• cümə axşamı, 25 aprel, 16:22
  • Baku Bakı 23°C

Bakı Dövlət Universitetinin yaradılmasına aparan yol

02.10.19 09:45 2174
Bakı Dövlət Universitetinin yaradılmasına aparan yol
1918-ci il mayın 28-də Azərbaycan xalqı sərbəst inkişaf yolunu seçərək müstəqilliyini elan etdi. Xalqımız İstiqlal Bəyannaməsini qəbul edərək öz müstəqil dövlətini - Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. 1918-ci ildə yeni yaradılmış hökumət kabinəsi Avropa və Rusiyanın ən yaxşı universitet və institutlarında yüksək təhsil almış nazirlərlə təmsil olunmuşdu. Həmin şəxslər Azərbaycan türkü olaraq öz ölkəsinin həqiqi vətəndaşı və vətənpərvər övladları kimi tarixdə dərin iz qoymuşdular.
Rusiya İmperiyası süquta uğradıqdan imperiyanın dağıntıları üzərində yaradılmış dövlətlər arasında Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında qurulmuş və Avropa tərəfindən tanınmış yeganə türk respublikası idi. Həmin dövrdə Azərbaycanın müstəqil dövlətçiliyinin önündə xalqımızın M.Ə.Rəsulzadə, F.X. Xoyski, Ə.M.Topçubaşov, Ə.b.Ağayev, N.b.Yusifbəyli, S.b.Mehmandarov, Ş.Rüstəmbəyli və başqa şanlı oğulları dayanırdı.
Azərbaycan Respublikasının Dövlət Arxivi və Dövlət Tarix Arxivində saxlanılan arxiv sənəd və materialları təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mövcud olduğu dövrdə ölkənin sosial-iqtisadi və mədəni inkişafı, milli dövlətçiliyin əsasının yaradılması, milli kimliyin inkişafı sahəsində mühüm addımlar atmışdır. Cümhuriyyət hökumətinin Respublikamızda xalq təhsili və məktəb işinin inkişaf etdirilməsi üzrə fəaliyyətini xüsusi olaraq qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti ölkədə məktəb-təhsil-tədris işini həlli vacib sayılan bir vəzifə kimi ön cərgəyə çəkmişdir. İlk növbədə hərc-mərclik dövründə dağıdılmış və əmlakı talan edilmiş məktəblərin bərpası, yeni şəraitə uyğunlaşdırılması, milliləşdirilməsi, milli mədəniyyətin, ədəbiyyatın və incəsənətin dəstəklənməsi işinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk növbədə 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan hökuməti və Xalq Maarif Nazirliyinin həyata keçirdiyi növbəti tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu. 1918-ci il avqustun 28-də Azərbaycan Respublikasının Nazirlər Şurası tərəfindən məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edildi. Həmin qərara əsasən bütün məktəblərdə tədris, şagirdlərin öz ana dilində aparılmaqla yanaşı, dövlət dili olan azərbaycan dili də məcburi fənn kimi tədris edilirdi. Hökumət tərəfindən məktəblərin milliləşdirilməsi siyasəti həyata keçirilərkən şagirdlərin müəyyən bir hissəsinin məktəbdən kənarda qalmamasına çalışılırdı və həmin məsələyə xüsusi diqqət yetirilirdi. Bu məqsədlə Hökumət tərəfindən 1918-ci il noyabrın 13-də məktəblərin milliləşdirilməsi haqqında əvvəl qəbul edilmiş qərarın dəyişdirilməsi haqqında yeni qərar qəbul edildi. Yeni qərara görə, yalnız bir orta təhsil müəssisəsi olan şəhərlərdə Xalq Maarif Nazirliyinin icazəsi ilə yuxarı hazırlıq siniflərində paralel olaraq rus bölmələrinin açılmasına icazə verilirdi. Eynitipli bir neçə təhsil ocağının fəaliyyət göstərdiyi şəhərlərdə onların bir hissəsi milliləşdirilir, qalan hissəsində isə təhsil rus dilində aparılırdı. Həmin məktəblərin hamısında türk (Azərbycan-R.S.) dili dövlət dili olaraq məcburi fənn ki¬mi tədris olunurdu.
Həmin dövrdə məktəblərin milliləşdirilməsi işi bir sıra ciddi çətinliklərlə üzləşirdi. Pedaqoji kadrların çatışmaması və məktəblərin azlığı, lazımi sayda dərsliklərin olmaması başlıca çətinliklərdən sayılırdı. Cümhuriyyət dövründə ölkədə məktəb işi ilə bağlı məsələlərin müzakirə edilərək həll edilməsi, məktəb-tədris və təlim-tərbiyə işlərinin zamanın tələblərinə və milli mənafeyə uyğun qurulması üçün maarif işçilərinin, müəllim və pedaqoqların qurultayının çağırılmasına ehtiyac duyulurdu. Azərbaycan hökuməti və Xalq Maarif Nazirliyi qarşısında məktəb şəbəkəsinin dağılmasının qarşısının alınması, həmçinin maarif və təhsil sisteminin milli maraqlara və tələblərə uyğunlaşdırılması kimi vacib vəzifələr dayanırdı. Təsadüfü deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ayrı-ayrı vaxtlarda - 13-28 dekabr 1918-ci il və 20 avqust - 01 sentyabr 1919-cu il tarixlərində maarif işçilərinin, müəllim və pedaqoqların iki qurultayı keçirilmişdir.
Hökumətin 21 mart 1919-cu il tarixli qərarı ilə X.b.Məlik-Aslanovun sədrliyi ilə əlifba islahatı üzrə xüsusi komissiya yaradılmışdı. Qeyd edək ki, yazılı dilin ərəbcədən latın qrafikasına keçirilməsi üçün Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində komissiya yaradılmışdır.
Çarizmin yürütdüyü müstəmləkəçilik siyasətinin ağır nəticələrinin tezliklə aradan qaldırılması məqsədilə, hökumət tərəfindən azərbaycanlı şagirdlərin təhsilinə böyük diqqət yetirilirdi. Xalq Maarif Nazirliyinin orta məktəb rəislərinə ünvanladığı sərəncamda qeyd edilirdi ki, azərbaycanlı uşaqlar yalnız milliləşdirilmiş əlifba, hazırlıq və birinci siniflərə qəbul edilsinlər. Azərbaycanlı uşaqların, tədrisi rus dilində aparılan siniflərə qəbul edilməsinə yalnız müstəsna hallarda, nazirin icazəsi ilə yol verilirdi. Təhsil sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində köhnə məktəbin əhəmiyyətli hissəsini bərpa etmək və bir sıra yenilərini acmaq, bir sıra layihələri qismən də olsa yerinə yetirmək mümkün oldu.
Ölkədə ixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Azərbaycan Respublikasında ali məktəblərin yaradılmasına böyük ehtiyac var idi. Lakin ölkəmizdə ali məktəbin təsis edilməsi heç də asan məsələ olmayıb, xüsusi çətinliklərlə müşayiət edilirdi. Çünki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər ölkəmizdə ali təhsil ocağı mövcud olmayıb və bu sahədə təcrübəyə malik deyildik. Hökumət ali məktəbin yaradılması məsələsini - bir tərəfdən gənclərin oxumaq üçün xarici ali tədris ocaqlarına göndərilməsi, digər tərəfdən isə ölkədə ali məktəbin yaradılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi yolu ilə həll etməyə çalışırdı. Milli hökumət 1918-ci il oktyabrın 27-də xaricə təhsil almağa getmək üçün müsəlman tələbələrə icazənin verilməsi qaydası haqqında qərar qəbul etmişdir. Həmin qaydaya uyğun olaraq, xaricə getmə və orada ali məktəblərə daxil olma imkanını sübut edən müsəlman tələbələrə icazə verilirdi ki, təhsilini davam etdirmək üçün xaricə getsin.
1919-cu il aprelin 8-də Azərbaycan Respublikası hökuməti Bakı şəhərində Universitetin açılması haqqında qərar qəbul etdi. Həmin qərara əsasən Xalq Maarif Nazirinə tapşırılırdı: 1) 1919-1920-ci tədris ilinin əvvəlindən etibarən Bakı şəhərində Universitet açsın və bu məqsədlə 10 milyon manatdan artıq olmayan smetanı təqdim etsin; 2) Ticarət məktəbinin binası Universitet üçün ayrılsın.
Azərbaycan Respublikası hökuməti 1919-cu il mayın 19-da Universitet komissiyası haqqında əsasnamənin qəbul edilməsi və komissiyanın ilkin xərclərinin ödənilməsi üçün pul vəsaitinin ayrılması haqqında qərar qəbul etdi. Həmin əsasnamədə qeyd edilirdi ki, Bakı şəhərində Universitetin yaradılması üçün Xalq Maarif Nazirliyi yanında Universitet komissiyası təşkil edilir. Komissiya aşağıda qeyd olunan əvəzedilməz üzvlərdən : elm nümayəndələri - sədr professor V.İ. Razumovskiy və üzvləri professorlardan: N.A. Dübrovskiy, A.M. Levin, S.İ.Sitoviç və privat-dosent L.A.İşkovdan ibarət idi və üstəlik, komissiyanın işində həlledici səslə Xalq Maarif Nazirliyinin, Bakı şəhər Özünüidarəetmənin və Neft Mədən Sahibkarları Şurasının nümayəndələri iştirak edirdi. Komissiyanın başlıca vəzifəsi Dövlət Universitetinin qanunvericilik layihəsi, nizamnaməsi, ştat və smetasının işlənib hazırlanması və onun təsdiq edilməsi üçün hökumət vasitəsilə Parlamentə təqdim etməkdən ibarət idi. Komissiya universitetin yaradılması, onun quraşdırılması və avadanlıqlarla təmin edilməsi üzrə işlərin icrasına başladı və bu məqsədlə hökumət tərəfindən xalq maarif nazirliyinin sərəncamına bir milyon manat pul vəsaiti ayrıldı. Komissiya ayrı-ayrı məsələlərin işlənib hazırlanması üçün yardımçı komissiyalar yaradır və müxtəlif xüsusi məsələlər üzrə ekspertlərin onun işində iştirak etməsini təmin edirdi. Komissiyanın öz üzvlərinin, həmçinin digər şəxslərin xüsusi məqsədlər üçün ayrı-ayrı şəhərlərə və dövlətlərə göndərmək hüququ da vardır. Komissiyanın bütün qərarları Xalq maarif naziri tərəfindən təsdiq edilərək, onun tərəfindən də icra edilirdi.
Universitet komissiyasının ilk iclası 1919-cu il mayın 21-də komissiyanın sədri, əməkdar professor Vasiliy İvanoviç Razumovskiy, komissiyanın üzvləri: əməkdar professor Aleksandr Mixayloviç Levin, professor Nikolay Aleksandroviç Dubrovskiy, həlledici səs hüququna malik Bakı şəhər özünüidarətmənin nümayəndəsi, məktəb şöbəsi üzrə şəhər idarəsinin üzvü Əli Cabbar Orucəliyev, neft sahiblərinin qurultay şurasının nümayəndəsi Arseniy Nikolayeviç Saparov və komissiyanın katibi İvan İvanoviç Babuşkinin iştirakı ilə keçirildi. Həmin iclas müvəqqəti olaraq Xalq Maarif Naziri vəzifəsini icra edən Camo bəy Hacinski tərəfindən açıldı. O, iclas iştirakçılarını salamlayaraq çıxışında qeyd etdi: "Azərbaycan hökuməti Bakıda universitetin açılmasının çox vacib olduğu haqqında qəti qərara gəlmişdir. Hökumətin komissiya üzvlərindən gözləntisi odur ki, onlar öz bilik və təcrübələrini universitetin tezliklə təşkil edilməsi və açılması kimi çətin işə yönəldərək lazımi töhfələrini verəcəklər. Hökumət Azərbaycanın həyatında universitetin böyük mədəni və dövləti əhəmiyyət kəsb etdiyini qiymətləndirərək, müvafiq avadanlıqlarla təchiz edilməsi üçün heç bir vəsaiti əsirgəməyəcək və əmindir ki, komissiyanın üzvləri də öz bilik və bacarıqlarını, işə olan sevgisini Azərbaycanda ali təhsilin təşkili işinə sərf edərək, lazımi töhfələrini verəcəklər.”
Azərbaycan Hökuməti 16 iyun 1919-cu il tarixdə Xalq Maarif Nazirliyi nəzdində Universitet Komissiyasının müvəqqəti ştatının təsdiq edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təşkil edilməsi haqqında qanun qəbul edildi. Parlamentin qəbul etdiyi həmin qanuna uyğun olaraq Bakıda 4 - şərq şöbəli tarix-filologiya; fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət Dövlət Universiteti açıldı. Lakin 1919/1920-ci tədris ilində yalnız tarix-filologiya və tibb fakültələrini açmaq mümkün oldu. Qeyd edək kii, bütün fakültələrdə türk (Azərbaycan-R.S.) dili məcburi fənn kimi tədris olunurdu. Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 1-də həmçinin təhsil almaq üçün xaricə göndərilən azərbaycanlı tələbələrə yol xərclərinin və təqaüdlərin ödənilməsi üçün 7 milyon manat pul vəsaitinin ayrılması haqqında qərar qəbul etdi. Həmin qərarda qeyd edilirdi ki, təqaüddən istifadə etmiş tələbələr təhsilini başa vurduqdan sonra hökumətin müəyyən etdiyi yerdə dörd il işləməyə borcludurlar.
Universitet Komissiyasının sədri V.İ.Razumovskiy 1919-cu il sentyabrın 4-də Ticarət Məktəbinin direktoru V.İ.Ponomaryova 186 saylı məktubla müraciət edərək məktəbin binasının universitet üçün təhvil-təslim edilməsi vaxtının sentyabrın 5-nə, səhər saat 10-a təyin edildiyi haqqında məlumat vermişdir.
1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hökuməti tərəfindən qərar qəbul edildi. Həmin qərara əsasən, operativ cərrahiyə kafedrasının əməkdar professoru V.İ.Razumovskiy Bakı Dövlət Universitetinin rektoru, patoloji anatomiya kafedrasının professoru İ.İ. Şirokoqorov isə Bakı Dövlət Universitetinin tibb fakültəsinin dekanı vəzifəsinə təsdiq olundu. Universitet Komissiyası tərəfindən seçilmiş fakültə terapevtik klinikası kafedrasının əməkdar professoru A.M.Levin tibb fakültəsinin dekanı və həmin kafedranın dosenti N.A.Dubrovski isə tarix-filologiya fakültəsinin dekanı vəzifələrini icra etməsi qəbul edilmişdir.
1919-cu il sentyabrın 11-də Bakı Dövlət Universitetinin rektoru V.İ.Razumovskiy təhsil ocağını professorlarının mənzil məsələsinin hökumət tərəfindən həll edilməsi haqqında Xalq maarif naziri R.b.Kaplanova məktubla müraciət etmişdir. Müraciətdə qeyd edilirdi ki, Rostov, Xarkov, Yekaterinoslav və Rusiyanın digər şəhərlərindən olan professor heyətinin xidmət etmək üçün Bakıya dəvət edilməsi, onların hökumət tərəfindən mənzillə təmin edilməsini tələb edir. Bu məsələnin həllinin gecikdirilməsi universitetin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, onun gələcək fəaliyyətini təhlükə altına alır. Azərbaycan Hökuməti qısa müddət ərzində universitetdə xidmət etmək üçün dəvət olunmuş müəllim-professor heyətinin mənzillərlə təmin olunması vəzifəsini layiqincə yerinə yetirmişdir.
Bakı Dövlət Universitetinin açılması münasibəti ilə İngiltərənin Xarici işlər naziri lord Kerzonun təbrik məktubu Zaqafqaziyada Britaniya diplomatik missiyasının başçısı O.Uordrop tərəfindən 1920-ci il martın 2-də Azərbaycan Xarici işlər naziri F.X.Xoyskiyə təqdim edilmişdir. Məktubda qeyd edilirdi: "Kedelstondan Lord Kerzon Bakı Universiteti üçün aşağıdakı teleqraf məlumatı sizə çatdırmağı məndən xahiş etmişdir. Bu tapşırığı sizin vasitənizlə böyük sevinclə yerinə yetirirəm:
"Xarici işlər naziri və dünyanın ən qədim və iri universitetlərinin kansleri kimi Zaqafqaziyada yeni universitetlərin açılması münasibətilə sizə səmimi təbriklərimi göndərirəm, məndə olan məlumata görə Universitetlər Bakıda, Aleksandrapol və Tiflisdə artıq öz fəaliyyətinə başlamışdır, onlara uğurlar arzulayıram.
Böyük Britaniya həmin universitetlərin vətəni olan ölkələrin parlaq gələcəyini qabaqcadan gördüyü kimi, Oksford universiteti də Zaqafqaziya universitetlərinin parlaq gələcəyini görür. Sizə dərin hörmətimi bildirirəm.”
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə Xalq Maarif Nazirliyi tərəfindən Bakıda bir neçə ali məktəblərin açılması haqqında qanun layihələri işlənib hazırlanmışdır. Məsələn, Pedaqoji və Kənd Təsərrüfatı İnstitutlarının açılması haqqında qanun layihələri işlənib başa çatdırılmış və Parlamentin müzakirəsinə təqdim edilmişdir. Gündəlikdə Konservatoriyanın açılması məsələsi dayanırdı. Həmin dövrdə Xalq Maarif Nazirliyi tərəfindən Azərbaycan Respublikasında Dövlət İncəsənət İnstitutunun yaradılması haqqında qanun layihəsinin işlənib hazırlanması üzrə müəyyən işlər də görülmüşdür. Lakin ölkənin iqtisadi-siyasi vəziyyəti və Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsi ali məktəblərin yaradılması üzrə hazırlanmış layihələrin həmin dövrdə həyata keçirilməsini mümkün etmədi. Həmin layihələr sonrakı dövrlərdə həyata keçirildi. Cümhuriyyət dövründə yalnız Bakı Dövlət Universitetini açmaq mümkün oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərək qeyd etmişdir: "Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti, Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir.”
2019-cu ilin sentyabrında Azərbaycanın nüfuzlu təhsil və elm ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Həmin Sərəncamda qeyd edilir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.”
Bu məqalənin sonunda xalqımızı Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm və universitetə yaradıcı fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Rafiq Səfərov,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsininBaş məsləhətçisi
banner

Oxşar Xəbərlər