• çərşənbə, 28 Fevral, 03:10
  • Baku Bakı -3°C

Artıq avtobuslar daha tez gəlir

27.01.24 04:40 2615
Artıq avtobuslar daha tez gəlir

Bakı şəhərinin və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur. Həmin zolaqlar nəticəsində intervallardakı azalmaları artıq hiss edə bilirik. 

İctimai nəqliyyatın əsas özəyindən biri də şəhərdaxili marşrutlardır. Hansı ki, gün ərzində minlərlə insan bu marşrutlarla şəhərin müxtəlif istiqamətləri üzrə hərəkət edir. Əhalinin gedəcəyi yerlərə daha rahat və tez çatması üçün mütəmadi işlər görülür. Bu tədbirlər sırasında avtobus zolaqlarının yaradılması xüsusi qeyd edilməlidir. Avtobus zolaqlarının salınmasındakı məqsəd insanları ictimai nəqliyyata cəlb etmək və insanların gedəcəkləri yerə günün pik saatlarında tıxacda qalmadan daha rahat çatdırmalarını təmin etməkdir. Bəs görəsən, avtobus zolaqları marşrutların intervalının azalmasına, daha tez dayanacağa çatmasına fayda verə bilirmi?

Avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirilib ki, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir: “İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Qeyd edək ki, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Eyni zamanda, avtobus üstünlüyünün təmin edilməsi daşınan əhali sayını da artırır. Xüsusi avtobus zolağı isə daha çox sərnişinin daşınmasına imkan yaradır”.

25-30 dəqiqə tez çatırlar

Məlumata görə, hazırda Bakı şəhəri və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur: “Yolların buraxılış imkanlarının artırılması üçün AYNA tərəfindən Bakı-Sumqayıt şosesində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi və əks istiqamətdə avtobus zolaqları təşkil edilib. Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılıb. AYNA tərəfindən aparılan təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə aralığında qısalıb”. 

Sosial məsuliyyət və mədəniyyət nümunəsi

Qurumdan sürücülərə avtobus zolaqlarına daxil olmamaq barədə xatırlatma da edilib: “Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Avtobuslar üçün zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 40 manat məbləğində cərimə olunurlar. Qeyd edək ki, zolağın tələblərinə riayət edilməsi cərimədən savayı, həm də sosial məsuliyyət və digər insanlara qarşı mədəniyyət nümunəsidir. Avtobus zolağına daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır”. 

Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənovun fikrincə, avtobus zolaqlarına digər sürücülərin daxil olmasının qarşısı alınarsa, interval daha da qısaldıla bilər: “Bir neçə istiqamətdə bu kimi işlər görülüb. Məsələn, Bakı-Sumqayıt yolunda avtobus zolağı ayrılıb. Bu, qismən də olsa marşrutun intensivliyini təmin edə bilər. Amma digər nəqliyyat vasitələrinin zolağa daxil olmasının qarşısının alınması vacibdir”. 

Vəziyyəti yaxşılaşdırmaq məqsədilə...

R.Həsənovun sözlərinə görə, avtobusların hərəkətinə mane olan faktorlar çoxdur: “Əfsuslar olsun ki, şəhərin mərkəzində tikinti norma və qaydalarına uyğun olmayan sovet dönəmindən qalma dar yollar mövcuddur. Onlar şəhərin indiki yükünü daşımaq qabiliyyətində deyil. Həmin yolların dəyişdirilməsi, genişləndirilməsi də çox çətin prosesdir. Hətta bəzi ərazilərdə qeyri-mümkündür. Yeni salınan velosiped zolaqları isə əksinə, vəziyyəti daha da çətinləşdirir. İnsanlar arasında da müsbət təsir bağışlamır. Onsuz da bir istiqamətdə mövcud olan iki zolaqlı yollarda günün pik saatlarında intensiv hərəkət nəticəsində sıxlıq və tıxaclar yaşanırdı. Vəziyyəti yaxşılaşdırmaq məqsədilə həmin zolaqlar üzərində velosiped yolu salındı. Amma bu, sıxlığı və tıxacı daha da artıran fakta çevrilə bilər”.   

İntervallardakı azalmaları hiss edə bilirik

Nəqliyyat eksperti Aslan Əsədovun fikrincə, gələcəkdə bu istiqamətdəki irəliləyişləri daha yaxşı görəcəyik: “İctimai nəqliyyatın təkmilləşdirilməsi həllini tapması gözlənilən başlıca məsələlərdəndir. Avtobus zolaqlarının çəkilməsi bir neçə il öncədən proqnozlaşdırılmış işlər sırasında idi. Bu zolaqların çəkilməsi marşrutların intervalına istər dolayı, istərsə də birbaşa yolla təsir edir. Sadəcə, düyün nöqtələri var ki, oralardan keçdikdə avtobusların hərəkətində müəyyən problemlər yaranır. Amma artıq intervallardakı azalmaları konkret hiss edə bilirik. Əksər marşrutlarda interval müddəti aşağı enib. Görülən işlərin səmərəliliyi artdıqca bunu gələcək zaman kəsiyində daha aydın görmək mümkün olacaq”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər