• cümə, 29 Mart, 12:39
  • Baku Bakı 14°C

Aqibət

17.09.19 11:00 1555
Aqibət
Üstünlük nisbiyyət deyil, həqiqətdir. Həqiqət nisbi ola bilməz. Üstün olmaq xaricə nisbətdə deyil, daxilə nisbətdə hərəkət edən bir məfhumdur. Bu hərəkət heç dayanmır. Daim özündən üstün ola bilmək və ya buna can atmaq həqiqətin tələbinə cavab verən yeganə amildir. Həqiqətdə günlər, saatlar, dəqiqələr, anlar bir-birini əvəz etmir, bir-birini öldürür. Hər ölüdən yeni bir diri doğulur. Doğuluş ölümdən qidalandığı üçün keçmiş sağdırsa, deməli, gələcək ölüdür. Ölməmək üçün öldürmək lazımdır – özünü, öz keçmişini! Anlıq xatirə aşıla bilməyəcək bir ətalətə və durğunluğa səbəb olur. Dünən doğulanlar bu gün üçün ölüdür, ancaq bu gün doğulanlar sabah üçün ölü deyil. Çünki sabah hələ olmayıb. Aqibət deyilən şey indiki zamandır, bu andır! Əbədiyyətə zəmanət verən şey keçmişdəki uğurlar deyil, hazırda yaşananlardır. Bunun üçün hər işi son iş kimi, daha doğrusu, son iş olaraq yerinə yetirmək şərtdir. Buna inanmaq və bunun qaçılmaz olduğuna əmin olmaq lazımdır. Belə olan halda bir ana bütün zaman, bir əsərə bütün əsərlər, bir şeyə hər şey sığışır. Amadey Motsart çox gənc, yeniyetmə yaşlarında bilirdi ki, uzun yaşamayacaq. O, bunu kahinliklə, sağlığının bərbad və müdafiəsiz durumu sayəsində bilirdi. O bilirdi, o inanmışdı ki, bir daha musiqi bəstələyə bilməyəcək. Ona görə də, onun bir əsərində hər şey vardır! Onun hər bir əsəri məhz sonuncu əsər olaraq yazılıb! Ömrünün sonuna qədər hər sabah ölmədiyini görsə də, o, həyata yox, məhz ölümə inandığı üçün planlı hərəkət edə bilmədi. Yəni "bunları da bir sonrakı əsərimdə ortaya qoyaram” demədi, deyə bilmədi. Hər əsərində hər şeyi ortaya qoymağa çalışdı və buna, türklər demişkən, "fazlası ilə” nail oldu.
Üstünlük məhz budur - bir şeylə hər şey olmaq! Özünü aşmayan, özünü sabaha saxlayan insan bunu edə bilməz! Bu gün öləcək deyə, dünənlə kifayətlənən insan da bunu edə bilməz! Belə üstünlük məhz keçmişini öldürüb, gələcəyini görməyən və hər şeyini bu ana, yəni həmin bir ana sığışdıra bilən insana aiddir!
Əlbəttə, hər kəs belə düşünmür, belə yaşamır və belə etmir. Sxolastik ağılla yaşayıb, planlı və mərhələli şəkildə fəaliyyət göstərənlər də var. Ancaq elm və incəsənət biznes deyil və heç vaxt olmayıb. Əgər haçansa olacaqsa və yaxud artıq olubsa, deməli, həmin şey elm deyil, incəsənət deyil. Hər hansı bir elmi ixtiranı necə yarımçıq qoymaq olar? Onun yarısını hansı təmkinlə sabaha saxlamaq olar?! Alimlərin, sənətkarların gün ərzində sutkanın yarısından çoxunu masa başında keçirmələrinin səbəbi də elə budur! İlham deyilən şey əslində keçmişin ölümü, gələcəyin isə olmamağıdır. İlham boşluğa dolar. Keçmişi ilə dolu olan bir vücudun harasına dolsun ilham?! Keçmişi də gələcəyi də tənzimləyən şey ağıldır. Ancaq anı yaşadan şey ağıldan yox, kənar bir "mən”dən gəlir. Ani gəlir. Buna görə də adına "an” deyiblər. Mendeleyevin yuxusuna gələn yol, bütün ömründən keçmişdi. Ancaq kimyəvi elementlərin sistemli cədvəli bir anda hasil oldu. Hər şeyin sığdığı həmin an məhz budur!
Hər açılan sabah gözlənilməz bir şeydir. Çünki gecənin qaranlığı o qədər müdhiş, o qədər qatıdır ki, haçansa Günəşin bir də doğacağına ümid və ən əsası, istək olmur insanda. Ən azından mən belə hiss etmirəm. Hər kəs bunu yaşayır, sadəcə fərqində olmur. İnsanların ən az oxuduğu, ən çox toz basmış kitab insanın özüdür. Özü ilə baş-başa qalan insan özünü incələməyə vaxt tapır. Öz içindəkiləri xırdalayır, onları üzə çıxarıb, sahmana salır. Əlindəki təsbeh kimi, özünü dənələyir, özünü sayır, özünü kiçik hissəciklərə ayırır. Əslində isə özünü zikr edir. "Yaxşı idim, sən gəldin, tək qaldım” deyənlər özlərindəki "öz”ü, "mən”lərindəki "mən”i, içlərindəki "iç”i təhqiq edib, tanıyanlardır.
"Biz könlümüzə "piri-mühəqqəq” demişik,
Haqqı sevənə "aşiqi-mütləq” demişik.
Merac yolun getməyə Mənsur kimi,
Batində "Əli”, dildə "Ənəlhəq” demişik!”
Çox gənc yaşımda bu rübaini qələmə alanda mən də bilmirdim ki, "piri-mühəqqəq” nədir. Təhqiq edənin, axtarıb bulanın öz könlüm olduğunu mən də bilmirdim. Belə olur bəzən – bilmədən yazdıqların bilərək yaşadıqlarına çevrilir!
Üstün ağıl yoxdur. Çünki, ağıl vücudda birdir. Kənar ağıllarla nisbətdəki üstünlük isə absurd və yolverilməzdir. Sadəcə və sadəcə üstün an və üstün zaman vardır. Bunun üçün isə bir vücud yetər. Kənar qiyaslamaya ehtiyac yoxdur. Öz üzərində əldə olunun və yaxud olunmağa cəhd edilən üstünlüyün cəmiyyət üçün də inanılmaz faydaları vardır - əslində ideal bir şeydir. Bu üstünlüyün özünün də üstünlüyü ondadır ki, insan cəmiyyətindəki belə bir düşüncə tərzinin yaranması və formalaşması utopiya deyil. Utopik bir cəmiyyət qurmaq fikrimiz də yoxdur zatən. Bu fikirdə olmağın özü də insanı özündən qoparıb, kənar mücadilələrə sövq edir. Kənar mücadilə isə hər zaman insanın öz daxili potensialını "haqlı” duruma düşürür. Mücadilə haqsızlığa qarşı olur. Əgər bu haqsızlıq kənardadırsa, deməli, insanın özü haqlıdır. Bu isə gülüncdür. Çünki ən yaxşı halda məğlubiyyət qaçılmazdır. İnsanın alnına yazılan bir qələbə vardır; o da öz üzərində çaldığı qələbə! Bu üstünlük nisbi deyil, mütləqdir. Zira, başqası üzərindəki üstünlük o deməkdir ki, bir başqası da səndən üstündür. Birindən üstün olub, digərindən aşağı olmaq, birinə qələbə çalıb, digərinə məğlub olmaq isə daha da gülüncdür. Çünki nisbiliyin sonu yoxdur. Nisbilik nəzəriyyəsinin, müasir Türkiyə türkcəsində ad olaraq, çox gözəl bir qarşılığı vardır; görəlilik teorisi. Yəni buna görə o, ona görə digəri, digərinə görə bu və sairə. Təbiətdə kəşf edilməsi mümkün olmuş məhdud kainatda bu qanun keçərlidir. Ancaq ortada mütləq qələbə və məntiqi bir nəticə yoxdur. Bu yoxluğun əsl səbəbi isə həqiqətin yoxluğudur! Bəli, həqiqətdə nisbiyyət ola bilməz. Həqiqət hər hansı bir şeyə görə həqiqət ola bilməz. Ətrafdakı hər şey isə görəlilik qanunu ilə işlədiyinə görə, deməli, həqiqət kənarda yox, səndə, yəni düşünən varlığın özündədir.
Ancaq həqiqətin yalan və bunların arasında olan digər şeylərlə ümumilik təşkil edən bir cəhəti vardır ki, hər şey kimi həqiqət də mübarizə və mücadilənin nəticəsidir. Həqiqətdir, həm də Həqdir – yəni Tanrıdır. Onu isə yalnız özünə qalib gələnlər bula bilər. Bu savaşdan başqa, insanlıq tarixindəki heç bir savaş əsl qələbə ilə bitməyib. Bu qələbələrin mütləq əksəriyyəti məğlubiyyətdən daha betər olub. Çünki insanlar haqqı da, haqsızlığı da kənarda axtarıblar. Halbuki, nə haqq bizdən ayrıdır, nə haqsızlıq! Bu yanlış cəbhədəki müharibələr hələ də davam edir. Qanlı, qansız bütün mübarizələr nəticəsiz qalır. Qalib gələnlər sadəcə olaraq, daha da canavarlaşır, öldürdükləri əjdahanın taxtına sahib olurlar. S.Ə.Şirvaninin dəfələrlə istinad etdiyim bir beytini yenə də xatırlamaq istərdim:
"İskəndərəmmi, zülmətə ey Xızr, olam rəvan,
Abi-həyat, ləli-ləbi-dilbərimdədir”
Yəni əbədiyyət ən yaxında, lap dodaqlarımın toxunduğu yerdədir. Bu işıqlı aləmi qoyub, zülmətə getməyə nə lüzum var?!
Elə bütün bunlara görə də, ən yaxında olan şey, əslində ən uzaqdadır. Çünki, insanlar onu çox gec görürlər, ya da heç onu görmədən, qafil gedirlər bu fani dünyadan.
"Yetdi ömrün axıra, sən bir Nəbati, bilmədin,
Kimdir ol gözdən baxan, ya dildə bu quya nədir”.
Bu beytlərə dəfələrlə müraciət etməyimin səbəbi, hər dəfə onların başqa mənalarla yüklənmiş halda qarşıma çıxması və hər dəfə başqa bir məqsədə çatmaq üçün mənə işıq tutmasıdır.
Dediyimiz kimi, üstünlük, qələbə savaşla qazanılır. Özü ilə bu savaşı aparan arif və aqil insanların ətraf aləmlə heç bir ciddi müşkülləri olmayıb. Ən azından ona görə ki, buna onların vaxtı olmayıb. "Məsnəvi”ni qələmə alan Mövlananın ayları, illəri özündən ayrı keçmədi. Özündə gizlənənləri və nəfsin çox xəsisliklə əlindən verdiyi inciləri böyük ustad ancaq inzivada, yəni özü ilə bərabər olarkən üzə çıxara bildi. Onda vaxt harda idi xalqın cəhaləti ilə əlləşməyə, onları maarifləndirməyə?! Ancaq bu qələbə yüz minləri, milyonları 700 ildir ki, cəhalətdən qurtarır, onları heç olmamış kimi maarifləndirir! Səbəb isə aydındır – özünə qalib gələn, hər kəsə qalib gələr. Bu, ədalətdir! Özü ilə savaşıb barışmadan, başqaları ilə mübarizə aparan şəxslər çox böyük haqsızlığa və ədalətsizliyə yol verdikləri üçün, tarixə bu qədər dahilər, qəhrəmanlar, övliya və peyğəmbərlər gəldi, getdi – bəşər yenə öz işindədir! Cəhalət pərdəsi günü-gündən qalınlaşır! Çünki, heç kim özü ilə savaşmaq istəmir! Heç kim həqiqətin, Tanrının - Haqqın, bu gizli cövhərin məhz özündə olduğunu bilmir! Ayəti-Kərimə nə gözəl buyurur: "Heç bilənlə bilməyən bir olarmı?!” Bəli, bilmək savaşmaqdır, mücadilədir, nəticədə özünə qarşı əldə edilmiş üstünlükdür. Hər gün, hər an davam edən bu savaş bir insan ömründən daha uzundur. Çünki fani bir ömür özündən sonra neçə-neçə ömürlərə, həyatlara müəllimlik edir və bununla da əbədiyyət qazanır. Hər kəs tacir, iş adamı, siyasətçi olmaq yerinə alim, sənətkar, qələm əhli olmağı sınaqdan keçirsəydi, nə olardı görəsən?! Birincilərə hər kəs can atır. Hətta alimlər də sənətkarlar da, qələm əhli də öz işini ticarətə, siyasətə çevirmək istəyir. Ancaq bir düşünək; çoxluq fərdi şəkildə öz daxili qabiliyyətini ortaya çıxarmaqla, musiqiçi, rəssam, yazıçı, elm adamı olsaydı, cəmiyyətin ümumi mənzərəsi necə olardı? Yəqin ki, o zaman insanlar az yeyər, az yatar, az danışar və sülh içində yaşayardılar. Bax, bu, əsl utopiyadır! Bunları yazarkən, özümün özümə gülməyim gəlir! Çünki fərdi insan sxemi heç bir zaman kütləviləşməyib. Heç "mümkün qədər çox sayda insan belə olsun” demək də absurddur, boş xəyaldır. Belə bir mexanizm mövcud deyil. Bu sahədə qoca insanlıq tarixinin müdhiş təcrübələri vardır. Fəzlullah Nəimidən Anri Sen Simona qədər bütün ideoloqlar məğlubiyyətə uğradı! Düzdür, bu məğlubiyyət zahiridir. Batində, yəni əslində onlar qalib gəldilər. Lakin qoca Dünya batini deyil. Onun həqiqəti gerçəkdir, əllə toxunulandır, realdır. Bu həqiqətə çatmağın yeganə yolu isə fərdilikdir. Batini həqiqəti zahiri Dünyada gerçəkləşdirənlər yalnız fərdlərdir. Cəmiyyətdən bunu gözləmək hər zamankı kimi yalnız və yalnız xəyal qırıqlığıdır. Xəyalları qırılmayanlar isə bu qələbəni çalanlar, yəni özündən üstün olanlardır.
Hər anla bərabər addım atmaq mənalı və dolu yaşamın yeganə formuludur. Ancaq bu anlar insandan kənardakı materiyanın zamanı deyil. Yəni anla bərabər addım atmaq zamanla ayaqlaşmaq mənasına gəlmir. Bu an insanın özündəki andır. Bu zaman insanın öz zamanıdır. İnsan bu zamana uymalı, bu zamanla ayaqlaşmalıdır. İnsan özündən xəbərsiz hər an irəliyə doğru hərəkət edir. İnsanın başqa bir "öz”ü olan zahiri şüur, zahiri mənlik bu hərəkətlə birgə addım atmağı bacararsa, o zaman nə baş verər? Cavab birdir; insan özü ilə birləşər, özü ilə bütövləşər! İnsanın özündəki həmin o "öz” məhz həqiqətdir.
Bütün bu deyilənlərdən belə bir nəticə hasil olur ki, hər insanın öz həqiqəti, hər həqiqətin isə öz insanı yoxdur. Həqiqət elə insan özüdür! Dolayısı ilə, insan da həqiqətin özüdür. Üstünlük aqibətdir. Bunun adı aqibət olsa da, bu aqibətin müəllifi tale deyil, insan özüdür. Daha doğrusu, insanın taleyi də aqibəti də öz həqiqətidir. Heç nə taledən gəlmir, hər şey taleyə doğru gedir. Aqibətimiz bizdən öndə getmir. Biz onun önündəyik. Biz istəsək də, istəməsək də, içimizdən addımlayırıq. Bu iç hərəkət, ömür kimidir, heç durmadan gedir. Ancaq onun adı batini ömürdür. Zahiri ömürdən fərqli olaraq, o bitmir, qırılmır. Batinin bir adı da əbədiyyətdir. Əbədiyyət isə idrakın davamlı üstünlüyü, onun heç istisnasız irəliyə doğru hərəkətinin mahiyyətindən yaranan bir termindir. Nə kiçikliyin, nə də böyüklüyün bir həddi vardır. Nə zərrələr kiçilməyə doğru, nə də cisimlər böyüməyə doğru məhdudiyyət daşıyır. Bunun özü hərəkətin bir başqa adı olan əbədiyyətdir. Əbədi olan öz içində, öz üzərində üstünlüyə nail olandır. Kainatdakı ən dərin quyu və kainatdakı ən əngin fəza insanın içidir. Bu iç şüurun, bu batini idrakın ölçüləri isə əbədiyyətin ölçü vahidləri ilə düz mütənasibdir. Nə zaman sonsuzluğun sonu bulunursa, o zaman da insan idrakının sərhədi müəyyən ediləcək. Fanilik bixəbərlik, əbədiyyət isə baxəbərlikdir – yalnız və yalnız özündən, özdən!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər