YURİY İVANOVİÇ MİNERALOV - POEZİYADA MİNİMALİZM

YURİY İVANOVİÇ MİNERALOV - POEZİYADA MİNİMALİZM

18 Noyabr 2015, 12:40 2021
Bəzən olur ki, şeirlə hokkunu müqayisə edirlər. Bəzi şairlər isə poeziyada məhz minimalizm prinsipini həyata keçirməyə çalışır. Buna baxmayaraq müqayisə etməyə çalışanlar haqlıdı - hokkunu yaradan yaponlar minimalizmdən çox yaxşı baş çıxarırlar.

Bəs minimalizm nədir?

İlk növbədə xarici termin olan “minimalizm” terminini “sadəlik” sözü ilə əvəzləyin - hər ikisi eyni məna verir. Sadəlikdə müqəddəslik və aydınlaşma var - yəni qərb və şərq sivilizasiyalarının iki ali məqsədi.
Yeri gəlmişkən buddistlər üçün yaradıcılıq, şeir yazmaq, aydınlaşmağa doğru birbaşa yol hesab olunur. Onların ruhi təcrübəsinin məqsədi isə subyekt və obyekt arasındakı sərhədin yoxa çıxmasıdır.

Şeiri necə minimallaşdırmaq olar?

Bəzi aspektlər var. Əvvəla bu forma ilə əlaqəlidir.
Qafiyə? Qəsdən yaratadığınız qafiyəni yığışdırın. O, şeiri dərk etməyə mane olur. Müasir qafiyəli şeirləri oxuyan zaman tez-tez fikirləşirsən, görəsən müəllif öz ruhuna, şəxsi düşüncələrinə, qəlbinin orijinallığına məhəl qoymadan bu sözləri lazımsız çərçivələrə necə salıb? Oxumaq həvəsi də yox olur. Yəni doğrudanmı, postmodernizm bu adamlara formanın da məna ilə bilavasitə bağlı olduğu məntiqini öyrətməyib?
Verlibri yaradan və populyarlaşdıran Volt Uitmen birbaşa deyirdi - qafiyə və klassik formalar şeirlərin ruha hopmasına mane olur. Bu buxovlar nəyimizə lazımdı axı?
Amma bu o demək deyil ki, qafiyə pis bir şeydi. Qəflətən, qeyri-ixtiyari yaranan qafiyə mütləq olduğu kimi qalmalıdır, çünki bu səmimi və təbiidir.

Bu ölçü ilə də əlaqəlidi

Niyə adamlar uzun şeirlər yazır? Müasir oxucu sütunvari mətn görəndə o şeiri oxumağa cəhd də göstərmir. Bunun qarşısını necə almaq olar? Çox sadə, (minimalist olan hər şey kimi) qısa və aydın yazmalı. Ölçü üçün, məsələn twitterdəki formatı götürmək olar - 140 simvoldan çox olmamaq şərti ilə. Müxtəsər olan hər şey həqiqidir, çünki ürəkdən gəlir.

Bu həm də məhdudiyyətlə əlaqəlidi

Daha doğrusu əlaqəli deyil - çünki, poeziyada məhdudiyyət yoxdur. Yadımdadır, bir zamanlar məni poeziyada da şahmatdakı kimi mat qoymağı bacardığım üçün qınayırdılar. Bağışlayın, amma mən şeir haqqındakı hətta şəxsi xurafatımın müqəddəsliyinə olan inamı da dağıtdım. Məsələ bundadır ki, onların poeziyaya yanaşması poeziya deyil, nəsə başqa bir şeydi.
Bir də ki, hərflərə çox da əhəmiyyət verməyək. Poeziya ayrı-ayrı hərflər deyil, hərflərdən ibarət olan bütövlükdür. Hə, yeri gəlmişkən, kim deyib ki, hərflərdən kənarda söz yoxdur?

OLQA KRAVÇUK - KİÇİK FORMALAR ƏDƏBİYYATI. MİNİMALİST POEZİYA.

Minimalizm - müəllifin özünə qoyduğu bədii məhdudiyyətlərin sadəliyi və yeknəsəq formasının yaradıcılıq prosesində istifadə olunmasıdır. Ədəbiyyatda minimalizm “ifadə vasitələrinə qənaət etmək” kimi ifadə olunur - yəni ən az sayda sözdən istifadə etməklə maksimum informasiya ötürə bilmək istedadı. Müəllif heç bir lirik ovqata müraciət etmir, əsasən də fellərdən istifadə edir, lazımsız detallardan isə (əsasən zərf və sifətlərdən) qaçır. Bu cür mətnlərdə oxucu əsas rol oynayır, təhkiyədə aktiv iştirak edir. Minimalist əsərlərdəki personajların bir qayda olaraq xarakterik xüsusiyyətləri olmur. Maksimalizmdən fərqli olaraq mininalizm ən vacib, əsas hadisələri təsvir edir. Minimalistlər üçün sözlərə qənaət etmək spesifikdir. Müəllif hər bir detalı təsvir və izah etmək əvəzinə, hadisəni davam etdirmək üçün mətni oxucunun ixtiyarına verir. XX əsr Amerika yazıçı və jurnalisti, satirik hekayə və oçerklər ustası kimi tanınan Kurt Vonnequt öz video müsahibəsində “yaxşı hekayəni necə yazmalı?” sualını belə cavablandırmışdır: "Oxucuya yığcam formada, mümkün qədər çoxlu informasiya təqdim edin. Oxucu nə baş verdiyini tam anlamalı və hadisəni sizin köməyiniz olmadan başa çatdıra bilməlidir. Məsələn, hətta böcəklər kitabın son səhifəsini yeyib qurtarsa belə…" Məhz bu çıxışdan sonra minimalizmə, əsasən də minimalist şeirə rəğbət yarandı.
20 fevral 1909-cu ildə Fiqaro qəzetində Marinettinin "Futurizmin manifesti" məqaləsi “peyda oldu”. Manifest gənc italyan şairlər üçün nəzərdə tutulmuşdu. Burda "teleqraf stili" adlanan formanın yaranmasından bəhs edir ki, bu həm də minimalizmin təməli idi. Məqalədə ənənəvi qrammatik qaydalardan imtina öz plana çəkilirdi: Şairin öz orfoqrafiya hüququ, söz yaradıcılığı, sürət və ritm. Və beləliklə, XX əsrin 20-30-cu illərində yaranan avanqard şeir qolunu təmsil edən eyni ideyalar kompleksi əsasında 60-cı illərdə "minimalizm" adı alan cərəyan peyda oldu. “Minimalist poeziya” bədii termin olaraq XX əsrin 80-ci illərində daha geniş yayıldı.
İlk minimalist şair Çexov və Hemunqueyi öz müəllimləri adlandıran Reymond Karver olmuşdur. Karverin yaradıcılığı 60-cı illərdən başlayır. Lakin onun "qənaətli" yazı forması haqqında bu yaxınlarda danışmağa başladılar.

Pəncərəmin altındakı ağacda qarğa oturub
Kimindi o? Ted Hyuzun, Qalveyin,
Frostun, Pasternakın, Lorkanın?
Bəlkə, Homerin yırtıcı quşlarından birinin?
Yox. Şairlərin heç birinə gərək olmayan sadə qarğadı bu.
Bir-iki dəqiqə oturub
Ağacın budağını dimdiyi ilə itələdi və
uçub getdi həyatımdan.


"Ağıllı" poeziya yaradan maksimalistlərin klassik və yüksək postmodernizminin əksinə olaraq, minimalistlər darıxdırıcı gündəlik həyatın bayağılığına və ucuz dəbə qayıdış etdilər. Bu istiqamətdə Ernest Heminquey, Çarls Bukovski, Meri Kofmanı da xatırlamaq yerinə düşər. Qeyd etməliyik ki, "minimalizm" termini şeirin bu istiqamətinə verilən yeganə ad deyil; "qrit-lit", təmiz tullantı ədəbiyyatı, əsr ədəbiyyatı və ya hay-tek, kirli realizm, eləcə də Con Bartın "mavi yaxalıqların alkoqolsonrası minimalist hiperrealizmi" variantını misal göstərmək olar.
Ədəbiyyatda minimalizm həm də kiçik formaların estetikasıdır. Uzaq Şərqdə onu poetik ənənənin əsası olan tanka (hayku) təmsil edir. Kiçik həcmli şeirlərin hüququ məhz çinlilər və yaponlara məxsusdur. Bu ədəbiyyata epitafiya, aforizmlər və s. də aid etmək olar. Bu gün müasir poeziyada qərar tutan “verlibr miniatürlər” daha çox qərb əsillidir, nəinki şərq. Oxucunu çaş-baş salan isə "minimalizm"lə eyni kökdən olan “miniatür” sözüdür. Bir qayda olaraq, kiçik formalı minimalist poeziyaya təkbənd, ikimisra, dördlük, tanka, rübai, eləcə də kiçik nəsrvari fraqmentlər aiddir. Bunlara Çexov formulunu tətbiq etsək – “yığcamlıq istedadın bacısıdır” məntiqi ilə barışmalıyıq.
“Minimalizm” həm də “primitivizm”lə əlaqəlidi. Maksimalizmin modernist estetikasından fərqli olaraq, “primitivizm estetikası” həm də minimalizm estetikası hesab olunur. Minimalizm kiçik formalar estetikası olmaqla yanaşı, həm də postmodern əsrində aktuallaşdırılmış bədii strategiyanın xüsusi növüdür. Minimalist poeziya ilk öncə postmodernist sənətinə qoşulmuş, formalaşmış daha sonra isə "kiçik", "minimum" poetika olaraq öz bədii müstəqilliyini qəbul etdirmişdir. Vsevolod Nekrasov konkret poeziya haqqında öz anlayışını dilə gətirərək deyir: “bu, şeirin faktiki mövcud olan konkretliyinin axtarışıdır. Minimalist poeziya məhz ədəbi ətaləti, süstlüyü minimallaşdırır.”
Hərçənd, minimalist əsərlər həcm etibarı ilə böyük deyil, lakin məsələ təkcə həcmdə yox, müəllifin obyektə şüurlu təsirinin məhdudlaşdırılmasındadır. Bu mənada minimalizm klassikasına Vasilisk Qnedovun "Sonuncu poema" əsərini aid etmək olar - bu, ağ vərəq idi. Məsələn, Samuel Bekketin "Nəfəs" əsərini köçürmək üçün nəzərdə tutulmuş ağ vərəq. “Nəfəs” əsəri isə yarım dəqiqəlik nəfəs verməkdən ibarətdir. Bu kimi əsərlər incəsənət deyil, avanqard üslubun ilk dalğasıdır.
Minimalist poeziyanın estetikası kiçik formalar yaratdığı kimi, əksinə nəhəng strukturlar da tələb edə bilər. Müasir poeziyada forma və həcmin bütün variantları təqdim olunur və burda kombinasiyalar çoxluq təşkil edir. Minimalizm çoxluq tərəfindən incəsənət kimi qəbul olunmur - bu müəllif və oxucu arasında özünəməxsus informasiya ötürücüsü rolunda çıxış edir. Bütün oyunlar kimi onun da öz qaydaları var. Bunu belə təsvir etmək olar; müəllif ağ kağıza hansısa primitiv şəkil çəkir və kağızı oxucuya təqdim edir. Oxucu yarımçıq rəsmi necə istəsə davam edə, nə istəsə çəkə bilər. Ancaq bir şərtlə, oxucu da öz müəllif imzasını qeyd etməlidir. Beləliklə rəssam və tamaşaçı, şair və oxucu hakimiyyəti süquta uğrayır.
Poeziyada minimalizm din, məzhəb kimidir. "Yaşayıram-görürəm" deyir Nekrasov.

Kim olur olsun
səndən yaxşıdır
heç olmasa
O-sən deyil


yazır İvan Axmetyev və bu sətirlər sanki müəllifin özünü “vahiddən də kiçik” hiss etdiyini bildirən həyat fəlsəfəsidir. Minimalistlər bir qayda olaraq yalan danışmır, hər hansı pafos onlara yaddır. Aqressiyanın yoxluğu, söhbəti fasilələrlə kəsmək bacarığı, danışmamaq istəyi minimalist şairləri birləşdirən keyfiyyətlərindəndir.
"Əsl minimalist şeir" deyəndə isə əsas tələb kiçik ölçü olsa da, bu kifayət etmir. Minimalist poeziya üçün xarakterik olan təkcə qısa həcm deyil, həm də poetikanın qafiyə, bölgü, heca və digər formal əlamətlərindən azad olmaq tendensiyasıdır.
Belə bir sual yaranır - oxucuya maraqlı olmaq üçün minimalist şeirdən nə tələb olunur? Əsas və yeganə şərt minimalist şairin "qeyri-mətni" mətnə çevirməsidir. Belə qəbul oluna bilər ki, minimalist şeir əsasən iki vacib komponentlə səciyyələnir:
- təkrar
- şeirdən əldə olunan məna
Kiçik formalar ədəbiyyatının əsas təməli isə Çindən gəlir. Dao - kainatın universallaşma qanunudur, dəyişiklik yoludur. Bu təlim V əsrdə Lao-Tsi tərəfindən yaranıb. O, müəllifin insanı həqiqətə yaxınlaşdırmaq yolunu tapmışdır. “U-Vey” sətri tərcümədə minimal fəaliyyət deməkdir.
Şairin Daosu – dil, Daonun dili-poeziya...
Rus poeziyasında U-Vey janrı Vsevolod Nekrasovun yaradıcılığında öz əksini tapıb:

Gözlə
baxım görüm
Necə gedir buludlar
Necə gedir işlər


Ayrılıqda minimalist şeir formalarından bəzilərini nəzərdən keçirsək görərik ki, ədəbiyyatda təkhecalı, cüthecalı şeir formaları paradoksal hadisədir. Çünki şeirin müəyyən olunması üçün aşkar və ya qeyri-aşkarcasına həmişə mətnin bir sətirdən çox olması tələb olunur.
- Monoşeir (təkmisra)- 1 misradan ibarət şeirdi. Mütəxəssislərin iddiasına görə təkmisraya hələ antik dövr poeziyasında rast gəlinir, amma bunun təsdiq-sübutu yoxdu.
Hayku (hokku) – 2 beş hecalı və 1 yeddi hecalı sözdən ibarət üç sözlü şeir növü. VIII əsrdən yaranıb və ilk üçsözlü şeir olan tankanın ibtidai forması hesab olunur.
Rübai (Dördsətirli)- Yaxın və Orta şərqin, Orta və Cənubi Asiyanın ən çox yayılan lirik şeir forması. Mənşəyi şifahi xalq ədəbiyyatı hesab olunur. Rübai öz pik nöqtəsinə Ömər Xəyyamın yaradıcılığında çatıb. Fars-tacik klassik şeir janrında xüsusi yer tutur.
Tanka - qədim yapon poeziya janrı - 31 hecalı qafiyəsiz beşlik. Yapon poeziyası şifahi xalq yaradıcılığında mahnı şəklində yaranıb. Tankanın populyarlaşması orta əsr yapon şairləri olan Nakamoti Yakamori, Esida, Otomo Tabitominin bu janra müraciət etməsi nəticəsində baş vermişdir. Bu janr üçün xarakterik olan ekspromt idi. Şeir gözlənilmədən və hansısa hadisəyə görə yaranırdı. Tankanın qafiyəsi yoxdu, əsasən səslənməsində təbii qafiyə hiss olunur.
Ümumiyyətlə, yapon xalqı üçün poeziya həyatın ifadəsidir, həyat isə poeziyadır.
Minimalizm əksərən keyfiyyətin kəmiyyət üzərində üstünlüyündən yaranır. İnsan beyni eyni mətnə sonsuz sayda məna verə bilmək bacarığına malikdir. V.Blinov öz bir sətirli romanına görə mükafat alaraq minimalizmin özündə sonsuz məzmunu ehtiva etməsini sübut etmişdir.
Həm də minimalizm internet ədəbiyyatının gələcəyi deyil, məhz bu günüdür.

Rus dilindən tərcümə etdi: Xatirə Nurgül