• şənbə, 23 Noyabr, 03:57
  • Baku Bakı 13°C

ABŞ vətəndaş müharibəsinin astanasında 

06.08.22 01:00 1423
ABŞ vətəndaş müharibəsinin astanasında 

Filosof Noam Çomski bu qənaətdədir ki, ABŞ-da totalitar sistem formalaşıb. Onun fikrincə, ölkədə misli görünməmiş məhdudiyyətlər və senzura hökm sürür. Çikaqo Universitetinin keçirdiyi sorğu isə qorxulu gələcəkdən xəbər verir. Amerikalıların 30 faizi hesab edir ki, tezliklə hökumətə qarşı silahlanmalı olacaqlar. 

Ukrayna böhranı ABŞ-a Rusiyanı bir çox məsələlərdə, ən əsası enerji ixracı sahəsində üstələməyə imkan versə də, Birləşmiş Ştatların daxilində müəyyən gərginlik hökm sürür. Ölkəni illər uzunudur ki, idarə edən demokrat və respublikaçı siyasi elita qarşılıqlı ittihamları gücləndirib. İş o yerə çatıb ki, media və ekspertlər arasında vətəndaş müharibəsi təhlükəsi qabardılır. Bütün bunların fonunda ölkədə bahalaşma və inflyasiya da sürətlə artır və bu da sadə amerikalılar arasında narazılığı gücləndirir. 

Baydenə də etimad sürətlə azalır

“Daily Shincho” qəzeti ABŞ cəmiyyətində sürətlə artan qütbləşmə və vətəndaş müharibəsi təhlükəsinə toxunub. Qəzet yazır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra enerji qiymətləri bahalaşıb və bu da qlobal inflyasiyanın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bunların fonunda hazırkı prezident Co Baydenə də etimad sürətlə azalır. Onu dünyada baş verən proseslərə biganə yanaşmaqda, ABŞ-ın nüfuzuna zərbə vuran hallara yol verməkdə günahlandırırlar. Hətta son rəy sorğularına görə, Baydenin ictimai dəstəyin səviyyəsi 36 faizə enib ki, bu da onun 19 aylıq prezidentlik dövrünün ən aşağı göstəricisidir. Baydenin nüfuzu demokratlar arasında da aşağı düşüb. İyun ayında 9,1 faizlə son 40 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya Cozef Baydenin populyarlığının azalmasına ciddi təsir göstərən amillərdən biridir. Beləliklə də, bütün bunlar cəmiyyətdə narazılığı artırmaqla yanaşı, qütbləşməni də gücləndirir. 

Hər beş nəfərdən biri etiraf edir ki...  

“Gallup”un son sorğusunun ortaya qoyduğu nəticələr isə şok doğurub. ABŞ seçicilərinin Konqresdən və prezidentdən məmnunluğu 1974-cü ildən bəri ən aşağı həddədir. Məhkəmə belə böyük təlatümlərlə üz-üzədir. Çünki Ali Məhkəmə abort hüququnun əleyhinə qərar verib. CLA Siyasi Elmlər Departamentinin professoru Barbara Valter ABŞ-ın Vyetnam müharibəsi dövründəkindən daha çox bölündüyünü bildirməklə yanaşı, vətəndaş müharibəsi riskinin artdığına dair xəbərdarlıq da edib. Birləşmiş Ştatlar sürətlə yeni vətəndaş müharibəsinə doğru irəliləyir. Bunu son sorğular və əvvəllər aşkar edilməmiş tendensiyalar göstərir. Rəyi soruşulanların üçdə ikisindən çoxu “Amerika demokratiyası üçün ciddi təhlükə” gördüyünü bildirib. Eyni zamanda, demək olar ki, hər beş nəfərdən biri etiraf edir ki, bir gün siyasi məqsədlərə çatmaq üçün silahdan istifadə edə bilərlər. Çikaqo Universitetinin keçirdiyi başqa bir sorğu da qorxulu gələcəkdən xəbər verir. Belə ki, amerikalıların, təxminən 30 faizi hesab edir ki, tezliklə hökumətə qarşı silahlanmalı olacaqlar. Amerikalıların, təxminən yarısı öz ölkələrində özlərini getdikcə daha çox kənar adamlar kimi hiss etdiklərini bildiriblər. Sadiq respublikaçıların 73 faizi, demokratların yarısı və sorğuda iştirak edənlərin üçdə ikisi ölkənin əsas partiyalarını dəstəkləmir.

Fövqəladə vəziyyət qərarı gərginliyi artırıb 

Baydenin enerji çatışmazlığı təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etməsi də gərginliyi artıran səbəblər sırasındadır. Qeyd edək ki, ABŞ-ın kifayət qədər elektrik enerjisi istehsal etmək qabiliyyətini təhdid edən bir neçə amil var. Bu amillərə Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində enerji bazarlarında yaranan fasilələr və iqlim dəyişikliyi ilə daha da kəskinləşən ekstremal hava hadisələri daxildir. Xüsusən ABŞ-ın bəzi bölgələrində həddindən artıq isti nəticəsində yaranan quraqlıq elektrik enerjisi çatışmazlığına və rekord tələbata səbəb olur. Nəticədə, Federal Enerji Tənzimləmə Komissiyası və Şimali Amerika Elektrik Etibarlılığı Korporasiyası qısamüddətli elektrik təchizatı problemləri ilə bağlı xəbərdarlıq edib. O da qeyd olunub ki, ABŞ günəş elektrik stansiyaları üçün modulların əksəriyyətini Cənub-Şərqi Asiyadan idxal edir, lakin son vaxtlar onları kifayət qədər əldə edə bilmir. Buna görə də hökumət yerli günəş enerjisi istehsalı imkanlarını genişləndirmək üçün biznes qurumları ilə işləyir. “Buna görə də, gözlənilən istehlakçı tələbatını ödəmək üçün kifayət qədər enerji istehsalı potensialının olmaması təhlükəsi səbəbindən fövqəladə vəziyyət elan edirəm”, – Bayden qeyd edib. 

ABŞ-da totalitar sistem formalaşıb?

Amerikalı dilçi və filosof Noam Çomski bu qənaətdədir ki, ABŞ-da totalitar sistem formalaşıb. Onun fikrincə, ölkədə misli görünməmiş məhdudiyyətlər və senzura hökm sürür. “İndiki Amerikanı götürsək, totalitar mədəniyyət həyatımda rast gəlmədiyim formada artıb. Bir çox cəhətinə görə isə Qorbaçovdan əvvəlki Sovet İttifaqını belə üstələyib. 1970-ci illəri xatırlayaq: Sovet Rusiyasının sakinləri BBC, “Amerikanın səsi”, “Deutsche Welle” kanallarında xəbərləri dinləyə bilirdilər. Rusların dediklərini isə amerikalıların bilməsi qadağandır. Amerika misilsiz məhdudiyyətlər tətbiq etməklə məlumat əldə etmək imkanını məhdudlaşdırıb. Bu, hətta Stalindən sonra Sovet Rusiyasında olanlardan da kənara çıxır. Sadəcə heyrət doğurur. Və məsələ bununla məhdudlaşmır”, deyə ekspert gəldiyi qənaəti bölüşür.

Rusiya daha yaxşı vəziyyətdədir? 

Məqalədə qeyd edilir ki, ABŞ və Rusiya arasında kəskin diplomatik mübarizə fonunda Vaşinqton G7 ölkələri ilə birlikdə Rusiyanı cilovlamaq üçün əlindən gələni edir. Kreml isə BRİKS-dən təsir vasitəsi kimi istifadə edərək öz gücünü genişləndirməyə çalışır və görünən odur ki, o, əvvəlkindən daha  yaxşı işləyir. İndi tez-tez qeyd olunur ki, ABŞ və Rusiya arasında yeni soyuq müharibə başlayıb və onun nəticəsini müəyyən edəcək ən böyük amil daxili siyasi sabitlik olacaq. Ukraynada xüsusi əməliyyat başlayanda Rusiyada siyasi dəyişikliklər və ya prezident Putinin səhhətində yaranan problemlər barədə çoxlu məlumatlar yayılsa da, son vaxtlar bu xəbərlər səngiyib. Rusiya rəhbərinin reytinqi 80 faizdən çoxdur ki, bu da xüsusi əməliyyatdan əvvəlkindən yüksəkdir. Yekun olaraq nəyi demək olar? Bəli, ABŞ-da yeni vətəndaş müharibəsi təhlükəsi reallaşır. Və bu qənaəti Rusiya, Çin və yaxud ABŞ-la rəqabətdə olan digər ölkələr deyil, məhz Birləşmiş Ştatların sosioloji mərkəzləri bölüşür.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər