«Yesenin - dünya mədəniyyətinin bir hissəsi»

«Yesenin - dünya mədəniyyətinin bir hissəsi»

26 Yanvar 2015, 07:14 966
Sergey Yeseninin Moskvadakı ev muzeyi Serpuxovskaya metrostansiyasının yaxınlığında yerləşir. Stansiyanın çıxışında şairin ev muzeyinə gedən istiqamət elə aydın qeyd edilib ki, nabələd ziyarətçiyə ünvanı dəqiqləşdirmək o qədər də çətin görünmür.

Dəmir hasarlarla əhatələnən, ərazisini hansısa kommesiya firmasının mənimsədiyi ev-muzeyi V.Stroçenovskiy döngəsi, 24-də yerləşir. Şairin ev muzeyinin qapıları Yeseninin pərəstişkarları üçün həftənin 1-ci və hər ayın 5-ci günündən başqa hər gün açıqdır.
Çox da böyük olmayan, köhnə və məşhur rus evləri arxitekturasına uyğun tikilən taxta ev bahalı binaların ərazisində tarixi abidə kimi qorunur. Bu ev 1891-ci ildə arxitektor M.D.Medvedyevin layihəsi əsasında tikilib. 1980, 1992-1994-cü illərdə qəza vəziyyətində olub. Bir neçə dəfə yanıb, yenidən qurulub.... Məhz N.V. Krılova məxsus olan ev 1994-cü ildə şairin 100 illiyi münasibətilə muzey kimi təşkil olunub.
1995-ci ildə bir qrup entuziazist-peşəkar ilk muzey eksponatını təşkil edərək Moskva şəhərinə hədiyyə ediblər. 1996-cı ilin aprelində isə muzey özünün rəsmi statusunu alıb.
Sergey Yeseninin yaşadığı vaxtlarda evin necə göründüyünü demək çətindir. Ancaq muzeydə yığılan əşyalar şairin yaşadığı dövrün ab-havasını olduğu kimi əks etdirir. Otaqlar o zamankı tipik Moskva əhlinin məişətini əks etdirmək baxımından maraqlıdır. Nə kasıb, nə varlı - ancaq ənənələrə söykənib yaşayan insanların həyatını əks etdirən eksponatlar bu muzeyin ən qiymətli əşyaları sayılır.

Açığı, memorial muzeylər içərisində Sergey Yeseninin ev muzeyinin işçiləri daha qonaqpərvər görünürlər. Elə astanada qonaqları xoş sözlə qarşılayır və muzey haqqında ətraflı məlumat verirlər. Muzey işçisi Marina Anatoliyevna deyir ki, bayram günlərində muzeyə giriş pulsuz olur. Hətta, uzun müddət muzeyə ziyarətçilər pulsuz daxil olublar. Bir il bundan əvvəl isə Moskva Şəhər Mədəniyyət Departamenti «Dövlət muzeyinin pulsuz işləməsi düzgün deyil»- deyə biletlər üçün minimal qiymət tətbiq edib. Hazırda ziyarətçilər muzeyə giriş üçün 100 və foto çəkilişi üçün də əlavə 100 rubl ödəyirlər.

Yesenin dövrünün ab-havası

Məhz bu evdə Sergey Yeseninin atası Aleksandr Yesenin yaşayıb. O, həmin vaxtlar Krılovun ət dükanında işləyib. 1911-ci ildə ailəsindən ayrı yaşayan gənc Sergey Yesenin Ryazanın Konstantinovo kəndindən bura gəlib. Tezliklə o, atası ilə dalaşıb və ondan uzaqlaşıb. Ancaq 1 ildən sonra yenidən bu evə qayıdıb və 1918-ci ilə qədər məhz bu evdə qeydiyyatda yaşayıb. Gələcəyin məşhur şairi təxminən 7 il bu evdə yaşayıb. Bu ünvan şairin Moskvada yeganə rəsmi yaşayış və qeydiyyatda olduğu evdir.
Yesenin buraya gələndən sonra elə həmin küçədə Sitinin nəşriyyatında mətni yoxlamaq ekspeditor, sonra isə korrektor kimi çalışıb. Məhz bu nəşriyyatda tanışdığı və ilk oğlunun anası Anna İzryadnovanın dediyinə görə, o, tamamilə sadə bir gənc olub. Bu evdə yaşadığı müddətdə o, A.L.Şanyavski adına İctimai Universitetdə ədəbiyyat mühazirələrinə qulaq asmağa gedib. Həmçinin təbiət haqqında uşaq şeirləri yazıb.

Ev muzeyin ekspozisiyasında memorial otaq şüşə çərçivələrlə əhatə olunub. Qeyri-adi bədii ekspozisiya şairin dahi poeziyasının real ab-havasını yaradır. Bu şüşələrin arxasında sərgilənən şəkillər, qəzet parçaları, əlyazmalar, jurnallar böyük şairin bütün yaradıcılıq və həyat yolunu əks etdirir. Ekspozisiya «Yesenin dünya mədəniyyətinin bir hissəsi» sərgisi ilə başa çatır. Memorial otaqda 20-ci əsrin əvvəllərinə uyğun əşyalar sərgilənib. Şairin həyat və yaradıcılıq yolu vitrinlərdəki foto şəkillərdə, məktublarda, əlyazmalarda əks olunub. Burada məsələn, Yeseninin xarici pasportunu və yaxud Aleksandr Bloka görüş üçün yazdığı qeydini görmək olar.
Ən maraqlısı odur ki, ilk baxışdan müasir görünməyən muzeydə ekskursiya zamanı qonaqlara video proqram təqdim olunur. Həmin proqramda 20-ci əsrin əvvəli, şair və onun yaxın ətrafının yer aldığı nadir kinoxronika yer alıb. Bu, demək olar ki, Moskvanın ən yaxşı kamera muzeylərindən biridir ki, burada eksponatlarla birbaşa və yaxından ünsiyyətdə olmaq mümkündür. Hətta, xarici dillərdə də audio ekskursiya mümkündür - əcnəbi turistlər burada özlərini nabələd hiss etmirlər.

Qonaq otağında oturan ziyarətçilər audio vasitəsilə şairin həyat və yaradıcılığı haqqında məlumatlanırlar. Çox da böyük olmayan otaqda yer alan stullarda çoxlu sayda ziyarətçilər oturaraq şairin ifasında səslənən şeirləri dinləyirlər. Həmçinin şairin həyat hekayəsi audio ekskursiya zamanı nəql edilir. Muzeyin elmi işçisi Marina İvanovnanın dediyinə görə, daima muzeydə zamanın ruhuna uyğun müxtəlif tematik tədbirlər təşkil olunur. Həmçinin uşaqlar və böyüklər üçün müxtəlif ekskursiya proqramları var.

Qadınların sevimlisi

“Sergey Yesenin – romantik, sarışın, yaraşıqlı şair qadınların sevimlisi idi- deyə səs yazısı ziyarətçilərin diqqətini toplayır... Şairin uşaqlığı, gəncliyi xatırlanır: “Yesenin dörd dəfə evlənib: Anna İzryadnova, Zinaida Rayx, Aysedora Dunkan və Sofya Tolstoy ilə...
Yeseninin vətəndaş nikahında yaşadığı Anna Romanovna İzryadnovna ziyalı ailədən çıxmış təhsilli qız idi. Yeseninlə Sıtinin nəşriyyatında tanış olan Anna orada korrektor, Sergey isə əvvəlcə ekspeditor, sonra isə korrektor köməkçisi işləyirdi. 1914-ci ildə cütlüyün Yuri adlı oğlu dünyaya gəlir. Ancaq ailə həyatı alınmır, gün-güzəran şairi çox tez bezdirir və 1915-ci ildə onlar ayrılırlar.
Anna İzryadnovna Yeseninin övladının atası olmasını ölümündən sonra məhkəmədə sübuta yetirməli olur. Yuri Yeseninin taleyi faciəli olur. O, Moskva aviatexnikumunu bitirir, 1937-ci ildə isə Uzaq Şərqdə hərbi xidmətdə olarkən yalan ittihamla həbs edilir. “Əksinqilabi faşist-terrorçu qruplaşmanın” üzvü kimi Lubyankaya gətirilir və həmin ilin avqustunda əvvəlcə vəhşicəsinə döyülərək “günahını” etiraf etdirir, sonra isə güllələyirllər.
1917-ci ildə Yesenin aktrisa Zinaida Rayxla evlənir. Bir ildən sonra qızları Tatyana, 1920-ci ildə, artıq valideynləri boşanandan sonra isə oğlu Konstantin dünyaya gəlir. Üç illik bu nikahı çox böyük mübaliğə ilə birgə həyat adlandırmaq olar. Zinaida elə ümid edirdi ki, uşaqlar ailə bağlarını möhkəmləndirər, ancaq əbəs yerə. Onlar daima ya səfərlərdə olur, ya da küsüşürdülər və nəhayət, ayrılırlar.

Hər iki uşağı məşhur rejissor və Zinaida Rayxın ikinci əri Vsevolod Meyerxold övladlığa götürür. Məlumdur ki, Vsevolod Emilyeviç 1937-ci ildə həbs olunub yapon və ingilis casusu kimi güllələnir, Zinaida Nikolayevna isə çox müəmmalı şəraitdə öz mənzilində amansızlıqla qətlə yetirilir.
Şairin övladlarının payına düşən bütün çətinliklərə baxmayaraq, onlar çox şərəfli bir həyat yaşayır, tanınmış və mötəbər şəxslər kimi cəmiyyətdə layiqli yer tuturlar.
Atası kimi sarışın olan gözəl Tatyana balaca qardaşı və qucağında körpə uşaqla valideynlərinin mənzilindən sürgün edilməsinə baxmayaraq, Meyerxoldun arxivini xilas edir və onu Moskva ətrafındakı bağ evində gizlədir. Müharibə başladıqda isə saxlamaq üçün S.M.Eyzenşteynə verir. Daşkəndə təxliyyə olunduqdan sonra həmişəlik orada qalır. Tatyana Sergeyevna çox müdhiş şəraitdə yaşayırdı, Yesenini tanıyan və sevən Aleksey Tolstoy ona yardım edir. Ali Sovetin deputatı kimi öz vəzifəsindən istifadə edərək Tatyananın ailəsi üçün barak tipli balaca bir ev düzəldir. İstedadlı jurnalist, yazıçı və redaktor T.S.Yesenin Meyerxoldun bəraət almasına nail olur, Meyerxold və Rayx haqqında xatirələrini nəşr etdirir. Onun Meyerholdun tədqiqatçısı K.L.Rudnitskiyə ünvanladığı məktub indiyədək XX əsrin böyük rejissorunun yaradıcılığının öyrənilməsi üçün qiymətli mənbələrdən hesab olunur.

Tatyana Sergeyevna S.A.Yesenin muzeyinin direktoru olub, 1992-ci ildə vəfat edib. Oğlu Sergey Vladimiroviç və nəvəsi Anna Moskvada yaşayır.
1920-ci ildə Yesenin şairə və tərcüməçi Nadejda Davıdovna Volpinlə tanış olur. Nadejda gəncliyindən şeirlər yazır, Andrey Belının rəhbərlik etdiyi “Yaşıl emalatxana” poeziya studiyasının işində iştirak edirdi. 12 may 1924-cü ildə Leninqradda Sergey Yesenin və Nadejda Volpinin qeyri-qanuni oğulları – Aleksandr dünyaya gəlir. O, 1949-cu ildə MDU-nun riyaziyyat fakültəsini bitirir, məntiqi riyaziyyat üzrə namizədlik dissertasiyası müdafiə edir. Böyük alim Yesenin-Volpin həm də məşhur hüquq müdafizəçisidir.
1949-cu ildə “antisovet şerlər” yazdığı üçün həbs olunur və məcburən psixi müalicə almağa göndərilir (yeri gəlmişkən, Yeseninin oğlu öz şeirlərini yalnız Volpin familiyası ilə nəşr etdirir). 1950-ci ilin payızından isə Karakandaya sürgün edilir. 50-ci illərin ortalarında sürgündən qayıtdıqdan sonra insan haqlarının müdafiəsi istiqamətində aktiv fəaliyyətə başlayır, zaman-zaman həbs olunur, həbsxana-dəlixanaya göndərilir. Şairin oğlu bütövlükdə həyatının 14 ilini həbsdə olub. A.Yesenin-Bolpin (Çalidze və Saxarovla birlikdə) İnsan Haqları Komitəsinin yaradıcılarından biridir. “İstintaq zamanı özünü necə aparmalı” kitabının müəllifidir. 1972-ci ildə ABŞ-a mühacirət edib. Hal-hazırda orada yaşayır, riyaziyyat və fəlsəfə ilə məşğul olur.

“До свиданья, друг мой, до свиданья”

Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın "Anqleter" otelində Yesenin özünü asaraq intihar edib. Uzun illər Yeseninin intihar etməsi fakt kimi qəbul edilsə də, 80-ci illərin sonuna yaxın Yeseninin ölümü ilə bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başladı. Müxtəlif qəzet və jurnallarda Yeseninin ölümünün yeni versiyası – onun əvvəlcə qətlə yetirilməsi və sonradan asılması haqda çoxsaylı fikirlər ildırım sürəti ilə yayıldı.
Bütün bu şübhələrə son qoymaq məqsədilə 1989-cu ildə SSRİ Yazıçılar İttifaqının təşəbbüsü ilə SSRİ EA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində xüsusi komitə – Ümumittifaq Yesenin Komitəsi yaradılır. Komitənin sədri Yesenin irsinin araşdırılmasında fövqəladə rolu olan Y.L.Prokuşev idi. Komissiyaya bir sıra yazıçılar, yeseninşünaslar, Yeseninin yaxın qohumları, Yeseninin ölümünün hər iki versiyası tərəfdarı olan müəlliflərdən bir neçəsi, kriminalistlər, Rusiyanın Baş Prokurorluğunun nümayəndələri və başqa mütəxəssislər daxil idilər. Komissiyanın verdiyi son qərar sensasiyaların heç bir əsasının olmadığını göstərsə də, hələ indi də əks fikirlər beyinlərdən silinməyib.
Ümumittifaq Yesenin Komitəsinin yaranmasından 20 il keçsə də, dahi şairin müəmmalı ölümü ətrafında gedən fikirlər səngimək bilmir. Belə görünür ki, bu mübahisə hələ uzun illər mətbuatın və ictimaiyyətin diqqət mərkəzində olacaq. Hətta 2007-ci ildə Yeseninin qətlə yetirilməsi versiyasına həsr edilmiş film televiziya ekranlarında göstərildi.
Nə olursa – olsun, düz 85 il bundan əvvəl dekabrın 27-dən 28-nə keçən gecə dünya ən böyük və ən səmimi şairlərindən birini itirir. Yeseninin ölüm xəbərindən sarsılan Aleksey Tolstoy yazırdı: "...Onun ölüm günü ədəbiyyatda matəm kimi qeyd edilməlidir".
Şairin qələmindən çıxan son şedevr "До свиданья, друг мой, до свиданья" şeiridir:
Yesenin bu şeiri ölümündən cəmi bir neçə saat əvvəl öz qanı ilə yazıb.


Sergey Yeseninin muzeyi özünün dolğun və fərqli yaradıcı həyatını yaşayır.
Bu yaxınlarda şairin Moskva həyatını əks etdirən daha bir muzey Çernışevski prospekti, ev 4-də yaranıb. Təmir və bərpa işlərindən sonra burada şairin yaradıcı irsinə həsr olunan müasir muzey kompleksini açmaq planlaşdırılır.

Təranə Məhərrəmova
Moskva