18 kütləvi məzarlıq aşkarlanıb
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində üç min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 962 nəfəri Birinci Qarabağ müharibəsində, altı nəfəri isə Vətən müharibəsində itkin düşüb. 9 968 nəfərdən üç min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir.
Avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir. Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (Dövlət Komissiyası) verilmiş məlumatlara görə, hazırda silahlı münaqişələrlə bağlı dünyada 239 min 700 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Rəsmi statistika
Azərbaycan da uzun illərdir ki, qeyd olunan problemdən ciddi əziyyət çəkir. Dövlət Komissiyasında 01.08.2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 962 nəfəri Birinci Qarabağ müharibəsində, altı nəfəri isə Vətən müharibəsində itkin düşüb.
3 968 nəfərdən üç min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.
BQXK-nin fəaliyyətindən narazılıq
Qeyd edək ki, istər işğal dövründə, istərsə də separatizmə son qoyan Vətən müharibəsindən sonra bölgəmizdə məlum problemlə məşğul olan ən böyük beynəlxalq təşkilat Beynəlxalq Qızıl Xaç Komitəsidir. Lakin rəsmi Bakı təşkilatın və bu kimi cavabdeh qurumların sözügedən istiqamətdə fəaliyyətindən razı deyil.
"Azərbaycan 30 il Ermənistan-Azərbaycan münaqişəsi kontekstində beynəlxalq humanitar hüquqa uyğun olaraq itkin düşmüş şəxslərimizin taleyini müəyyən etməli olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyətini qənaətbəxş hesab etmir". "Report"un məlumatına görə, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust- Beynəlxalq itkin düşmüş şəxslər günü ilə bağlı "X"də yazıb: "Əfsuslar olsun ki, bu gün BQXK öz nizamnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın pullu sifarişi ilə hesabat yazan şəxslərə yalan məlumatlar ötürməklə məşğul olur və qərəzli anti-Azərbaycan propaqanda kampaniyasında yer alır. Azərbaycan dövləti özü itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bundan da sonra əlindən gələni əsirgəməyəcək, onların ailələrinin həsrət və iztirablarına son qoymaq üçün bu xüsusda olan davamlı tədbirlərini davam etdirəcək".
H.Hacıyev həmçinin bildirib ki, erməni lobbisinin pulu müqabilində müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar. “Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir”, - o deyib.
Azad edilmiş ərazilərdə itkin düşənlərin axtarışı sürətləndirilib
Tarixi qələbəmizdən keçən müddət ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin axtarışı prosesini sürətləndirib. Rəsmi məlumata əsasən, hazırkı dövrədək erməni işğalından azad olunan ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.
Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib.
Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib.
F.Abasoğlu