• bazar ertəsi, 02 dekabr, 20:41
  • Baku Bakı 8°C

Axund Mirzə Əbu Turab kim olub?

24.01.17 14:30 6778
Axund Mirzə Əbu Turab kim olub?
Sara xanım Tağıyeva ilə bir necə dəfə görüşüb, müsahibə götürmüşdüm. Görüşlərimizdən birində belə demişdi: "Atam şəxsi faytonuna ailə üzvlərindən başqa yalnız Həsən bəy Zərdabinin və Axund Mirzə Əbu Turabın minməsinə icazə verərdi”. O, Axund Mirzə Əbu Turab ki, Hacı Zeynalabdin dünyasını dəyişərkən, onun ayaqları altında basdırılmasını vəsiyyət etmişdi. "Onun ayağının bildiyini mənim başım da bilmir” demişdi Hacı. Kim idi Axund Mirzə Əbu Turab ki, yalnız Azərbaycanda, Rusiyada deyil, bütün Avropada iri iqtisadi və ticarət əlaqələrində çox nüfuzlu bir sima olan, Şərq aləminin ilk mesenatı, adlı-sanlı Hacı Zeynalabdin Tağıyev ona bu qədər böyük ehtiram göstərmişdir?
Söz əhli, istedadlı publisist idi
Bəzi mənbələrdə Axund Mirzə Turab Axundzadə, bəzilərində isə Axund Mirzə Əbu Turab kimi qeyd olunan şəxs Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimi olub. O, 1817-ci ildə Bakının Əmircan kəndində (bəzi mənbələrdə İçəri Şəhər yazılır) anadan olub. Tədqiqatlardan belə aydın olur ki, onun əsl adı məlum deyil. Əbu Turab adını ona Ərəbistanda təhsil alarkən veriblər. Əbu Turab ilk təhsilini o zaman Bakının ən məşhur mədrəsəsi olan Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb. Mirzə Həsib Qüdsi həm də "Füyuzat”ın yazarlarından biri olub. Sonra təhsilini Mədinədə davam etdirən Əbu Turab burada yalnız dini təhsil almaqla kifayətlənmir. O, ərəb, fars dilləri ilə yanaşı, Şərq ədəbiyyatını, mədəniyyətini də mükəmməl öyrənir. Dövrünün "din xadim”lərindən fərqli olaraq Axund Mirzə adı da ona boşuna verilməmişdir. Axund Mirzə Əbu Turab əksər dindaşlarından fərqli olaraq elmə, təhsilə, mədəniyyətə çox böyük önəm verirdi. O, illərdə Bakıda baş verən bütün ictimai, mədəni hadisələrdə yaxından iştirak edən ilahiyyat elminin ən görkəmli nümayəndəsi hesab olunan Əbu Turab həm də qələm, söz əhli, istedadlı publisist idi. 1914-cü ildə Orucov qardaşlarının nəşriyyatında Axund Mirzə Əbu Turabın "İslamın təfriqəsi səbəbləri” adlı kitabı nəşr edilib. Müəllif əsərində islamiyyət içərisindəki təfriqənin əsas səbəblərini geniş izah edib.Yalnız bir faktı qeyd edim ki, 1906-cı ildə "Həyat” qəzetində çap etdirdiyi "Bizə hansı elmlər lazımdır?” sərlövhəli məqaləsi uzun illər mətbuatda, cəmiyyətdə müzakirə və mübahisələrə səbəb oldu. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Mirzə Cəlil, Məhəmməd Hadi Ömər Faiq Əfəndi, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov və dövrünün daha bir necə publisisti bu müzakirələrdə yaxından iştirak etmiş, öz fikir və mülahizələrini bildirmişlər. Yazarların bir qismi yalnız dini, bir qismi isə dünyəvi elmlərin öyrənilməsini təklif edirdilər. Bəziləri də haqlı olaraq həm dini, həm də dünyəvi elmlərin öyrənilməsinin çox böyük fayda verəcəyini söyləyirdilər.
Elmin, maarifin dostu, mövhumatın qatı düşməni
Bütün elmlərin öyrənilməsinin vacibliyini irəli sürən Axund Mirzə Əbu Turabın əsas məqsədi və məramı hər şeydən əvvəl insanın daxili aləmini zənginləşdirmək idi. Nə qədər gözəl və ali bir istək. "Alim olmaq asandır, insan olmaq çətin” kəlamı boşuna deyilməyib ki. İnsanın daxili aləminin paklığını, təmizliyini və zənginləşməsini lazım bilən Axund Mirzə Əbu Turab "daxili aləmi zənginləşdirmədən təbii elmlərin öyrənilməsi fayda verməz” deməkdə haqlı idi. Bu böyük alimin fikrincə, insanı tərbiyələndirmək üçün birinci növbədə ilahiyyata yiyələnmək vacibdir. Elə bu məqsədlə də "Bizə hansı elmlər lazımdır?” sərlövhəli məqaləsində yazırdı: "Hikməti təbiini bilməklə insan olmaq olmaz. Hikməti ilahi ilə kamil olmaq insanı insan edər”. Təəssüflər ki, Axundun bu gözəl və qiymətli fikirləri o zaman əksər qələmdaşlarımız tərəfindən yanlış anlanıldı. Bəziləri onu dünyəvi elmləri inkar etməkdə təqsirləndirərək, yalnız dini elmlərə rəvac verməkdə ittiham edirdilər. Böyük mərifəti və xeyirxahlığı ilə hamının hörmətini qazanan” Axund Mirzə Əbu Turab bütün ömrünü islamda təfriqə salanlarla mübarizəyə həsr etdi. Ona görə də çıxışlarında hər zaman sünni-şiəçiliyin əleyhinə idi. Odur ki, əksər tədqiqatçılar onu "elmin, maarifin dostu, mövhumatın qatı düşməni” adlandırırdılar. Yazıçı Qılman İlkin bu haqda belə yazırdı: "Şəbeh çıxarmaq, baş yarmaq, zəncir vurmaq, şaxsey-vaxsey kimi dini adətlərə qarşı çıxaraq, müsəlmanları islamiyyətə dəxli olmayan belə zərərli adətlərdən çəkinməyə çağırırdı. Həm minbərdən, həm də mətbuat səhifələrindən”. Axun Mirzə Əbu Turab dindaşlarına üzünü tutaraq deyirdi: "Müqəddəs Peyğəmbərimiz buyururdu: "Allahın etibar edib tapşırdığı böyük vəzifəni insanın ruhuna ağıl-kamalla, dürüstlüklə pərvəriş vermək vəzifəsini ləyaqətlə yerinə yetirmək üçün ən əvvəl gərək sizin özünüz izzət və şərəf sahibi olasınız”.
Belə insanları bugünkü gəncliyimizə yetərincə tanıda bilmişik?
H.Z.Tağıyev 1898-1901-ci illər ərzində 300 min manat vəsait sərf edərək Bakıda ilk qız məktəbi tikdirir. 1901-ci ildə fəaliyyətə başlayan məktəbin rəsmi adı "Bakı-Aleksandrinskaya Rus-Müsəlman Qadın məktəbi” adlandırılsa da, xalq arasında "Tağıyevin qız məktəbi” kimi tanındı. Məktəb hazır olanda mövhumatçı Bakı varlıları öz qızlarını məktəbə göndərməkdən imtina edirlər. Guya qızın təhsil alması islamiyyətdə günah hesab olunur. Bu vaxt Hacının köməyinə ilk gələn yaxın dostu Axund Mirzə Əbu Turab oldu. O, öz qızını Tağıyevin qız məktəbinə qoymaqla yenə də bəzi "dindaş”larının əleyhinə çıxdı. Mirzə Turabın yerişinin də, danışığının da mütləq bir məna kəsb etdiyini hamı yaxşı bilirdi. Odur ki, "dindaş”larının çoxları bunu qəzəblə qarşıladı. Əgər Axund Mirzə Əbu Turab qızını məktəbə göndərmişsə, deməli, hər kəs qızının oxumasını rəva biləcək. Bu, onun düşmənlərini daha da qəzəbləndirdi. Çünki o zaman müsəlman aləmində ən nüfuzlu sinif və təbəqə ruhanilər idi. Onlar insanları hara istəsələr ora da yönəldə bilirdilər.
Qılman İlkin yazırdı: "Hacı Zeynalabdinin Axund Mirzə Əbu Turab və Həsən bəy Zərdabiyə xüsusi ixlası vardı. Hər ikisini tez-tez evinə qonaq dəvət edər və çox böyük hörmət-izzətlə qarşılardı ”. Beləliklə, Həsən bəy tez-tez Axund Mirzə Əbu Turabla görüşər, ondan nüfuzlu din xadimlərinin xeyriyyə işlərinə yardımçı olmasını xahiş edərdi. "Sizin səsinizə səs verənlər mütləq tapılacaq, zaman keçdikcə onların sayı artacaq. Sadəcə, siz bu işdə usanmayın. Bunun zamana ehtiyacı var” deyə hər dəfə Həsən bəyi ruhlandıran Axund Mirzə yanılmamışdır. Bu xeyirxah missiyanı həyata keçirməkdə Hacı Zeynalabdin hər vasitə ilə ona dəstək oldu. Bu haqda yazıçı-publisist Sona xanım Vəliyevanın "İşığa gedən yol” adlı romanında geniş məlumat verilib. Filosof təbiətli, tərəqqipərvər Axund Mirzə Əbu Turab 1910-cu ildə 93 yaşında dünyasını dəyişir. Onu Mərdəkandakı "Pirhəsən” pirində dəfn edirlər. 1924-cü il sentyabrın 1-də vəfat edən H.Z.Tağıyevi də vəsiyyətinə əsasən Axund Mirzə Əbu Turabın ayağı altında dəfn edirlər. Deyilənə görə, bu vəsiyyətin tarixçəsi var. Bir gün Hacı Zeynalabdin Axund Mirzə Əbu Turabla dini mövzuda söhbət edirmiş. Axund Mirzə Əbu Turab Hacıya deyib "Allah hər şeyə qadirdir. İstəsə sənin bu varidatını bir anın içində əlindən ala bilər”. Həmin an Axundun bu sözlərini Hacı o qədər də inandırıcı qəbul etmir. Bu söhbətdən cəmi on il sonra, 1920-ci ilin aprel işğalında bolşeviklər Hacının bütün varidatını əlindən alarkən Hacı Axundun sözlərini xatırlayır və deyir: "Onun ayağının bildiyini mənim başım da bilmir”. Sonda bir sual vermək yerinə düşər: "Dövrünün qabaqcıl maarifpərvər ruhaniləri, üləmaları, böyük dini, elmi təfəkkürü, ensiklopedik zəkası, hadisələrə universal yanaşma səriştəsi, işıqlı düşüncələri, milli dəyərlərə etibarlı münasibəti olan belə insanları bugünkü gəncliyimizə yetərincə tanıda bilmişik?”
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər