• çərşənbə axşamı, 24 dekabr, 16:16
  • Baku Bakı 11°C

Abdulla Şaiqi ölənəcən yandıran dərd

22.10.16 12:51 2623
Abdulla Şaiqi ölənəcən yandıran dərd
Qarşımda Abdulla Şaiqin1961-ci ildə çap etdirdiyi "Xatirələrim” kitabı var. Bir necə dəfə gözdən kecirdiyim kitabı bu dəfə az qala bir nəfəsə oxudum və çox təəccüb hissi kecirdim. Bütün ailəsi, qohumları, dostları, hətta qonum-qonşuları barəsində müfəssəl məlumat verən Abdulla Şaiq, qəhrəmanlığı haqqında saysız-hesabsız şeirlər, məqalələr yazılan general qardaşı Yusif Talıbzadə haqqında niyə susub? Bəlkə öğey-doğmalıq söhbəti var? Yox! Bəlkə qardaşı Abdulla Şaiqin adına-sanına layiq birisi olmayıb? Yox! Əksinə, Yusif Talıbzadə dövrünün tanınmış qələm adamı, savadlı pedaqoq, görkəmli axund, nizam-intizamlı hərbcisi kimi milləti, vətəni uğrunda canından kecən bir ziyalı olub. Bəs onda Abdulla Şaiq niyə general qardaşını "hamıdan gizlədib?”.
Bütün bu müəmmalı sualları cavablandırmaq üçün bir daha arxiv materiallarını, dövrü mətbuatın səhifələrini gözdən kecirməli oldum. Bəlli oldu ki, 20-ci yüzilliyin əvvəllərində ədəbi mühitdə, ictimai həyatda Yusif Axund Talıbzadə və Yusif Ziya Talıbzadə kimi tanınanYusif Mustafa oğlu Talıbzadə görkəmli yazıçı, şair, realist ədəbi məktəbinin (A.Şaiq sovet dövrünə kimi həm də romantik ədəbi məktəbin nümayəndəsi idi) tanınmış nümayəndəsi olub.
Ailənin ilk övladı olan Yusif 1877-ci ildə Tiflisdə anadan olub. Atası axund Mustafa əslən Borçalı mahalından olsa da, "Tiflis camaatı onu çox sevirdi. Hamı ona "Axund əmi” deyə hörmətlə müraciət edərdi. Ən yaxın dostları Mirzə Fətəli Axundzadə və şeyxülislam Molla Əhməd Səlyani idi”. Axund Mustafa həm Tiflis qazısının müavini vəzifəsini icra edib, həm də o zaman "Tiflisdə, Zaqafqaziya canişininin göstərişi ilə şeyxülislamın və müftinin nəzarəti altında açılan altı sinifli məktəbdə ərəb, fars dillərini və şəriət dərslərini tədris edib”.
Oğlu Yusif də ilk təhsilini atasının işlədiyi bu məktəbdə alıb. Sonra isə anası Mehri ilə Xorasana gedib və orada dini təhsil alıb. Bu haqda Abdulla Şaiq yazırdı: "Anam Mehri xanım yaman mövhumatçı idi. O, bir gün atama bildirir ki, Xorasana gedib İmam Rzanın qəbrini ziyarət etmək istəyir. Atam qəti surətdə rədd etsə də, sonradan anamın göz yaşlarına yazığı gəlib, izn verir. Bu zaman böyük qardaşım Yusif beşinci sinfin, mən isə üçüncü sinfin imtahanlarına hazırlaşırdıq” (Qeyd edim ki, Abdulla Şaiq yalnız bir-iki dəfə burada qardaşı Yusifin adını cəkir). Müəllif daha sonra Xorasanda qalıb oxuduqları məktəbdən bəhs edir, buradakı məktəblərin onların ürəyincə olmadığını qeyd edirdi: "Hacı əmi bizi və oğlanlarını Yusif Ziyanın məktəbinə qoydu. Mirzə Yusif yaxşı bir ədəbiyyat müəllimi idi. Şairliyi də var idi. Təxəllüsü də Ziya idi”.
Elə Abdulla Şaiqin qardaşı Yusif də sonradan "Ziya” təxəllüsünü müəlliminin şərəfinə götürərək məqalələrini "Yusif Ziya Talıbzadə” imzası ilə yazıb.
1900-cü ilin əvvəllərində Yusifgil Xorasandan Tiflisə, sonra isə Bakıya gəlirlər. Yusif 1901-ci ildə Bakıda "Rus-tatar” məktəbinə şəriət müəllimi təyin edilir. Ərəb, fars, rus dillərini yaxşı bilən və şəhərin mədəni həyatında yaxından iştirak edən, ciddi, nizam-intizamlı, səliqəli geyimli bu gənc Hacı Zeynalabdin Tağıyevin və Nəriman Nərimanovun diqqətini cəlb edir. Tezliklə onların arasında dostluq münasibəti yaranır. Artıq bu zaman Bakıda Axund Yusif Talıbzadə kimi tanınan gənc yazar1903-cü ildə "Hədiyyəyi-nisvan” və "Sərvət və səxavəti ilə məşhur cənab H.Z.Tağıyevin tərcümeyi-əhvalı” adlı kitablarını çap etdirir. Sonra isə N.Nərimanovun "Nadir Şah” əsərini farscaya tərcümə edir.
1906-cı ildə o, "Yusif Ziya Talıbzadə” imzası ilə dövrü mətbuatda, xüsusən də "İrşad” qəzetində və "Füyuzat” jurnalında çap olunmağa başlayır. Həmcinin 1906-1907-ci illər də "İrşad”ın müxbiri kimi tez-tez Türkiyədə olan Yusif Ziya "Türkiyə məktubları” başlığı altında oxucularının görüşünə gəlir.
Axund Yusif Talıbzadənin "Füyuzat”da ilk çıxışı 12 yanvar 1907-ci il tarixli 10-cu saya təssadüf edir. Bunlar "Nitq” və "Həccə dair” sərlövhəli məqalələrdir. Hər iki məqalə İslam dininə həsr edilib. İslam tarixini, onun inkişafını dürüst və yaxşı bilən müəllifin şəriətə, Quran ehkamlarına aid çoxlu məqalələri var. Hətta bu mövzuda onun "On kitab”ı və "Əmir Xalid ibn Vəlid” adlı pyesi çap edilib.
1907-ci ildə A.Y.Talıbzadə H.Z.Tağıyevin xahişilə yenidən Türkiyəyə getməli olur. Bu səfərin səbəbi Türkiyə sultanı Əbdülhəmidin taxta çıxmasının 32-ci ildönümü münasibətilə "Füyuzat” məcmuəsinin imtiyaz sahibi H.Z.Tağıyevin göstərişilə Məhəmməd Kərim Ağanın azəri türkcəsinə tərcümə etdiyi "Quran”ı altın cildlə cildləyərək, Talıbzadə ilə sultana hədiyyə göndərməsi idi. Hökmdar hədiyyəni alarkən ona deyir: "Bir şey anlamıram. Hacı Zeynalabdin bəy məcmuəsində məni həcv edər, sonra da hədiyyə yollar”.
Türkiyədən Bakıya dönən Axund Yusif Talıbzadə sultanın bu sözlərini Hacıya Zeynalabdinə çatdırır. Bununla da "Füyuzat” bağlanır.
"Füyuzat” bağlandıqdan sonra A.Y.Talıbzadə üz tutur "Yeni Füyuzat”a. Bu jurnalda onun ilk publisistik məqaləsi "Bəqayi-ruh” adlanır. İlk sayda çap olunan bu məqalədə də "Vətən və xalqın taleyi, tərəqqiyə çağırış amalı aparıcıdır”. Publisistin jurnalın 1910-cu ildə 9 və 10-cu saylarında dərs edilmiş silsilə məqalələrində cəmiyyətdə, ictimai həyatda qadınların mövqeyi, fəaliyyəti, təlim-təhsili əsas mövzu kimi verilib.
A.Y.Talıbzadə o zaman Bakıda baş verən əksər ictimai, siyasi, mədəni hadisələrdə yaxından iştirak edib. M.Ə.Rəsulzadənin əmisi oğlu Məmməd Əli Rəsulzadənin xatirələrinə əsasən, 1911-ci ildə "Müsavat” partiyasının yaradılması üçün aparılan işlərdə Axund Yusif Talıbzadə yaxından köməklik göstərir və üzv yazılır.
O, 1912-ci ildə ömür-gün yoldaşı Cənnət xanım və oğlu Tələtlə birlikdə yenidən Türkiyəyə gedir. Bu dəfə onun əsas məqsədi mükəmməl hərbi təhsil almaq idi. Təhsilini başa vuran A.Y.Talıbzadə Birinci Dünya müharibəsində türk ordusu sıralarında ruslara və ermənilərə qarşı igidliklə vuruşur. Sonra isə o, türk ordusu sııralarında Bakıya gələrək 1918-ci il 15 sentyabr - Bakının qurtuluşu döyüşlərində qəhrəmanlıqla vuruşub.
Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən ruhlanan döyüşçü həmin illərdə "Azərbaycan” və "İstiqlal” qəzetləri ilə yaxından əməkdaşlıq edib, milli ruhda şeirlər yazıb. AXC dövründə "Daxili Qoşunların yaranma tarixi də onun adı ilə baxlıdır”.
A.Y.Talıbzadə "Qızıl Ordunun Azərbaycanı istilasından sonra həbs edilsə də, N.Nərimanovun zəmanətilə azad olunaraq Naxçıvana hərbi komissar təyin edilib. 1921-ci ilin son aylarından1922-ci ilin axırlarına kimi burada general rütbəsində hərbi komissar vəzifəsində işləyib. Lakin erməni daşnaklarının Naxçıvan torpaqlarına qarşı iddialarına tərəfdar münasibət bəsləyən Sovet hökumətinin siyasətinə etraz etraz edərək, Bakıya qayıdıb N.Nərimanovla görüşür və "mövcud siyasi quruluşa qarşı olduğunu açıq-aydın bəyan edir. Bolşeviklərin ideoloji təbliğat arxasında gizlənmiş, xalqımıza qarşı bəd, qərəzli münasibətlərinə etrazını bildirir”. Bu hadisədən sonra N.Nərimanovun "köməkliyi ilə A.Y.Talıbzadə "xüsusi buraxlış vəsiqəsi alaraq ölkəni tərk edib, ailəsilə birlikdəTürküstana yola düşür”.
Beləliklə, Axund Yusif Talıbzadənin mühacir həyatı başlayır. O, Türküstanda qırmızı rus ordusuna qarşı vuruşmada iştirak edərək Basmaçılar hərəkatına qoşulur. Burada hərəkatın başçısı Ənvər paşanın müavini kimi əksər döyüşlərdə iştirak edən A.Y.Talıbzadə 1923-cü il mayın 18-də Amu-Dərya çayının sahilindəki döyüşlərin birində bərk yaralanaraq, "Azərbaycan” deyə əbədi olaraq gözlərini yumur.
Hadisədən bir necə ay sonra onun döyüş yoldaşlarından biri gizlincə Bakıya gəlir və Abdulla Şaiqlə görüşür. Yusifin qana bulaşmış köynəyini və hər an yanında gəzdirdiyi cib Quranını ona verir.
Bu Quran hal-hazırda Abdulla Şaiqin ev muzeyində saxlanılır. Qanlı köynək isə sovetlərin qorxusundan elə Abdulla Şaiqin özü tərəfindən "qeybə çəkilir”.
Yazını tamamlarkən 1980-ci illərin sonunda Qulam Məmmədlinin görüşlərimizin birində dediyi sözləri xatırladım: "Sovetlər Abdulla Şaiqə çəkə bilməyəcəyi qardaş dağı verdi. Bu dərdə Şaiq ölənəcən icində yandı, acıb-ağarda da bilmədi”.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər