Azərbaycan səhnəsinin ilk Hacı Qarası

Əksər tədqiqatçılarımız Əsgər ağanı Həsən bəy Zərdabinin "sağ əli”
adlandırırlar. Kim idi Əsgər ağa ki, Həsən bəy kimi bir dahi ondan razı idi? Əsgər
ağa Haqverdi bəy oğlu Adıgözəlov. Ədəbi aləmdə Əsgər ağa Gorani kimi tanınan
jurnalist, yazıçı, aktyor, tərcüməçi. Ədəbiyyatşünas alim Əziz Mirəhmədovun
təbrincə desək, həm də hüquqçu. Bir sözlə 15 yaşından ömrünün sonuna kimi
millətin ictimai və mədəni dirçəlişinə xidmət göstərən millət fədaisi.
Əsgər ağa 1857-ci ildə Goran-Boyəhmədli kəndində dünyaya gəlib.
Xoşbəxtlikdən, dövrünün əksər ailələrindən fərqli olaraq,Əsgər ağa elmə,
maarifə meyilli nəsildə böyüyüb. Babası məşhur "Qarabağnamə” əsərinin müəllifi
Mirzə Adıgözəl Qarabaği hər vəchlə xalqının maariflənməsinə çalışan
ziyalılardan olub.
İlk təhsilini Gəncədə üçsinifli rus məktəbində alan Əsgər ağa, sonra
Bakıya gəlir və Realnı gimnaziyaya daxil olur. Tale onu burda H.Zərdabi ilə
rastlaşdırır. Məktəbə, elmə daha böyük marağı olan Əsgər ağa, dərsdən sonra da
vaxtının çoxunu sevimli müəllimi Həsən bəylə keçirir. Belə günlərin birində,
1873-cü ildə martın 10-da Həsən bəyin təşəbbüsü ilə gimnaziyanın tələbələrindən
Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin yaxından iştirakı ilə M.F.Axundzadənin
"Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası səhnələşdirilir. Bununla da həmin
gün Azərbaycanda peşəkar teatrın əsası qoyulur. Tamaşa gimnaziyanın müəllim və
tələbə heyəti tərəfindən çox böyük coşqu ilə qarşılanır. Bundan ruhlanan
"aktyor və rejissor” heyəti az sonra M.F.Axundzadənin "Hacı Qara” komediyasını
tamaşaya qoyurlar.
İllər sonra H.Zərdabi "Həyat” qəzetində hər iki əsərin uğurlu səhnə
həyatından bəhs edən məqalə yazır və sonda Əsgər ağa Goraninin məharətli
oyunundan bəhs edir: "...Əsgər ağa Adıgözəlov Hacı Qaranın xarakterini
tamaşaçılara inandırıcı çatdırdı”.
Amma Əsgər ağanın aktyorluq fəaliyyəti onun dərslərinə heç də mane
olmadı. Əksinə, gimnaziyanı qızıl medalla qurtaran Əsgər ağa Həsən bəyin
xeyir-duası ilə 1874-cü ildə üz tutdu Peterburqa. Əvvəl Peterburqda, sonra
Moskvada Petrovsko-Razumovski Akademiyasında təhsilini davam etdirdi. 1878-ci
ildə Akademiyada bir neçə azərbaycanlı tələb yoldaşları ilə birlikdə (xüsusən
Nəcəf bəy Vəzirovla) "İmdadiyyə” dərnəyini yaratdı. Onlar dərsdən sonra bu
dərnəyə yığışaraq, azərbaycanlı tələbələrin problemlərinin həlli üçün
çalışardılar.
1875-ci ildə Əsgər ağa vətənindən şad xəbər alır. Həsən bəy Zərdabi
məktubunda "Əkinçi”nin çapa başlamasını bildirir və Əsgər ağadan qəzetlə
əməkdaşlıq etməsini rica edir. Bu xoş xəbəri böyük sevinclə qarşılayan Əsgər
ağa, tələbə olmasına baxmayaraq "Əkinçi”nin ən fəal yazarı olur. Moskvadan
göndərdiyi məqalələri əsasən kənd təsərrüfatının yeni üsullarla inkişafına həsr
edilib. Müəllif "Kənd əhlinin işləri” sərlövhəsi ilə çap olunan yazılarında
kəndlilərə faydalı məsləhətlər verib. Bundan əlavə Əsgər ağa Moskvada çap
olunan dövrü mətbuatdakı yeniliklər haqqında da "Əkinçi”də çıxışlar edib.
Həsən bəyin sevimli tələbəsi yalnız qəzetə yazmaqla müəlliminə dəstək
olmayıb. O, həm də maddi köməkliyini də ondan əsirgəməyib. Əsgər ağa bu haqda
məktublarından birində yazırdı: "...əvvəlcədən qeyd edim ki, bütün bu xərcləri
təkbaşına çəkmək Sizin üçün heç cür mümkün olan iş deyil. Mən bu işdə Sizə
şərik olmağı öhdəmə götürürəm”.
Moskvada oxuyarkən dövrü mətbuatla yaxından tanış olan Əsgər ağa ana dilində jurnal çıxarmaq fikrinə
düşür. "Gələn il təhsilimi bitirdikdən sonra qəti qərarım var ki, Gəncədə ana
dilində jurnal nəşr etdirim və bunun da bütün xərclərini öz öhdəmə götürüm”.
Amma çox təəssüflər ki, Əsgər ağa bu arzusuna çata bilmir. Sözsüz ki, bunun
səbəbi çar hökumətinin ana dilli mətbuatımıza qarşı qoyduğu qadağa olub.
Xoşbəxtlikdən, bu qadağalar onu ruhdan salmayıb. Xalqını maarifləndirmək üçün
hər vasitəyə əl atan Əsgər ağa Gəncədə öz hesabına qız məktəbi açır (məktəb
xalq arasında Əsgər ağanın məktəbi kimi tanınıb), teatrın inkişafına çalışır,
əsərlər yazır.
"Qocalıqda yorğalıq” adlı
əsəri 1892-ci ildə Tiflisdə Kamal Ünsüzadənin mətbəəsində kitabça şəklində çap
edilir və sonra dəfələrlə tamaşaya qoyulur. Rus ədəbiyyatından tərcümələr edən
müəllif, əsasən M.Y.Lermontovun və A.S.Puşkinin yaradıcılığına müraciət edib.
Ə.Gorani bir müddət hüquq sahəsində də çalışıb. Gəncədə, Tiflisdə
müstəntiq, prokuror müavini, Qafqaz məhkəmə palatasının üzvü, Gəncə şəhər rəisi
işləyib. 1905-ci ildə Gəncədə şəhər rəisi işləyərkən "Nəşri-maarif”
cəmiyyətinin rəhbəri kimi şəhərdə bir çox mədəni tədbirlərin həyata keçirilməsinə
nail olub. Dahi Nizami Gəncəvinin məqbərəsinin təmiri, qız məktəbinin açması və
s. bir daha Əsgər ağanın xeyirxahlığından, nəcibliyindən xəbər verir.
Malını, zehnini, əməyini çəkinmədən xalqının inkişafına həsr edən
Əsgər ağa, cəmi 52 il yaşadı. 1910-cu ildə Gəncədə vəfat etdi. Bir zaman xalq
tərəfindən böyük hörmətlə, izzətlə yad edilən "Əsgər ağa” türbəsi, zaman-zaman
milli yaddaşı olmayanlar önə keçdikcə unudulub.
Xoşbəxtlikdən, türbə bu gün layiq olduğu hala qaytarılıb.
Deyirlər, bir millətin zənginliyi ipək, pambıq, qızıl deyil, insandır.
O, insan ki, vətən, millət sevdalısı olsun. Həsən bəy Zərdabi və onun
yetirmələri kimi!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
