• bazar, 29 Iyun, 09:31
  • Baku Bakı 17°C

“... Mən çətin, amma şərəflə yaşadım...”

23.08.14 11:28 2534
“... Mən çətin, amma şərəflə yaşadım...”
İndi mətbuatda sözünün kəsəri olan qələm sahibləri barmaq sayına gələ, ya gəlməyə. Onlardan ön sırada olanlardan biri əməkdar jurnalist Flora Xəlilzadədir. “Flora Xəlilzadə” imzasının arxasında ilk növbədə milli mətbuatımızın tarixində özünəməxsus səhifəsi olan bir qələm sahibinin obrazı canlanır. Onun ictimaiyyət arasında səslənən çıxışlarından da bu obrazı aydın görmək mümkündür. Bu obrazı daxilən duymaq üçün təbii ki, yazıb-yaratdıqlarına bələd olmaq gərəkdir. Bir həmkar kimi, yazdıqları haqqında düşüncələrimdən, kitablarından aldığım təəssüratlardan, bu yaradıcılığın əsas istiqamətlərindən, ideya və məzmunundan zamanında söz açmışam. Əsərlərinin xarakterini, milli-bəşəri, ictimai məcmusunu bir neçə yazımda araşdıraraq təhlillər aparmış, ədəbiyyat və mətbuat tariximizdəki rolundan bəhs etmişəm. Hər dəfə də duymuşam ki, bu yaradıcı bulağın axarı davam etdikcə fikir karvanının da izi içimdə yol alıb gedir. O fikirlərin qırılıb-itəcəyindən qorxduğum üçün həmişə də qeydlər aparıram. Bir gün bu qeydlərin böyük təəssüratları cilalayan, tamamlayan ştrixlər olacağına inanıram...
Flora Xəlilzadə Uruddan başlayan ömür karvanında Şuşanın ətəklərindən keçib-gedərək böyük bir yol qət etdi. Boy atdığı, ətrini, nəfəsini duyduğu kənd-kəsəyindən başlanan bu yollarda şüurunda, təfəkküründə formalaşan, onu özünə bağlayan cazibədar bir sənət – söz sənəti oldu. Flora xanımın yazdıqlarının sırasına göz gəzdirəndə heyrət məni bürüyür. Kimlərdən, nələrdən yazmayıb! Cəmiyyətin nizam-tərəzisini bu qədər həssaslıqla duyması, dəyərli, sanballı sözüylə ifadə etməsi sözünə sədaqətinin bariz nümunəsidir. F.Xəlilzadə gördüklərinə, müşahidələrinə, sadiq bir qələm sahibidir. O, illər boyu aradı, axtardı, işıqlı insanlardan, ədəbi şəxsiyyətlərdən yazdı, milli-mənəvi dəyərlərimizin təəssübünü çəkdi, onların yeni ənənələrlə inkişafına öz töhfəsini verdi. Ətrini unutmadığı kəndinin yaddaşına çəkdiyi rəsmini sözlərlə isti yaşantılara çevirdi. Qələmini söz, həm də fırça kimi işlədərək, duyduğu, sevdiyi nə varsa ona ciddi münasibətini bildirdi...
Deyirlər, Allah dərdi çəkənlərə verir. Bundan ötrü həm də dərdçəkənə dözüm verir. Dərdlər də rəngbərəng, çeşid-çeşid. Saymaqla, seçməklə qurtarmır. Biri itincə, yolunun üstə o biri peyda olur. Bir də baxır, kim nəyi özünə dərd eliyir. Cah-cəlalın, var-dövlətin xiffətini çəkənlər, onu özünə dərd eliyənlər də olur. Qəfil faciələrin, ağrıların ondan ötüb qardaşına dəydiyinə sevinənlər də var. Zənnimcə, dərdlərin ən acısı, ürək üzəni yurd, torpaq itkisidir. Duyğulu insan, sözlə sirdaş olan Allah bəndəsi elliklə gələn dərdləri, milli bəlaları içində çəkərək, acısını uda-uda, ürəyində daşıyaraq ömür əridir. Dərdlə qolboyun olsa da onun axırına çıxacağına, acılara qalib gələcəyinə inanır.
Həmişə bu fikirdə olmuşam ki, dərd insana təkcə ağrı-acı yox, həm də kamillik, müdriklik verir. Həmin o müdriklik, təmkin də ürəyindən, əlindən yapışır ki, yolunu inamla getsin, dərdlərə, acılara üstün gəlməyi bacarsın. Flora xanımın da içində çəkdiyi ağrı-acılar, dərdlər var. O, bir insanın içində daşıya biləcəyi dərdləri başının üstündən tökülən yağış kimi içinə çəkir, damla-damla sözə çevirib, fikir qatarına yükləyir. Bu peşəkar publisist ictimai dərdlərimizin ağrısını, yükünü həmkarlarımızın arasında daşıyan ən səbatlı söz sahibidir.
Vətən dərdi, evindən-eşiyindən olub, qarlı-şaxtalı günlərdə dərələrə tökülən, qanına qəltan olan soydaşlarının, köçkünlüyün, qaçqınlığın qovhaqovunda evinin açarını qoynunda gəzdirən anasının, didərgin anaların dərdini illərdi ürəyində daşıyır. Ana şəhid olub, evinin açarları isə balasının ürəyinin başında dağ boyda dərdə dönüb.
Anam da qoynunda açar gətirdi,
Məni dərdlərinə naçar gətirdi.
... Anamdan nişanə qalan o açar,
Qəlbimi talayan yağıya döndü.
Deyə bilmədiyim sirrim-sözüm var,
Sinəmə dərd yığan ağıya döndü.
Flora xanımın yaradıcılığında belə bir fikir var: “Hər bir insan bütün mənalarda öz xarakterinin qurbanıdır. Bu səbəbdən də mən çətin, amma şərəflə yaşadım”. Razıyam, çünki insan öz xarakterindən ayrı, başqa bir təbiəti yaşaya bilməz. Amma o çətinlik deyəndə nəyi nəzərdə tutur? Bunun cavabı da elə yazdıqlarındadır. Çünki publisist, şair Flora Xəlilzadə həyatda yaşadıqlarını, müşahidə etdiklərini, görüb-duyduqlarını yazıb. Bu çətinlik ictimai həyatımızda nadanların törətdikləri növbənöv haqsızlıqlara, vətənçilik qayəsinin üstündən ötüb şəxsi mənafeləri uğrunda cihada çıxanlara qarşı qılıncdan kəsərli sözü ilə apardığı mübarizələrdə ifadə olunub. Bu mübarizədə haqqın varlığına, qələbəsinə söykənib. Belə mövzuda olan yazılarına nəzər yetirəndə açıq-aşkar duyursan ki, o, həqiqətən əlinə qələm aldığı vaxtdan “Balıq üçün yox, Xaliq üçün yazıb”. Çətin yaşayıb, amma ictimai maraqlar uğrunda çarpışaraq şərəfli bir ömür yaşayıb.
Sözündə qaim-qədim olan peşəkar qələm sahibinin yaradıcılığının bir qolu da poeziyadır. O, publisistikasında incələdiyi düşüncələrini həm də poeziyanın imkanlarında ifadə etməyə çalışır. Doğrudur, o, şeir yazmağı publisistikası kimi vərdişə çevirməmişdir. Amma nə vaxt dövri mətbuatda şeirlərilə qarşılaşıram, publisistin poeziyada da sözünün poetikası məni təsirləndirir. Dərd yükünün poetik ifadəsi ruhumu titrədir. “Nənəmin cəhrəsi, babamın dəhrəsi” yaşayıb unuda bilmədiyi həyat haqqında bir balladadır. Bu xatirələrin şirinliyi insana xoş ovqat bəxş edirsə, nisgili, kədəri dünyamızı tar-mar edir.
Gözlərim gəzərdi küncü-bucağı
Ağzını pas tutmuş dəhrə görərdim.
Könlümdən keçəndə nənə qucağı,
İynəsi qaralmış cəhrə görərdim.
Onun haqqında yazdıqlarımın birində qeyd etmişdim ki, Flora xanım jurnalistikada öz məktəbini yaratmış ziyalılarımızın sırasındadır. O, mövzu seçməkdə, yazı üslubunda nə qədər azaddırsa, bütün bunları araya-ərsəyə gətirmək təcrübəsində bir o qədər daxili intizama, mətbuat tariximizdə qazanılan ənənələrə, təcrübəyə sadiq qalan Söz adamıdır. Bir qədər də dediklərimin mahiyyətinə varsam, bu da bir təkrir olsun, deyə xatırladıram: Flora xanım uzun illərdir ki, böyük Azərbaycan sevgisinin işığında maraqlı, dəyərli yazılarıyla ədəbiyyat və mətbuatın inkişafına öz töhfəsini verir. O, dilimizin təmizliyi, saflığı yolunda həyəcan təbilini əlindən-dilindən yerə qoymadan mübarizə aparır. İctimai həyatımızda rastlaşdığı əyriliyin, naqisliyin, mənəviyyatsızlığın üstünə sözdən yonduğu xəncərlə gedərək, bu qüsurları kimlərin törətdiklərindən asılı olmayaraq onları kəsib-doğrayır. O, cəsarətli qələm sahibidir.
Flora Xəlilzadə məsləkdaşlarımın arasında ən səbatlı qələmdaşım, ədəbi məhsulları ilə haqqında böyük qənaətlərə malik olduğum, bəyəndiyim, dəyərləndirdiyim söz ustadlarından ilkini – ruhdaşım, sirdaşımdır. Ürəyimin dediklərini çəkinmədən ifadə etdiyim bu fikir “gəlişi gözəl olan sözlər” deyil, onun yaradıcılıq dünyasına bağlılığımın ifadəsidir. Həm də bunların mahiyyətində təkcə dostluq deyil, əsərlərinin aşıladığı bir sıra keyfiyyətlər durur. Onun sənətinə, peşəsinə vurğunluğunu, fədakarlığını duyunca yeni söz ehtiyatım yaranır. Yurduna, torpağına, Vətəninə ruhən bağlı olmasına başqa prizmadan yanaşanda publisistin sənət dünyasında yeni xüsusiyyətlər görürəm.
F.Xəlilzadənin yazdıqlarına yol, içində doğulan işıqdan başlayır. Söz sahibi o işığı görməmiş, hərarətini duymamış dolub yağa bilmir. Hərdən nostaljilərə qayıtması, uzaqlarda sayrışan ulduzların, közərən işıqların qəlblərdə oyatdığı xiffəti xatırladır insana. Bu xiffətdə hər zaman unuda bilmədiklərimizin istisi qəlbimizi duyğulandırır. Onun bütünlükdə yaradıcılığında özünəxas bir nəfəs, səs var. Bu nəfəsin, səsin doğurduğu, söz çələnginin ətri asanlıqla ruhumuza dola bilir.
Son günlər Flora Xanımın məndə olan kitablarını bir-bir nəzərdən keçirdim. Hamısı ilə tanış olsam da, yenə bəzi fikirlərinin üzərində dayanıb-düşündüm. Bu düşüncələrin içərisində dönməz-dəyişməz əqidə sahibi, ciddi xarakterə malik olan Flora Xəlilzadənin mənalı, zəngin həyat yaşadığına şahid oldum. Və neçə gündü onun “Yazdıqlarım”ın II cildi olan “Mədəniyyət-mənəviyyat”ını vərəqləyirəm. Mədəniyyət incilərinin, teatr, musiqi sənətkarlığının araşdırılması və öyrənilməsi uzun illər Flora xanımın yaradıcılıq laboratoriyasında əsas işlərdən biri olub. Nəticədə yazıların çəkisinə, sayına-sanbalına, uc-uca calanmış yaradıcılıq məhsullarına göz yetirəndə, adamı heyrət alır. Bu qədər vaxt aparan, zehni itilik, ürək yanğısı, əziyyət tələb edən, bir-birindən üslubu, ahəngilə seçilən ədəbi məhsulları bir ömrə necə sığışdırmaq olar! 700 səhifəni əhatə edən 220-dən çox məqaləni, milli-mənəvi dəyərlərə gözəl nümunə olan maarifləndirici, ensiklopedik bilgilər toplusu olan bu kitab mədəniyyət-mətbuat tariximizin bir parlaq səhifəsidir, fikrində israrlıyam. Belə bir ictimai, milli-mənəvi, mədəni əhəmiyyətli yükə çiyin verən də Flora Xəlilzadə oldu. Bu cəfakeş qələm sahibi xalqımızın ədəbi, mədəni və mənəvi varidatının içində qiymətli inciləri seçərək ipə-sapa düzdü. Başımda belə bir sual dolanır: Görəsən, vaxt aparan, ömür əridən, ürəyi təzadlı ovqatlara salan bu yazıları necə ərsəyə gətirib? Bu qədər ədəbi məhsulu yığıb-yığışdırmağı bir ömrə necə sığışdırıb Flora xanım? Bunun səbəbini onun həssas, duyğulu, həm də böyük ürəyində yuva salmış yaradıcılıq eşqində gördüm. Amma yenə düşünürəm, ömrünü aramağa, axtarmağa sərf edən bu insan şəxsi həyatının sevincini az-azacıq da olsa, yaşayıbmı? İnanmıram. Çünki əsl sənətkarlar öz ömürlərində millətin taleyini yaşayırlar. Mənəvi dəyərlərimizin həqiqi ensiklopedik tarixini yaratmağın özü milli mənafelər üçün çalışmaq deyılmı?
Bax belə bir yaradıcılıq aləmi olduğuna görə də Flora Xəlilzadəni bu dünyada ən yaxın sirdaşım, əqidədaşım sayıram. Bizi bir-birimizə həm də bir doğmalıq, ruh qohumluğu bağlayır.
Flora xanım yaradıcılığının ən məhsuldar dövründə yeniliklər etməyi də bacardı. Son vaxtlar onun dövri mətbuatda yeni bir layihəsi məni çox duyğulandırdı. O, oxucunu özünün maraq cazibəsində saxlayan möhtəşəm bir mövzuya müraciət etdi. Müsəlman dövlətlərində hökmdar qadınların tarixi faktlarla zəngin olan həyatları onun qələmindən pərvazlandı. Bunun ardınca onun ən böyük layihəsi, yazdıqlarına ekran həyatı verdiyi “Yadigarlar” verilişi oldu. Hər həftə evimizin qonağı olan bu verilişdə Flora xanımın yaradıcılığının maraqlı bir tərəfini də görür, bundan mənəvi zövq alırıq. Bu qələm sahibi axtarışlardan yorulmur, daim ilkinlərə imza atır. İllər boyu bulağın gözündən süzülərək yol gələn əsərlərində elmin, mədəniyyətin, ədəbiyyatın, münəvvər şəxsiyyətlərin, çağdaşımız olan sənətkarların işıqlı xatirəsinə ehtiramla yanaşması, söz baratını lentə köçürməsi yaradıcılığın bu qolunda da Flora xanımın ədəbi imkanlarını üzə çıxarmasından xəbər verir.
Burda bir məqamı da ilk dəfə olaraq dilə-yazıya gətirirəm: İkimizin də yaradıcılıq yolumuza işıq salan böyük bacılarımız olub. Floranın Fantinası, mənim də Fatma bacım (Hər ikisi də haqq dünyasındadır. Ruhları şad olsun). Fantina xanım BDU-nun kitabxanaçılıq fakültəsini bitirmişdi, peşəkar kitabxanaçı idi. Doğma Urud kəndinin kitabxanasında çalışıb. Flora xanım həmişə xatırlayır ki, Fantinanın kitabxanada oxumadığı kitab qalmamışdı. Uşaq yaşlarımdan məni də kitabları sevməyə, dəlicəsinə mütaliəyə və bunun arxasınca yaradıcılığa istiqamətləndirmişdi. Məni də atamın kitabxanasına yönəldən böyük bacım Fatmanın kitab aləminə sevgisi olub. Hər gün bu bilik xəzinəsinin içindən nələrisə seçib oxuyurdu. Kiçik yaşlarımda bacımın ədəbi-bədii gecələrdə Azərbaycan yazıçılarının əsərlərindən söylədiyi bədii qiraətləri, məni də kitablar aləminə bağlayırdı. Bilmirəm, Flora xanım haqqında düşüncələrimi seçmələdiyim vaxtda bunları niyə xatırladım...
Amma indi deyəcəklərim lap gözlənilməz olacaq.
23 avqust tarixi mənim üçün iki əziz adamın doğum günüdür. Təvəllüd sırasıyla desəm, onlardan biri Respublikanın əməkdar müəllimi Fatma Məmmədovadır. Yaşasaydı ömrünün 67-ci qızmar yayını da qarşılayacaqdı. Amma cavan yaşından ömrü qırılan bacım heç 50 yaşını da qeyd edə bilmədi. İkincisi isə bu gün ömrünün 59-cu ilini başa vuran, 60-ın qapısını açan əzizim Flora xanımdır. Mətbuatımızın dəyərli nümayəndəsi Flora Xəlilzadədir. 18 il əvvəl işıqlı dünyaya əlvida deyən bacımı bu yazıda xatırlamağım heç də səbəbsiz deyil. Xatirimdədir ki, rus dili və ədəbiyyatını tədris edən Fatma müəllim illər öncə Aleksandr Blokun yaradıcılığından bəhs etdiyi bir məqaləni Flora xanımın işlədiyi Azərbaycan müəllimi qəzetinə təqdim etmişdi. Həmin vaxt şöbənin qovluğunda A.Blok haqqında BDU-nun çox hörmətli bir müəlliminin də məqaləsi olmasına baxmayaraq, Flora xanım rayon müəlliminin yazısına dəyər verərək onun dərcini üstün bilmişdi. O zaman üçün böyük hünər tələb edən bu addımı atmağa Flora xanım cəsarət etmişdi. İllər sonra Fatma Məmmədovanın müəllimlik fəaliyyətilə yaxından tanışlıqdan sonra özü də onun haqqında səhv etmirəmsə, “Azərbaycan qadını” jurnalında çıxış etdi. Bəlkə də indi üstündən 30 ildən çox vaxt keçən bu hadisəni Flora xanım unudub, amma mənim xatirimdən silinməyib. Xatirəsi bizim üçün əziz olan Fantinanı, Fatmanı ruhdaşımın doğum günündə yada salmağım, düşünürəm, Floranı kədərləndirsə də qəlbinə bir rahatlıq da gətirər. Allah Flora xanımı Azərbaycan mətbuatına çox görməsin, Mənim üçün əziz olan bu gündə Fatmanı da, yazın ilk ayı, martın 8-də dünyaya gələn Fantina xanımı da xatırlamağım yaddaşımın istisindən közərdi.
Təbii ki, söhbətimin canı “dostluğun duz yükünü sulardan salamat çıxarmağı bacaran” ruh qohumumun əziz gününə sözdən əlvan bir rəng qatmaq oldu. Doğum gününü təbrik edirəm, Flora...
P.S. Sən bu yazını səhər-səhər sevdiyin, əməkdaşlıq etdiyin “Kaspi” qəzetində görəcəksən. Sabahın xeyir olsun, üzünə işıqlı səhərlər açılsın, əziz dost...
Şəfəq Nasir
banner

Oxşar Xəbərlər