• cümə, 29 Mart, 18:00
  • Baku Bakı 14°C

“24-lər”dən dördüncüsü - ilk azərbaycanlı

20.02.18 16:19 2998
“24-lər”dən dördüncüsü - ilk azərbaycanlı
BDU-nun dördüncü və ilk Azərbaycanlı rektoru Tağı Abbas oğlu Şahbazi (Simürğ) oldu. Azərbaycan ədəbiyyatının 1920-30-cu illər mərhələsinin təşəkkülündə yaxından iştirak edən yazıçısı, Azərbaycanda "sovet dövlətinin ən fəal qurucusu” və qurbanı olan "Simürğ” sovetlərin şərinin burulğanına düşdü...
Tağı 1892-ci ildə Bakıda anadan olub. 1900-cü ildə İçərişəhərdə "Üsuli-ətiq” dini məktəbdə ilk təhsil alan Tağı sonra "rus-tatar” məktəbində oxuyub. Təhsilə həvəsi olan Tağı 1905-ci ildə Bakı şəhəri birinci realnı məktəbinə daxil olub. 1905-1912-ci illərdə bu məktəbdə təhsil alarkən, görkəmli yazar Abdulla Şaiq və Həbib bəy Mahmudbəyovla yaxınlığı onu ədəbiyyata, bədii yaradıcılığa meylləndirib. Onların məsləhəti ilə Azərbaycan və dünya klassiklərini oxumağa başlayan Tağının dünyagörüşü, həyata baxış tərzi dəyişilir. O, yaradıcılığa hələ tələbə ikən başlayır və mətbuat aləminə Oktay Mirbodan iqtibas etdiyi (1908) "Fəhlələrin uşaqları” adlı hekayəsi ilə gəlir. Bu gəliş uğurlu olur. Tağı "İqbal”, "Açıq söz” qəzetlərində çap olunmağa başlayır. Bədii yaradıcılıqla yanaşı ali təhsilə də sahib olur. 1913-18-ci illərdə Xarkov Universitetində (əvvəl riyaziyyat və təbiət elmləri, sonra isə tibb fakültəsində) ali təhsil almaqla yanaşı, tərcümə ilə də yaxından məşğul olur. Tələbəlik illəri Tağını siyasi hadisələrə də sövq edir. O, 1915-ci ildə Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasının tələbə fraksiyasına daxil olur.
1917-ci ildə baş verən fevral burjua inqilabı bir çox tələbələr kimi onun da təhsilini yarımçıq qoyur. Tağı Bakıya gəlir və həm "Hümmət” təşkilatında çalışır, həm də "Hümmət” qəzetinin nəşrində yaxından iştirak edir. 1918-ci idə yenidən Xarkova qayıdır. Təhsilini davam etdirməklə yanaşı "Cənub Tausu” qəzetinə redaktorluq edir. 1919-cu ildə Moskvada əvvəl Xalq Milli İşlər Komissarlığının Zaqafqaziya müsəlman şöbəsində katib, sonra Şərq Xalqları Kommunist Təşkilatları Mərkəzi bürosunda şöbə müdiri vəzifəsində çalışır.
1920-ci ildə Bakıda baş verən aprel işğalından az sonra Mərkəz Tağı Şahbazinin Azərbaycana qayıtmasını "məsləhət bilir”. O, burada Mərkəzin "dəsti-xətti”ni həm mətbuat səhifələrində, həm də icra etdiyi vəzifələrdə həyata keçirməli idi. Odur ki, 1922-ci ildə onu Azərbaycan Xalq Maarif Komissarının müavini vəzifəsinə təyin edirlər. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi və "Maarif və mədəniyyət” jurnalının redaktoru kimi fəaliyyətini davam etdirir. 1926-cı ildə isə T.Şahbaziyə daha məsul bir vəzifə tapşırılır. BDU-ya rəhbərlik etmək. "Güclü” Sovet dövlətinin "əzəmət”li ideyasını ölkənin ən ali təhsil ocağında təbliğ etməklə, onu siyasi hakimiyyət uğrunda mübarizə də alətə çevirmək idi hökumətin niyyəti. Amma xoşbəxtlikdən Tağı Şahbazi BDU-ya rəhbərlik etdiyi illərdə (1926-1929) Azərbaycanın milli mənafeyi uğrunda mübarizə aparan qüvvələrin səyi nəticəsində, universitet özünün əsl simasını qoruyub saxlaya bilmişdir. Məhz həmin illərdə universitetin elmi və siyasi həyatında ən mühüm hadisələrdən biri onun türkləşdirmə prosesinə başlanmışdır. Bu barədə 3 aprel 1927-ci ildə qəbul edilmiş AK (b) P MK Rəyasət Heyətinin "Azərbaycan Dövlət Universiteti haqqında əməli təkliflər” adlı sənəddə göstəriş verilmişdir.

Sözsüz ki, "universitetin türkləşdirilməsi” məsələsi nəinki bu təhsil ocağında, heç respublika ərazisində də birmənalı qarşılanmır, digər millətlərdən olan professor-müəllim heyəti bunu öz mənafeyinə təhlükə kimi qarşılayaraq, türk millətinin intellektual səviyyəsinin aşağı olması iddiası ilə çıxış edirlər. Amma bu zaman universitetdə Tağı Şahbazi ilə yanaşı Böyükağa Talıblı, Əbdürrəhim bəy Haqverdiyev, Həmid Şahtaxtinski, Mirzə İbrahimov, Rəşid Əfəndiyev kimi Azərbaycanın tanınmış, savadlı, millətsevər, vətənpərvər ziyalıları da çalışırdılar. Onlar universitetin türkləşdirilməsi siyasətini çox ehtiyatla, digər millətlərdən olanları qorxutmadan həyata kecirdilər ki, nəticədə 1927-30-cu illərdə universitet tələbələri arasında azərbaycanlıların sayı artdı, ana dilində müxtəlif elm sahələrinə dair tədqiqat əsərləri, dərsliklər hazırlandı. Əksər tədqiqatçıların fikrincə, bu məsələyə güclü təsir göstərən amillərdən biri 1926-cı ildə BDU-ya ilk azərbaycanlının - Tağı Şahbazinin rektor təyin olunması oldu.

Məsələnin çox ciddi şəkil alması hökuməti də narahat edir. Xalq Maarif Komissarlığı 1929-cu ilin 12 mayında təcili olaraq yığıncaq təşkil edir və Xalq Maarif Komissarı Mustafa Quliyev T.Şahbazini "millətçilikdə” günahlandıraraq qəzəblə söyləyir: "Biz türk milləti ilə rus milləti arasında fərq qoysaq, onda bu zəmində çoxlu anlaşılmazlıq olacaqdır”. Yığıncaqdan bir necə gün sonra Tağı Şahbazi BDU-nun rəhbərliyindən uzaqlaşdırıldı.
Hökumət T.Şahbazini gözdən uzaq qoymamaq üçün 1930-cu ildə onu daha böyük vəzifəyə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifəsinə təyin edir və o, həbs edilənə kimi - 1937-ci ilin 11 iyulina qədər bu vəzifəni icra edir. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olan Tağı Şahbazi daha çox bədii yaradıcılıqla məşğul olur. "Qeyrət” (1931), "Siyasət adamı” (1932), "Düşmənlər” (1932), "Səməd kişi” (1933), "Axtarış”, "Yeni həyat başlanan yerdə” (1935) adlı hekayələri ədəbi aləmdə birmənalı qarşılanmır. Artıq yazıçı bu hekayələrində həyatı birtərəfli deyil, olduğu kimi təsvir edirdi və təsvir etdiyi hadisələr mühitin mahiyyətini əks etdirirdi. Amma bu o demək deyil ki, T.Şahbazi əsərlərində bütövlüklə Şura hökumətinin qoyduğu qayda-qanunlara qarşı çıxıb. Şübhəsiz, digər yazıçılar kimi T.Şahbazi də Cümhuriyyət dövrünü ifşa edən əsərlər yazmış, aprel inqilabının xalqımıza gətirdiyi "azadlıq və xoşbəxtliyi” tərənnüm etmişdir.

Bütün bunlara baxmayaraq, T.Şahbazi artıq "qara siyahıya” düşmüşdü. Hər addımı belə xüsusi şöbənin əməkdaşları tərəfindən nəzarətdə idi. Onu ilk olaraq müsavatçı Əbdül Bağının evində qonaq olduğu üçün günahlandırdılar. Bu haqda görkəmli akademik Ziya Bünyadov yazırdı: "...Tağı Şahbazi keçmiş milli-təmayülçü, Müsavatın 4-cü gizli Mərkəzi Komitəsinin işi üzrə həbs edilmiş Əbdül Bağı Məmmədzadənin evində Türkiyə konsulu M.Şövkət bəyin şərəfinə təşkil olunmuş qonaqlıqda iştirak etmiş və guya onlar qonaqlıqda ÜİK (b) P-nın milli siyasətini əksinqilab böhtançı ruhda tənqid etmişlər”. Akademik daha sonra bildirir ki, əslində nə Əbdül Bağının evində belə qonaqlıq olmuş, nə də Tağı Şahbazi orada iştirak etmişdir. Qulluğunda durduğu hökumət onun məhvi üçün belə "sübut, dəlil” axtarışında idi. Bu "sübutu, dəlili” Azərbaycan SSR XDİK İdarə rəisi Sumbatov "tapdı”. Onu 1937-ci il martın 4-də gizli milli-təmayülçülər qrupuna məxsusluğa, əksinqilabi millətçi çıxışlara görə partiya sıralarından xaric edərək, həbs etdilər. Bu dəfə ittihamlar daha ağır olur. T.Şahbazi Sovet hökuməti əleyhinə silahlı üsyana hazırlıqda və AK (b) P-in rəhbərlərinə qarşı terrorçuluqda günahlandırılır.

Arxiv sənədlərindən, dindirilmə protokollarından aydın olur ki, T.Şahbazi həbs zamanı çox ağır işgəncələrə məruz qalıb. İlk istintaq 1937-ci ilin 13 iyulunda başlayır və T.Şahbazi "düzgün və səmimi” ifadələr vermədiyi üçün bir necə dəfə ona istintaqın "üç nömrəli metodu” təqdim edilir. Artıq T.Şahbazi hər şeyə "hazır” idi. 1937-ci ilin 2 noyabrında T.Şahbazi müstəntiqin diktəsi ilə Xalq Komissarı Sumbatov-Topuridzeyə ərizə yazır: "Bununla bildirirəm ki, bu günədək mən istintaqa ifadələr verməmişəm. Susmağın və istintaqdan öz cinayətlərimi gizlətməyimin mənasız olduğunu başa düşdüm. Hər şeyi səmimi şəkildə boynuma almaq qərarına gəldim. Mən burjua-millətçi quruluş yaratmaq məqsədilə Azərbaycan SSR-də çevriliş hazırlayan avantüra xarakterli əksinqilabi təşkilata ürəkdən inanmışdım. Əksinqilabi təşkilata 1935-ci ildə Həmid Sultanov və Bağı Cəfəri tərəfindən cəlb edilmişdim. Onlarla da, Ruhulla Axundovla da əlaqə saxlayırdım. Sovet hökuməti əleyhinə silahlı üsyana hazırlıq haqqında və əksinqilabi təşkilatın, AK (b) P-nın rəhbərlərinə qarşı terror tətbiq etmək haqqındakı niyyətlərindən xəbərdar idim”.

Nəhayət müstəntiq L.A.Sinman istədiyinə nail olur və dəhşətli işgəncələrdən sonra 1938-ci il yanvarın 2-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qapalı şəraitdə, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən məhkəmə iclasında Tağı Şahbazi əmlakı müsadirə olunmaqla, ən ağır cəzaya - güllələnməyə məhkum edilmiş və hökm dərhal yerinə yetirilmişdir.

"...Təxminən 70-80 min Azərbaycan ziyalısını məhv edən Sumbatov, Pankratov, Borşov, Gerasimov və Sinman T.Şahbazinin ömür yoldaşı Paşina Mariya Kirılova nisbətən "humanist” yanaşırlar. "Vətən xaini”nin arvadı kimi onu 1937-ci ilin 4 iyulunda həbs edərək, 8 il müddətinə azadlıqdan məhrum edirlər.

Məqalənin sonunda T.Şahbazinin həcm etibarilə ən böyük hekayəsi olan "Düşmənlər”in məzmununu xatırladım. Kolxoz quruculuğuna həsr edilən hekayədə düşmən axtarışına çıxan müəllif bilmirdi ki, tərifini göylərə qaldırdığı sovet hökuməti tək onun və ailəsinin deyil, böyük xalqının düşmənidir. Bu düşmən saysız-hesabsız azərbaycanlıların həyatlarını buğda dəni kimi üyütmüş və Azərbaycan xalqına ömrü boyu sağalmayan bir faciə "bəxş” etmişdir. Amma çox təəssüf ki, bu faciələrin həyata keçirilməsində öz soydaşlarımızın da "əməyi” olub. Repressiyaya məruz qalan əksər soydaşımızın istintaq işində Azərbaycan SSR Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü şöbəsinin (xüsusi vacib işlər şöbəsi) müdiri Atakişiyev və Azərbaycan SSR Prokurorluğu kadrlar şöbəsinin rəisi Həşimzadə Bilqeyisin bu sahədəki "fəaliyyət”lərini təsdiq edən yüzlərlə sənədlərlə rastlaşdım. Amma onlar unudurdular ki, dünyanın əzəlindən hər gəlişin bir gedişi var. O "gediş” Atakişiyevi 25 il həbsə məhkum etdi (Atakişiyevin məhkəməsinin şahidi olan Qulam Məmmədli deyirdi ki, məhkəmə zamanı Atakişiyev özünü çox iyrənc aparırdı, tez-tez ağlayırdı, yalvarırdı). Deməli, bu dünyada yaxşılıq da, pislik də unudulmur və Tanrı tərəfindən bədəli ödənilir.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər