“... Sevgiyə, sevdaya vətəndir könlüm”

Gəray
Fəzli imzası orta və yaşlı nəslin yaxşı yadındadır. Böyük Vətən Müharibəsindən
salamat çıxmış ziyalılar arasında onun da adı xüsusi çəkilir - nasir şair,
publisist, televiziya və radio jurnalisti kimi. Sağlam əqidəli, səmimi, qayğıkeş,
prinsipial, mərd bir insan, vətəndaş idi Gəray müəllim. Mən onu sıradan bir şair,
söz adamı kimi tanımırdım. 70 illik ömründə Gəray müəllim çox məshuldar yaradıcılıq
yolu keçmiş, şərəfli bir həyat sürmüşdür. Hələ 17 yaşı tamam olmamış ürəyinin
hökmü ilə cəbhəyə yollanmış, ağır döyüşlərdən çıxmış, yaralanıb hospitallarda
müalicə almışdır. Ordudan tərxis olunduqdan sonra Pedeqoji İnstitutda təhsilini
davam etdirmişdir. 1953-1957-ci illərdə Qax rayonunda müəllimlik etmişdir.
1957-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif
vəzifələrdə çalışmışdır. Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Gəray müəllim
"Ölkəm”, "Mənim səsim”, "Təzə ünvan”, "İldirımlı dağlar”, "Kəhrəba işığında”,
"Səadətin ünvanı”, "Yeddi ulduzlu səma”, "Gecə günəşi”, "Bir qəlbin asimanı”,
"Xatirəli dünyam”, və s. kitabları ilə oxucuların görüşünə gəlmişdir. "Portret
cizgiləri” seriyasından sənədli povestlər, oçerklər yazan Gəray müəllim 1991-ci
ildə "Hikmət” , 1992-ci ildə "Axtarış”,
1993-cü ildə isə "Kəndin səsi” qəzetlərinə redaktorluq etmişdir.
1952-ci
ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Gəray Fəzlinin əsərləri ədəbi
ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı.
Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar
Vahabzadə onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdirlər.
Gəray Fəzlinin şair və yazıçı dostları arasında Qabilin, Əliağa Kürçaylının, Nəriman
Həsənzadənin, Novruz Gəncəlinin, Atif Zeynallının adlarını çəkmək istərdim. Gəray
müəllim hörmətli şairin xatirinə öz oğluna Qabilin adını vermişdi. Nəriman Həsənzadə
dostunun şərəfinə "itirilmiş səs” poemasını yazmışdı.
Gəray
müəllim məlum səbəbdən zəngin iç dünyasından gələn şeirlərini, əsərlərini
kürsülərdən oxuya bilməsə də onun sözlərinə yazılmış mahnılarını Zeynəb
Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova, Yalçın Rzazadə kimi korifeylər,
Hüseynağa Hadıyev, Təranə Vəlizadə və başqa tanınmış sənətkarlar oxudular. Azərbaycan
Televiziyası və Radiosunun fondunda qorunub saxlanan verilişlərdə tez-tez Gəray
Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar səslənir.
Sonda
Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini
ortaya qoyan misraları oxucuların diqqətinə çatdırmaq istərdim...
Akif Cabbarlı