Azərbaycan qlobal xəritədə — “TIME” jurnalının dünyanın ən yaxşı məkanları siyahısında

Azərbaycan dizaynı dünyanın ən yaxşı məkanları siyahısına düşüb. Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan “TIME” jurnalı Bakıdakı “CHELEBI” incəsənət məkanını “The World’s Greatest Places 2025” illik reytinqinə daxil edib - bu, dünya üzrə mütləq görməli olan unikal məkanların siyahısıdır. Tropik adalar, qabaqcıl muzeylər və qastronomiya paytaxtları ilə yanaşı, qədim irsə ehtiram və müasir sənət dili ilə yaradılmış Bakıdan çıxmış yaradıcı bir məkan.
“CHELEBI” layihəsi 2013-cü ildə rəssam Aida Mahmudova tərəfindən təsis edilib. Layihənin fəlsəfəsi - Azərbaycanın mədəni irsinin predmet dizaynı vasitəsilə yenidən düşünülməsi və təqdim olunmasıdır. Şəhərin mərkəzində, Port Baku yaxınlığında yerləşən bu işıqlı və geniş məkanda qədim formalara və naxışlara yeni nəfəs verən kolleksiyalar ərsəyə gəlir.
“TIME” redaksiyası vurğulayır ki, adətən Azərbaycan tətbiqi sənəti deyildikdə ağla xalçalar gəlir. Lakin “CHELEBI” bu təsəvvürü genişləndirir, Azərbaycanın vizual kodunun nə qədər zəngin və çoxqatlı olduğunu nümayiş etdirir. Burada diqqət mərkəzində müəllif işi olan mebel, tekstil, keramika kolleksiyaları dayanır - onlar yerli qalalar və məscidlərin memarlığından, arxeoloji tapıntılardan, folklordan və XX əsr qrafikasından ilham alıb.
Bu əşyaların hər biri ustalar və rəssamlarla sıx əməkdaşlıq, muzeylərlə birgə iş və dərin tədqiqat prosesinin nəticəsidir. “TIME” qeyd edir ki, məhz bu cür yanaşma “CHELEBI” məkanını sənətkarlığa yeni baxışın simvoluna çevirir - burada keçmiş unudulmur, əksinə, müasir ifadəyə ilham verir.
“CHELEBI”nin “TIME” siyahısına düşməsi təkcə bir brendin beynəlxalq səviyyədə tanınması deyil. Bu, bütöv bir ölkənin, onun mədəni kodunun, kiçik biznesin gücünün və ideyaları gerçəyə çevirən insanların uğurunun təsdiqidir. Bu, qürur üçün səbəbdir - Azərbaycanın qlobal dizayn səhnəsində özünəməxsus, inamlı və parlaq səsinin olduğunu göstərən bir göstəricidir.
https://time.com/collections/worlds-greatest-places-2025/7263122/chelebi/
