BDU-nun dördüncü və ilk
Azərbaycanlı rektoru Tağı Abbas oğlu Şahbazi (Simürğ) oldu. Azərbaycan
ədəbiyyatının 1920-30-cu illər mərhələsinin təşəkkülündə yaxından iştirak edən
yazıçısı, Azərbaycanda "sovet dövlətinin ən fəal qurucusu” və qurbanı olan
"Simürğ” sovetlərin şərinin burulğanına düşdü...
Tağı 1892-ci ildə Bakıda anadan olub. 1900-cü ildə İçərişəhərdə
"Üsuli-ətiq” dini məktəbdə ilk təhsil alan Tağı sonra "rus-tatar” məktəbində
oxuyub. Təhsilə həvəsi olan Tağı 1905-ci ildə Bakı şəhəri birinci realnı
məktəbinə daxil olub. 1905-1912-ci illərdə bu məktəbdə təhsil alarkən, görkəmli
yazar Abdulla Şaiq və Həbib bəy Mahmudbəyovla yaxınlığı onu ədəbiyyata, bədii
yaradıcılığa meylləndirib. Onların məsləhəti ilə Azərbaycan və dünya
klassiklərini oxumağa başlayan Tağının dünyagörüşü, həyata baxış tərzi
dəyişilir. O, yaradıcılığa hələ tələbə ikən başlayır və mətbuat aləminə Oktay
Mirbodan iqtibas etdiyi (1908) "Fəhlələrin uşaqları” adlı hekayəsi ilə gəlir.
Bu gəliş uğurlu olur. Tağı "İqbal”, "Açıq söz” qəzetlərində çap olunmağa
başlayır. Bədii yaradıcılıqla yanaşı ali təhsilə də sahib olur. 1913-18-ci
illərdə Xarkov Universitetində (əvvəl riyaziyyat və təbiət elmləri, sonra isə
tibb fakültəsində) ali təhsil almaqla yanaşı, tərcümə ilə də yaxından məşğul
olur. Tələbəlik illəri Tağını siyasi hadisələrə də sövq edir. O, 1915-ci ildə
Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasının tələbə fraksiyasına
daxil olur.
1917-ci ildə baş verən fevral burjua inqilabı bir çox tələbələr kimi
onun da təhsilini yarımçıq qoyur. Tağı Bakıya gəlir və həm "Hümmət”
təşkilatında çalışır, həm də "Hümmət” qəzetinin nəşrində yaxından iştirak edir.
1918-ci idə yenidən Xarkova qayıdır. Təhsilini davam etdirməklə yanaşı "Cənub
Tausu” qəzetinə redaktorluq edir. 1919-cu ildə Moskvada əvvəl Xalq Milli İşlər
Komissarlığının Zaqafqaziya müsəlman şöbəsində katib, sonra Şərq Xalqları
Kommunist Təşkilatları Mərkəzi bürosunda şöbə müdiri vəzifəsində çalışır.
1920-ci ildə Bakıda baş verən aprel işğalından az sonra Mərkəz Tağı
Şahbazinin Azərbaycana qayıtmasını "məsləhət bilir”. O, burada Mərkəzin
"dəsti-xətti”ni həm mətbuat səhifələrində, həm də icra etdiyi vəzifələrdə
həyata keçirməli idi. Odur ki, 1922-ci ildə onu Azərbaycan Xalq Maarif
Komissarının müavini vəzifəsinə təyin edirlər. 1923-cü ildə Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin katibi və "Maarif və mədəniyyət” jurnalının redaktoru kimi
fəaliyyətini davam etdirir. 1926-cı ildə isə T.Şahbaziyə daha məsul bir vəzifə
tapşırılır. BDU-ya rəhbərlik etmək. "Güclü” Sovet dövlətinin "əzəmət”li
ideyasını ölkənin ən ali təhsil ocağında təbliğ etməklə, onu siyasi hakimiyyət
uğrunda mübarizə də alətə çevirmək idi hökumətin niyyəti. Amma xoşbəxtlikdən
Tağı Şahbazi BDU-ya rəhbərlik etdiyi illərdə (1926-1929) Azərbaycanın milli
mənafeyi uğrunda mübarizə aparan qüvvələrin səyi nəticəsində, universitet
özünün əsl simasını qoruyub saxlaya bilmişdir. Məhz həmin illərdə universitetin
elmi və siyasi həyatında ən mühüm hadisələrdən biri onun türkləşdirmə prosesinə
başlanmışdır. Bu barədə 3 aprel 1927-ci ildə qəbul edilmiş AK (b) P MK Rəyasət
Heyətinin "Azərbaycan Dövlət Universiteti haqqında əməli təkliflər” adlı
sənəddə göstəriş verilmişdir.
Sözsüz ki,
"universitetin türkləşdirilməsi” məsələsi nəinki bu təhsil ocağında, heç
respublika ərazisində də birmənalı qarşılanmır, digər millətlərdən olan
professor-müəllim heyəti bunu öz mənafeyinə təhlükə kimi qarşılayaraq, türk
millətinin intellektual səviyyəsinin aşağı olması iddiası ilə çıxış edirlər. Amma bu zaman universitetdə Tağı Şahbazi ilə
yanaşı Böyükağa Talıblı, Əbdürrəhim bəy Haqverdiyev, Həmid Şahtaxtinski, Mirzə
İbrahimov, Rəşid Əfəndiyev kimi Azərbaycanın tanınmış, savadlı, millətsevər,
vətənpərvər ziyalıları da çalışırdılar. Onlar universitetin türkləşdirilməsi
siyasətini çox ehtiyatla, digər millətlərdən olanları qorxutmadan həyata
kecirdilər ki, nəticədə 1927-30-cu illərdə universitet tələbələri arasında
azərbaycanlıların sayı artdı, ana dilində müxtəlif elm sahələrinə dair tədqiqat
əsərləri, dərsliklər hazırlandı. Əksər tədqiqatçıların fikrincə, bu məsələyə güclü
təsir göstərən amillərdən biri 1926-cı ildə BDU-ya ilk azərbaycanlının - Tağı
Şahbazinin rektor təyin olunması oldu.
Məsələnin çox ciddi
şəkil alması hökuməti də narahat edir. Xalq Maarif Komissarlığı 1929-cu ilin 12
mayında təcili olaraq yığıncaq təşkil edir və Xalq Maarif Komissarı Mustafa
Quliyev T.Şahbazini "millətçilikdə” günahlandıraraq qəzəblə söyləyir: "Biz türk
milləti ilə rus milləti arasında fərq qoysaq, onda bu zəmində çoxlu
anlaşılmazlıq olacaqdır”. Yığıncaqdan bir necə gün sonra Tağı Şahbazi BDU-nun rəhbərliyindən
uzaqlaşdırıldı.
Hökumət
T.Şahbazini gözdən uzaq qoymamaq üçün 1930-cu ildə onu daha böyük vəzifəyə Azərbaycan
Xalq Səhiyyə Komissarının müavini vəzifəsinə təyin edir və o, həbs edilənə kimi
- 1937-ci ilin 11 iyulina qədər bu vəzifəni icra edir. 1934-cü ildə Azərbaycan
Yazıçılar Birliyinə üzv olan Tağı Şahbazi daha çox bədii yaradıcılıqla məşğul
olur. "Qeyrət” (1931), "Siyasət adamı” (1932), "Düşmənlər” (1932), "Səməd kişi”
(1933), "Axtarış”, "Yeni həyat başlanan yerdə” (1935) adlı hekayələri ədəbi
aləmdə birmənalı qarşılanmır. Artıq yazıçı bu hekayələrində həyatı birtərəfli
deyil, olduğu kimi təsvir edirdi və təsvir etdiyi hadisələr mühitin mahiyyətini
əks etdirirdi. Amma bu o demək deyil ki, T.Şahbazi əsərlərində bütövlüklə Şura
hökumətinin qoyduğu qayda-qanunlara qarşı çıxıb. Şübhəsiz, digər yazıçılar kimi
T.Şahbazi də Cümhuriyyət dövrünü ifşa edən əsərlər yazmış, aprel inqilabının
xalqımıza gətirdiyi "azadlıq və xoşbəxtliyi” tərənnüm etmişdir.
Bütün bunlara baxmayaraq,
T.Şahbazi artıq "qara siyahıya” düşmüşdü. Hər addımı belə xüsusi şöbənin
əməkdaşları tərəfindən nəzarətdə idi. Onu ilk olaraq müsavatçı Əbdül Bağının
evində qonaq olduğu üçün günahlandırdılar. Bu haqda görkəmli akademik Ziya
Bünyadov yazırdı: "...Tağı Şahbazi keçmiş milli-təmayülçü, Müsavatın 4-cü gizli Mərkəzi Komitəsinin işi
üzrə həbs edilmiş Əbdül Bağı Məmmədzadənin evində Türkiyə konsulu M.Şövkət
bəyin şərəfinə təşkil olunmuş qonaqlıqda iştirak etmiş və guya onlar qonaqlıqda
ÜİK (b) P-nın milli siyasətini əksinqilab böhtançı ruhda tənqid etmişlər”.
Akademik daha sonra bildirir ki, əslində nə Əbdül Bağının evində belə qonaqlıq
olmuş, nə də Tağı Şahbazi orada iştirak etmişdir. Qulluğunda durduğu hökumət
onun məhvi üçün belə "sübut, dəlil” axtarışında idi. Bu "sübutu, dəlili”
Azərbaycan SSR XDİK İdarə rəisi Sumbatov "tapdı”. Onu 1937-ci il martın 4-də gizli
milli-təmayülçülər qrupuna məxsusluğa, əksinqilabi millətçi çıxışlara görə
partiya sıralarından xaric edərək, həbs etdilər. Bu dəfə ittihamlar daha ağır
olur. T.Şahbazi Sovet hökuməti əleyhinə silahlı üsyana hazırlıqda və AK (b)
P-in rəhbərlərinə qarşı terrorçuluqda günahlandırılır.
Arxiv sənədlərindən,
dindirilmə protokollarından aydın olur ki, T.Şahbazi həbs zamanı çox ağır
işgəncələrə məruz qalıb. İlk istintaq 1937-ci ilin 13 iyulunda başlayır və
T.Şahbazi "düzgün və səmimi” ifadələr vermədiyi üçün bir necə dəfə ona
istintaqın "üç nömrəli metodu” təqdim edilir. Artıq T.Şahbazi hər şeyə "hazır”
idi. 1937-ci ilin 2 noyabrında T.Şahbazi müstəntiqin diktəsi ilə Xalq Komissarı
Sumbatov-Topuridzeyə ərizə yazır: "Bununla bildirirəm ki, bu günədək mən
istintaqa ifadələr verməmişəm. Susmağın və istintaqdan öz cinayətlərimi
gizlətməyimin mənasız olduğunu başa düşdüm. Hər şeyi səmimi şəkildə boynuma
almaq qərarına gəldim. Mən burjua-millətçi quruluş yaratmaq məqsədilə
Azərbaycan SSR-də çevriliş hazırlayan avantüra xarakterli əksinqilabi təşkilata
ürəkdən inanmışdım. Əksinqilabi təşkilata 1935-ci ildə Həmid Sultanov və Bağı
Cəfəri tərəfindən cəlb edilmişdim. Onlarla da, Ruhulla Axundovla da əlaqə
saxlayırdım. Sovet hökuməti əleyhinə silahlı üsyana hazırlıq haqqında və
əksinqilabi təşkilatın, AK (b) P-nın rəhbərlərinə qarşı terror tətbiq etmək
haqqındakı niyyətlərindən xəbərdar idim”.
Nəhayət müstəntiq
L.A.Sinman istədiyinə nail olur və dəhşətli işgəncələrdən sonra 1938-ci il
yanvarın 2-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qapalı şəraitdə,
müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən məhkəmə iclasında Tağı Şahbazi
əmlakı müsadirə olunmaqla, ən ağır cəzaya - güllələnməyə məhkum edilmiş və hökm dərhal
yerinə yetirilmişdir.
"...Təxminən 70-80 min
Azərbaycan ziyalısını məhv edən Sumbatov, Pankratov, Borşov, Gerasimov və
Sinman T.Şahbazinin ömür yoldaşı Paşina Mariya Kirılova nisbətən "humanist”
yanaşırlar. "Vətən xaini”nin arvadı kimi onu 1937-ci ilin 4 iyulunda həbs
edərək, 8 il müddətinə azadlıqdan məhrum edirlər.
Məqalənin sonunda
T.Şahbazinin həcm etibarilə ən böyük hekayəsi olan "Düşmənlər”in məzmununu
xatırladım. Kolxoz quruculuğuna həsr edilən hekayədə düşmən axtarışına çıxan
müəllif bilmirdi ki, tərifini göylərə qaldırdığı sovet hökuməti tək onun və
ailəsinin deyil, böyük xalqının düşmənidir. Bu düşmən saysız-hesabsız
azərbaycanlıların həyatlarını buğda dəni kimi üyütmüş və Azərbaycan xalqına
ömrü boyu sağalmayan bir faciə "bəxş” etmişdir. Amma çox təəssüf ki, bu
faciələrin həyata keçirilməsində öz soydaşlarımızın da "əməyi” olub.
Repressiyaya məruz qalan əksər soydaşımızın istintaq işində Azərbaycan SSR
Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü şöbəsinin (xüsusi vacib işlər şöbəsi)
müdiri Atakişiyev və Azərbaycan SSR Prokurorluğu kadrlar şöbəsinin rəisi
Həşimzadə Bilqeyisin bu sahədəki "fəaliyyət”lərini təsdiq edən yüzlərlə
sənədlərlə rastlaşdım. Amma onlar unudurdular ki, dünyanın əzəlindən hər
gəlişin bir gedişi var. O "gediş” Atakişiyevi 25 il həbsə məhkum etdi
(Atakişiyevin məhkəməsinin şahidi olan Qulam Məmmədli deyirdi ki, məhkəmə
zamanı Atakişiyev özünü çox iyrənc aparırdı, tez-tez ağlayırdı, yalvarırdı). Deməli,
bu dünyada yaxşılıq da, pislik də
unudulmur və Tanrı tərəfindən bədəli ödənilir.