Vətənə
xidmət etmək, onun keşiyində durmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs
borcudur. Ölkə vətəndaşları, xüsusilə də gənclər bu borcu şərəf və ləyaqətlə
yerinə yetirməyə hər an hazır olmalıdırlar. Çox sevindiricidir ki, Vətənin müdafiəsini qanunla müəyyən
edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən gənclərimiz ordu
sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.
Prezident
İlham Əliyevin iyunun 11-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının
2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması
haqqında” Sərəncama əsasən iyulun 1-dən etibarən çağırışçıların müəyyən
edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir.
Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının
qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər
çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və
mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb.
Qeyd edək
ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun
15-ci maddəsinin tələblərinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə
çağırılmış çağırışçılar çağırışa hazırlıq dövründə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər
tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində
hökmən tibbi müayinədən keçirilirlər.
Müddətli həqiqi
hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın
bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi
riayət edilərək xidmət yerlərinə təhvil verilirlər.
Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış "COVİD-19 pandemiyası
dövründə Azərbaycan Respublikası vətəndaşlarının növbəti müddətli həqiqi hərbi
xidmətə çağırışı zamanı müayinə işinin təşkilinə dair müvəqqəti təlimatın” tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində
müddətli həqiqi hərbi xidmətə göndərilən vətəndaşlardan hərbi hissələrdə qəbulun
birinci günündə burun-udlaq nahiyəsindən nümunələrin götürülməsi və TƏBİB tərəfindən
koordinasiya edilən laboratoriyalara göndərilməsi, o cümlədən qəbul olunan heyətin
ayrı və yaxud təcrid olunmuş binada 14 gün müddətində karantin rejimində
izolyasiya edilməsi və test cavablarının nəticələrinə uyğun olaraq, şübhəlilərin
müvafiq qaydada mobilizasiyası həyata keçirilir.