• cümə, 02 May, 07:15
  • Baku Bakı 13°C

Azərbaycanın ilk liseyi - Bir məktəbin tarixi

13.04.15 13:06 32065
Azərbaycanın ilk liseyi - Bir məktəbin tarixi
“Gənclik” metro stansiyasının yaxınlığında yerləşən “Məktəb-Lisey Kompleksi” Nərimanov rayon İcra Hakimiyyətinin 17.12.92-ci il tarixli 3408 saylı sərəncamı, Təhsil Nazirliyinin 26.01.93-cü il tarixli 11/54 saylı əmrinə əsasən yaradılıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 13 may 2013-cü il tarixli 159 saylı əmrinə əsasən “Məktəb-Lisey Kompleksi” adlanır. Kompleks Azərbaycanda fəaliyyətə başlayan ilk lisey kimi tanınır. Akademik Fərəməz Maqsudovun ideyası ilə açılan kompleks əvvəlcə “İstedadlar liseyi” adlanıb. Sonradan N.Nərimanov rayonundakı 43 saylı məktəb ləğv edildikdə liseyin adı olmadığından 43 saylı lisey adlanmağa başlayıb. Kompleksə daxil olan 200 saylı tam orta məktəb isə məzunu - Milli Qəhrəman Gültəkin Əsgərovanın adını daşıyır. Sonradan kompleksə 80 saylı uşaq bağçası da birləşdirilib. Beləcə “Məktəb-Lisey-Bağça Kompleksi”nin tərkibində 43 saylı lisey, 200 saylı məktəb və 80 saylı uşaq bağçası fəaliyyət göstərib. İki il əvvəl isə bağça məktəbdən ayrılıb və yenidən təhsil ocağı “Məktəb-lisey kompleks” kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda kompleksə 43 saylı lisey və 200 saylı tam orta məktəb daxildir.
Məktəb-Lisey Kompleksi Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı üzrə işləyir. Kompleksin pedaqoji kollektivi Azərbaycan Respublikası üçün layiqli vətəndaş yetişdirmək istiqamətində iş aparır. Təhsil ocağı 2008-ci ildə "İlin məktəbi" müsabiqəsində qalib gəlib.
2005/2006-cı dərs ilindən başlayaraq kompleksdə inkluziv təhsil həyata keçirilir.
Pedaqoji kollektiv "Məktəb uşağın dostudur" devizi altında çalışır. Hazırda xüsusi qayğıya ehtiyacı olan 67 uşaq kompleksin şagird kontingenti sırasındadır.
2012-ci ildə kompleksin bir binası təmir olunub. 2013-cü ildə kompleksdə daha bir tədris binası tikilib.
Kompleksdə çalışan müəllimlərin sayı 253 nəfərdir. Onlardan 12 nəfəri dövlət təltifləri və “İlin müəllimi” adını alıb, 10 nəfəri elmi dərəcəlidir. Kompleksdə bir elmlər doktoru çalışır.
Məktəbdə rus və Azərbaycan sinifləri üzrə 3162 şagird təhsil alır. Belə ki, ümumi tədris planı ilə işləyən siniflərin məktəb bölməsində (6-17 yaş), Lisey bölməsi üzrə (14-17 yaş), həmçinin Riyaziyyat yönümlü siniflər, Kimya-biologiya yönümlü siniflər fəaliyyət göstərir.
Kompleksin siniflərində orta sıxlıq – 28 şagirddir. I sinfə qəbul olunanların ümumi sayının 57 %-i kompleksin ərazisindən kənardan gələnlər təşkil edir. Bu da kompleksə şagird axınının yüksək olduğunu göstərir.
Kiçik yaşlarından müxtəlif sahələr üzrə xüsusi qabiliyyət göstərən uşaqlarla işin təşkilinə kompleksin psixoloqu nəzarət edir. Xüsusi ayrılmış jurnalda uşaqların fərdi xüsusiyyətləri haqqında psixoloq hər il qeydlər aparır.
Pedaqoji kollektivin səyi nəticəsində bu sahədə 19 metodiki tövsiyə, dərs dinləmə cədvəlləri, uşaqların inkişaflarını izləyən şkala hazırlanıb, prolanq bank yaradılıb.
Pedaqoji kollektiv tərəfindən hazırlanan müxtəlif formal yoxlama işləri təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. Hər ay keçirilən dəyirmi masalar, müəllimlər üçün treninqlər, şagird elmi cəmiyyətinin hesabatları, “İnsan təbiət”, İnsan-idman”, “İnsan-insan”, “İnsan-mədəniyyət” laboratoriyalarının bu və ya digər formada hesabatları şagirdlərlə işin səmərəli qurulmasına və təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdəndir.
Kompleksin lisey bölməsində ixtisaslaşma riyaziyyat və kimya-biologiya üzrə aparılır. Bu siniflərə şagird-valideyn-direktorun ümumi rəyi nəzərə alınmaqla şagirdlər seçilir.
Riyaziyyat yönümlü siniflərdə üstünlük təşkil edən fənlər riyaziyyat, fizika, coğrafiya, ana dili və ingilis dilidir. Bundan əlavə, həmin siniflərdə informatikanın, Azərbaycan tarixinin tədrisinə xüsusi diqqət yetirilir.
Kompleksin qabaqcıl müəllimlərinin Azərbaycan İqtisad Universitetinin əməkdaşları ilə birgə hazırladıqları proqramlar əsasında «Biznes etikası», «Marketinq», «Dünya iqtisadiyyatı» fənləri də tədris edilir. Əlavə dərs vəsaiti kimi "Tətbiqi iqtisadiyyat " kitablarından istifadə olunur.
Kimya-biologiya yönümlü siniflərdə üstünlük təşkil edən fənlər ana dili, kimya, biologiya, fizika, ingilis dilidir.
Kimya-biologiya siniflərində tədris olunan xüsusi fənlər-“Azərbaycanın flora və faunası”, “Azərbaycanın dərman bitkiləri”dir. Həmin fənlərin proqramı kompleksin müəllimi X.Orucova tərəfindən tərtib edilib.
Kompleksdə hər ay fənn aylığı keçirilir.
Son 2 ildə kompleksi “Qızıl medal”la 6 məzun bitirib. Həmçinin kompleksin 600-dən yuxarı bal toplayan 27 məzunu,
Prezident təqaüdçüsü olan 6 məzunu var.
Kompleksin 7 sinfi tam müasir elektron avadanlıqla təchiz olunub.
Kompleksin müasir avadanlıqla təchiz edilən kimya, biologiya, fizika laboratoriyaları var.
Kompleksdə 2002-ci ildən Heydər Əliyev muzeyi fəaliyyət göstərir.
Kompleksdə “Ədəbi salon”, "Xor dərnəyi", "Teatr studiya” da var.
Biologiya, riyaziyyat, tarix fənn metod birləşmələri nəzdində "Şagird Elmi Cəmiyyəti” fəaliyyət göstərir.
Kompleksdə "İstedadların inkluziyası" layıhəsi aparılır. Kompleks Moskvada yerləşən bir sıra muzeylərlə, o cümlədən S.A.Yesenin Dövlət Muzeyi və Qazaxıstanın Çimkənd şəhərindəki 5 saylı məktəblə dostluq edir.
Kompleksdə mütəmadi olaraq şagirdlərinin görkəmli şəxsiyyətlərlə görüşləri keçirilir.

banner

Oxşar Xəbərlər