• cümə axşamı, 01 may, 07:38
  • Baku Bakı 10°C

Tomiris xatun əfsanəsi

18.12.14 13:02 9219
Tomiris xatun əfsanəsi
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Müsəlman dövlətlərində hökmdar qadınlar haqqında Azərbaycan mətbuatında ilk dəfə məhz “Kaspi” qəzetinin ötən saylarında silsilə yazılar dərc etmişdik. Bu sayımızdan başlayaraq yenə də sizə Azərbaycanda hökmdarlıq etmiş xanımlardan söz açacağıq. Bölümü bəlli rubrikadan ayırmağımızın da səbəbi var. Azərbaycanda hökmdar qadınların bir qisminin mövcudluğu müsəlmançılıqdan əvvələ- eramızdan öncəki dövrə təsadüf edib. Burada bir məsələni də qeyd edək ki, tarixdə izi olan nəcabətli, müdrik, olduqca tədbirli və ağıllı qadınlar çox olub. Hətta siyasətə təsir edən, daha doğrusu , pərdə arxası ölkəni idarə edənləri də məlumdur. Amma biz yalnız taxtda əyləşmiş hökmdar xanımlardan söz açmağı lazım bildik.
Qəhrəmanlığı əsrlərin dizini qatlayaraq eradan eraya keçən, adı tarixdə dəyanət simvolu kimi əbədiləşən Tomiris xatun türk dünyasının şərəf duyduğu və bütün Şərqin fəxarət ünvanı, sərkərdə libaslı, qüdrətli bir hökmdar olub.
Onun barəsində müxtəlif əsərlər yazılıb, araşdırmalar aparılıb, hətta əfsanə və rəvayətlər yaranıb, rəsmlər çəkilib, şəninə şeirlər qoşulub, dastanlar bağlanıb. Mövzu yaxınlığı olsa da, məzmun cəhətdən fərqlənən bu yaradıcılıq məhsullarının birləşdirici məqamı diqqəti çəkməyə bilmir: Tomirisə olan ehtiram və məhəbbət. Bu qəhrəman qadın barəsində yazanlar, eləcə də tarixçilərin özlərinin ilk müraciət etdikləri mənbə məhz böyük yunan tarixçisi Herodotun “Tarix” əsəridir. Yunan-fars müharibələrinə və bu savaşın doğurduğu acı nəticələrə həsr olunan əsərdə yer alan hadisələrdən biri də Əhəmənlər ( İran-F.X.) hökmdarı Kirin eramızdan əvvəl 529-cu ildə öldürülməsi ilə bağlıdır. Tarixdən məlumdur ki, bu şah ölkəmizin ərazisində, Araz çayından şimalda yerləşən Massaget (əski türkcədə massagetlər mahir ox atanlar, oxçular kimi səslənirdi) çarlığına yürüşü zamanı öldürülüb.
Tarixçi alim Zülfəli İbrahimovun 1943-cü ildə nəşr edilmiş “Azərbaycan qadınlarının qəhrəman keçmişindən” adlı kitabından: “ Qəsbkar və zalımlarla aparılan vuruşmalarda Azərbaycan qadınları həqiqətən qorxmaz olublar. Bunu biz Azərbaycan qadınlarının simasını əks etdirən Tomirisin qəsbkar şah Kirə qarşı mübarizəsində... parlaq bir surətdə görürük.” Tarixdən bəllidir ki, eramızdan təqribən 800 il əvvəl midiyalılar Azərbaycan ərazisində müstəqil dövlət qurmuşdular. Bu dövlət xalqın uzun zaman yadelli işğalçılara qarşı mətinlıklə apardığı mübarizə nəticəsində yaradılmışdır. İki əsr yarıma yaxın növcud olmuş Midiya dövləti məşhur padşah Kiaksarın vaxtında ( eramızdan əvvəl 625-585-ci illər) böyük şöhrət qazanmış və bir sıra ölkələri özünə tabe etmişdir. Şahın ölümündən sonra işğalçı Kir bütün Azərbaycanı ələ keçirmək üçün müxtəlif planlar fikirləşib. O, Araz çayının şimalında azad həyat sürən türk tayfalarını- massaketləri də qul halına salmaq istəyirdi. Herodotun yazdığına görə bu zaman massaketlərin taxtında ölmüş padşahın dul qadını Tomiris əyləşmişdi. Kir əvvəlcə Tomirisə elçilər göndərərək onunla evlənmək istədiyini bildirib. Tomiris olduqca ağıllı və tədbirli qadın idi. O, Kirin niyyətini dərhal anlayıb. Başa düşüb ki, Kir ona deyil, torpağına, məmləkətinə aşiq olub. Təklif rədd edilir, elçilər peşman qayıdıblar. Hiyləsinin baş tutmadığını görən Kir qoşununu Arazın kənarına çəkib. Şimali Azərbaycanın əhalisini hədələyərək çayın üzərində körpülər salmağa başlayıb. Tomiris qəsbkara sifariş göndərərək mərdi-mərdanə onu döyüşə çağırsa da, bu işlərin aqibətinin məhz ona mütləq baha başa gələcəyini bildirsə də Kir öz əməllərindən əl götürməyərək sərhəddi keçməyə nail olub. Kir qoşunundakı vuruşa yararsız əsgərlərini yemək və içki ilə meydanda qoyaraq döyüşkən dəstə ilə puskuda dayanıb. Tomirisin oğlu Sparqapises işğalçıları torpaqlarından qovmaq üçün öz qoşunu ilə həmin yerə üz tutaraq düşməni darmadağın edib. Kirin hiyləsindən xəbəri olmayan gənc sərkərdə qələbə sevıncini qeyd etmək üçün şənlik təşkil etdirib. O, döyüşçülərilə yeyib-içərək yuxuya dalıb. Puskuda durmuş Kirin adamları bu fürsəti fövtə verməyərək hücuma keçib. Sparqapises ayıldığı zaman özünü dəmir zəncirlə bağlanmış görüb. Oğlunun yatdığı halda əsir götürülməsi Tomirisə ağır təsir edib. O, Kirə belə bir xəbər göndərib : “ Ey insan qanı içməkdən doymayan acgöz Kir! Üzüm suyunun köməyilə qalib gəlməyinizə öyünməyin, özünüz bu suyu içərək qudurursunuz. Qarnınız çaxırla dolduqca daha da lovğalanırsınız. Hiyləgərlik və belə bir alçaq yolla oğlumu əsir götürdüyünə heç də öyünmə. Sən onu döyüş və şüçaətlə ələ keçirməmisən. İndi mənə qulaq as, çünki bu dediklərim sənin xeyirinədir: oğlumu özümə qaytar və qoşunumun üçüncü hissəsi ilə etdiyin bu cür həyasız rəftarın cəzasını almadan, bizim ölkədən çıx get, əgər dediyimə əməl etməsən, günəşə, massaketlərin hökmdarına and olsun ki, nə qədər doymaz olsan da mən səni qanla doyduracağam.” İnadkar Kir Tomirisin xəbərdarlığına məhəl qoymadan daha da lovğalanır. Bu şəkildə əsir qalmağını özünə sığışdırmayan Sparqapises imkan tapan kimi intihar edib. Kirin şərəfsiz və hiylə dolu tədbirlərindən təngə gələn Tomiris öz qoşununu Kirin üstünə yeridib. Bu şiddətli döyüş haqqında yenə də Herodotun yazdıqlarından məlumat almaq olur: “ ...indiyə qədər olan müharibələrin heç biri bu müharibə kimi dəhşətli olmamışdı. Əvvəlcə hər iki qoşun uzaq məsafədən bir-birlərinə ox atmışlar, oxlar bitincə əlbəyaxa döyüşə keçərək bir-birlərini qılınc və nizə ilə vurmağa başlayıblar. Uzun və ağır döyüşdən sonra nəhayət, massaketlər qalib gəliblər. Kirin özü də, qoşunun çox hissəsi də bu döyüşdə öldürülüb.
Mərd və hünərli Tomiris işğalçının cəsədini insan qanı ilə dolu tuluğun içinə saldırıb və istehza ilə deyib : “ Mən səni döyüşdə məğlub etdim, ancaq sən oğlumu hiylə ilə əlimdən aldın, ürəyimə dağ çəkdin. Mən də dediyim kimi, səni qandan doyururam. İç, istədiyin qədər iç, bəlkə doyasan!”
Beləliklə, Azərbaycan qadınlarının qəhrəmanlıq tarixinin başlanğıcını məhz Tomiris xatun qoydu. Bu zəfərin böyük tarixi əhəmiyyəti və mənası var. Məhz türk qadını övlad, vətən sevgisi ilə düşmən üstünə hücum çəkərək qan tökməkdə, ölkələr işğal etməkdə vahiməli ad çıxarmış qəsbkara qalib gəlmiş, onu qanına qəltan etmişdir. Alp Ər Tonqanın qızı olan Tomirisin qəhrəmanlığı təkcə öz nəslinə, millətinə deyil, bütün qadınlığa bir şərəf gətirdi. Ləyaqət və sədaqət rəmzinə çevrilən Tomiris haqqında müxtəlif əfsanələr yarandı. Əsərlər yazıldı, şeirlər qoşuldu, rəsmlər çəkildi. Valideynlər qız balalarına Tomiris adı verdilər ki, onun kimi mərd, dəyanətli, dürüst, cəsur, ləyaqətli və mübariz olsunlar. Məşhur yunan filosof şairi Esxil məhz bizim xanımların qoçaqlığını, mərdliyini təsvir edərək yazırdı: “ Midiyada və Qafqazda yaşayan qadınlar qorxmazdılar”. Abasqulu ağa Bakıxanov məşhur “Gülüstani-İrəm” əsərində Tomirisin adını böyük ehtiramla çəkib. O. Heradotun fikirlərinə söykənərək Tomirisin mənsub olduğu massaket skiflərinin məhz Albaniyada yaşadığını bildirmişdir. Xalq şairi Səməd Vurğun hələ ötən əsrin 40-cı illərində yazdığı “Yandırılan kitablar” şeirində bu qəhrəman qadını “Anam Tomiris” adlandıraraq onun hünərilə öyünüb və millətimizin düşmənlərinə sanki əbədi bir mesaj göndərib: “Anam Tomiris kəsmədimi Keyxosrofun başını?” Əslində bu sualın ahəngindəki nidalar məlumdur. Zaman-zaman torpağımıza, milli sərvətlərimizə yad elli qəsbkarlar həmişə göz tikiblər. Onlara yerini göstərən igidlərimiz arasında qəhrəman qadınların da olması millətimizin, onun övladlarının cəsur və əyilməzliyindən, şərəf və ləyaqətindən, daxili aləmindən və döyüşmək, qalib gəlmək əzmindən xəbər verir. Məhz Tomiris də yurdunu sevən hökmdar olaraq torpağının işğal edilməsinə, ana kimi oğlunun hiylə yolu ilə əsir aparılmasına dözə bilmədi. İki müqəddəs hissin gücünə sərkərdə hünərini göstərdi, ana qisasını aldı. Nəticədə eraları adlaya bilən bir Tomiris xatun əfsanəni yaratdı.
banner

Oxşar Xəbərlər