AXC parlamentinin fəaliyyəti

Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamda deyilir: "Cümhuriyyət
parlamentinin il yarımlıq
fəaliyyəti
boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə,
siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli
irəliləyişə
imkan verdi”.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Xalqımızın ümummilli Lideri Heydər Əliyev demişdir:
"Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti
ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının,
xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi
meydana çıxmışdır”.
Çox təəssüf ki, Sovet dövründə Azərbaycan Xalq
Cümhuriyyətinin fəaliyyəti, o cümlədən onun parlament fəaliyyəti kifayət qədər
geniş öyrənilməmişdir. Belə ki, kommunist ideologiyası bu məsələnin öyrənilməsinə
faktiki qadağa qoymuş, əksinə onun fəaliyyətinin, həyata keçirdiyi tədbirlərin
və o dövrün hadisələrinin mahiyyəti təhrif olunmuşdur.
Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” məlum sərəncamı -
AXC-nin parlament fəaliyyətinin hərtərəfli, dərindən təhlil edilib öyrənilməsini
tələb edir.
Məlumdur ki, dünya tarixində yeni respublika tipli
demokratik dövlət idarəçiliyi formasının geniş yayılmağa başladığı dövrdə -
1918-ci il mayın 28-də Demokratik Respublikanın elan edilməsi xalqımızın
tarixində və taleyində çox mühüm hadisə olmaqla yanaşı, tarixin ən qədim
qatlarından baş alıb gələn dövlətçilik mədəniyyətinin qanunauyğun davamı idi.
Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin
demokratik dövlət yaratmaq ideyaları onların hələ bəşəriyyət tarixinin ən dəhşətli
və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası Dövlət Dumasında fəaliyyət
göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyətinin
parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin
devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırdı.
Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki,
Rusiya Dövlət Dumasında olduğu kimi, Zaqafqaziya Seyminin də ən fəal üzvləri
bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini
qazanmış 44 deputat idi. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da
Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş
Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət
sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş
Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə
1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar, ertəsi gün mayın
26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
Mayın 27-də Seymin müsəlman fraksiyasının, yəni
Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman
Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini
elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası, özünü Azərbaycan
Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində,
Azərbaycanda ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi
qoyuldu.
Məlumdur ki, 1918-ci il iyunun 16-da Milli Şura və
hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü və iyunun 17-də iki mühüm qərar
qəbul edərək öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı, bütün hakimiyyət (həm
qanunvericilik, həm də icra hakimiyyətini) Parlament çağırılanadək Fətəli Xan
Xoyskinin sədrliyi ilə yaradılmış yeni-ikinci Müvəqqəti hökumətə həvalə etdi.
1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən
3 ay sonra AXC hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. AXC-nin
hakimiyyət dairəsi genişləndi. Parlamentli respublika idarəçiliyinin hüquqi
norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti, eyni zamanda parlamentin
çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya
yaradıldı. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilən
iclasında Azərbaycan parlamentçiliyi tarixinin çox mühüm qərarı – Azərbaycanda
ilk parlamentin-ali qanunverici orqanın yaradılması haqqında qanun verildi.
Təkpalatalı parlament (parlaman, məclisi-məbusan da
deyirdilər-F.İ.) bu qanuna əsasən 120 nəfərdən ibarət olmaqla
formalaşdırılmalı, 1918-ci il dekabrın 3-də başa çatmalı idi. Azərbaycan Milli
Şurasının qərarına əsasən, 44 nəfər türk-müsəlman deputat birbaşa yeni yaradılacaq
parlamentin tərkibinə daxil edilməklə, ölkə əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalidən (2,75
milyonluq ümumi əhalinin 1,9 milyonu)
daha 36 nümayəndənin seçilməsi nəzərdə tutulurdu.
Müsavat partiyasının ideyası əsasında qanunverici
orqan kimi yaradılan Azərbaycan parlamenti demokratikləşməyə doğru müəyyən
addım idi.
Azərbaycan Demokratik Respublikası parlamentinin
ilk təsis iclası 1918-ci il dekabr ayının 7-də Bakıda (o vaxt Tağıyev qız məktəbinin,
indi isə Əlyazmalar İnstitutunun binasında) oldu. Parlamentdə 11 müxtəlif
fraksiya və qrup təmsil olunmuşdu. Müsavat və bitərəflər fraksiyası (38 nəfər),
"İttihad” (13 nəfər), "Əhrar” (6 nəfər), "Sosialistlər” (13 nəfər), bitərəflər
(3 nəfər), partiyadan kənarda olanlar (4 nəfər), sol bitərəf (1 nəfər),
Slavyan-Rus Cəmiyyəti (3 nəfər), azlıqla qalan milli fraksiya (4 nəfər), erməni
fraksiyası (5 nəfər) və daşnaksütun fraksiyası (6 nəfər). Milli bayraqlar və
xalılarla bəzədilmiş parlamentin iclas salonunda Türk Demokratik Federalistlər
Partiyası-Müsavatın üzvləri, eləcə də azlıqla qalan millətlərin nümayəndələri
ortada, hümmətçi manşeviklər və sosialistlər solda, bitərəflər və ittihad
partiyasının üzvləri sağda əyləşmişdilər. Diplomatik nümayəndələr lojasında
general Tomsonun nümayəndəsi Kon-kepel, İranın baş konsulu Sədulrüzarə və onun
maliyyə müşaviri, Dağlılar hökumətinin Azərbaycandakı nümayəndəsi Qandəmirov,
Gürcüstan Respublikasının nümayəndəsi Karsevadze, eləcə də Araz-Türk
Respublikasının (bəzi mənbələrdə Araz Respublikası da adlanır – F.İ.) nümayəndəsi
Paşa Əliyev oturmuşdular. Azərbaycan hökumətinin üzvləri də iclasda iştirak
edirdi.
Nəzərə çatdırmaq vacibdir ki, parlamentdə Naxçıvan əhalisinin
Araz-Türk Respublikası timsalında bir nəfərlə təmsil olunması, Naxçıvanda yeni
bərqərar olan Araz-Türk Respublikasına (noyabr 1918-ci ildə yaranmışdır – F.İ.)
qarşı Azərbaycan Xalq Cümhuriyyətinin bütövlüklə Naxçıvanın məsələsi Azərbaycanın
xeyrinə həll edilənə qədər gözləmə mövqeyi saxlamasından qaynaqlanırdı.
Sosial tərkibinə görə parlamentdə 43 mülkədar, 15
neft sənayeçisi, 12 iri tacir, 8 din xadimi və sair nümayəndələr var idi. Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin mövcud olduğu dövrdə 11 parlament komissiyası
yaradılmış, 140-a qədər ümumi iclas olmuşdur. 1919-cu ilin sonuna qədər keçirilmiş
110 iclasın 13-ü kvorum olmadığından baş tutmamış, 2 iclas təntənəli yubiley
iclası xarakterində olmuş (Azərbaycanın müstəqilliyinin bir illiyi münasibətilə
1919-cu ilin 28 may tarixli və Bakının fəthinin ildönümü münasibətilə 1919-cu
ilin 15 sentyabr tarixli iclasları), bir fövqəladə iclas Gürcüstanla Ermənistan
arasında müharibənin başlanmasına həsr olunmuşdu. Daha üç iclas da təntənəli şəraitdə
keçmiş, onlar fevral inqilabının ikinci ildönümünə, Azərbaycanla Gürcüstan
arasında hərbi ittifaqın bağlanması və parlamentin təşkilinin ildönümünə həsr
edilmişdi. Qalan 91 iclas adi iclas idi. Həmin dövrdə cəmi 315 qanun layihəsi təqdim
edilmiş, bunlardan 10-12-si rədd edilmiş, ya da onların komissiyalarda müzakirəsi
davam etmişdi. Qanun layihəsindən 82-si Maliyyə Nazirliyi, 32-si Ədliyyə, 24-ü
Daxili İşlər, 19-u Xalq Maarifi, 12-si torpaq, 10-u sosial təminat, 9-u hərbi
nazirlik və başqaları tərəfindən təqdim edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlament üzvlərinin
əksəriyyətinin əsasən Avropa təhsilli, o cümlədən rus təhsilli olması, parlamentin iclaslarının Azərbaycan dilində
aparılmasına baxmayaraq (parlamentin istifadə etdiyi dil dövlət dili statusuna
malik Azərbaycan türkcəsi idi) qəbul olunmuş qanun və qərarlar rus dilində tərtib
və çap olunmuşdur. Düzdür, bəzi mənbələrdə yazılır ki, dövlət dilində olmayan sənədlərin
üstündə adətən parlamentin sədr müavini belə bir məzmunda dərkənar qoyurmuş: "Ərizə
türkcə lisanda olmadığı üçün imzasız qalır”.
Parlamentin ilk iclasını Azərbaycan Milli Şurasının
sədri M.Ə.Rəsulzadə açmış, böyük təbrik nitqi söyləmişdi.
Şəfi bəy Rüstəmbəylinin təklifi ilə bitərəf
hüquqşünas Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri, hüquqşünas
Həsən bəy Ağayev isə onun birinci müavini seçilmişdir. Ə.Topçubaşov iclasda
iştirak etmədiyindən (bu zaman o, İstanbulda Azərbaycan Respublikasının nümayəndəsi
idi) iclasın sonrakı gedişi H.Ağayevin sədrliyi ilə keçmişdi. Ənənəyə uyğun
olaraq parlamentin ən gənc üzvü Rəhim bəy Vəkilov isə katib seçilmişdir.
Parlamentin ilk tədbirlərindən birini Paris sülh
konfransına səlahiyyətli nümayəndə heyəti göndərməsi təşkil edir. Bu nümayəndə
heyəti qarşısında Azərbaycan istiqlaliyyətinin Avropa ölkələri tərəfindən
tanıdılması kimi tarixi vəzifə dururdu. Nümayəndə heyətinə parlamentin sədri və
üzvləri Ə.M.Topçubaşov, M.H.Hacınski, A.Ağaoğlu, Ə.Şeyxülislamzadə, eləcə də
müşavirlər M.Məhərrəmov, M.Mirmehdiyev, C.Hacıbəyli, əməkdaşlar Ə.Hüseynzadə,
V.Marrevski və başqaları daxil idi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin dekabr
ayında keçirilmiş iclaslarında "Siyasi amnistiya haqqında” qanun layihəsi
müzakirə edilir və 8 yanvar 1919-cu il tarixli iclasında qəbul edilir.
Parlament 25 yanvar 1919-cu il tarixdə səpkili
yatalaq epidemiyası ilə mübarizə məqsədilə Bakı şəhər bələdiyyəsinə dövlət xəzinəsindən
iki milyon iki yüz min rubl, Gəncə bələdiyyəsinə isə dörd yüz əlli min rubl
faizsiz kredit ayrılması barədə qanun qəbul
edir. Hələ bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 9
noyabr 1918-ci il tarixdə milli bayraq haqqında qərar qəbul etmiş, həmin qərarda
yaşıl, qırmızı və mavi rənglərdən ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət
olan milli bayrağın təsviri təsdiq edilmişdir.
Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamenti 20 dekabr 1918-ci il tarixdə Naxçıvandakı vəziyyətlə əlaqədar məsələ
müzakirə etmişdir. Maraqlıdır ki, həmin iclasda iştirak edən Naxçıvan nümayəndə
heyətinin tərkibində böyük dramaturq və şair Hüseyn Cavid də var idi.
Naxçıvanda böyük nüfuza malik olan Hüseyn Cavid Araz-Türk Respublikasının ağır
günlərində xalqın taleyüklü məsələlərinin həllində yaxından iştirak edirdi.
Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ilin yanvarında yerli əhalinin
ehtiyaclarına tanışlıq məqsədilə "İrəvan Quberniyası müsəlmanları həmyerlilər cəmiyyəti”nin
nümayəndəsi Mirabbas Mirbağırovu Azərbaycan Xalq Cümhuriyyəti Hərbi
Nazirliyinin 12 zabiti ilə birlikdə Naxçıvana göndərmiş və parlamentin qərarı
ilə naxçıvanlılara kömək məqsədilə bir milyon manat pul göndərilmişdi. Eyni
zamanda, 1919-cu ilin martında Araz-Türk Respublikası hərbi hissəsinin rəisi Bəhram
xan Naxçıvanski Bakıya göndərilmiş, danışıq və razılaşmalardan sonra AXC hökumətinin
Naxçıvana göndərdiyi 12 nəfərlik zabit heyəti Araz-Türk Respublikasının hərbi
hissələrində təlimlər keçmiş, kəşfiyyat işlərinin təşkilində və sərhəd xidmətinin
möhkəmləndirilməsində iştirak etmiş, həmçinin Naxçıvanın Azərbaycan Xalq
Cümhuriyyətinin tərkibinə daxil olması məsələsi müzakirə olunmuşdu. Hətta, Azərbaycan
Xalq Cümhuriyyətinin 1919-cu ildə Naxçıvana müvəkkil təyin etdiyi Səməd bəy Cəmilinskinin
Naxçıvanda, Şərurda, Ordubadda təsis etdiyi inzibati idarələr yerli xalqın hərtərəfli
tərəqqisi naminə olduqca faydalı, səmərəli işlər görməyə çalışmışdır.
Baxmayaraq ki, o dövrdə Araz-Türk Respublikası əhalisinin
gözlədiyi köməyi Azərbaycan Xalq Cümhuriyyəti ona göstərə bilmirdi və
Naxçıvanın ərazisi formal olaraq onun tərkibinə daxil edilmişdi, ancaq o vaxt
Naxçıvanda fəaliyyətdə olan Amerika general-qubernatorluğunun etirazına
baxmayaraq 1919-cu il fevralın 24-də Araz-Türk Respublikasının AXC-nin tərkibinə
daxil olması haqqında aktın tərtib edilməsi başa çatmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən
qəbul edilmiş qanunların təhlili göstərir ki, parlament əhalinin konkret təbəqələrinin
maddi-sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra qanunlar qəbul
etmişdir. Belə ki, parlament 4 fevral 1919-cu il tarixdə "Dəmir yolu
qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında” qanun qəbul etmişdir. Bu,
onun fəaliyyətində yeganə hal olmamışdır. Belə ki, parlament 19 may 1919-cu il
tarixdə "Azərbaycan hökumət təşkilatlarının qulluqçularına Novruz bayramı
münasibətilə birdəfəlik yardım verilməsi haqqında” qanun qəbul etmişdir.
"Bakı Dövlət Universitetinin Nizamnaməsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 29 aprel 1919-cu
il tarixli qərarı isə Azərbaycan tarixinin sonrakı mərhələlərində də elm və tədrisin
inkişafında müstəsna rol oynamışdır. Ümummilli Liderimiz Heydər Əliyev bu hadisəni
belə qiymətləndirmişdir: "Əsrin əvvəllərindən bu günə kimi Azərbaycan elminə və
maarifinə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar
hadisədir”.
Parlamentin 17 iyul 1919-cu il tarixdə qəbul etdiyi
"Qısa müddətli pedaqoji kursların açılması haqqında” qanun da bu qəbildəndir.
Qanunda 1 iyul 1919-cu il tarixdən Qazax, Nuxa (indiki Şəki – F.İ.), Şuşa,
Quba, Zaqatala, Salyan, Bakı və Gəncə şəhərlərində iki aylıq pedaqoji kursların
açılması və bu məqsədlə dövlət xəzinəsindən iki milyon üç yüz doxsan min rubl
ayrılması nəzərdə tutulurdu.
Azərbaycan Xalq Cümhuriyyəti nisbətən qısa müddət
yaşamasına baxmayaraq, əhalinin maarifləndirilməsi işinə xüsusi diqqət
yetirmişdir.
Belə ki, parlamentin 1 sentyabr 1919-cu il tarixdə
qəbul etdiyi qərara görə, xarici ölkələrə elə 1919-1920-ci tədris ilində 100 nəfər
abituriyent və tələbə ezam olunması müəyyən edilmişdi. İngiltərəyə (10 nəfər),
İtaliyaya (23), Fransaya (45), Türkiyəyə (9) və Rusiyaya (13) tələbə göndərilməsi
nəzərdə tutulurdu. Bu tələbələr üçün dövlət hesabına ayda 400 frank, 1000 frank
yol xərci, Rusiyaya göndərilənlərə ayda 3 min rubl, 3 min rubl isə yol xərci ödəmək
şərti ilə qarşılıqlı razılaşma əsasında müqavilə imzalanırdı ki, dövlət
hesabına oxuyan tələbələr təhsili başa vurduqdan sonra hökumətin göndərdiyi
yerdə 4 il işləsinlər.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə
xalq təhsili ilə bağlı belə qanun və qərarların qəbul edilməsi yeganə hal
olmamışdır. Belə ki, parlament 18 sentyabr 1919-cu il tarixdə "Xalq məktəblərinin
kitabxanaları üçün türk dilində (Azərbaycan dilində - F.İ.) yeni kitabların
alınması üçün Xalq Maarifi Nazirliyinin sərəncamına dövlət xəzinəsindən bir
milyon rubl vəsait ayrılması haqqında” qanun da qəbul etmişdi.
Dövlət hakimiyyətinin bölgüsü prinsipi baxımından,
nisbətən yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Məclisi Müəssisan ilə
bağlı normativ hüquqi aktının qəbul edilməsinin xüsusi əhəmiyyəti vardır. Təsadüfi
deyildir ki, parlament 21 iyul 1919-cu il tarixdə "Azərbaycan Respublikasının Məclisi
Müəssisana seçki haqqında Əsasnamə” qəbul etmişdi. Əsasnaməyə görə, Məclisi Müəssisana
120 üzvün seçilməsi nəzərdə tutulurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin qanunvericilik fəaliyyəti
baxımından xüsusi əhəmiyyət kəsb edən qanunlarından biri də parlamentin 11
avqust 1919-cu il tarixdə qəbul etdiyi "Azərbaycan vətəndaşlığı haqqında” qanun
idi. Qanunun 1-ci maddəsinə əsasən, milli və dini fərqlərə baxmayaraq, özləri və
ya onların valideynləri Azərbaycan Respublikasının ərazisində doğulmuş keçmiş
Rusiya imperiyasının bütün təbəələri Azərbaycan vətəndaşları hesab edilirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti
dövründə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə
və başqa sahələrdə atdığı mühüm addımlarla yanaşı, xalqın və dövlətin taleyüklü
məsələlərinin həllində daha önəmli yer tutan hadisələrə də öz qanuni münasibətini
bildirmişdir.
Belə ki, parlament öz doğma yurd-yuvasından didərgin
düşmüş qaçqın və məcburi köçkünlərin qayğısına qalmağı da yaddan çıxarmamış və
8 yanvar 1920-ci il tarixdə "Qaçqınların ehtiyaclarının ödənilməsi haqqında”
qanun qəbul etmiş, həmçinin zəlzələdən zərər çəkmiş gürcü xalqına öz kömək əlini uzadaraq 11 mart
1920-ci il tarixdə hökumətin İşlər İdarəsinin smetasından üç milyon manat
ayrılması haqqında qanun da qəbul
etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti dövlətin
iqtisadi müstəqilliyinin təmin edilməsi üçün gömrük xidmətinin mühüm əhəmiyyətini
nəzərə alaraq, bu sahədə də bir sıra qanunlar qəbul etmişdir. Parlamentin 18
avqust 1920-ci il tarixdə qəbul etdiyi "Azərbaycan Respublikasında gömrük
münasibətlərində (sahəsində - F.İ.) sərhəd mühafizəsinin yaradılması haqqında”
qanun buna əyani sübutdur.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 27 aprel
1920-ci il tarixdə keçirilən son iclasında fakt qarşısında qalaraq Azərbaycan
K(b)P, Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu və Mərkəzi Fəhlə Konfransı
adından verilmiş ultimatuma cavab olaraq hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə
verilməsi haqqında qərar qəbul etmiş və aprelin 28-də qan tökülmədən hakimiyyət
Azərbaycan İnqilab Komitəsinə təhvil verilmişdi.
Fikrimizcə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə
parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr 1918-ci il mayın 27-dən
noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı
ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk deputatdan ibarət olan ilk Azərbaycan
parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk parlamentimiz 1918-ci
il mayın 28-də Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən
parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini
saxlamaqdadır.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik
tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il
aprelin 27-dək cəmi 17 ay davam etmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də,
son iclas 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə parlamentin cəmi
145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və
konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və
müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin
olunduğu ən müasir hüquqi demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm
qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə
etibarilə, hakimiyyətin üç qolunun qanunvericilik, icra və məhkəmə orqanlarının
formalaşdırılmasına yönəlmişdi.
Təəssüflə göstərmək lazımdır ki, həmin dövrün
qanunvericilik təcrübəsinin primitiv olması səbəbindən Azərbaycan Xalq
Cümhuriyyətinin Parlamenti tərəfindən qəbul edilmiş qanunlar və hökumət qərarları
qanunvericilik aktları strukturunun tərkib hissəsi olan preambulasız (müqəddiməsiz
– F.İ.) qəbul edilmişdir.
Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamentinin qısa müddət (cəmi 17 ay) fəaliyyət göstərməsinə baxmayaraq, həyatiliyini
və işgüzarlıq qabiliyyətini sübut etdi. O, göstərdi ki, Azərbaycan xalqı, həqiqətən,
parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. Onun qısa müddətdə qəbul etdiyi
qanun və qərarlar xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin
bərpası işində böyük rol oynamışdır. O vaxt Azərbaycan Cümhuriyyəti bütün müsəlman
Şərqində yeganə parlamentli respublika olmuşdu.
Qeyd etmək lazımdır ki, Azərbaycan parlamentinin
açılışından bir ay sonra çağırılan Araz-Türk Respublikasının parlamenti türk
xalqlarının tarixində ikinci parlament, təkcə Cənub Qərbi Qafqaz üçün yox,
bütün Şərq tarixi üçün parlaq fenomen idi. Elə ilk günlərdən Araz-Türk
Respublikasının parlamenti regionun bütün əhalisi arasında nüfuz qazanmış, hətta
Batum Vilayəti Gürcüstan Respublikasına birləşdikdən sonra onun nümayəndələri
parlamentin iclaslarında iştirak etmişdir.
Azərbaycan
Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və roluna ən dolğun və
düzgün qiyməti də məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
vermişdir. Xalqımızın dahi oğlu tariximizin bu şanlı səhifəsi ilə bağlı
demişdir: "Azərbaycan
Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin
xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ilk respublika dövründə həyata
keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək
inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin
tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli,
ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi
təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət
deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. İndiki
Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə
söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi
bir də heç zaman əldən verməyəcəyik, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz
və əbədi edəcəyik”.
Fizuli
İbrahimzadə
Tarix üzrə fəlsəfə doktoru, dosent
