şənbə, 01 Oktyabr, 03:20

Baku Bakı 19°C

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir

icon 238 icon 08 avqust 2022 | 11:30 Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir.

Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova Kaspi.az-a açıqlamasında bildirib ki, hazırda Bakının 6 məscid və ziyarətgahında qanvermə aksiyası təşkil olunub.

Onun sözlərinə görə, 100-dən çox tibb işçisi prosesə cəlb olunub: “Regionlarda Mərkəzi Qan Bankının 8 bölməsində də (Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Lənkaran Quba və Sumqayıt) qanvermə aksiyaları keçirilir. Aksiyalar zamanı karantin qaydaları nəzərə alınıb. Donor olmaq istəyənlər həkim müayinəsindən keçirilir. Onların təzyiqi, hemoqlobin dəyəri və hərarəti ölçülür. Əgər həmin şəxs donor olmağa uyğundursa, qan verməsinə icazə verilir".

Q.Ələkbərova onu da əlavə edib ki, alınan qanlar yoxlanılır, hər hansı infeksiya aşkarlanmadığı təqdirdə istifadə olunur: “Həmin qanlar ölkəmizdə 1 500-dən çox talassemiyalı pasiyentin müalicəsi üçün istifadə olunur".

Qeyd edək ki, gün ərzində Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı “Təzə Pir” məscidində, bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.