Azərbaycanın ilk ordu generalı

Tanrı qisməti, alın
yazısı. Tanrıdan qeyri kimsə bu qismətdən kimin payına nə düşdüyünü müəyyənləşdirə
bilərmi? Bəlkə də insanı min illərlə qədərin hökmünə boyun əyməyə vadar edən ən
böyük hikmətlərdən biri elə budur: insan heç vaxt öz taleyinin nə ilə bitəcəyindən
xəbərdar olmayıb.
Bir də xalqın, millətin
qismətinə düşən, yeri kimsə ilə əvəz edilməyəcək, alnına, bir parçası olduğu Vətənin
taleyində müstəsna rol oynamaq qisməti yazılmış nadir insanlar var. Nə yaxşı
ki, Azərbaycanın taleyində belə insanlar az olmayıb. Türk ellərində həmişə qüdrətli
söz, sənət adamları, bir də ən böyük orduları çəkib ardınca aparmağa, ən qəvi
düşmənə qalib gəlməyə qabil sərkərdələr olub.
Səməd bəy Mehmandarov
bu millətin yetirdiyi qüdrətli sərkərdələrdən biridir. Tanrı ondan qabaq və
sonra da türklərə neçə qüdrətli sərkərdə bəxş edib. Ancaq Səməd bəy bu neçələrin
arasında adi sıra nəfəri deyil, onların ən uca mərtəbədə dayananlarından, adı ən
ehtiramla çəkilməyə layiq olanlarından biridir. Səməd bəy Azərbaycanın taleyində
çox böyük rol oynamış, ilk müstəqil respublikanın 40 min nəfərlik ordusunu
yaratmış və bununla da yüz illərdən sonra xalqın əzəli haqlarından biri sayılan
özünümüdafiə imkanlarını yenidən özünə qaytarmış bir şəxsiyyətdir. Səməd bəy bənzərsiz,
iftixar olunmağa layiq, ancaq eyni zamanda son dərəcə mürəkkəb və zəngin bir
ömür yaşamış insandır. Əsla təsadüfi deyil ki, onun haqqında yazan bütün müəlliflər
bu fikirdə olublar və onların hamısının eyni fikrə gəlməsində qəribə heç nə
yoxdur. Çünki Səməd bəy sadəcə olaraq, on minlərlə, yüz minlərlə adi
yaradılmışlardan biri deyildi, o, tanrı tərəfindən bu Vətənin taleyində mühüm
rol oynamaq üçün seçilmiş bir şəxs idi və özünün istəyi ilə onun adi bir insan
ömrü yaşaması, əslində mümkünsüzdü.
Səməd bəy Mehmandarov 1855-ci il oktyabr ayının
16-da Lənkəran quberniyasının Lənkəran şəhərində anadan olmuşdur. Quberniya
katibi işləyən atası Sadıq bəy Qarabağdan köçüb gəlmiş zadəgan idi və onun öz
oğluna istənilən səviyyədə təhsil verməyə imkanı çatırdı. Buna görə də ilk təhsilini
Bakı Realni Məktəbində alan Səməd bəyin biliklərə kifayət qədər yiyələndiyi təqdirdə,
Qərbin istənilən ali məktəbində oxuması mümkün idi. O isə doğrudan da, hərtərəfli
bilik qazanmaq üçün ciddi səy göstərmiş, realni məktəbin proqramı çərçivəsində öyrədilənləri tam mənimsəmiş, gələcəkdə əldə edəcəyi mükəmməl
elmi biliklərin ilkin təməlini yaratmışdı. Ancaq atasının və atasının əmisi
oğlu Xanı bəy kimi yaxın qohumlarının tövsiyələrinə baxmayaraq, 16 yaşlı Səməd
mülki təhsil ardınca getmək, sonra quberniya idarələrindən birində hansısa vəzifə
tutmaq fikrində deyildi. Bəlkə də məhz bu yolu seçmiş atasının xələfi olmaq, ona daha sakit və uzaqmənzilli bir həyat bəxş
edə bilərdi. O isə bunu istəmirdi, ona görə də bu sayaq təkliflərə eyni konkret
cavabı verirdi, "yox”. Damarlarında qanı qaynayan bu coşqun gəncin məqsədi
tamam başqa idi. O, hərbçi olmaq, millətini əsgəri xidmətə belə layiq görməyən
bir dövlətdə rütbələr almaq, çiyinlərində fərqləndirici zabit ulduzu gəzdirmək
istəyirdi. Yalnız şöhrət xatirinəmi, yaxud hərbçi geyiminin Qafqazın bir
parçası olan Azərbaycan kimi "milli ucqar” sayılan bir məmləkətdə xarici
görünüşcə cəlbedici olmaq üçünmü? Bəlkə bu sənətin arxasınca düşməsində yaşına
uyğun bir macəraçılıq həvəsi vardı, yoxsa, gənclik romantikası idimi onu çəkən?
Bütün bu sualların da bir cavabı vardı: xeyr. Tək özünə məlum idi ki, bu yolu təsadüfi
seçməyib, hələlik axıradək izah edə bilməyəcəyi hisslər, onu istiqamətləndirən
güclü daxili istək məhz bu addımı atacağına qəti inam yaratmışdı. Özü də bu qəti
fikrindən onu kimsə döndərə bilməzdi, çünki bu yol Tanrı qisməti ilə
cızılmışdı, hərbçi ömrü yaşamaq onun alın yazısı idi.
Seçimində qəti israr edən Səməd 16 yaşında ikən
Peterburqda yerləşən ikinci Konstantinovka artilleriya məktəbinə daxil olur və
1875-ci ildə təhsilini uğurla başa vurur. Qarşıda isə onu uzun və ağır hərbi
xidmət illəri gözləyirdi. Bu illərin çox böyük bir hissəsini o, qanlı müharibələrdə,
ölüm-dirim savaşlarında keçirəcək, Vətəndən xeyli uzaqlarda olacaq və ən
başlıcası, təmsil etdiyi millətin adını həmişə ucaldacaqdı. Hələlik isə 1875-ci
il idi və Peterburqda yunkerlər məktəbini yenicə bitirmiş Səməd boy ilk təyinat
yerinə göndərilirdi. Ancaq ilk addımdan özünü nizam-intizamlı və bacarıqlı kadr
kimi göstərən Səməd bəyin rütbə alması üçün o qədər də müddət lazım gəlmir.
Elə həmin ilin dekabr ayında ona ilk rütbə
verirlər. Bir neçə müddətdən sonra isə xidmətdə xüsusi fərqləndiyinə görə, o,
üçüncü dərəcəli "Müqəddəs Stanislav”
ordeni ilə
təltif edilir.
"Odlar yurdu” qəzetinin 13 iyul 1989-cu il
tarixli 13-cü sayında böyük sərkərdənin həyatının bundan bir qədər sonrakı
dövrü, daha konkret desək, 15 il keçəndən sonrakı xidmət illəri haqqında yazan
M. Əliyev aşağıdakı məlumatları çatdırırdı: "Səməd bəy 1890-cı ildə kapitan
rütbəsi almış, 1891-ci ildə isə ikinci dərəcəli "Müqəddəs Stanislav” ordeninə layiq görülmüşdür. 1894-cü
ildə Səməd bəy hərbi komandanlığın əmri ilə Varşava hərbi dairəsinin sərəncamına
göndərilmişdir. 1896-cı ildə o, ikinci dərəcəli "Müqədds Anna” ordeni ilə təltif edilmişdir. 1898-ci ildə
podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye artilleriya
diviziyasının komandiri təyin edilmişdir. O illərdə diviziya Mancuriyada yerləşirdi.
1900-1901-ci illərdə Çində antiimperialist hərəkatının yatırılmasında Səməd bəy
Mehmandarovun komandir olduğu diviziya da iştirak etmişdir. Lakin Səməd bəy
Mehmandarov silahsız Çin əsgərlərinə atəş açmağa razı olmamışdır. 1901-ci ildə
S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli "Müqəddəs Vladimir” ordeni,
habelə üstündə "Qəhrəmancasına fərqlənməyə görə” sözləri yazılmış qızıl qılınc
almışdır. Rus-yapon müharibəsi zamanı Port-Artur şəhərini qəhrəmancasına müdafiə
edən Səməd bəy Mehmandarov, 1904- cü il oktyabr ayının 22-də general-mayor rütbəsinə
və dördüncü dərəcəli "Müqəddəs Georgi” ordeninə layiq görülmüşdür. 1907-1910-cu
illərdə Səməd bəy Mehmandarov 3-cü Sibir ordusunda artilleriya rəisi işləmişdir.
1908-ci il iyulun 13-də hərbi xidmətlərinə görə ona general-leytenant rütbəsi
verilmişdir.
Birinci dünya müharibəsində Səməd bəy
Mehmandarov Varşava əməliyyatı istiqamətində olmuş və payızda burada rus
qoşunları almanlar üzərində tam qələbə çalmışdılar. Bu və başqa cəbhələrdə göstərdiyi
sərkərdəlik məharətinə görə, Səməd bəy Mehmandarova 1915-ci il martın 22-də
artilleriya üzrə tam general rütbəsi verilmişdir (bu müasir Silahlı Qüvvələrdə ordu generalı rütbəsinə bərabərdir - L.Ş).
1917-ci ilin aprel ayında o, istefaya çıxmışdır. Bu zaman o, Rusiyanın "Stanislav”, "Anna”, "Vladimir” və "Georgi” ordenlərinin
bütün dərəcələrinə layiq görülmüş, İngiltərə, Fransa, Rumıniya və İranın ordenlərini
almışdır.
İstefaya çıxdıqdan sonra Vladiqafqaz şəhərindəki sakit mənzilində yaşayan Səməd
bəy Mehmandarov 1918-ci ilin sentyabrında Bakıya gəlmiş, 1918-ci ilin
oktyabrından hərbi nazirlikdə işləməyə başlamış və həmin il noyabrın 7-də hərbi
nazirin müavini, dekabrın
15-də isə hərbi nazir təyin edilmişdir.
Birinci dünya müharibəsindən qayıdan 15 minə yaxın azərbaycanlı Səməd bəy
Mehmandarovun ətrafına toplaşmış, döyüşkən Azərbaycan generaliteti yaranmışdır.
Ordu üçün 1918-ci ilin iyul ayında Gəncədə açılmış praporşik məktəbi
1919-cu ilin əvvəllərində
Bakıya
köçürülmüş, onun əsasında Azərbaycan ilk hərbi məktəbi təşkil edilmişdir. Bakıda
istehkamçı və hərbi feldşer məktəbləri də təşkil edilmişdir. Gəncədə isə hərbiləşdirilmiş
dəmiryolu
məktəbi
fəaliyyətə başlamışdır. 1920-ci ilin yanvarında bu məktəblərə müdavim hazırlayan
xüsusi hərbi təmayüllü kadet korpusu təşkil olunmuşdur”.
Əlbəttə, Səməd bəyin Azərbaycanın sovetləşməsinə qədərki
və hərbi xidməti ilə
bağlı həyatının ən başlıca dövrünü əhatə edən
məlumatlarda onun 1903-cü ilin əvvəllərində jitomirli Yelizaveta Nikolayevna Teslavla ailə qurması, elə həmin il yeddi aylıq topçu zabitləri
məktəbində təhsil alması, Port-Arturda qalanın xəyanət nəticəsində təslim
edilməsindən sonra rus-yapon müharibəsində əsir düşərək 1904-1906-cı illərdə
Yaponiyaya aparılıb və buradan Portsmut müqaviləsi bağlandıqdan sonra qayıtması və bir sıra digər
mühüm faktlar öz əksini tapmayıb.
Səməd bəy Mehmandarovu bu gün millətin həqiqi
iftixarına çevirən xidmətlərin böyük əksəriyyəti onun ilk müstəqil dövlətimizin
hərbi nazirliyində göstərdiyi fəaliyyətlə bağlıdır. Həmin fəaliyyətin nə dərəcədə
səmərəli olduğunu isə təkcə bir fakt -1918-ci ilin iyununda bütün hərbi qüvvəsi
bir alaydan ibarət olan Azərbaycanın 1920-ci ilin aprelində 40 min nəfər nizami
orduya malik olması aydın göstərir. Səməd bəy Azərbaycan dövlətinin müdafiəsi ilə məşğul olacaq müvafiq hərbi
strukturların formalaşdırılması, Silahlı Qüvvələrin imkan daxilində hərtərəfli təşkili,
bir sıra digər sahələrdə də çox
böyük işlər görmüş, zəngin biliyini və əvəzsiz təcrübəsini doğma xalqının naminə əsirgəməmişdi.
Ömrünün 40 ildən artıq bir dövrünü çar ordusunda
xidmətdə keçirmiş, yüksək peşəkarlığı və sədaqəti nəticəsində
Rusiya dövlətinin
ən nüfuzlu hərbçi-generallarından
birinə çevrilmiş, hakimiyyət tərəfindən dəfələrlə
mükafatlandırılmış, bir-birindən qiymətli hədiyyələr almış Səməd bəy
Mehmandarovun Cümhuriyyət dövründə ən məsul vəzifələrdən birinə təyin olunması nə dərəcədə ölçülüb-biçilmiş
addım idi? Əlbəttə, indi tamamilə yersiz və əsassız görünən bu sualın o vaxt Azərbaycana rəhbərlik
edən, gənc respublikanın taleyi üçün cavabdehlik daşıyan şəxslər tərəfindən
verilməsi qətiyyən məntiqsiz səslənmirdi və regionda yaranmış son dərəcə mürəkkəb
vəziyyətdə başqa cür ola da bilməzdi. Müstəqil dövlət kimi ilk addımlarını atan
bir ölkədə peşəkarlığın, sədaqət və vətənpərvərlik kimi keyfiyyətlərlə bir
sırada dayanması tamamilə qanunauyğun, təbii hal idi və əlimdə heç bir tarixi sənəd
və fakt olmasa da, mən bu qənaətdəyəm ki, Səməd bəy hərbi nazirlikdə yüksək vəzifəyə
gətirilməzdən qabaq onun keçmişi, hazırkı mövqeyi ilə bağlı kifayət qədər
götür-qoy edilmişdi.
7 noyabr 1918-ci il. Həmin gün Nazirlər Şurası
Azərbaycan Respublikasında hərbi nazirlik yaradılması ilə bağlı qərar vermiş, hərbi
nazir vəzifəsi Nazirlər Şurasının sədri F.Xoyskiyə həvalə olunmuş, onun müavini
isə general Səməd bəy Mehmandarov təyin edilmişdir. Eyni gündə "Azərbaycan” qəzeti hərbi nazirin müavini S.Mehmandarovun qeyd edilən təyinatla əlaqədar
hərbi dəftərxana üzrə əmrinin mətnini dərc etmişdir:"Nazirlər Şurasının qərarı ilə mən hərbi nazirin
müavini təyin edilmişəm. Mən öz vəzifə borcumun yerinə
yetirilməsinə başlayaraq görməli olduğum nəhəng işin bütün ciddiliyini, mürəkkəbliyini və çətinliyini gizlətmədən,
hərbi nazirliyin bütün rütbəli şəxslərinin işə birgə, dostcasına və vicdanlı
münasibəti ilə onun öhdəsindən gəlməyin tamamilə
mümkün olduğunu bildirirəm. Döyüşə qadir ordu yaradılması işinin uğuru bütünlüklə bu işin düzgün qoyuluşundan
asılıdır. Hamını birgə, yoldaşcasına işləməyə çağırmaqla, mən bütün səviyyələrdəki rəislərdən
qoşunun
təlim-tərbiyəsi, öyrədilməsi və möhkəm nizam-intizam yaradılması işinə tam ciddi diqqət yetirmələrini,
xidməti işə,
qayda-qanuna, vəzifə borcuna məhəbbətlə yanaşmalarını, tabeliyində olanlara qayğıkeş münasibət göstərmələrini istərdim”.
Bu elə bir dövr idi ki, Qafqaz İslam ordusunun getməsi
ilə kifayət
qədər hərbi
qüvvəsi olmayan,
özünümüdafiə imkanından faktiki surətdə məhrum edilmiş Azərbaycan, daxildə
bolşeviklər və daşnaklarla, xaricdə Rusiya və Ermənistanla üz-üzə dayanmışdı. Bu təhlükələrdən əlavə onu, Çar
Rusiyasını xilas etməyə çalışan general Denikinin könüllü ordusu, Bakıya tərəf
irəliləmək fikrini gizlətməyən Biçeraxovun qüvvələri və başqa təhlükələr də təhdid
edirdi.
Arxiv sənədləri belə bir mürəkkəb və gərgin vəziyyətdə
faktiki olaraq hərbi quruma rəhbərlik edən
şəxsin hansı tədbirləri gördüyünü və hansı məsələlərə xüsusi diqqət
yetirdiyini tam aydınlığı ilə göstərir. Yəqin ki, Səməd bəyin Azərbaycan dövlətçiliyinə sonsuz sədaqətlə xidmət
etdiyini sübuta yetirmək üçün bu gün həmin arxiv sənədlərindən daha
etibarlı bir mənbə tapmaq çətindir.
Hərbi nazirlikdən 21 aprel 1919-cu ildə Gəncə şəhərindən
şəxsən Nazirlər Kabinetinin sədri
N.Yusifbəyliyə (Nəsib bəy eyni zamanda daxili işlər naziri idi) çatdırılmalı olan 1663
saylı məxfi raport göndərilir: "Bu il aprelin 15-dəki 1631 saylı raportla, bolşeviklər tərəfindən orduda təbliğata
başlamağa hazırlıq barədə məlumat vermişdim.
Bakıda öz işini başa çatdıran həmkarlar
ittifaqları qurultayı belə bir bəyannamə qəbul etmişdir: "İttifaqın məqsədi
Zaqafqaziya hüdudunda sovet hakimiyyəti qurulmasının həyata keçirilməsi üçün hərtərəfli
siyasi cəhd göstərməkdən ibarət olmalıdır”. Bu bəyannamə yerli bolşeviklərin Azərbaycanın
müstəqilliyini məhv edib, Sovet Rusiyası ilə birləşdirmək cəhdlərinə artıq şübhə yeri qoymur. Bəyannamə nəzərə
alınaraq, Hökumətin
fəaliyyətinin əsasında Azərbaycanın müstəqilliyinin müdafiəsi durmalıdır və mən şübhə etmirəm ki, bolşeviklərin dağıdıcı cəhdlərinə
qarşı zəruri tədbirlər
görüləcəkdir. Mən Bakı qarnizonunun qoşunlarına bolşeviklərin təsir göstərəcəklərindən
ehtiyat edirəm, çünki Bakı hazırda Zaqafqaziya bolşeviklərinin fəaliyyət mərkəzidir. Buna görə, xahiş edirəm
Bakı xəfiyyə bölməsi qarnizon qoşunlarında zərərli təbliğata yol verilməməsi
üçün öz nəzarətini gücləndirsin
və bu sahədə rəhbər şəxslərə
hərtərəfli köməklik
göstərsin.
Mənim tərəfimdən həmçinin qoşunlarda daxili nizam-intizama nəzarəti
gücləndirmək tələb edilmişdir. Bu barədə ona görə xahiş edirəm ki, hərbi nazirlik Bakıda kəşfiyyat
işini təşkil etmək və həyata keçirmək üçün kifayət qədər hazırlıqlı, yerli şəraitə
bələd olan agentlərə malik
deyil.
Ümid edirəm ki, ordunu və bununla da Azərbaycanın
müstəqilliyini saxlamaq uğurundakı ümumi mübarizə işində Hərbi Nazirlik Daxili İşlər Nazirliyindən ancaq
Bakıda deyil, respublika ərazisinin hər yerində, hərtərəfli dostluq köməyi görəcəkdir.
Bunun üçün mən Zati Alilərinizdən general-qubernatorlara və qubernatorlara
müvafiq əmrlə bildirməyinizi xahiş edərdim”. Tam artilleriya generalı
Mehmandarov, Baş Qərargah rəisi general-leytenant Sulkeviç”. (ARDA, f.894, s.7, iş.5,
v.50).
Hökumətin gördüyü tədbirlərə baxmayaraq,
bolşeviklər hər vasitə ilə öz işlərini davam etdirməyə, orduda anarxiya yaratmaqla,
onun hakimiyyəti müdafiə etmək əzmini sarsıtmağa və öz tərəflərinə çəkməyə çalışırdılar. Bunu 11 may 1919-cu ildə Tam
artilleriya generalı S.Mehmandarovun daxili işlər naziri N.Yusifbəyliyə məruzəsi də aydın
sübuta yetirir: "Mənim tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda
müsəlmanlardan ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara daxil
olmağa, təbliğatla ordunun əsaslarını sarsıtmağa və bolşevik ideyalarını
aşılamağa can atırlar”. (ARDA, f.894, s 10, iş.96, v.30).
Yenə də arxiv materiallarına istinadən demək
olar ki, müstəqil Azərbaycan hökumətinin
həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində, artıq 1919-cu ilin ikinci
yarısına doğru yeni hakimiyyət respublikanın bütün ərazisində möhkəmlənmiş, mərkəzlə
yanaşı yerlərdə
də idarəetmə
orqanlarının tam formalaşdırılmasına başlanmışdı. Ancaq bu proseslərin getməsində qətiyyən
maraqlı olmayan,
əksinə
həm daxili, həm də xarici təsirlərdən istifadə ilə hər cür maneçilik göstərməyə
cəhd edən qüvvələr də fəallaşmışdılar. Necə deyərlər, məsələ hər iki tərəf üçün tam
aydın idi: artıq dünyanın aparıcı xarici dövlətləri tərəfindən tanınmaq ərəfəsində
olun müstəqil Azərbaycan
Cümhuriyyətinin sonrakı inkişafının qarşısına sədd çəkilməsə, onu öz yolundan
sapdırmaq mümkün olmayacaqdı. Buna görə də, düşmən qüvvələr də hədsiz quduzlaşmış, görünməmiş fəallıqla
öz qara niyyətlərini reallaşdırmağa girişmişdilər. Onlar indi daha ciddi-cəhdlə əhali
arasında,
xüsusilə
hərbi hissələrdə təbliğat aparmağa, fəhlə-kəndli hökuməti qurmaq vədləri ilə
özlərinə yeni tərəfdarlar toplamağa çalışırdılar.
Bunun qarşısının alınması üçün nazir Melmandarov və yeni baş qərargah
rəisi, general-mayor Səlimovun imzası ilə 2-ci piyada diviziyasının rəisinə Azərbaycan Respublikasının hərbi nazirinin 18 noyabr 1919-cu il tarixli 399 saylı tam məxfi əmri göndərilir:
"Alınmış məlumatlara görə, son vaxtlar, əsgərlər
arasında, xüsusilə onların getdiyi fəhlə klublarında bolşevik təbliğatı xeyli
güclənmişdir. Hissələrdə bolşevik təbliğatının yayılmasının bütün məsuliyyətini
yüksək vəzifəli rəislərin, xüsusilə komandirlərin üzərinə qoyaraq bu təbliğatın
qarşısının alınması üçün aşağıdakı tədbirlərin görülməsini əmr edirəm: 1.
Adamlara bu təbliğatın bütün fəlakəti izah edilsin. 2. Bütün bolşevik təbliğatçılarının
Azərbaycanın qatı düşmənləri olduqları izah edilsin. 3. Bütün kazarmalara güclü nəzarət
edilsin və bolşevik təbliğatı aparan şəxslər dərhal həbs olunsunlar. 4.
Kazarmaların yerləşdiyi ərazilərdə heç bir kənar şəxsin oraya girə bilməməsi
üçün etibarlı növbətçilər olsunlar. 5. Hissələrin bütün rütbəli şəxslərinə elan
olunsun ki, bolşevizmə uyan şəxslər şəhərdən kənarlaşdırılacaq və qanunla ciddi
cəzalandırılacaqlar”.
Bu əmr əsasında elə həmin gün 2-ci piyada
diviziyası komandirinin və podpolkovnik Zeynalovun imzası ilə 5-ci piyada Bakı
alayının komandirinə belə bir əmr göndərilmişdi: "Hərbi nazirə məlumat çatmışdır
ki, əsgərlərin bir çoxu fəhlə klublarına və digər yerlərə gedir və burada
siyasi və hökumət əleyhinə bolşevik təbliğatının təsiri altına düşürlər. Belə
halı siyasətdən və partiyalılıqdan kənarda dayanmalı olan orduda yolverilməz
sayaraq, Zati Aliləri fəhlə klublarına və digər partiya dərnəklərinə getməyi
tamamilə qadağan etmək, Bakı şəhər sakini olan əsgərlərə xüsusi diqqət yetirmək
əmri vermişdir. Bu əmrin yerinə yetirilməsində günahkar olan əsgərlər məhkəmə
qarşısında ciddi məsuliyyət daşımaqla yanaşı, aşkar edilən kimi uzaq məsafələrə
göndəriləcəklər. Rəis şəxslər tabeçiliklərində olanlara daimi ciddi nəzarət etsinlər.
Axşam yoxlamalarından sonra rota və komandalarda növbətçilər əsgərlərin
hamısının yerində olmalarına nəzarət etməli, alay üzrə növbətçilər və onların
köməkçiləri isə tez-tez rota və komandaları gəzib şəxsi heyətin sayını yoxlamalıdırlar. Xəbərdarlıq
edirəm, mənim tələblərmi yerinə yetirməyənlər vəzifədən kənarlaşdırılacaq və əmri
yerinə yetirmədiyinə görə məsuliyyətə cəlb olunacaqdır”. Diviziyanın müvəqqəti komandiri, qərargah rəisi
podpolkovnik Zeynalov.
Cümhuriyyət tarixinin ən unudulmaz hadisələrindən
biri də, Lənkəran qəzasının müxtəlif antiazərbaycan qüvvələrindən təmizlənərək,
idarəçiliyin Azərbaycan hökumətinə tabe etdirilməsində Səməd bəyin müstəsna xidmətləridir. Dünyaya göz açdığı bu dilbər diyarda
özünü "Muğan respublikası” adlandıran xəyanətkar
qüvvələrin və onlara bu işdə havadarlıq edənlərin
fəaliyyəti nəticəsində,
bölgənin 1919-cu ilin iyun ayına qədər müstəqil respublikanın hüdudlarından kənarda
qalması, Azərbaycanın bütövlüyü yolunda xidmət göstərməyi ən müqəddəs vəzifə borcu sayan Səməd bəyi ciddi narahat edirdi. O, Lənkəranı bolşeviklərin də daxil
olduğu qaragüruhun əlindən xilas etmək üçün əyninə general mundiri geyinib qayıtmışdı. O, 40 il əvvəl türk balaları
üçün əlçatmaz sayılan hərbi şöhrət və şücaətin ən yüksək zirvəsində dayanmışdı. Ancaq onun bütün bunlar barəsində
düşünməyə nə vaxtı, nə də həvəsi vardı. Ölkənin taleyi üçün hər günün deyil, hər saatın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda
başqa cür də ola bilməzdi.
‘‘Azərbaycan Respublikası hökumətinin iradəsi ilə mən
Lənkəran qəzasına, vətəndaş
müharibəsini birdəfəlik kəsmək, qayda-qanun yaratmaq, yerli əhalini zalımlardan və
qatillərdən qurtarmaq üçün dəstə göndərirəm. Azərbaycan qoşunları Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan bu yerin bütün millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin
müdafiəçisi
kimi gəlir.
Silahlı Qüvvələrin himayəsi altında ölkənin bütün sahələrinin idarəçiliyində təxirəsalınmaz
mülki idarəçilik tətbiq ediləcəkdir... Bununla yanaşı, xəbərdar edirəm ki, hər hansı komitə, yaxud "Muğan
respublikası” şəklində heç bir özbaşına təşkilatın olmasına yol verilməyəcəkdir.
Lənkəran qəzasında yalnız Azərbaycan Respublikasının hakimiyyəti tanınacaqdır və onun sərəncamlarını
yerinə yetirməyənlər qiyamçı kimi hərbi dövrün qanunlarına uyğun məsuliyyət
daşıyacaqlar. Xəbərdarlıq edirəm ki, rus əhalisinə qarşı heç bir qarətə və
zorakılığa
yol
verilməməlidir, çünki onlar da qəzanın digər millətlərinin nümayəndələri ilə bərabərhüquqlu
Azərbaycan Respublikasının
vətəndaşlarıdır... Öz növbəmdə mən dəstə rəisinə qoşunların əhaliyə heç bir zərər
verməməsi və mülki əhaliyə qarşı hər cür zorakılıq edənləri ciddi cəzalandırmağı
əmr etmişəm”. Bunlar, hərbi nazir S.Mehmandarovun Lənkəran qəzasının əhalisinə
4 iyun 1919-cu il tarixli müraciətindən götürülmüşdür (ARDA, f.894, s.10, iş.
124, v. 15-16).
Birinci müstəqillik
dövründə də gənc respublikanın ən çox narahatlıq doğuran bölgələrindən biri
Qarabağ bölgəsi idi. O zaman da ərazi iddiaları ilə Azərbaycanı müharibəyə cəlb
etməyə çalışan ermənilər İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarabağda kütləvi
qırğınlar törədir, həmin ərazilərdəki kəndlərin yerli türk, müsəlman əhalisini
öz dədə-baba yurdlarını tərk etmək məcburiyyəti qarşısında qoyurdular. Görünməmiş
vəhşiliklə həyata keçirilən bu soyqırımı aksiyalarında nəinki Andronik kimi
qaniçən cəlladlar, həmçinin Ermənistan hökumətinin tabeliyində olan hərbi qüvvələrin
bir çox nümayəndələri də iştirak edir, qədim türk yurdlarının talanmasında
xüsusi canfəşanlıq göstərirdilər. Ocaqları söndürülmüş yerli əhalinin Azərbaycanın
içərilərinə axışmaqdan başqa çarəsi qalmırdı.
Tiflişdən
general Sulkeviçin adına göndərilən 18 aprel 1919-cu il tarixli teleqram göstərir
ki, həmin illərdə ermənilər nəinki qədim Azərbaycan torpaqlarına, hətta Türkiyə
ərazilərinə göz dikmişdilər: "Soçi istiqamətində irəliləyən gürcülər zabitlərdən
ibarət könüllülər alayını əsir alıblar. Mənim tərəfimdən Aleksandropolsk dəstəsinin
rəisi general Ospyantsın əmri ələ keçirilmişdir. Bu əmrdə əhaliyə Qars vilayətinin
Ermənistanın tərkibinə bir hissə kimi daxil olduğu elan edilir. Hökumətin və
müttəfiqlərin sərəncamına uyğun olaraq, erməni hökumətinin iradəsi qanunsuz
sayılmışdır. Şayiələrə görə ingilislər ultimativ qaydada naxçıvanlılara Ermənistan
hakimiyyətini tanımağı təklif etmişlər. Naxçıvan əhalisinin etirazı ilə əlaqədar
ingilis zirehli maşını və erməni qoşunları hərəkətə başlamışdır. №1548. Əliyev”.
Məhz belə ağır
bir dövrdə Azərbaycan hökumətinin Qarabağda həyata keçirdiyi tədbirlərin
operativliyi və səmərəliliyindən çox şey asılı idi. Bununla əhalidə dövlətin
onları müdafiə etmək qüdrəti və qüvvəsinə malik olduğu inamı yaradıla,
torpaqlarımızın boşaldılmasının qarşısı alınardı. Əlbəttə, gənc hökumət qeyd
edilən sahədə az iş görməmişdi və bu işdə Qarabağın general-qubernatoru Xosrov
Paşa Sultanovun da kifayət qədər böyük xidmətləri olmuşdur. Oxucuların diqqətini
Qarabağa hökumət adamlarımız tərəfindən necə böyük diqqət yetirildiyini göstərən
bir fakta cəlb etməklə kifayətlənirik.
Baş Nazir
N.Yusifbəylinin və hərbi nazir S.Mehmandarovun Qarabağa gəlmələri haqqında məlumat
verən "Azərbaycan” qəzeti 3 avqust 1919-cu il sayında yazırdı: "Qarabağın həyatında
daha əlamətdar bir hadisə - bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ
özünün ən əziz və sevimli qonaqlarını - Gəncə qubernatoru Rəfibəyovun müşayiət
etdiyi Baş Nazir N.Yusifbəylini və hərbi nazir S.Mehmandarovu qəbul etmək
sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların
paradı oldu. Paradı baş nazir N.Yusifbəyli qəbul etdi... İyulun 30-da əziz
qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən
duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada
ruhanilər və əhali tərəfindən nitqlər söyləndi. Cavab nitqi söyləyən baş nazir
müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən
danışaraq, qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil”.
Bu günə qədər Səməd
bəy haqqında yazan müəlliflər (Ə.Şıxlinski "Xatirələrim”, SSRİ EA 1944, Hacıağa
İbrahimbəyli - Səməd bəyi yaxından tanıyan bir şəxs olub və mayor rütbəsinədək
yüksəlib "Səməd bəy Mehmandarov” 1946-cı il) onun ümumxalq, ümumdövlət işinə
necə məsuliyyətlə yanaşdığını, hətta bu məsələlər ən yaxın, ən doğma adamlarına
aid olduqda belə, heç bir güzəştə getmədiyini dəfələrlə qeyd ediblər. Belə məqamlardan
biri haqqında Azərbaycanda ilk müstəqil xüsusi xidmət orqanı - "Əksinqilab ilə
mübarizə təşkilatı”nın sədri Nağı bəy Şıxzamanlı Türkiyədə mühacirətdə olduğu
zaman qələmə aldığı xatirələrində söhbət açıb. Bakıda tutulan general Denikinin
agenti kapitan Starkov onda tapılan hərbi sənədləri guya general
S.Mehmandarovun nəvəsinin mürəbbiyəsi vasitəsilə əldə etdiyini bildirir. Bunun
həqiqiliyini yoxlayan Nağı bəy vəzifəsini yerinə yetirərək, Müdafiə Komitəsinə
raport təqdim edir və məsələ barəsində hökumət rəhbərliyinə müvafiq məlumat
çatdırır:"Komitəyə
verdiyim raport oxunduqda, general Mehmandarov çox əsəbiləşdi. Ertəsi gün idarədə
kabinetimin pəncərəsindən baxarkən general Mehmandarovun avtomobilinin idarəmizin
önündə durduğunu gördüm. Onu dərhal qapıda qarşıladım. Çox əsəbi görünürdü.
Oturmaq istəmədi. Məndən "Nağı bəy, siz bu alçağın məlumatına inanırsınızmı?”
deyə soruşdu. Mən də "Paşam, sənədi verəni gizlətmək üçün yüzbaşı Starkov mürəbbiyə
məsələsini uydurmuşdur. İcazənizlə iki günə qədər məsələni tamamilə
aydınlaşdıracağam. Ancaq, qərargah zabitlərindən istədiyimi nəzarət altına ala
bilmək üçün indidən icazənizi istəyirəm” cavabını verdim. General Mehmandarov
"Bu milli və istiqlalımızla bağlı bir işdir. Kimi istəyirsiniz onu da nəzarət
altına ala bilərsiniz. Bir də məndən icazə istəməyin. Ancaq mən bu alçağı görmək
istəyirəm” dedi. Starkov içəri gəldi və generalı görən kimi diz çöküb ona
yalvarmağa başladı. General bu mənzərə qarşısında "Alçaq, qorxaq, cəzan
ölümdür. Sənin kimi şərəfsiz və qorxaq bir yüzbaşını rus ordusunda ilk dəfə
görürəm” dedi və mənimlə vidalaşıb getdi. Yüzbaşı isə hələ də diz çökmüş vəziyyətdə
qalırdı.”
Səməd bəyin müstəqil
respublikanın hərbi naziri kimi genişmiqyaslı fəaliyyətinə və göstərdiyi tarixi
xidmətlərə şahidlik edən yüzlərlə arxiv sənədi, zəmanəsinin görkəmli şəxsiyyətlərinin
onun haqqında yazdığı xatirələr və başqa materiallar var. Yəqin ki, bütün bunlar
barəsində gələcək tədqiqatçılar daha ətraflı söhbət açacaq, onun nəsillərə
nümunə olan həyatı və əməllərini doğma xalqına hərtərəfli çatdıracaqlar. Əlbəttə,
1920-ci ilin aprel işğalı ilə Azərbaycanın müstəqil dövlətinə qəsd edilməsəydi,
Səməd bəyin cəmi il yarım çəkmiş nazirlik fəaliyyəti davam edər, o, güclü və
mütəşəkkil ordu yaratmaq sahəsindəki planlarını daha dolğun şəkildə reallaşdıra
bilərdi. Aprel işğalı nəinki onun və dostu Əliağa Şıxlinski kimi hərbi
dühaların, həmçinin gənc dövlətin özü kimi gənc sərkərdələrinin də arzularını
yarımçıq qoydu. Aralarında xarici ölkələrə mühacirət edənlər, bolşevik gülləsinə
tuş gələnlər və repressiyanın başqa formalarına məruz qalanlar oldu. O və dostu
Əlağa Şıxlinski üçüncü qrupa düşdülər. Hər ikisi bir müddət həbs edilərək,
bolşeviklərin cəza üsullarını gördülər.
Səməd bəy
Mehmandarov 1920-ci il iyunun 3-də həbs edildi Ancaq bu gözlənilən aksiyanın
reallaşdırılması üçün işğaldan ötən müddət ərzində bir neçə hazırlıq tədbiri
görülmüşdü. Bunlardan biri 11-ci ordunun 5-ci Bakı alayının hərbi komissarının
11-ci ordu hərbi şöbəsinin rəisinə yazdığı məlumat idi. Həmin məlumatda
deyilirdi: "Məruzə edirəm ki, 1 iyun 1920-ci ildə mənim tərəfimdən alayın məxfi
kağızlar yeşiyi açılmış və həmin kağızların arasından hələlik 399, 88, 96 saylı
kağızlar tapılmışdır. Onları sizin sərəncama göndərirəm.”
Bu sənədlər 5-ci
alayın hərbi rəhbərliyin tapşırığı ilə bolşevik təhlükəsinə qarşı hansı tədbirlər
gördüyünü, yaxud görməyi planlaşdırıldığını sübuta yetirirdi. Artıq yeni hökumətin
utanmadan əksinqilab adlandırdığı bu hərəkətlərin arxasında əslində müstəqil
dövlətin özünü təxribat xarakterli təbliğatlardan qorumaq kimi tam qanuni tələbi
dayandığına açıq-aydın göz yumulurdu. "Çeka”nın "bolşeviklər təqib ediliblər,
deməli qatı cinayətə yol verilib” məntiqi istənilən şəxs barəsində istənilən
hökmün çıxarılmasına əsas verirdi.
İkinci bu tipli
sənəd yeni hökumətin hərbi dəniz komissarı Çingiz İldırım tərəfindən 11-ci
ordunun xüsusi şöbə rəisi Pankratova göndərilib. Özü də birincidən fərqli
olaraq, burada keçmiş hərbi xadimlərin ciddi cəzalandırılmasına açıq təhrik
ifadə edilib:"Yoldaş
Pankratova. Mənim teleqramlarıma və məlumatlarıma baxmayaraq, keçmiş hərbi
nazir Mehmandarov və Bakı komissarının köməkçisi Azad Vəzirov hələ də
azadlıqdadırlar. Yuxarıda göstərilən şəxsləri təcili həbs etmək, keçmiş polis
Mirzəyevin qohumu, qatı müsavatçı Axundov İbrahimi tutub saxlamaq barədə tədbir
görün. Hərbi Dəniz komissarı İldırım”.
Artıq heç bir
qüvvə Səməd bəyi həbs olunmaqdan qurtara bilməzdi. Nə qarnizon rəisinin 18 may
1920-ci il 10 saylı əmri ilə verilmiş şəhadətnamə, nə də komendantın vəsiqəsi:
"Bu sənədi təqdim edən vətəndaş Mehmandarova 27139 №-li "Naqan” tapançasını
saxlamağa və üstündə daşımağa icazə verilir. Əsas: Qarnizon rəisinin 18 may 1920-ci
il 10 saylı əmri”. Bakı şəhər komendantından 22 may 1920-ci ildə verilən vəsiqə:
"... vətəndaş Mehmandarov mənim tabeliyimdə olan idarədə 232 №-li qeydiyyat
kitabçasında qeydiyyatdadır. Bakı şəhəri və onun rayonlarının komendantı - hərbi
komissar”.
Artıq daha yüksək
məqamdan başqa tələb irəli sürülmüşdü və komissarın bu tələbi Azərbaycan SSR
Fövqəladə Komissiyası tərəfindən məmnuniyyətlə yerinə yetirildi. 226 saylı
orderlə 3 iyun 1920-ci ildə komissar Vekeşpevə Mehmandarovun mənzilinin
axtarışı və həbs edilməsi həvalə olundu”.
Sənədin
arxasında həmin komissarın qeydi var: "Məhbusu qəbul etdim”.
4 iyun 1920-ci
ildə Kains Vekeşpev tərəfindən həbs edilmiş 64 yaşlı Azərbaycanın hərbi naziri,
tam artilleriya generalı Səməd bəy Mehmandarov həbsxanada Safronov tərəfindən qəbul
edilir və Az.SSR FK-nm 953 saylı həbs kağızı təqdim olunur.
Elə həmin gün
226 saylı order əsasında Orlovsk küçəsi 116 №-li evdə yaşayan Mehmandarovun mənzilində
"yol. Kamyatina və Feoktistovun iştirakı ilə” axtarış aparılıb və axtarış
zamanı aşağıdakılar aşkarlanaraq FK-ya aparılıb: "Brauninq” tapançası №19294,
"Naqan” №27139, yeddi ədəd güllə ilə birlikdə müxtəlif cür sənədlər və
yazışmalar, foto kartoçkası və paqonlar”.
Bu gün DTX
arxivində saxlanılan Səməd bəy Mehmandarov haqqında istintaq işində belə bir
qeyd var: "Azərbaycanın keçmiş hərbi naziri Mehmandarov Səməd Sadıq oğlunun işi
№ 485, 11-ci ordunun Hərbi İnqilabi Şurası yanında xüsusi şöbə. 4 iyun 1920-ci
il. 30 iyul 1920-ci il”.
Başqa sənədlərdən
isə aydın olur ki, istintaq işi həbs aksiyasından 14 gün sonra, 17 iyun 1920-ci
ildə Az.SSR FK-nın 577 saylı işi kimi başlamış, 18 avqust 1920-ci ildə isə
indiki sayla qeydə alınaraq, davam etdirilmişdir.
Əslində Səməd bəyin
və keçmiş hökumətdə yüksək vəzifə tutmuş bir neçə başqa görkəmli hərbi və
siyasi xadimin həbsində təəccüblü heç nə yox idi. Bu hakimiyyət dəyişikliyi ilə
əlaqələndirilməkdən başqa, həmin ərəfədə baş vermiş çox mühüm bir hadisə - Gəncə
üsyanı ilə də bağlı ola bilərdi. 1920-ci ilin may ayının sonlarında olmuş həmin
üsyanda bolşeviklər on min nəfərə yaxın itki vermişdilər və sonrakı ərəfədə belə
kütləvi çıxışların başqa ərazilərdə gözlənilməsi barədəki məlumatlar həbs tədbirlərini
tam əsaslandırırdı. İstintaqın başlıca məqsədi Səməd bəyin və başqalarının bu
üsyanla nə dərəcədə əlaqəli olduqlarını aydınlaşdırmaqdan və ən kiçik əlaqə
ehtimalı aşkarlandığı halda, onu istənilən vasitə ilə sübuta yetirməkdən ibarət
idi. Əlbəttə, bu ehtimal doğrulmadığı təqdirdə, ehtiyatda kifayət qədər başqa
ittihamlar vardı və hökumətin hərbi naziri olmuş bir şəxsin nədəsə günahkar
olduğunu aşkarlamaq üçün rəsmi sənədləri bir-iki gün araşdırmaq yetərli idi. Təkcə
orduda bolşevik təhlükəsinə qarşı tədbirlər görülməsinə aid belə sənədlər isə
onlarla idi və onlardan bir neçəsini oxucunun diqqətinə çatdırmışıq. Yeni
faktlara, yaxud şahid ifadələrinə gəlincə isə FK heç bir korluq çəkmirdi. Müstəqil
Azərbaycanın dövlət adamlarım ittiham etməyə istənilən qədər erməni, rus şahidi
həvəslə ifadə verirdi. Əlbəttə, bu prosesdən əksəriyyəti bolşevik təbliğatına
uymuş, yaxud da şəxsi-qərəzlik prinsipi ilə intiqam aldığını düşünən bəzi azərbaycanlılar
da kənarda qalmırdılar. Ancaq nədənsə, Səməd bəylə bağlı bu üsullardan çox cüzi
istifadə olunub. Bəlkə də bu, generalın müəyyən müddətdən sonra Moskvaya
aparılaraq, azadlığa buraxılması ilə əlaqədar olub. Yaxud inandırıcı olmasa da,
belə yüksək səviyyəli bir hərbçiyə qarşı primitiv üsullarla ittiham irəli sürməkdən
çəkiniblər.
Mehmandarovun daha çox Gəncə üsyanı ilə
bağlılığının dəqiqləşdirilməsi məqsədilə həbs edildiyini iki fakt da sübuta
yetirir. Bunlardan birincisi və təkzibedilməzi N.Nərimanovun Leninə 1 avqust
1920-ci ildə yazdığı 2 səhifəlik şəxsi məktubudur: "Əziz Vladimir İliç! Gəncə
üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdı. Bu məktubu
Sizə təqdim edən məşhur general Mehmandarov və Şıxlinski də onların içərisində
idi. Diqqətli yoxlama nəticəsində məlum oldu ki, generalların üsyanla əlaqəsi
olmamışdır. Lakin mövqeyimiz sakitləşənə qədər və ümumi işimizə kömək məqsədilə,
biz hər halda, bu qərara gəldik ki, generalları qərargahda işləmək üçün Sizin sərəncamınza
göndərək, çünki onlar, hərbi mütəxəssislər olmaq etibarı ilə əvəzsizdirlər.
Onlardan biri Şıxlinski Nikolay ordusunda "artilleriyanın Allahı” sayılırdı.
Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər, sonra Sizdən xahiş
edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsəniz.
Bu müddətdə onların qayğısına qalmaq lazımdır. Kommunist salamı ilə N. Nərimanov”.
Göründüyü kimi,
məktubda Azərbaycanın hər iki generalının Gəncə üsyanında iştiraklarının
olub-olmadıqlarının müəyyənləşdirilməsi məqsədilə həbs edildikləri göstərilir.
İkincisi,
istintaq işində saxlanılan Azərbaycan 1-ci piyada diviziyasının (general Cavan
Şıxlinskinin komandanlığı altında) qərargah rəisi Vasili Nikolayeviç Sokolovun
istintaq işidir. Onun həbsi ilə bağlı qərarda deyilir:"Mən 11-ci
ordunun xüsusi şöbəsinin baş müstəntiqi Qubin 20-ci atıcı diviziyanın qərargah
rəisi Könüllü Ordunun generalı ilə əlaqəyə girməkdə günahlandırılan
V.N.Sokolovun istintaq işinə baxaraq müəyyən etdim: Baş qərargahın polkovniki
Sokolov bütün vətəndaş müharibəsi ərzində daim Gəncə üsyanını təşkil və ona rəhbərlik
edən Cavan Şıxlinskinin başçılıq etdiyi Azərbaycan ordusu 1-ci piyada diviziyasının
qərargah rəisi olub. Gürcüstandan general İrmanovun Əliağa Şıxlinski və Mehmandarova
ünvanladığı məktub 1-ci piyada diviziyasının qərargahına daxil olub, burada
gerbli möhürlə məxfi xidməti məktub şəklinə salınmış və bu şəkildə ünvanına
göndərilmişdir. Bu işdə möhürün yalnız onda saxlandığı nəzərə alınmaqla,
Sokolovun iştirakı şübhəsizdir. Ona görə də Sokolova qarşı irəli sürülən
ittihamı qüvvədə saxlamağı düzgün sayıram. Müttəhim Sokolovun ÜFK XŞ-nə göndərilən Mehmandarovun və Şıxlinskinin fəaliyyəti
ilə tanışlığını və hərbi işi bildiyi halda, 11-ci orduda və Azərbaycan qırmızı
hissələrində xidmət göstərmək istəmədiyini nəzərə alaraq, qərara gəldim: Vasili
Nikolayeviç Sokolov 575 №-li işlə birlikdə UFK-nın sərəncamına göndərilsin”. Sənədin
üstündə 11-ci ordu xüsusi şöbəsinin rəisi Pankratovun razılaşdığını bildirən
qeyd var.
Müstəntiq
Qubinin 1920-ci il 29 iyun tarixində casusluqla bağlı ittiham olunan
Şahtaxtinski İlyas Əliqulu oğlunu dindirərək tərtib etdiyi protokolda belə bir
qeyd var: "Hərbi nazir Mehmandarov haqqında deyə bilərəm ki, o da bolşeviklərə
və sovet hökumətinə pis münasibət bəsləyirdi. Mən bunu onunla bağlı deyirəm ki,
mən bolşevikləri Mehmandarovun şəxsi əmri ilə həbs etmişəm və onları tək çörəklə
suyun ümidinə qoymuşam. Həmçinin Mehmandarovun əmri vardı ki, bolşevik fəaliyyəti
ilə azacıq əlaqəsi olanları həbs edib ciddi rejim altında saxlamaq...”
Bütün bunlardan
sonra əlində kifayət qədər dəlil-sübut topladığını güman edən müstəntiqi Qubin
iyul ayının 29-da 11-ci ordu xüsusi şöbəsinin istintaq materialları əsasında qərar
verir: "Mən keçmiş Azərbaycan Respublikası hərbi naziri, tam artilleriya
generalı, 64 yaşlı Səməd Sadıq oğlu Mehmandarovun işinə baxaraq müəyyən etdim:
yuxarıda adı çəkilən vətəndaş Mehmandarov əksinqilabi Müsavat partiyasının vəzifəyə
qoyduğu adamdır və 399 №-li əmrdən göründüyü kimi onu müdafiə etməklə, orduda
bolşevizmin aradan qaldırılması üçün həmin partiyanın qarşısında duran vəzifələri
həyata keçirmişdir. Mehmandarovun əksinqilabi fəaliyyəti, yaxud Azərbaycanda
sovet hakimiyyətinin devrilməsi məqsədilə törədilən hadisələrə aidiyyəti barədə
digər məlumatlar yoxdur. Bunu nəzərə alaraq qərar gəldim: vətəndaş Səməd Sadıq
oğlu Mehmandarov keçmiş hərbi nazir kimi ÜFK xüsusi şöbəsinin sərəncamına göndərilsin”.
Sənədin üstündə
Pankratovun qeydi var: "Qərar təsdiq olunur əksinqilabi hökumətin naziri kimi
göndərilir”.
Moskvaya göndərilən
Mehmandarov doldurduğu sorğu vərəqində "1914-cü il müharibəsinə qədər nə işlə məşğul
olub” sualına cavabda "21-ci piyada diviziyasının rəisi, müharibədən fevral
inqilabına qədər 2-ci Qafqaz korpusunun komandiri və dəfələrlə birləşmiş
korpuslar komandiri, 1917-ci ilin avqustundan 1918-ci ilin yanvarın 1-nə qədər
Alekesandrovski yaralılar komitəsinin üzvü olduğunu” göstərir, gedişinin səbəbi
kimi Az.SSR hərbi komissarı tərəfindən RSFSR İnqilab Şurasına ezam olunduğunu
bildirir və bütün bunlardan sonra isə yazırdı: "Sənədlərim Xüsusi Şöbədədir”.
Əlavə şərhə
ehtiyac yoxdur. Moskvaya göndərilərkən Səməd bəyə və ailə üzvlərinə İnqilabi
Komitənin müvafiq vəsiqələri təqdim edilir. Çünki ən qısa müddət ərzində
bolşeviklər ölkədə elə sərt tədbirlər görmüşdülər ki, vətəndaşlar əllərində
pasportları, başqa sənədləri olduğu halda, bu komitə tərəfindən şəxsiyyətini təsdiqləyən
vəsiqələr olmadan, daimi yaşayış yerini dəyişə, başqa yerə gedə bilməzdilər.
Artıq o qədər də uzaq olmayan gələcəkdə, dünyanın 1/6-də tətbiq ediləcək əhalinin
ümumi nəzarət altında saxlanılması, kütləvi izlənilməsi kimi repressiv metodlar
həyata ilk vəsiqəsini almaqda idi.
S.Mehmandarov
ÜFK Xüsusi İdarəsi komendantlığı tərəfindən 18 avqust 1920-ci ildə qəbul edilib
və bu vaxt onun üstündən hansı əşyaların çıxdığı barədə qeyddə "qızıl qolbağı
ilə birlikdə, qızıl saat” olduğu göstərilib.
1 oktyabr
1920-ci ilə aid 346 saylı agentura qeydindən isə aydın olur ki, hər iki general
Moskvaya hərbi müşayiətlə deyil, sərbəst gəlmişlər. "Alınmış arayışlara görə, vətəndaşlar
Mehmandarov və Şıxlinski Moskvaya gələn kimi həbs edilib, Butırsk türməsinə
göndərilmişlər. Hazırda onların harada olduqları bilinmir”.
Onlar isə ÜFK
Xüsusi Şöbəsində saxlanılırdılar və bunu 10 oktyabr 1920-ci ildə həmin şöbəyə
Az.SSR-in fövqəladə nümayəndəsi tərəfindən göndərilən məktub da sübut edir:
"Xahiş edirəm, mənim katibim Şahbazova hərbi işin mütəxəssisi kimi Bakıdan Moskvaya
göndərilən Az.SSR vətəndaşları Əliağa Şıxlinski və Səməd Mehmandarovun iºlərinin
vəziyyəti barədə məlumat verməkdən imtina etməyəsiniz. Fövqəladə Səlahiyyətli
nümayəndə B.ªahtaxtinski”
Haşiyə çıxıb
qeyd edək ki, bir diplomat kimi tanınmış Behbud ağa Şahtaxtinski 1881-ci ildə məşhur
Şahtaxtı kəndində anadan olmuşdur. O, 1917-18-ci illərdə Bakı Soveti İcraiyyə
Komitəsinin, Bakı XDS fövqəladə komissiyasının üzvü, "Hümmət” təşkilatı mərkəzi
komitəsinin sədri olmuş, sovetləşmədən sonra xalq ədliyyə komissarı, eyni
zamanda Azərbaycanın RSFSR-dəki fövqəladə səlahiyyətli nümayəndəsi işləmişdir.
Daha sonra isə Türkiyədə Azərbaycanın səlahiyyətli nümayəndəsi və Sovet-Türkiyə
danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1920-ci il
sentyabrın 30-da RSFSR və Azərbaycan arasında hərbi iqtisadi ittifaq haqqında
müqaviləni Leninlə birgə B.Şahtaxtinski imzalamışdır.
Bəli, başqa cür
də ola bilməzdi. Azərbaycan milli hökumətində hərbi nazir və onun müavini işləmiş
şəxslərə, onların ordu quruculuğunda istər nəzəri, istər təcrübi baxımdan əvəzsiz
hərbi dühalar olduqları etiraf edilsə belə, səviyyələrindən qat-qat aşağı vəzifələrin
etibarı mümkün deyildi. Səməd bəy Mehmandarov həbsxanada saxlanılarkən guya ona
hörmət əlaməti olaraq mundirinin və ordenlərinin gətirilməsinə, xalça verilməsinə
mane olmamağı tapşırmaqla, bu şəxsiyyətin böyüklüyü qarşısında nə qədər cılız
göründüklərini başa düşürdülər. Ancaq Azərbaycanın müstəqilliyi yolundakı
tarixi xidmətləri barədə düşünəndə, yeni hakimiyyətin nəzərində Səməd bəyin
bolşevik düşməni olduğunu dəlil-sübutsuz təsdiqləyən bu faktı yada salanda, onu
nəinki vəzifələrə yaxın buraxmaq istəmir, hətta əllərində imkan olsa, ən ağır cəzaya
layiq görmək istəyirdilər. Elə bunun nəticəsi idi ki, Səməd bəy dünyasını dəyişdikdən
xeyli sonra da onun yeganə oğlu İqoru incidir, sanki atasının intiqamını
almaqlarından həzz duyuldular. Halbuki Azərbaycan milli dövləti çar ordusunda
xidmət göstərmiş generala etibar edib, ölkənin müdafiəsi sahəsində ən məsul
postu ona tapşırmışdı.
3-cü Sibir
korpusunda artilleriya rəisi təyin edildiyi 1908-ci ilin 18 noyabrında oğlunun
dünyaya gəlməsindən hədsiz şad olan Mehınandarov, onun adını Pir qoyub, sonra isə
bu ad dəyişdirilərək İqor edilib. Səməd bəy 1915-ci ildə 2-ci Qafqaz korpusunun
komandanı təyin ediləndə İqorun yeddi yaşı, Azərbaycanın ikinci hökumətində
nazir olanda 10, həbs olunanda isə cəmi 12 yaşı vardı və təbii ki, bu yaşda
uşağın atasının fəaliyyətində hansı şəkildəsə iştirakı qeyri-mümkün idi. Ancaq
NKVD cəlladları üçün bütün bunların heç bir əhəmiyyəti yox idi, əhəmiyyətli
olansa, onun kimin oğlu olması, yeri gəlsə, hətta əsli-kökü idi.
Pirin xatirələrindən:
"Atamdan sonra tez-tez anamı və məni "çeka”ya çağırırdılar. Min cür hədələyici
suallar verirdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi döyüb
incidirdilər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı məni niyə
döyürsünüz? Verdiyiniz sualların cavabını mən həqiqətən də bilmirəm, yalandan nə
deyim? Mənim günahım nədir?
- Günahınız
ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməyibsiniz.”
Butırsk həbsxanasının
rəisinə 3 noyabr 1920-ci ildə 1512 saylı talon göndərən ÜFK-nm xüsusi şöbəsi
"bu sənədi alan kimi Səməd bəy Mehmandarovu təcili həbsdən azad edin” tapşırığı
verir. Həbsdən buraxılan keçmiş hərbi nazir 1921-ci ilin payızında Moskvadan
Bakıya qayıdır. Elə həmin il Səməd bəy Mehmandarov Azərbaycan SSR hərbi-dəniz
komissarlığında məsləhətçi vəzifəsində işləmiş, 1924-cü ildən 1927-ci ilin
axırına qədər isə Azərbaycan hərbi məktəbində və Zaqafqaziya hərbi-piyada məktəbində
dərs demiş, həmçinin Bakı Zabitlər evində fəaliyyət göstərən "Hərbi-Elmi Cəmiyyət”in
sədri olmuşdur. 1928-ci ildə istefaya çıxan Azərbaycanın ilk və son ordu
generalı, dalbadal dörd hökumətdə hərbi nazir postunu tutmuş Səməd bəy Mehmandarov
1931-ci ilin fevral ayında Bakıda vəfat etmişdir.
Xalqımız
qarşısında müstəsna xidmətlər göstərmiş, hərb tariximizə parlaq səhifələr
yazmış Səməd bəy Mehmandarovun 160 illik yubileyi 2015-ci ildə dövlət səviyyəsində
qeyd olunmuşdur.
Lətif Şüküroğlu,
tarix üzrə fəlsəfə
doktoru
