Mobil tətbiqlərin əsas üstünlüklərindən biri yüklənmiş
kitabları internet şəbəkəsi olmadan da dinləmək imkanının olmasıdır
Dövr dəyişir,
texnologiya inanılmaz sürətlə inkişaf edir. Dünən maraqlı olan artıq bu gün diqqəti
cəlb etmir və ya dünən əl-əl gəzən nəyəsə bu gün ehtiyac olmur. Və bu zaman
axınında kitab mütaliəsində də, əlbəttə ki, dövrə uyğun dəyişikliklər olub. Bu
dəyişiklik daha çox vaxtın azlığı və həm də, eyni zamanda digər problemlərlə əlaqədardır.
Görmə məhdudiyyətli, eyni zamanda kitabları audio formatda dinləməyi sevənlər
üçün Azərbaycanda layihə hazırlanıb. "Audiokitab” layihəsinin əsas məqsədlərdən
biri, görmə məhdudiyyətli insanlar üçün mütaliənin daha da əlçatanlığının təmin
edilməsidir.
1 layihə – 1200-dən artıq əsər
"Audiokitab”ın
direktoru Əhliman Ərşadlı deyir ki, bu layihəyə 2015-ci ildən başlayıblar. Və
onlar bununla bir ilkə imza atıblar: "Biz Azərbaycan klassiklərindən tutmuş,
müasir yazarlarımıza qədər, eyni zamanda dünya klassikləri və müasir yazarların
əsərlərini səsləndirib portala daxil etmişik. Portalda nəinki bədii ədəbiyyat,
eyni zamanda tarixi, texniki, hüquqi ədəbiyyat da öz əksini tapıb. Professorlar
Kərim Məmmədov və Elxan Həsənovun daş dövründən tutmuş, ta bu günə qədər Azərbaycan
tarixini əhatə edən mühazirələri öz ifalarında yerləşdirilib. Bu, nəinki tələbələr,
ümumiyyətlə hər bir azərbaycanlı üçün çox dəyərli bir materialdır. Bundan
başqa, uşaq ədəbiyyatı, 7, 8, 9, 10-cu
siniflər üçün dərsliklər səsləndirilib. Bu gün soydaşlarımız rahatlıqla İOS və
Android platformalarında olan "Audiokitab” mobil tətbiqini yükləyib, 700-ə
yaxın audiokitab və 1200-dən çox əsəri dinləyərək, layihədən yararlana bilərlər.
Mobil tətbiqlərin əsas üstünlüklərindən biri, yüklənmiş kitabları internet şəbəkəsi
olmadan da dinləmək imkanının olmasıdır”.
"Audiokitab” Qarabağda
Layihənin ən
maraqlı tərəfi, həm də ən böyük uğuru, deyərdim ki, Qarabağın ilk regional
radiokanalı olan "CBC FM”də – 102.7 MHs işçi tezliyində məhz "Auidiokitab”dan əsərlərin
yayımlanmasıdır.
Xaricdəki soydaşlarımız diqqətdə
Əhliman bəy
deyir ki, "Audiokitab” layihəsinin əsas məqsədlərindən biri də xaricdə yaşayan
soydaşlarımız üçün ana dilində ədəbiyyatın əlçatan olmasını təmin etməkdir. Və
bu yolda xeyli uğur qazanılıb. Belə ki, sosial şəbəkələrdə vətəndən uzaqda olan
dinləyicilərin xoş rəyləri, təşəkkürləri hər zaman göz önündədir və görülən
işin nəticəsinin əks-sədasıdır.
Təbiəti qoruyuruq
"Audiokitab”ın
devizi də bu günümüzlə səsləşir – audiokitab dinləyək, təbiəti qoruyaq. "Bir
kitabın çapından ötrü nə qədər ağac tələf olur. Kitab çap olunur, tirajı bitir,
yenidən çap olunmasına ehtiyac yaranır. Amma əsər səsyazması bir dəfə baş tutur
və həmişəlik qalır. Biz bununla həm də təbiəti qoruyuruq” deyir Əhliman bəy.
Peşəkar kollektiv
Layihənin
qiraətçilərindən biri sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı
hesab edir ki, audiokitab kitabın yeni – müasir dövrə uyğun versiyasıdır:
"Bütün dünyada bu cür audiokitab layihələri var. Sevindirci haldır ki, bizdə də
artıq var və insanlar bundan istifadə etməyə başlayıblar. Biz tam peşəkar
kollektivlə işləyirik. Və işimizdən – insanlara rahat mütaliə sevinci bəxş etməkdən
həm sevinir, həm də qürur duyuruq. Gələcəkdə bu işi radio-teatr formasında daha
çox inkişaf etdirməyi düşünürük”.
Tətbiq haqda
Tətbiq çox
rahat şəkildə telefona pulsuz yüklənir. Axtarış bölməsindən fondda olan istənilən
kitabı tapmaq mümkündür. Burada olan
kitabların 95 faizini pulsuz, müəyyən qismini isə simvolik məbləğdə ödəniş etməklə
dinləmək mümkündür. Lakin görmə məhdudiyyətli şəxslər promokod vasitəsilə bütün
əsərləri pulsuz dinləyə biləcəklər. Yaxın vaxtlarda ödənişli kitablar üçün abunə
də tətbiq olunacaq. Ödənişin təxminən 3-4 manat arasında olacağı gözlənilir.
Xüsusi həssaslıq
"Audiokitab”ın
mətbuat katibi Əşrəf Haşımoğlu deyir ki, bu layihədə daha çox görmə məhdudiyyətli
insanların istəkləri nəzərə alınır. Onlar əsərlərə daha böyük diqqət ayırır,
xüsusi həssaslıqla yanaşırlar. Əşrəfin özü də görmə məhdudiyyətli şəxs
olduğundan, həmin insanlarla daha sıx əlaqədədir. Deyir ki, bizim xüsusi "votsap”
qruplarımız var. Orda hər bir yeni əsər və eyni zamanda da qiraətçilərin səsi,
intonasiyası müzakirə olunur. Onlar elə müzakirə vaxtı dinləmək istədikləri əsərlərin
adlarını bildirir və həmin əsərlər fondda artıq mövcuddursa, portala yerləşdirilir,
yoxdursa, səsləndirilir.
Məktəblərdə
də dinləyirlər
Bundan
başqa, orta məktəblərin ibtidai siniflərində sinifdənxaric oxu zamanı proyektor
vasitəsilə lövhəyə verilərək "Audiokitab”ın əsərlərindən istifadə olunur. Məktəblilər
həmin əsərləri həvəslə dinləyirlər. Noyabr ayından etibarən müxtəlif
universitet və məktəblərdə görüşlərə yenidən start veriləcək.
Bu yaxınlarda
keçirilən Beynəlxalq Kitab Yarmarkasında alternativsiz iştirak edən
"Audiokitab”a xüsusi diqqət və maraq da gözdən yayınmadı. İnsanlar böyük həvəslə
əsərləri dinləyir, tətbiqin necə yüklənməsini və istifadə qaydasını öyrənirdilər.