• cümə, 29 Mart, 06:10
  • Baku Bakı 5°C

Aynur Sabitova: "Mediasiya Şurasının fəaliyyəti məhkəmələrin iş yükünü azaldır"

24.11.22 15:45 931
Aynur Sabitova: "Mediasiya Şurasının fəaliyyəti məhkəmələrin iş yükünü azaldır"

"Mediasiya Şurasının fəaliyyəti məhkəmələrin iş yükünü azaldır, ictimai etimadı daha da artırır".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “Mediasiya proseslərinin insan hüquqlarının qorunması sahəsində əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə deyib.

Belə ki, Mediasiya Surasının İdarə Heyətinin sədri Nadir Adilov Hüquq və İnsan Haqları İnstitutunda “Mediasiya proseslərinin insan hüquqlarının qorunması sahəsində əhəmiyyəti” mövzusunda təqdimat keçirib. Təqdimat İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin, Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitovanın, müxtəlif mediasiya təşkilatlarının və institut əməkdaşlarının iştirakı ilə keçirilib.

Təqdimatı giriş nitqi ilə açan İnstitutun İdarə Heyətinin sədri M.Quluzadə qonaqları salamlayaraq institutun əsas fəaliyyət istiqamətləri barədə, həmçinin institutda müxtəlif hüquqi təlimlərin, maarifləndirmə yönümlü tədbirlərinin keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. A.Sabitova Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirləri, qazanılan nailiyyətləri və qarşıda duran prioritetləri diqqətə çatdırıb, yeni fəaliyyətə başlamış Mediasiya Şurası ilə səmərəli qarşılıqlı fəaliyyətlərinin olduğunu qeyd edib. Çıxışçı bildirib ki, Mediasiya Şurasının fəaliyyəti məhkəmələrin iş yükünü azaldır, ictimai etimadı daha da artırır. O, həmçinin bu cür tədbirlərin mütəmadi təşkil olunmasının, bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib.

Daha sonra təqdimatla çıxış edən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun cəmiyyətə açıq, şəffaf və hesabatlı olduğunu vurğulayıb, Mediasiya şurasının tərkibində özünə nəzarət edən orqan olaraq İntizam Komissiyası yaradılması barədə məlumat verib. Həmçinin mediasiya prosesində mediatorun tərəflərə bərabər imkanlar yaratdığını və hüquq bərabərliyini təmin etdiyini, xüsusilə ailə, kommersiya və əmək mübahisələrində faydalı olduğunu bildirib.

Nadir Adilov vacib statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, ümumilikdə, Bakı şəhərində 178 nəfər, Naxçıvan MR-da 5 nəfər, rayonlarda isə ümumilikdə 90 nəfər mediatorun işlədiyini, fəaliyyət göstərdiyi müddətdə təxminən 45000 işin quruma daxil olduğunu, onlardan 36613 işin məhkəmədə baxıldığını qeyd edib.

Görüşün sonunda mediasiya sahəsində görülmüş işlər təhlil olunmuş, iştirakçıların sualları cavablandırılmış, ətraflı müzakirələr aparılmış və təkliflər səsləndirilib.

banner

Oxşar Xəbərlər