Azərbaycanın dövlət müstəqilliyinin kamil tərənnümçüsü - Əhməd Cavad
![Azərbaycanın dövlət müstəqilliyinin kamil tərənnümçüsü - Əhməd Cavad](https://kaspi.az/storage/posts/large/6237347648e66.jpg)
Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın (1892-1937) yaradıcılığı
Azərbaycan dövlətçiliyinin, o cümlədən Xalq Cümhuriyyətinin tərənnümü
baxımından çox zəngindir. Dövlət müstəqilliyinin əldə olunmasından yaranan
milli qürur, sevinc və fəxarət duyğuları milli Azərbaycan poeziyasının nəhəng
siması, Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Əhməd
Cavadın yaradıcılığında əsas yeri tutmaqla ədəbiyyatımızda yeni milli poeziya
məktəbi yaradır.
Dövlət müstəqilliyinin əldə olunmasından yaranan yüksək
əhval-ruhiyyə, mənəvi toxtaqlıq, müstəqillik duyğuları, azadlıq sevgisi və
vətən məhəbbəti bu dövrdə yaranan milli poeziya nümunələrində özünə geniş yer
tapır ki, Azərbaycan poeziyasının mükəmməl ustadlarından olan Əhməd Cavad
yaradıcılığı bu poeziyanın ən gözəl örnəyini təşkil edir. Bu qüdrətli və
vətənpərvər şair Azərbaycanın ilk dövlət himninin sözlərini yazır, dövlət
atributlarını vəsf və tərənnüm edir, dövlətçiliyə məhəbbət və vətənə bağlılıq
hisslərini təbliğ edir. Prof. Yaşar Qarayev haqlı olaraq yazır ki:
""Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.
...Üçrəngli
poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur”. Bu baxımdan görkəmli
Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnüm
dolu nümunələri ilə fərqlənir. Əhməd Cavad o şairdir ki:
Soranlara mən buyurdum
Anlatayım nəçiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm –
deyə özünü mənsub olduğu xalqının və ölkəsinin "haqq səsini bağıran”
ruporu hesab etmişdir. Yaradıcılığının bu xüsusiyyətlərinə görə Ə.Cavad həm də
milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnüm edən yaradıcı
sənətkarların ağsaqqalı və başçısı hesab olunur. Qəlbi vətən eşqi ilə yanan bu
böyük sənətkar əsərlərində vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli
duyğuları dilə gətirmiş, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri
gündəmə çıxarmışdır. Bu hislərlə ədəbiyyata gələn Əhməd Cavad "haqq bağıran
səsi” olduğu ölkəsinin dövlət müstəqilliyi əldə etdiyi illərdə bu müstəqilliyin
tərənnümçüsünə çevrilmiş, dövlət rəmzlərinə ən çox şeir qoşan və bu
müstəqilliyin verdiyi qüruru daha çox tərənnüm və təbliğ edən şair kimi özünü
təsdiq etmişdir. Şairin böyük məhəbbətlə yazdığı "Nədən yarandın” şeirində:
Sən qüdrətin aşıb-coşan vaxtında,
Mələklərin gülüşündən yarandın.
...Qaranlıqda boğularkən ümidim
Dan ulduzu yürüşündən yarandın!
...Qələm əldə ilhamını dinlərkən
Sən qəlbimin vuruşundan yarandın!
- deyə bu milli fəxarət və qüruru əks etdirilir. Onun "Azərbaycan
bayrağına” şeiri də bu ruhda yazılan, sənətkarın bir vətəndaş-şair olaraq
dövlət müstəqilliyinə, xalqının, millətinin, vətəninin müstəqillik simvoluna
bəslədiyi sonsuz məhəbbətini, qürurverici hisslərini ifadə edir. Bu əsəri
Azərbaycanın müstəqillik tarixində bayrağa məhəbbət dolu şeirlər silsiləsinin
mənəvi atası da adlandırmaq olar.
Türküstan elləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən,
Ərməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma...
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
Şeir özünün bədii təsir gücü, səmimiliyi və dövlətçilik dəyərlərinə
vətəndaşlıq məhəbbəti ilə seçilən, bədii-estetik əhəmiyyətilə diqqəti cəlb edən
əbədiyaşar bir əsərdir. Diqqət edilsə, şair təkcə tərənnüm və vəsf etmir, həm
də bayraqdakı rəmzi işarələrin mənasını açır, onun müqəddəsliyi və ucalığını
hiss etdirir, hətta milli dövlətçilik tarixinə nəzər salır, milli dövlətçilik
ənənələrini izləyərək bu müqəddəs Oğuz-Türk yurdunda mövcud olmuş məşhur
Elxanilər-Atabəylər dövlətinə işarə edir.
Ümumiyyətlə, Vətən məhəbbətinin bədii ədəbiyyatdakı bir simvolu
olaraq çıxış edən bayraq mövzusu böyük Azərbaycan şairi Əhməd Cavadın
yaradıcılığında əsas mövzulardan birini təşkil edir. Şairin Azərbaycan Xalq
Cümhuriyyəti elan edildiyi və ilk milli dövlət bayrağı qaldırıldığı 1918-ci
ildə şəxsən söylədiyi "Elin bayrağı” şeiri də bayrağa və onun ifadə etdiyi
müstqəillik və azadlığa dərin məhəbbət ifadə edir. Şair bayrağı kəsb etdiyi
məzmun və mahiyyətə əsasən qibləgah, yol göstərən kimi təqdim edir. Əhməd Cavad
Azərbaycan bayrağını kamilləşmə dövrünü keçən "Azərbaycançılıq” ideologiyasının
qibləgahı və yol göstərəni kimi göstərir, bu bayrağın iman və inam yeri
olduğunu bildirir. Şair:
Təmiz al alnındakı tozu, torpağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil! –
deyə bütün vətəndaşları bu bayraq altında Azərbaycanın və
Azərbaycançılığın əsgəritək birləşməyə dəvət edir.
Şairin bu mövzuda yazdığı "Al bayrağa” şeiri də öz təsir gücü və
məzmunu etibarilə fərqlilik kəsb edir. Şeirdəki ritorik suallar təsir gücünü
artırdığı kimi, müəyyən mətləbləri diqqətə çatdırmağın, vurğulumağın da
öhdəsindən müvəffəqiyyətlə gəlir. Şair özündən əvvəlki klassik sənətkarların
ritorik sual-cavab üsulundan istifadə edərək gözəllikdə tayı-bərabəri olmayan,
üzü gözəl, qəlbin aynası və tacı olan öz məşuqunun müxtəlif, amma vacib tərəflərini,
xüsusiyyətlərini açır:
Gül rəngində bir yarpağın
Ortasında bir hilal!
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!
...Bu bənzəyiş nədən, gözüm,
Şəhidlərin qanına?!
Uğrunda can verənlər
Neyçün qıyar canına?!
Yol üstündə dərdli nənə
Görür səni, ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!
Sən ey hilal, al qoynuna,
Aldın göydən yıldızı!
Məftun etdin sən kəndinə,
Ən sevdalı bir qızı!..
Şeirin
misraları bitdikdə şairin bu gözəl məşuqunun dövlət müstəqilliyimizin ucalıq və
əbədiyyət rəmzi olan bütün sevgilərin zirvəsi və qibləsi Dövlət Bayrağı
olduğunu bilirsən. Şair çox məharətlə simvollaşdırmadan, rəmzi mənalandırmadan
istifadə edir. Bayrağın qırmızı rəngini azadlıq və istiqlaliyyət məzmununda
mənalandırmaqla şair milli istiqlaliyyət mücahidlərinin xatirəsini
əbədiləşdirir, öz varlığını istiqlaliyyətə qurban verən şəhidlərə mənəvi abidə
ucaltmış olur. Övlad itkisindən içi sökülən, dərdli bir ananın, nənənin al
rəngli bayrağı görəndə ağlamamasını ən sadə vətəndaşın istiqlaliyyət sevgisi və
milli qüruru, vətəndaşlıq vüqarı kimi dəyərləndirir. "Ellə gələn dərd toy
bayram olar” müdrikliyini özündə yaşadan qarı nənə el üçün, vətən üçün canından
keçmiş övladını xatırlarkən müstəqillik simvolu olan, dövlətinin güc-qüdrət
rəmzi kimi dalğalanan al bayrağı görərkən sinəsi qürur və iftixarla dolur. Qoca
ana al bayrağın mavi səmada aramsız dalğalanmasını müşahidə edərkən şəhid olmuş
övladının ruhunun bu dalğalar üzərində azad-azad süzdüyünü sanır. Şair al
bayrağın ciddiyyət və təsir gücünü metaforalarla da daha təsirli təqdim etməyə
müvəffəq olur. Qürurla sinəsini qabardıb üzü göylərə doğru zirvələrlə yarışan,
səadət və xoşbəxtlik rəmzi olan ay-ulduzlu, mavi göylərə baş çəkən al
Azərbaycan Bayrağı dalğalanarkən vətənin istiqlaliyyəti, ərazi bütövlüyü və
dövlət müstəqilliyi uğrunda şəhid düşmüş Azərbaycan qəhrəmanlarının ruhlarından
ibarət göy əsgərləri olan buludlar onun önündə salam duruşuna keçir və nizami
yürüş nümayiş etdirirlər. Bayraq elə bir qürur və iftixarverici sevgiyə
layiqdir ki, artıq sevdalanmış bir qız belə ona dərin məhəbbətlə bağlanmışdır.
Şairin: "Sən öylə bir şeirsən ki, Sevməyənlər anlamaz!” – misrası böyük
Yunusun: Bilmiyən nə bilsin bizi, Bilənlərə salam olsun – misrasını xatırladır.
Bu bayrağın sonsuz bir sevgidən, minlərlə insanın mübarizəsi və mücadiləsindən
yaranmış dövlət müstəqilliyinin rəmzi olduğunu, üzərində minlərlə şəhidin al
qanının rənginin hopduğunu, şəhid ruhlarının əl-ələ verib göylərə qaldırdığını,
dalğalandırdığını anlamayan, onu sevməyən, millətini, vətənini bilməyən bunun
mahiyyətini nə bilsin?! Milli heysiyyətlə, vətən məhəbbətilə, insani hisslərlə
yaşamayan azadlığın, dövlətin və müstəqilliyin qədrini haradan bilsin?!
Vətəndaş-şair məhz bu hisslərlə, sonsuz
məhəbbət və dərin iftixarla bayrağa sevgi dolu şeirlər həsr edirdi. Əhməd Cavad
adıgedən şeirlərilə bərabər digər mövzulu əsərlərində, habelə "Aşiqin dərdi”,
"Bən bulmuşam”, məşhur "Göy göl” kimi şeirlərində də Azərbaycan bayrağına
sevgisini poetik şəkildə ifadə etməyə müvəffəq ola bilmişdir. Böyük şairimiz
Əhməd Cavadın yaradıcılığında tez-tez Azərbaycan bayrağına, ayrıca aya və
ulduza müraciət məhz bir vətəndaş olaraq şairin qəlbindəki xalqa, vətənə və
onun dövlət müstəqilliyinə məhəbbətinin nişanəsi, milli qürur, heysiyyət və
istiqlal düşüncəsinin təcəssümüdür. O,
bütün yaradıcılığı ilə Azərbaycan dövlətçilik təfəkkürünün poetik ifadəsi,
dövlətçilik dəyərlərimizin tərənnümçüsüdür. Bu baxımdan, bayraq və gerb
sənətini öyrənən heraldika elmi ilə müqayisədə ədəbi yaradıcılığı dövlətçilik
atributlarına, xüsusilə bayrağa və onun rəmzlərinə vəsflə yazılmış Əhməd Cavad
poeziyasını "Heraldik poeziya” adlandırmaq olar. Bu sonsuz məhəbbətdən idi ki,
Azərbaycanın dövlət müstəqilliyini itirməsi, işğalı dərdi şairi rahat
buraxmamış, onun sonrakı yaradıcılıq nümunələrində bu məsələ yanıqlı şəkildə
həsrətli ifadələrlə xatırlanmışdır. Sovet dövründə yazılan "Göy göl” şeirindəki
bu notlar da onun vaxtilə sərt tənqid olunmasına bəhanə olmuşdur:
Sənin gözəlliyin gəlməz ki saya?!
Qoynunda yer vardır Ulduza, Aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı, Göy göl!
Əlbəttə,
misralarda Azərbaycan xalqının bu şanlı illərinin – 1918-1920-ci illərin tarixini
bilənlər yaxşı başa düşür ki, Əhməd Cavad Göy gölə müraciət etməklə həm vətəni,
həm də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuş Gəncəni, bu şəhərin AXC
dövründəki şanlı paytaxtlığını dilə gətirmək istəyir. Çünki AXC elan edildikdən
sonra Bakı şəhəri düşmən əhatəsində olduğu üçün müstəqil dövlətin paytaxtı
Tiflisdən Gəncə şəhərinə köçməli olmuşdur. Şair də: "Qoynunda yer vardır
Ulduza, Aya. Oldun sən onlara mehriban daya, Fələk busatını quralı, Göy göl!” -
deyə bu dönəmləri xatırlatmış, müstəqil Azərbaycanın bu illərinin həsrət duyğularını
ifadə etmişdir. Bu baxımdan Akademik
Kamal Abdullanın böyük şair H.Cavid haqqında dediyi bu sözləri Əhməd Cavada da şamil
etmək olar ki: "Azərbaycan yaradıcı fikri süni misralar təlatümündə boğulduğu
bir zamanda həyatı bahasına olsa da, ...öz sənət idealına xain çıxmamış, onu
satmamışdır”. "Çekist ruhlu” (M.Rəsulzadə) sağlıq deyənlərdən ibarət bolşevik
gənclər Göy gölün başının üstünü duman olaraq elə almışlar ki, bu "yorğun pəri”
yorgun düşüb onu yaradan və yaşadan
sədaqətli, ona bağlı vətəndaşların - yosunların çiynində səssiz-səmirsiz
yorğun-yorğun uyumaqdadır. Şairin: "Kəsin eyşü-nuşi, gələnlər susun” fikri də
məhz dərdi ilə yorğun düşmüş bir gözəlin gələnlərin eyş-işrət içində dedikləri
gurultulu sağlıqlarından acıq duymasından doğan narahatlıq kimi başa düşmək
olar. "Keçmişdir onlara qəzəbin niyə, Düşmüşlərdir səndən aralı, Göy göl?!”
misrasında şairin vətənindən didərgin düşmüş mühacir Cümhuriyyət, müstəqillik
mücahidlərinə işarə etdiyini açıq-aydın başa düşmək mümkündür. Şeirin:
Bir sözün varmıdır
əsən yellərə,
Sifariş
etməyə uzaq ellərə?
Yayılmış
şöhrətin bütün dillərə,
Olursa, qoy
olsun haralı, Göy göl! –
bəndində
dünyanın müxtəlif ölkələrinə səpələnərək mühacirət yaşayan Azərbaycanın
müstəqillik mücahidlərinə salam, mesaj göndərmək fikri hakimdir. Azərbaycan
müstəqilliyini özündə simvolizə edən Göy gölə sədaqət və məhəbbət şairin Göy
gölə həsr olunmuş digər şeirində də var. "Assınlar məni! Kəssinlər məni! Qoy
türmələrə Bassınlar məni!” təhdidi, təqibi, təhlükəsi altında amalına, vətəninə
sədaqətli vətəndaş-şairin "Neynirəm könlü? Neynirəm dili? Səndən yazmasam
Neynirəm əli?” niyyəti, məqsədi dimdik dayanır. Bir əl ki vətəndən yazmayacaq,
bir dil ki vətənə nəğmə demiyəcək, söz qoşmayacaq, bir könül ki vətəninə aşiq
olub onu məcnunlar kimi sevməyəcək, şairin təbirincə, o əl, o dil, o könül nəyə
lazım?!
Zəmanənin çətinliyini şeirdəki misraların fikir təzadları da aydın
təzahür etdirir. Şair açıq və cəsarətlə
vətənini, bayrağını, müstəqilliyini sevdiyi, dilə gətirdiyi üçün
zindanlara düşdüyünü yazdığı kimi, "Nəsən, kimsən sən? Nisgilimsən sən! Qoy
açıq deyim Sevgilimsən sən!” kimi misralarındakı "sevgilimsən, nisgilimsən”
təzadı da aydın nümayiş etdirir. Yəni "vətənini əsl mənada seməyin nisgil olduğu
bir zaman” bundan artıq öz ifadəsini tapa bilməz. Zəmanənin mürəkkəbliyi,
çətinliyi "Kür” əsərində də özünü hiss etdirir. "Əyil, Kürüm, əyil, keç, Meydan
sənin deyil, keç!” misraları da zəmanənin milli iradəni qıran və əyən bir
zəmanə olduğunu çox aydın əks etdirir. "Kür” əsərinin son misraları ilə "Pambıq
dastanı” şeirinin son: "İndi dövran mənimdir, Bəxtim ötgün, kefim çağ” misraları
arasındakı konkret bir-birini təkzib, inkar edən təzad, milli iradəni qırmağa
yönəlik zəmanənin sərt tədbirlərinin nəticəsini, onun "qələbəsini” uğurla əks
etdirir. Hər iki əsər arasındakı bu təzad dolaşıq və qarışıq zəmanənin inkişaf
meylini bütün mənası ilə təcəssüm etdirir.
Ümumiyyətlə, dövlətçilikyönlü Azərbaycançılıq məfkurəsi Əhməd Cavad
yaradıcılığı üçün səciyyəvidir. Əhməd Cavadın "Nədən yarandın”, "Azərbaycan
bayrağına”, "Elin bayrağı”, "Al bayrağa” kimi şeirləri sırf dövlət
müstəqilliyini simvolizə edən bayrağa məhəbbət ruhunda yazılan və
Azərbaycançılığı tərənnüm və təbliğ edən əsərlərdirlər. Əhməd Cavad
poeziyasında milli düşüncə təkcə Azərbaycan və Azərbaycançılıqla
məhdudlaşmamış, ümumən türk və türkçülük
ideyası ilə çuğlaşaraq Turançılığı da əhatə etmişdir. Bu mənada Əhməd Cavadın milli məfkurəsi
ümumtürk nüvəli Azərbaycançılıq ideologiyasıdır. Bu məhəbbətdən və bağlılıqdan
irəli gəlirdi ki, onun şeirlərində türk düşüncəli poetik nümunələr də özünə
xeyli sayda yer tutmuş, xüsusilə "Çırpınırdı Qara dəniz”, "İstanbul”,
"Şəhidlərə”, "Türk ordusuna”, "Ey əsgər” kimi şeirlərində türk sevgisi və
Turançılıq ehtirası ifadə olunmuşdur.
Beləliklə, Azərbaycançılıq məfkurəsi ilə zəngin ədəbi-bədii
yaradıcılığa malik Əhməd Cavad Azərbaycan istiqlal düşüncəsi, milli mistəqillik
mücadiləsi və milli ideologiyasının ən görkəmli nümayəndələrindən biridir.
Milli marş, dövlət himni və bayraq şeirlərilə məşhurlaşmış Əhməd Cavad
yaradıcılığı hər gələn yeni nəsillər üçün milli istiqlal kitabı və vətəndaşlıq
nümunəsidir. Onun yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində "Heraldik
poeziya məktəbi”nin əsası qoyulmuşdur.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,filologiya üzrə fəlsəfə doktoru, dosent
![banner](/images/kaspibanner.jpg)