağlayışındadır.
Türk-müsəlman sənətində "çeşmə mədəniyyəti" köklü ənənəyə malikdir. Elə Bağçasarayın özündə bu yerləri səyahət edən Övliya Çələbinin yazdığına görə, hər tərəfdə axar çeşmələr çağlayır, o cümlədən Kərbəla şəhidlərinin ruhlarına 40-dan artıq "cənnət çeşmələri" bulaqlar vardır.
Krımda rus çarlarının iqamətgahı olan Livadiya sarayı (ona Ağ saray da deyilir) tikilərkən Rus-Türk müharibələrinin saysız qənimətlərindən də istifadə edilmişdir. Bu sarayın həyətində Osmanlı şəhərlərindən qəsb edilmiş və burada təkrar tikilmiş, üstü ərəbcə yazılı qədim fəvvarə və mərmər sütun ucalır.
Bulaq tikmək suya abidə, axar suların and yeri olması elə bəlkə müqəddəs Kitabda qəlbi suya, cənnət zövq-səfasına da susamış möminlərdən ötrü müqəddəs vəd, bir xeyir əməllərin sığortası kimi arı suyun, dadlı suyun tez-tez anılması olmuşdur. Dədə Qorqudun üz tutub dua etdiyi, təlatümlü qoynunda beşiyi hifz edən, peyğəmbər övladlarının- İmam Hüseynin ailəsinin həsrət qaldığı bir içimlik suyun xatirəsinədir bəlkə?!
... Dilarə xanımın adına əlavə olunan Bekeç adı barədə onu demək mümkündür ki, qədim türklərdə bikəç, bikə, biçə "xanım, bəy qızı, xan qızı" titulu olmuşdur. Həm də Krımda Bekeç Beçek (indiki adı Tamarino) kəndi var idi. Bu kənddə də (Primorsk rayonuna daxildir) bütün Krımda olduğu kimi indi bir nəfər də olsun türk yaşamır.
Bu abidənin hekayətini, daha doğrusu, eşq nağılını dillərdən dillərə salan qrafinya Sofiya Pototskaya olmuşdu. Onun qızlıq familiyası Mniçek idi. Krım istila olunan kimi Rusiyanın hər yerindən adlı-sanlı mülkədarlar qəsb olunmuş bu yeni cənnət torpaqlara axışdılar. Sofiya Pototskaya da bir-birinin ardtnca gözəl mülklər alır. Hətta Qurzuf şəhəri altında Sofiyapolis adlandırdığı yeni bir kurort şəhəri salmaqda idi. Xanım Pototskaya indiki Ukraynanın böyük mülkədarlarından sayılırdı; əski Çərkəz şəhəri Tulçin və Uman onun mülk torpaqları idi. Bu gün Umanda (indi Ukraynaya daxildir) Sofievka dendroparkı və malikanələri, sarayı qalmaqdadır. Peterburqda da öz sarayı olmuşdur: qışı paytaxtda, yazı Krım və Odessada yaşayarmış.
Oxuculara da bu ad tanış gəlməlidir. Lev Tolstoyun "Hərb və sülh" əsərində Vətən müharibəsi ərəfəsində çarın İmperiyanın qərbində səyahəti zamanı yerli zəngin ailələr onun şərəfinə ziyafət verirlər. Burada hamıdan gözəl, füsunkar ev sahibəsi həmin xanım Pototskayadır. Özü macəra və eşq fırtınalarında üzən Sofiyanın bu romantik uydurmasından sonra bu nağıl hər kəsi məşğul etməkdə idi. İlk dəfə məhz o bu abidənin polyak qızı Mariyanın xatirəsinə qoyulduğunu ortaya atmışdı.
Sanki türk qızına belə eşqi və bu eşqin xatirəsini yaraşdırmaq istəməyən bu macərapərəst yazıçı onu bilə-bilə dəyişdi. Özü aşiqanə həyat keçirən, həm kefcil, həm romantik xanım olan Sofiya Pototskaya polyak qızını beləcə gətirdi Krıma və Kərim Gəray xanın "daş" qəlbinə. Sən demə, Allah istərsə, hər kəsə, lap sultanlara, padşahlara da o "göyərçin vəfasından bəxş edə bilərmiş.
Kərim Gəray da Dilarədən sonra çox yaşamır. Onun sevimli zövcəsinin ölümündən dörd il sonra 1768-ci ildə yeni bir Rus – Türk müharibəsi başlayır. Qara dəniz, Kırım torpaqları üstündə başlayan bu savaşda ilk çağlar mərd, igid Kərim xan Gəray böyük uğurlar qazanırdı. Kərim Gəray geriyə üz qoyub qaçmaqda olan rus qoşununu neçə gün idi ki, qovalayır, döyüşü nə səngiməyə, nə sönməyə qoymurdu. Lakin özü ilə gəzdirdiyi yunan həkim, Kərim Gərayı zəhərlədi. Bu güclü zəhərə qarşı heç nə eləmək mümkün olmadı. (Bax: Hammer. Böyük Osmanlı Tarixi, VIII c. s.421)
A.S.Puşkinin “Bağçasaray çeşməsi” poemasında Xan polyak Mariyanı döyüşdə əsir edib gətirir. Ona bağlanır, lakin Mariya onu sevmir, xanın sevimlisi gürcü qızı Zarema qısqanclıqdan Mariyanı öldürür. Xan qəzəblənib əvvəllər çox sevdiyi Zaremanı çuvalda suya atıb boğdurur. Puşkinə görə, vəfalı xan Mariyanın məzarında bu abidəni - göz yaşı çeşməsini tikdirir.
Kərim Gərayla Dilarə Bekeçin xatirəsi beləliklə Puşkinin qələmi ilə bilərəkdən dəyişdirildi. Müasirlərinin yazdığına görə, şair P.Vyazemski də, cənubda sürgündə yaşayan Puşkin də Pototskilər ailəsinə yaxın idilər və Sofiya Pototskayanın qızı gənc Sofiyaya pərəstiş-karlıq edirdilər.
Puşkin "Bağçasaray çeşməsi"ni yazanda, İ.M.Muravyov-Apostol "Tavridaya səyahət" (Tavrida - çar hökumətinin istiladan sonra Krıma verdiyi ad) kitabında bu tarixçəni olduğu kimi, tarixi həqiqətlərə uyğun qələmə almışdı. Bununla dildə-ağızda gəzən və Puşkinin nəzmə çəkdiyi polyak qızı uydurması heçə endirilmişdi. Bunun da əsası var idi. Axı məlumdur ki, abidənin üstündə ərəb hüsnxətti ilə məzar sahibinin Dilarə Bekeçin öz adı, "Quran" ayələri və Kərim Gərayın dilindən epitafiya yazılmışdır.
Əslində Puşkin "Baxçasaray çeşməsi" poemasını yazmağa başlayanda 21 yaşı var idi. Kırımda olarkən əbədi məhəbbətə qoyulan bu abidəni seyr etmiş, heyran qalmış, sarsılmışdı. Lakin xanım Pototskayanın uydurması: Kərim Gərayın qəsbkarlığı, qızqaçırma, hərəmxana intriqaları və s. sirli sərgüzəştlər onu (elə rus oxucularını da) daha çox cəlb etmiş, ona daha maraqlı, buna görə daha əlverişli görünmüş, o da bilərəkdən hadisələri istədiyi tərəfə dəyişdirmişdi. Puşkinin poeması rus oxucuları arasında görünməmiş təlatüm yaratdı. Poemanın elə ilk nəşrində o zaman üçün də qeyri-adi qonorar - üç min qızıl pul verildi.
Lakin şair özü narahat idi, tarixi təhrif etmişdi, Qələmi də, şəxsiyyəti də böyük nüfuza malik dostu P.Vyazemskidən "Ön söz" yazmağı xahiş etmişdi, Həqiqati bilən Vyazemski söz yazarkən ehtiyatla hərəkət edir, tarixlə poeziyanın fərqli olduğunu göstərir, tarixi dəyişən şairə haqq qazandırır. Poemanın əsas cəhətini - bir sıra qiymətli bədii xüsusiyyətlərini: şəraitinin tam və dolğun əks olunduğunu, Şərq mənzərəsinin öz təbii boyaları ilə verildiyini qiymətləndirir.
Belinski də həqiqəti bilirdi. O da əsərin bu cəhətindən danışır, poemanın əsil qiymətinin müsəlman Kırımının canlı mənzərəsini ustalıqla çəkilməsində görür.
Lakin qeyd olunmalıdır ki, bu yumşaldıcı faktlar heç də poemanın qəhrəmanı haqqında olan tərəddüdlü fikirlərə işıq salmayır, nə də fikirləri bitərəfləşdirə bilmirdi. Deməli, bu romantik məhəbbətin məhz bu cür yozumu oxuculara da, ilk dinləyicilərə də (sonralar müəlliflərə) ilham verir. Puşkinin, Qriboyedovun qələmində, eləcə də digərlərinin, o cümlədən səyyahların, xüsusən Puşkinin əsərini oxuduqdan sonra artıq bu abidə elə beləcə də Xanın polyak qızına, gah da gürcü qızına qoyduğu abidə dəyərində qiymətləndirilir. Qriboyedovun "Yol qeydləri"ndə oxuyuruq: "Minarədən yarımxaraba Xan sarayı görünür. Mənzilimiz yerləşən dalanla üzüyuxarı gürcü qızının sərdabəsinə qalxıram".
Təkrarlanan yanlışlıqlar davam etməkdədir...
"Göz yaşı çeşməsi" və ya keçmiş sakinlərin – tatarların adlandırdığı kimi "Sel-Sebil" (Sebil -cənnət bulağı) əvvəl saraydan azca aralı xanlıq qəbiristanlığında Dilarə xanımın türbəsinin qarşısında imiş.
Bu yerləri səyahətə çıxan Övliya Çələbi ziyarət etdiyi həmin xanlıq məzarlığı haqqında yazır: "Məzarlıq Bağçasaray şəhərinin aşağısında, qərb tərəfindən bağ-bağça içindədir. Eski Yurd məzarlığında şahnişan xanlar əbədi uyqu yataqlarına baş qoyub yatırlar. Nurlu qübbələr elə bəzənmiş, sənət işi olan çilçıraqlar və qəndillərlə elə süsləndirilmişdir ki, sanki nurlu məhəbbət məkanıdır".
Təbii ki, Övliya Ata bunları görüb yazarkən halə heç Dilarə Bekeçin valideynləri doğulmamışdı.
1783-cü ildə Krımın tamamən işğalından sonra dərhal bu yerləri gəzməyə çıxan II Yekatirina abidəyə heyran qalır və çeşməni məzarlıqdan indiki yerinə - Bağçasarayın həyətinə gətirdib olduğu kimi qurulmasına əmr verir. Dilarə Bekeçin türbəsi isə öz köhnə yerində - xan ailə qəbiristanlığında qalmaqdadır, indi üstü yarımdağılmış vəziyyətdədir.
Əlbəttə, artıq bu abidə nə qəm nişanəsi, nə də kədər kitabəsidir. Nə Dilarə Bekeçin, nə Gəraylar sülaləsindən kimsə var, nə Krımda türk var... Heç çeşmənin kitabəsini oxuyub anlayan da yoxdur. Daha indi burada təbiətin ecazkar abidəsi olan, dağların zirvəsində çapılmış təbii daş yola "Şeytan Merdven"ə "Çertovı Lesnitsa", Göy daş dağlarına Sinekamenka, Ak Məscidə Simferopol, Gözləvəyə Yevpatoriya... deyən əcnəbilər, gəlmələr, turistlər... biganələr var.
Kırıma "Vətən" deyib bağır yandıran, yorğun yuxular içində ağlağan ana laylası qulağına dolan qərib türk balası çox-çox uzaqlardadır.
Yazının sonunda qadın haqqı qarşısında susan tariximə heyrətlərimi Avropa saraylarına süs və zinət verən, adları - şəcərələri bu gün də yaşadılan xristian xanımların qarşısında həsədimi və qadın adı çəkməyi qeyrətsizlik bilən, bununla qadm - ana haqqını tapdayan, tarix səhifələrini yoxsullaşdıran ata-babalarıma gileylərimi, qısa həyati bir məhəbbətə əbədi abidə qoyan Xana mərhəbalarımı, təhsinlərimi yetirirəm.
Sözümü başladığım ovqatla bitirirəm... Yazımın başında başlatdığım Bayburutlu Zehni bəyin də sözünü bitirib sizlə sağollaşıram.
Zehni dərd əlindən hər zaman ağlar.
Vardım ki,bağ ağlar,bağiban ağlar,
Sünbüllər pərişan,güllər qan ağlar
Şeyda bülbül tərk edəli bu bağı ...
Minaxanım Təkəli (Nuriyeva)
banner

Oxşar Xəbərlər