Anar: şüuraltı ehramlar yazıçısı

Xalq yazıçısı, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət mükafatı
laureatı, 1998-ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı böyük
xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmiş Anarın Bakıda,
Moskvada, Türkiyədə, İranda, Almaniyada, İsveçrədə, Polşada, Çexoslovakiyada,
Macarıstanda, Bolqarıstanda, Estoniyada, Gürcüstanda, Qazaxıstanda,
Tacikistanda, demək olar ki, elə öz yaşı qədər - 70-dən çox kitabı çap olunub.
"Ağ liman" Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda
(1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978),
Qazaxıstanda (1976), "Beşmərtəbəli evin altıncı mərtəbəsi" Moskvada
(1980, 1988), iki dəfə müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya
Demokratik Respublikasında (1979), Almaniya Federativ Respublikasında (1989),
Çexoslovakiyada (1980-ci ildə çex, 1984-cü slovak dillərində), Macarıstanda
(1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997),
"Əlaqə" povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda
(1982), Almaniyada (1986), Fransada (1995), Estoniyada (1981), "Dantenin
yubileyi" üç dəfə Moskvada, Estoniyada (1975), Bolqarıstanda (1973),
Tacikistanda (1977), "Dədə Qorqud" Moskvada (1980, 1988), İranda
böyük tirajlarla, nəfis şəkildə nəşr olunub. "Mən, sən, o və telefon"
hekayəsi ABŞ-da, Kanadada, Yaponiyada, Finlandiyada, ərəb ölkələrində və bir
sıra başqa ölkələrdə çap olunub. Anarın ayrı-ayrı hekayə, pyes və məqalələri
dünyanın bir sıra mətbuat orqanlarında ingilis, fransız, alman, ispan, benqal,
türk, macar, rumın, bolqar dillərində və keçmiş SSRİ-nin bütün
respublikalarında dərc edilib. Amma əlbəttə, Anar ən böyük populyarlığı öz
Vətənində – Azərbaycanda qazanıb.
Xüsusilə 70-80-ci illərdə Anarın 30, 40, 50 min tirajla çap olunan
kitabları, dərgilərdə çıxan əsərləri əl-əl gəzir, polemikalara səbəb olurdu.
Anarın nəinki əsərləri, hətta bu əsərlər haqqında dərc olunan məqalələr
Azərbaycan ictimaiyyəti arasında geniş müzakirə olunurdu.
Onun müxtəlif bəhanələrlə
suçlandırılması, təklənməsi siyasəti səngiməyib
Bütövlükdə, Anar yaradıcılığına Azərbaycan tənqidinin dörd
münasibətini müəyyən etmək mümkündür: iki əks yöndə tənqid, iki əks yöndə
təqdir. 60-70-80-ci illərin tənqidçilərinin bir sıra – "dünənkilər"
Anarı yenilikçiliyinə, irəli getdiyinə,
"modernizminə", "formalizminə" və s. "izmlərinə"
görə tənqid edirdilər, 90-cı illərin və yeni əsrin əvvəllərinin bir para
tənqidçi və yazarları – "bugünkülər" isə "köhnəliyinə",
"geri qaldığına", "antimodernizminə",
"izmlərsizliyinə" görə suçlayırlar. Anar yaradıcılığının təqdiri də
iki cürdür: tənqidin səthi, saya üzdəngetmələri və nəhayət, Azərbaycan
tənqidinin bu dolğun yaradıcılığa ciddi elmi-analitik, namuslu münasibəti.
Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı fonunda alim, yazıçı, tənqidçi
və sənətkarlarımızın – Məmməd Arif, Sabit Rəhman, İsmayıl Şıxlı, Bəxtiyar
Vahabzadə, Tofiq Quliyev, Toğrul Nərimanbəyov, Arif Məlikov, Xəlil Rza Ulutürk,
Bəkir Nəbiyev, Araz Dadaşzadə, Yaşar Qarayev, Elçin, Nizami Cəfərov, Tofiq
Hacıyev, Yusif Səmədoğlu, Rəhman Bədəlov, Sabir Rüstəmxanlı, Aydın Məmmədov,
Vilayət Quliyev, Kamal Abdullayev, Rəfael Hüseynov, Nadir Cabbarov, Vaqif
Yusifli və başqalarının Anar yaradıcılığını yüksək dəyərləndirmələri, onların
bu zəngin sənət dünyasına obyektiv baxışları çox mühüm əhəmiyyət kəsb edir.
Keçmiş SSRİ məkanında və dünya mətbuatında Anar yaradıcılığına həsr
olunmuş məqalələrin müəlliflərinin – L.Anninski, B.Perevedensev, D.Urnov,
E.Şklovski, V.Kovski, A.Latınina, A.Boçarov, N.Boqoslovski, İ.Borisova,
Q.Petrova, L.Lavrov, A.Tverski, L.Lavrova, A.Zemnova (Rusiya), Fakir Baykurt,
Mustafa Qutlu, Adnan Özyalçınər, Əhməd Bican Ercilasun, Oktay Akbal, A.Qədir,
Yavuz Onk, Əli Yavuz Akpinar (Türkiyə), Mixael Farenholts, Taqe Zommerfild,
Friderike Bühner, Stefan Proys, Uli Rotfus (Almaniya), Zoltan İslai
(Macarıstan), İbrahim Darabi (İran), Cövdət Bilal İsmayıl (İraq) və
başqalarının müxtəlif milli psixologiya və ədəbi ölçülərdən Azərbaycan
yazıçısının əsərlərinə yanaşmaları sayğıyadəyər və gələcək tədqiqatlar üçün
tutarlı mənbələrdir. Burası da önəmlidir ki, hələ SSRİ dövründə xarici
ölkələrin mətbuatında dərc olunmuş bu məqalələrin bəzilərində Anarın
"sovet həyat tərzinə kəskin münasibəti", "rejimə sığmazlığı",
"ənənəvi Asiya epik nəqletməsi ilə ədəbiyyatın Qərbə xas olan texniki üsul
və formalarını ustalıqla əlaqələndirməyi bacarması", "Şərq
müdrikliyi", "modernist yapqıları" önə çəkilir. Həmişə zamanla nəfəs-nəfəsə, sözü tətikdə olan
sənətkar Azərbaycanın ən ağrılı problemlərinə vaxtında, həssaslıqla və bütün
kəskinliyi ilə münasibətini bildirmiş və həmin problemlər ətrafında ictimai
fikir formalaşdırmağa çalışmışdır. Onun 1990-cu ildə söylədiyi fikirlər
ölkəmizdə vətəndaşlığın tarixi məsuliyyətinin dərk olunmasına güclü impuls
verən qəti mövqeyi ortaya qoyur.
Anar, həmişə olduğu kimi bu gün də Azərbaycanın mənəvi-siyasi
mövqeyini ləyaqətlə qorumaq missiyasını davam etdirməkdədir. Məlum olduğu kimi,
Azərbaycan müstəqillik qazanandan sonra
da onun müxtəlif bəhanələrlə suçlandırılması, təklənməsi siyasəti səngiməyib.
Anar «Azərbaycançılıq haqqında düşüncələr» əsərində bu siyasətin əsas yönlərini
nişan verərək, «Azərbaycanda çeçenlərin hərbi düşərgələri, bazaları var,
silahlar tranzit olaraq Azərbaycandan keçir, Azərbaycanda islam fanatizmi
güclənir, təməl dinçilik (fundamentalizm) təmayülləri artır, radikal dinçi
mərkəzlər fəaliyyət göstərir» və s. kimi Moskva televiziya kanallarının
axın-axın iftiralarını sərrast məntiqlə belə puça çıxarır: «Azərbaycanın
Çeçenistanla sərhəddi yoxdur. Sual olunur, əgər Azərbaycandan Çeçenistana silah
keçirilirsə, deməli, Dağıstandan, yəni Rusiya ərazisindən keçirilir və əgər
Rusiya öz ərazisinə nəzarət edə bilmirsə, Azərbaycanı nədə günahlandıra bilər?»
Bu ideyanın fayda
gətirəcəyini 1991-ci ildə yazmışdır
Azərbaycan artıq öz yolunu seçib. Onu belə fitnələrlə yolundan
azdırmaq olmaz. Yazıçı ölkəsinin bu yolda qətiyyətlə irəliləməsinə sözü,
məntiqi, uzaqgörənliyi ilə dayaq durmaqdadır. Artıq Avrasiya ölkələrinin
həyatında mühüm rol oynayacaq, Şərq-Qərb sivilizasiyalarının qarşılıqlı əlaqələrini bir qədər də dərinləşdirəcək İpək
Yolu layihəsi həyata keçirilməyə başlayıb. Bu ideyanın ilk rüşeymlərini, özü də
onun məhz Azərbaycana, ümumən türk dövlətlərinə fayda gətirəcək şəkildə irəli
sürülməsini Anarın 1991-ci ildə yazdığı «İpək yolu» məqaləsində görürük. O,
dünyanın siyasi mənzərəsinin dəyişməsi, yeni düzən yaradılması istiqamətində
Azərbaycanın bir müstəqil dövlət olaraq strategiyasını müəyyənləşdirən amilləri
önə çəkir. Bu strategiyanın prioritet yönlərini düzgün seçimləyərək yazır:
«Tarixi, dini və ideoloji fərqlərlə aralanmış, müxtəlif əlifbalara malik olan
türk xalqları hələ qeyri-müəyyən vəziyyətdə olan türk aləmini — Vahid Türk
dünyasına çevirməyə qadir olan intellektual, mədəni inteqrasiya və koordinasiya
mexanizmləri, institutları yaratmalıdırlar». Yazıçı-publisist tamamilə doğru
olaraq qeyd edir ki, Vahid Türk dünyasının yaranması – türk dövlətlərinin
müstəqilliyinin itirilməsi demək deyil, əksinə, bu təbii inteqrasiya prosesində
müstəqilliklərini möhkəmləndirərək, onların vahid, yenilməz bir gücə çevrilməsi
deməkdir. O, müasir dünya tarixindən ərəb, ingilis dilli ölkələri, Latın
Amerikası respublikalarını örnək gətirərək, türk dövlətləri inteqrasiyasının da
yeni dünyanın qlobal inkişaf məntiqindən doğduğu qənaətinə gəlir. O, bu
inteqrasiya prosesində Azərbaycanın geostrateji önəm daşımalı olduğunu da
xüsusi vurğulayır: «Bu tarixən təbii prosesdə Azərbaycan vacib rol oynamalıdır.
Qismən Avropameylli türk sahələri (Türkiyənin özü, Kiprin türk hissəsi, Balkan
türk anklavları) və Uyğur çöllərindən Qazaxıstan və Orta Asiyaya qədər uzanan
türk əraziləri arasında körpü rolunu Azərbaycan oynamalıdır. O, həmin fəzanın
mərkəzindədir. Həm coğrafi-siyasi mövqeyinə görə, həm də tarixən bir çox
məsələlərdə birinciliyinə görə…» Təqribən, son iyirmi ilin gedişatı aydınladır
ki, tarixin nəticələndirdiyi bu ideyaların həyata keçirilməsi reallıqdır. Bu
gün Azərbaycan – Türkiyə əlaqələrinin gerçək durumu, dövlətimizin regionda
apardığı siyasət, uluslararası münasibətlərdə ölkəmizin siyasi-iqtisadi
mövqeyinin getdikcə möhkəmlənməsi,
Azərbaycanın Qafqazda liderliyə yetməsi prosesi bu özünümüəyyənləşdirmə,
mədəniyyət və mənəviyyatda olduğu kimi siyasətdə də «aşağılıq kompleksi»ndən qurtulma
strategiyasının düzgün seçildiyini təsdiq edir.
Sanki yüz illər bundan öncə
başladığı işi səbirlə, təmkinlə davam etdirir
Anar ədəbi-bədii yaradıcılığını ictimai-siyasi fəaliyyəti ilə
uzlaşdıra bilən nadir şəxsiyyətlərdəndir.
Anarın həm sovet dönəmində, həm də indi – müstəqillik çağında bütün
yaradıcı fəaliyyəti milli-mənəvi tərəqqiyə yönəlikdir. Onun Azərbaycan
Yazıçılar Birliyinə rəhbərlik etdiyi illərdə
bu təşkilatın nəzdində "Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi",
"Dədə Qorqud Ensiklopediyası" yaradılmış, "Ədəbiyyat və İncəsənət"
qəzeti, "Ədəbiyyat qəzeti" adıyla Mədəniyyət Nazirliyi ilə şərikli
nəşr olunmaqdan çıxarılaraq, Yazıçılar Birliyinin orqanı olmuş,
"Qobustan" toplusu da
Yazıçılar Birliyinin orqanına çevrilmişdir. Yazıçılar Birliyinin təklifi
və təşəbbüsü ilə Azərbaycan PEN klubu – Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan bölməsi yaradılmışdır. Moskva, Türkiyə,
Gürcüstan və Polşanın yazıçılar təşkilatları ilə ikitərəfli müqavilələr
bağlanmışdır.
Anar, yaradıcı şəxsiyyətin özəyini təşkil edən müqəddəs tənhalığını
qoruya-qoruya ünsiyyətsevər əsilzadəliyi ilə fəal ictimaiyyətçi olaraq, sanki
yüz illər bundan öncə başladığı işi səbirlə, təmkinlə davam etdirir. Yaşadığı
çağı ömrü, düşüncələri, əməlləri ilə daha mənalı, yaşamlı edən Anar
"Mübarizə bu gün də var" məramı ilə, sanki hər işi yenicə başlayırmış
kimi tükənməz enerjisi ilə yazıb yaratmaqdadır…
Dünya və Azərbaycan mədəniyyəti irsinə, onun ədəbi-fəlsəfi,
bədii-estetik, dini-tarixi dəyərlərinə dərindən bələd olan Anar, əslində, milli
mədəniyyətimizi Şərq və Qərb mədəniyyətləri sintezində təsəvvür etməyə imkan verən
bir sənətin yaradıcısıdır.
Dünya mədəniyyətinin şəhdi-şirəsi Azərbaycan mədəniyyətinə,
Azərbaycan mədəniyyətinin şəhdi-şirəsi Anar yaradıcılığına süzülüb. Ona görə də
bu yaradıcılıqdan dünyanın dərin mənalarına çıxmaq, dünyadan bu yaradıcılığın
dərin mənalarına enmək mümkündür.
Dövrümüzün dünyaca ünlü qırğız sənətkarı Çingiz Aytmatovun deyimincə,
«öz ədəbi dinastiyasını yaratmış Anarın» ərən ruhu və görən bəsirəti, susmaz
qələmi və yaşar sözü onun müdrik, barlı yaşında bundan sonra da çiçəkləyəcək,
mədəniyyətimizi əvəzsiz incilərlə zənginləşdirəcəkdir.
