Yol əhli
Güc
ümumi anlayışdır. Gücə sahib olmaq isə xüsusiyyətdir. Yəni, güc paylanır,
yerdəyişməyə məruz qalır, zamana və məkana tabe olaraq, birindən digərinə
keçir. Bu, zahiri aləmdə də, dünyəvi işlərdə də belədir. Sivilizasiyaların əvəzlənməsi
gücün və enerjinin yerdəyişməsinin ən bariz nümunəsidir. Görəsən bu yerdəyişmə
təbii şəkildə baş verir, yoxsa burada da subyektiv insan amili mövcuddur? Başqa
tərəfdən baxdıqda, insan özü də təbii amil deyilmi? Yəni, obyektivlik və
subyektivlik nə dərəcədə təbiiliklə və qeyri-təbiiliklə düz mütənasibdir?
Əlbəttə, cavabsız sual yoxdur. Sadəcə, doğru ya da yanlış qoyulan sual və ya
doğru ya da yanlış verilən cavablar vardır.
Təbiət təbiilikdən çıxa bilərmi? Qeyri-təbii
sayılan şeylərin özü təbiətin bir parçası deyilmi? Xilqətin qanunları və ya
onları pozmaq nə deməkdir? Bəlkə elə pozulan bu qanunların özü bir
qanunauyğunluqdur?! Qanunları kim və necə icad edib? Əgər icad edilən qanunlar,
əxlaq kodeksləri, cameşünaslığın həndəsi quruluşu və sairə təbiətdən gəlirsə,
necə deyərlər, təbiidirsə, o zaman vahid təbiətin, vahid dünyanın hər küncündə
nəyə görə başqa-başqa qanunlar hökm sürür? Hər guşədə anti-xaos carçılarının
icad etdikləri kosmos ümumi xəritədə müdhiş bir xaos görüntüsü
yaratmırmı?
Bu düşüncələrin qaranlığında üzə çıxan nəsnə
sadəcə olaraq, maddi, dünyəvi bir aləmdir. Güclər nisbətinin "giclər” nisbətinə
dönüşdüyü bu anlamsız çarpışmanın ortasında qalan estetika isə möhtac
durumdadır. İnsan nəfsi insan zövqünü yeyib bitirir. İnsan ağlı insan ruhuna
xəyanət edir. Heç yerdə həyəcan təbili-filan çalınmır. Ekoloji tarazlığın
dərdinə qalanlar əqli və ruhi tarazlıq haqqında heç düşünmürlər belə. İnsan
yaşamı mənəvi, elmi, estetik parametrlərdən getdikcə uzaqlaşır.
İnsanların rənglərə, irqlərə, millətlərə və
dinlərə bölünməsi yaranışın zahiri keyfiyyətidir. Batində isə, insan bir növdür
və onun başqa növü mövcud deyil. Hər yerdə eyni cür sevişir, eyni duyğularla
gülür, ağlayır və eyni tərzdə ölürlər. Bunlar da zahiri keyfiyyətlərdir. Ancaq
demək istədiyimiz odur ki, bu zahiri keyfiyyətlər belə, insanın bir növ olaraq
eyni tipdə yaradıldığını göstərir. Lakin əsas və daha doğrusu, bizim əsas
məsələmiz batini məsələdir.
Ümumiyyətlə, batin nə deməkdir? Düşünürük ki,
təbii olan, daha dəqiq ifadə etsək, təbiətdən gələn şey təkcə zahirdə
görünənlər deyil. Yəni, materiya yalqız deyil. Onu izləyən, paralelində və
bətnində ona nəzarət edən bir də ideya var, ruh var, fikir var. Onu da
düşünürük ki, ideya olmasaydı, materiya materiya olaraq qalacaqdı. Yəni, insan da
digər canlılar kimi dəyişməz təbii qanunauyğunluğa tabe olaraq yaşayacaqdı.
Ancaq yanlış anlaşılmasın, batin deyərkən biz ideyanı nəzərdə tuturuq. Yoxsa
görünməyən, ancaq heyvanlarda və digər canlılarda da olan bir sürü batini şey
var - məsələn, fikir, ağıl, hiss, düşüncə və hətta zəka. Bunlar batini
şeylərdir. Ancaq bizim batindən məqsədimiz bu deyil. Məsələn, İslam-Şərq məntiq
elmində insanın tərifi belədir: "İnsan - heyvani-natiq". Əgər bu
"natiq" kəlməsinin altında başqa mənəvi, ideoloji, fəlsəfi qatlar
mövcud deyilsə, biz bu fikirlə razılaşa bilmərik. Çünki heyvanların, quşların
və nəbatatın da dili vardır. "Natiq" burada "danışan"
anlamındadır. Danışmaq anlaşmaq üçündür, özünüifadə üçündür ki, bunu heyvanlar
da edir. Buradakı "heyvan" kəlməsi isə, ərəbcədəki "həyy",
yəni "canlı" anlamındadır. İnsan sadəcə danışan canlı deyil. Bizcə,
buradakı "heyvani-natiq" kəlməsinə başqa mənalar da yüklənib. Sözsüz
ki, ərəb filologiyası və ərəb dilçiliyi baxımından bu söz birləşməsi
çoxmənalıdır. Ancaq indi müzakirə mövzumuz bu deyil. Gəldiyimiz qənaət isə
budur ki, insanın digər canlılardan ayrılığı və üstünlüyü onun batini, mənəvi
əlavəsindədir. Bəli, xilqətdən insana yaradıcılıq və üsyan əlavə edildi. Elə
onun yaradıcı keyfiyyəti də məhz elə həmin üsyandan doğmuşdur. Hazırkı
mövcudiyyətinə asi olan yeganə canlı insandır. Fəqət ixtilaf da elə bu nöqtədən
başlayır ki, insan oğlu asi olaraq həm Hitler olur, həm Pikasso, həm Teymur
olur, həm Fəzlullah. Diqqət etsək, görərik ki, hər iki tərəf üstünlük və
hakimiyyətə talibdir. Ancaq biri zahiri, digəri isə batini hakimiyyət.
İnsanların böyük bir qismi Teymura, başqa böyük bir qismi isə Fəzlullah Nəimiyə
tabe idi. Elə oyunun bu yerində bütün daşlar yerinə oturur. Belə ki, zahiri
aləmin fani, batini aləmin isə əbədi olduğu fikri öz təsdiqini tapır.
Bir az
ayıq nəzərlə baxsaq, görərik ki, xilqət insana bu imkanı versə də, batinilik
ona hazır məhsul olaraq verilməyib. Bu məhsulu insan özü istehsal edir. Bax,
insanın muxtarlığı da bundadır.
Batini keyfiyyətlər də qatbaqatdır. Bilinən,
bilinməyən, açıqlanan, açıqlanmayan, dərk edilən, dərk edilməyən və sairə və
ilaxır... Hər şey insandan və onun bu sonu gəlməyən mənəvi pillələri nə qədər
fəth etməsindən asılıdır. Elə bir mərtəbə yoxdur ki, sonuncu olsun.
Ümumiyyətlə, istər batində, istərsə də zahirdə sona varmaq absurd bir nəsnədir.
Elə zahiri dünya fatehlərinə baxsaq, ovuc içi qədər görünən bu dünyanı hələ heç
bir fateh sona qədər fəth edə bilməyib. Bu, batini aləmdə də belədir. Sadəcə
fərq orasındadır ki, zahiri fəthlər yarımçıq qalsa da, batini fəthlər yarımçıq
qalmır. Bir insanın qəlbini fəth etmək ən böyük qələbə sayılır. Necə ki,
deyərlər, bir insanın xilası milyonların xilasına bərabərdir.
Qeyd etdik ki, batini aləm özü qatbaqatdır,
səhifələnir, gizli və aşkar şəkildə öz varlığını sürdürür. Yaxşı bəs, nə
üçün gizli, nə üçün aşkar? Bu sualın da cavabı abstrakt deyil və konkret
səbəblərlə əlaqədardır. Batini düşüncələrin, yəni sırf dünyəvilikdən ayrı,
bütünlüklə mənəvi, fəlsəfi yaşam tərzinin aşkara çıxması və ya gizli qalması
bir neçə amillə bağlıdır. Birinci amil tarix boyu əsasən nəzəriyyə, cərəyan,
orden halında olmuş və bu gün də həmin şəkildə davam edən batini əfkarın
biri-biriylə səviyyə və dərinlik fərqidir. Bəli, buradakı səviyyə və ucalıq
üzüaşağı inkişaf edir. Yəni, mürəkkəblik və əlçatmazlıq dərinlikdədir. Cərəyan
və məfkurə nə qədər dərin olarsa, bir o qədər batinə çəkilir, yəni gizli olur.
Bunun da səbəbi fəlsəfənin dərinləşdikcə, istər ictimai, istərsə də dini-ruhani
doktrina və ehkamlardan uzaqlaşmasıdır. Elə zaman içərisində inkişaf edən bu
gizliliyin digər səbəbi də bu səbəbin davamıdır. Yəni, qanun və ürflərin
tədricən inkarı bu orden və cərəyanların təqib olunmasına və bu təqibdən yaxa
qurtarmaq üçün gizlənmələrinə gətirib çıxarırdı. Lakin dediyimiz kimi,
batiniliyin əsas səbəbi elə batinilikdir. Çünki, batiniləşdikcə onları nəinki
məsələn, dindəki şəriət, hətta başqa batini təriqətlər də inkar edir. Niyə?
Çünki onlar təriqət və batini əfkar sahibi olmalarına baxmayaraq, dayaz
olduqları üçün konkret olaraq, hakimiyyətə və onun həmişəki qoruyucusu olan
dinə yaxındırlar. Fəqət məfkurə dərinləşdikcə, yuxarıda adını çəkdiyimiz
yaradıcılıq və üsyan ortaya çıxır. Bu isə, elmdə və incəsənətdə olduğu kimi,
ruhaniyyat və mənəvi sektantlıqda da cəmiyyəti düşüncə sahiblərinə qarşı
qoymaqda davam edir.
Lakin insan ağlı, insan ucalığı sonsuzluğa talib
olduğu üçün çox zaman batini məfkurə elmlə, ədəbiyyatla və incəsənətlə birləşir
və bir vücudda o qədər vücud peyda olur ki, insanın kamil bir Tanrı təcəllası
olduğuna şübhə yeri qalmır. Arifin, alimin və şairin bir insandakı vəhdəti elə
bir fəcrə səbəb olur ki, bu fəcrdən, yəni bu böyük partlayışdan yeni kainatlar
doğulur. "Mən mülki-cahan, cahan mənəm, mən" deyərkən, Nəsimi məhz
bunu qəsd edirdi. Sözün başında adını çəkdiyimiz güc və güc mərkəzləri batini
aləmdə məhz bu mahiyyətə sahibdir. İnsanlar üzərindəki batini hakimiyyətin
mənası və məğzi məhz elə bundan ibarətdir. Həzrəti İsa yəhudilərə "Mən
sizin kralınızam" deyəndə onu anlamadılar. Zənn etdilər ki, Məryəmin oğlu
hansısa dünyəvi cahandarlıqdan bəhs edir. Halbuki o, könüllər, ruhlar, ağıllar
üzərindəki hakimiyyətdən bəhs edirdi.
Təbiidir ki, hər hakimiyyətin öz silahı vardır.
Çünki hakimiyyət hər şeydən əvvəl güc mənbəyidir. Güc isə, ilk növbədə silahla
əldə edilir. Batini aləmin əsas silahı isə nə elmdir, nə fəlsəfə, nə kəhanət nə
də başqa bir şeydir. Bunlar hamısı ya sonra gəlir, ya da heç bunlara ehtiyac
qalmır. Batini hakimiyyətin əsas silahı eşqdir. Çünki eşq hələlik məlum olan
yeganə nəsnədir ki, dünyəvi, əqli və məntiqi səbəblərdən təşəkkül tapmayıb. Eşq
"niyə" sualını cavabsız qoyan yeganə hadisədir. "Niyə
aşiqsən?" sualının bir cavabı var: "Çünki aşiqəm". Vəssəlam,
bundan ötəsi yalandır, riyadır, məqsəddir. Ən yanlış cümlə quruluşuna malik
olan sual isə "nəyinə və ya nələrinə aşiqsən?"dir. Çünki eşqin səbəbi
nə gözəllikdir, nə böyüklükdür nə də gücdür. Zahirdən fərqli olaraq, batində
eşqin səbəbi güc deyil, gücün səbəbi eşqdir. Nəsimi Fəzlin nə elminə, nə
gücünə, nə də cazibəsinə aşiq idi. Fəzlin bu keyfiyyətləri Nəsimi və
nəsimilərin eşqindən sonra ortaya çıxdı. Allah da belədir... Onu da sevmədən
tanımaq, Ona talib olmaq mümkün deyil. Sevmək isə, şərti vacib olmayan bir
feildir. Çünki dediyimiz kimi, onun "nə üçün"ü olmur. Bəlkə də
göylərin bir hədiyyəsidir eşq! Ancaq nə olursa olsun, qaynağı harada olursa
olsun, batini gücün silahı və xəzinəsi eşqdir. Taliblər Pir eşqinə, Haqq
eşqinə, Şah eşqinə öz batini yollarını davam etdirirlər. Onlar içəridə ikən,
eşikdə nə baş verirsə versin, heç nə Allahdan gözəl və Allahdan güclü olmur.
Batinilərin evləri də batinidir. Könülləri kimi, onların xanələrinə də gedən
yolu özlərindən başqa heç kim bilmir, tanımır. İraqda bir Kəsnezəniyyə təriqəti
var. Bu cərəyanın mürşidi Əbdülkərim Kəsnezani həzrətləridir.
"Kəsnezən" fars dilində "heç kimin bilmədiyi” deməkdir. Bu gün o
təriqətin halı, xatiri necədir bilmirəm, ancaq onlar tarixən öz mənbələrini və
güclərini vəlilər sultanı böyük Əbdülqadir Geylani həzrətlərindən almışlar. O
böyük zatin cazibəsi, eşqi isə qiyamət gününə qədər aşiq tayfasına yetər.
Bütün bunları nəql etməyimizin mahiyyəti və
səbəbi isə məlumdur. Zahiri keyfiyyətlərin fani olduğu, yəni ötəri, məna və
məzmununun isə dərin və tutarlı önəm təşkil etmədiyi bir dünyada boş yerə bu
qısa ömrü başa vurmamaq üçün düşünmək və mücadilə vermək lazımdır. Bu məsələdə
inanc başlanğıc olsa da, əsas şərt deyil. Çünki inanmaq əsas şərt olsaydı, yolun
sonuna qədər saliki o müşayiət edərdi. Ancaq göründüyü kimi, Tanrı ona olan
imanla yetərli olmur. Zaman içərisində iman yerini küfrə və hətta inkara verir.
İnkar etməyənlər isə, heç təsdiq və iqrar babında da güclü və dərin mənəviyyata
sahib deyillər. Çünki onlar heç bir yol getmirlər. Zira, nə baş verirsə, yolda
baş verir. Yola çıxmayan hardan bilsin, imanın küfrə, küfrün isə eşqə təbdil
olduğunu. Yol əhli olmayan necə bilsin ki, imandan eşqə heç bir yol yoxdur.
Mömindən aşiq olmaz. Mömin imanını tərk etməyincə ona eşq gəlməz. Bu isə,
zorla, bilərəkdən, iradə vasitəsilə mümkün olan bir şey deyil. Bu, məhz yolda
baş verir. Yolun sonunda məlum olur ki, bu yol hara aparırmış. Fəqət yolun sonu
olmur, sadəcə ömrün sonu olur. Soruşmaq olar ki, bəs ömrün sonu yolun sonu
deyilmi? Yox, deyil. Boşuna deməyiblər ki, ömür bitər, yol bitməz. Deyənlər boşuna
deməyib, ancaq eşidənlər boşuna eşidib. Anadoluda atalar sözü şəklində olan bu
dərin kəlamın mahiyyəti gerçəkdən də çox dərindədir. Bu dərinlik məhz yuxarıda
bəhs etdiyimiz batini və başıaşağı ucalan səviyyə fərqidir. Yalnız həqiqətə
talib olanlara məlumdur ki, insan öz mənəvi missiyasını tamamlamaq üçün
öldükdən sonra başqa bir vücudda yenə bu həyata qayıdır. Əhli-Həqlər bunu
"donbadon" adlandırır. Bu donda bitən yol gələn donda davam edir. Bu
baxımdan ömür bitsə də yol bitmir. Haqqa aşiq olanları hələ çox ömürlər, çox
yollar gözləyir. Mənsuru, Nəsimini dar ağacına gətirən yol bir ömrə sığan yol
deyil. Onlar bu mərtəbəyə ömürlər adlayaraq, donlar dəyişərək gəliblər. Çünki
hər dövrdə bu dünyaya nəsimilər, mənsurlar, fəzllər, eynülqüzzatlar, sühreverdilər
gərəkdir. Hər kəs kimi onlar da qaldıqları yerdən davam edirlər bu yola. Ulu
Veysəl baba demişkən;
Uzun, incə bir yoldayam...
Fəxrəddin Salim