• çərşənbə, 24 Aprel, 22:39
  • Baku Bakı 23°C

YEDDİ GÖZƏL

16.05.16 11:04 4007
YEDDİ GÖZƏL

Düşənbə günü Bəhram şah yaşıl kümbəddə Rum qeysərinin qızına qonaq olur. O, Bişr və Məlixə haqqında rəvayəti söyləyir. Bu rəvayət insanın xilqətə münasibəti haqdadır. Məlixə xilqətin sirlərini dərk etməkdə öz əqli və iradəsinə, Bişr isə Allahın təvəkkülünə arxalanır. O, Məlixəyə deyir ki, "xilqətin səbəbini özbaşına demək olmaz” (171). Yəni insan öz adından deyil, Allahın adından danışmalıdır.

Yolçular gəlib qızmar bir səhraya çatırlar. Tənha ağacın kölgəsində yerə basdırılmış və ağzına qədər su ilə dolu bir küp görürlər. Sudan içib sərinləndikdən sonra Məlixə adəti üzrə suallara başlayır: bu küpü nə məqsədlə basdırıblar? Onun suyu haradandır? və s. Bişr deyir ki, yəqin, onu kimsə ehsan üçün düzəldib. Məlixə etiraz edib deyir ki, heç kim başqaları üçün bura su daşımaz. Yəqin bunu ovçular düzəldib ki, ovu bura cəlb edib tələyə salsınlar. Bişr etiraz edir ki, pis fikirləşmək axırda pislik gətirər. Məlixə yoldaşının sözlərinə qulaq asmayıb, çimmək üçün küpə girir. Sən demə bu, küp deyil dərin quyu imiş. Məlixə su quyusunda boğulur. Bişr onu sudan çıxarıb dəfn edir.

Dedi: "Sənin o zirəkliyin, ağlın hanı?

O düyün açan sancağın (bayrağın) hanı? (174).

Bişr şəhərə qayıdır, Məlixənin evini tapır və onun dul qalmış gözəl arvadı ilə evlənib böyük səadətə çatır.

Rəvayətin hikməti ondadır ki, insan xilqətin sirrini axıracan bilə bilməz. Ona görə də o sirli-soraqlı dünyada ilahi hikmətə inanmaq və yalnız onda yaxşılıq axtarmaq lazımdır. Şair burada yaşıl rəngin tərifini verir: sərvə yaşıllıq yaraşır, əkinə yaşıllıq rövnəq verir, yaşıl mələklərin bəzəyidir.

Səşənbə günü şah qırmızı kümbəddə slavyan gözəlinin qonağı olur. O, ağıllı və müdrik şahzadə qız haqqında rəvayət danışır. Bu şahzadə qızın yolunda çoxları başlarını qoyur, lakin heç kəs onun qurduğu tilsimi aça bilmir. Nəhayət, tədbirli bir cavan, aqil qocalarla məsləhətləşib qızın sarayına yol tapır, onun suallarına cavab verir və onunla evlənir. Səbir və bilik hesabına çox müşkülləri açmaq olar. İnsanın dərk etməli olduğu hikmətlərdən biri də məsləhət və dünya təcrübəsindən istifadə etmək bacarığıdır, ona arxalanmaq müdrikliyidir.

Çərşənbə günü firuzə rəngli kümbəddə Bəhram beşinci iqlim padşahının qızına qonaq olur və Misirli Mahan haqqında rəvayəti dinləyir. Həm gözəl, həm izzətli bir gənc olan Mahanın başına sehrli işgəncələr gəlir. Şər qüvvələr onu kef məclisindən ayırıb yoldan çıxarır, məhrumiyyətlərə və əzab-əziyyətlərə düçar edir. Bu şər qüvvələr onun gözünə xeyirxah insanlar kimi görünür və onu yoldan çıxarıb azdırırlar. Mahanın gözlərinə görünən cənnət əslində çirkabla dolu bir cəhənnəm, gözəllər isə "qan üzərinə çəkilmiş bir dəridirlər”.Mahanı çaşdıran, dünyanı ona çaşbaş göstərən onun daxili aləmində baş verən nizamsızlıq, ötəri hisslərin və kobud həvəslərin baş qaldırması idi. Elə ki Mahan qəflətdən ayılır, Allahı yad edib onu köməyə çağırır, o saat da Xızr onun qulluğunda hazır olur, Mahanı işgəncələrdən xilas edir. Bu rəvayətdə ruhi saflaşma, insanın özü üzərində qələbəsi ideyası ifadə olunmuşdur. Bu saflaşma və qələbə yalnız Allahın köməyilə, ona tapınmaqla baş verə bilər. Əks təqdirdə insan öz ehtiraslarının və nəfsinin qurbanı olar. Rəvayət göy rəngin tərifilə yekunlaşır ki, o da saflıq rəmzidir.

Pəncşənbə günü şah səndəl rəngli kümbəddə Çin gözəli ilə görüşür və Xeyir və Şər haqqında rəvayəti dinləyir. Rəvayətin sonunda Şər öz cəzasına çatır, Xeyir isə ali mənsəb sahibi olur və xalq üçün xeyir işlər görür. Xeyir Şəri bağışladı. Xeyir ona görə də Xeyirdir ki, o, Şəri də bağışlaya bilir. Lakin şair kürdün əlilə Şəri öz cəzasına çatdırır. Bununla da Nizami öz şair mövqeyini bildirmiş olur. Sonra səndəl rəngin tərifi verilir.

Səndəl ruha asudəlik verir,

Səndəl ətrində can nişanı var (239).

Cümə günü Bəhram ağ kümbəddə yeddinci iqlim padşahının qızı ilə görüşür və belə bir rəvayət dinləyir. Ağıllı, gözəl və ismətli bir gənc gözəllər məclisinə düşür. Zahid xislətli bu gənc yoldan çıxır – "Kişiliyi onun insanlığını yoldan çıxardı” (244). Lakin onun gözəllərlə eyş-işrəti hər dəfə bir təsadüf ucundan baş tutmur.

[Tanrı] bizim baxtımıza ismətli olmağı yazdığı üçün

Elə pis əməldən bizi xilas etdi (254).

Yolumuzda ismət keşik çəkdiyi üçün

Günaha tərəf getmək mümkün olmadı (255).

Xacə tövbə yolunu tutur və gözü tutduğu gözəl kənizlə evlənir. İsmətin, saflığın pozğunluq və mənəvi naqislik üzərində qələbəsi bu rəvayətin məğzini təşkil edir. Elə ağ rəngin rəmzi mənası da təmizlik, əsillikdir. Bütün rənglərdə bir sünilik var – ağdan başqa.

Bulaşığı olmayan hər bir şeyə

Saflığına görə "ağ” deyirlər (256).

Qara kümbəddən başlayan hikmət səfəri ağ kümbəddə başa çatır. Qəhrəman sanki mənəvi saflaşma yolu keçir. Get-gedə onun ruhu durulur, saflaşır, qaranlıqlardan xilas olub işığa qovuşur. "Beləliklə, biz günlərin və rənglərin getdikcə inkişaf edən, yüksələn və daha da aydınlaşan bir şəkildə verildiyini görürük”5.

Yeddi kümbəddə dinlədiyi rəvayətlərdən sonra şah həyat və ölüm haqqında, insan həyatının mənası barədə düşünməyə başladı.

Yeddi kümbəd mey və cam vasitəsilə

Bəhrama [o yeddi əfsanəni] səsləndirəndən sonra,

Başının beyin kümbədində onun ağlı

Hərəkətdə olan bu kümbəddən xəbər verdi:

"Torpaq kümbədi sənəmxanalarından

Uzaqlaş ki, ölüm də səndən uzaqlaşsın” (281),

Gördü ki, bu büsat açmış kümbəd

Bütün kümbədlərin tozunu sovuracaq.

O, yeddi kümbədi göylərə tapşırıb,

Başqa kümbədin yolunu tutdu.

Fənayə getməyən bir kümbədin

Ki, onun içində qiyamətə kimi məst olub yata bilsin.

Yeddi kümbədi yeddi möbidə verdi.

(Onların hamısını) atəşgah elədi.

Sədaqətlə allahpərəst oldu,

Özünə pərəstiş etməkdən əl çəkdi (282).

Yeddi kümbəd həyatı və orada dinlədiyi rəvayətlər Bəhramın psixologiyasında və xarakterində bir dönüş məqamı oldu. Bu dönüşün də məğzi ondan ibarətdir ki, Bəhram"özünəpərəstişdən əl çəkib” "allahpərəst oldu”. Bəhramın qalan həyatı xalqa, ədalətə və dinə həsr olunur. Burada Nizaminin gəldiyi qənaət ondan ibarətdir ki, insan həyatının mənası ədalətə xidmətdə, insan ölümünün (axirətin) mənası isə Allaha xidmətdədir. Ona görə də Bəhram yeddi kümbəd nəşəsindən imtina etdikdən sonra öz gələcək həyatını bu iki amala həsr etdi: ədalətə xidmət Allaha ibadət.Bəhramın bir xarakter və bir insan kimi təkamül yolu nəşədən ədalətə, oradan da imana doğrudur.

Bəhramın yeddi kümbəd həyatı, adətən, eyş-işrət kimi başa düşülür. Guya yeddi gözəllə eyş-işrətə başı qarışmış Bəhram ölkəni unudur və bundan istifadə edən vəzir Rast-Rövşən səltənəti soyub-talayır. Əlbəttə, Bəhramın eyş-işrətə başı qarışdığını göstərmək üçün heç də yeddi rəvayət lazım deyildi. Bunu bir beytlə də ifadə etmək olardı və əsərdə bu fikir ifadə olunur da. Yeddi kümbəd həyatının mənası və məqsədi isə daha dərindir.

Bəhramın xarakterinin təkamül yolu onun bir şəxsiyyət və bir hökmdar kimi yüksəlişi yolu kimi göstərilir ki, bu yolda qəhrəman bütün yüksək nailiyyətləri qazanır, şan-şöhrətə çatır, lakin son məqamda bu yüksəlişin faniliyini dərk edir və yeni yola – zahidlik yoluna – qədəm qoyur. Dünya və insanlar qarşısında şöhrətli və əzəmətli görünən Bəhram indi Allah qarşısında çox müti və aciz görünür.

Beləliklə, Bəhram əvvəlcə özünütəsdiq yolunda bir cəngavər kimi formalaşır, Bəhram Gur ləqəbi qazanır, təbiətə ağalıq edir. Sonra o, İran dövlətini öz əlinə alır, xalqın hökmdarına çevrilir. İndi o təkcə gurlara yox, həm də böyük bir səltənətə, böyük bir məmləkətə hökmdarlıq edir. Nəhayət, yeddi iqlim padşahının qızını almaqla Bəhram dünya hökmdarına çevrilir, özünü şahənşah kimi təsdiq edir. Bəhram, şəxsiyyətin çata biləcəyi ən uca nöqtəni fəth edir. Bu zirvəyə çatandan sonra Bəhram yeni yol axtarmalı olur. Bu məqamda Rast-Rövşən satqınlığı lazım idi ki, Bəhram öz ədalət bayrağını ucalda bilsin. Rast-Rövşənin cəzalandırılması, məzlumların azad edilməsi, yeddi kümbədin yeddi məbədə çevrilməsi, şahlığın zahidliklə əvəz olunması, nəhayət, Bəhramın mağarada yoxa çıxması – bu yol yeni yoldur, şəxsiyyətin qürurdan əl çəkib, allahpərəstlik yolunu tutmasıdır. Qürur və şahlıq əzəmətinin iflası ona görə baş vermədi ki, Bəhramın başı eyş-işrətə qarışmışdı. Ona görə baş verdi ki, onun başı qürur və özünüsevərlik qəflətində uyuyurdu.

Beləliklə, Bəhramın yeddi kümbəd əhvalatı onun tərkidünyalığına deyil, əslində, şahın mənəvi və əqli cəhətdən kamilləşməsinə xidmət edir. Belə bir kamilləşmə yolu keçən Bəhram sonralar düşdüyü çətin vəziyyətdən çıxış yolu tapa bilir. Çin xaqanının ikinci dəfə onun üzərinə hücumu, Rast-Rövşənin satqınlığı və ölkəni talaması Bəhramı çətin vəziyyətə salır. Şah çıxış yolu axtarır. Elə bu vaxt o, öz itini asmış çobanla rastlaşır. Bu hadisə sanki aqibətdən göndərilmiş bir işarə kimi Bəhrama onun nə edəcəyini bildirir. Bəhram öz vəzirini cəzalandırıb ədaləti bərpa edir.

Burada Nizami yeddi məzlumun söylədikləri yeddi acı həqiqəti təsvir edir. Bu həqiqətlər Bəhramın yeddi gözəldən eşitdiyi rəvayətlərin əksidir. Yeddi gözəl və yeddi məzlum. Yeddi şirin əfsanə və yeddi acı həqiqət. Həyatın üzü və astarı, zahiri və batini. İdeallar dünyası və real həyat. Yeddi əfsanəylə ruhi saflığa çatan Bəhram yeddi həqiqətlə ədalətə çatır. Yeddi gözəlin müdrik rəvayətləri onun ruhunu oxşayır, onu bir mənəviyyat sahibi kimi kamilləşdirir. Yeddi məzlumun acı həqiqətləri onun iradəsini silkələyib qəflət yuxusundan oyadır və onu haqq yolunda mübarizəyə səsləyir. Bəhram bir şəxsiyyət kimi, bir insan kimi əqli və mənəvi kamillikdən mübarizə və fəaliyyət zirvəsinə yüksəlir. Nizaminin yaradıcılıq yolunda bu çox vacib hadisədir: insanı seyrçilikdən mübarizliyə, mənəviyyatdan fəaliyyətə yüksəltmək. Nizami çox gözəl dərk edirdi ki, mənəvi-ruhi cəhətdən insan nə qədər kamil olsa da, yaradıcılıq, quruculuq, haqq uğrunda mübarizlik insan üçün ondan da kamil, ondan da yüksək bir vəziyyətdir. Bəhramın fəaliyyəti ədalət mübarizinə çevrilir.

Ədalət peykəri şahın gözlərinə

Qaradan, ağdan ibrət dərsi verdi

Onun (ədalətin) camalını görəndən sonra

Yeddi peykəri (gözəli) onun peykərinə qurban elədi.

Başqa xəyalların kökünü kəsdi.

Könlünü ona (ədalətə) bağlayıb onunla şadlandı (281).

Ölkədə ədaləti bərqərar etdikdən və yadelli düşmənlərdən səltənəti azad etdikdən sonra Bəhram öz şahlıq missiyasını bitmiş hesab edir. Bu dünyada görə biləcəyi işləri qurtardıqdan sonra o, axirət haqqında fikirləşir və o dünyaya hazırlıq tədbiri görür. Bəhram dünya işlərini bitirib onunla vidalaşır və mağarada qeyb olur. Bəhram ölmür və adi insanlar kimi də dəfn olunmur. Bəhramın mağarada yoxa çıxması nə deməkdir? Burada mağara rəmzdir, bu dünyadan o dünyaya açılan qapıdır. İnsan yalnız öləndən sonra bu dünyadan ayrılır və axirətə yollanır. Bəhram sağlığında bu dünyadan ayrılır və onu tərk edir. O, diriykən ölümü qəbul edir, diriykən axirət yoluna qədəm qoyur. Bu, həyatdan bezikməyin nəticəsi deyil, ölümün və axirətin ali və ilahi hikmətinin dərk edilməsinin nəticəsidir.

Özünə göylərdə yer salmış adamı

Yerdə axtarıb tapmaq çətindir (284).

Bəhram daha yerdə ona görə qərar tuta bilmir ki, o artıq "özünə göylərdə yer salmışdır”. O dünyanı duyan, onu bəsirət gözilə görən insanı daha bu dünyada saxlamaq olmaz. O dünyanı görmək, onu sevmək, ona can atmaq səviyyəsinə çatan Bəhram təkcə həyatın deyil, həm də ölümün hikmətini dərk etmiş olur. Bu, insan mənəviyyatı, insanın ruhi kamilliyi baxımından ən yüksək inkişaf dərəcəsidir. Nizami öz qəhrəmanını bu uca məqama çatdırmaqla onun şəninə ən yüksək tərif söyləmiş olur.

Ona görə də görkəmli alimimiz Rüstəm Əliyevin bir fikri ilə heç cür razılaşmaq olmaz. Alim yazır: "Platon və Əli Əbu ibn-Sina kimi, Nizami də insan qəlbini üç hissəyə bölür və göstərir ki, bu hissələrin hər birinin öz sevgi obyekti var. Məsələn, birinci hissə qidaya və şəhvətə, ikinci hissə qələbəyə, intiqama və alinəsibliyə, üçüncü hissə isə biliklərə və kamilliyə can atır. Bəhramda əvvəlki iki hissənin duyğuları inkişaf edib: təmiz, ideal məhəbbət hissləri, mənəvi kamilliyə can atmaq duyğusu ona yaddır. O, həyatın mənasını heyvani ehtiraslarını təmin etməkdə, zövq-səfada, eyş-işrətdə, döyüşlərdə qələbə çalmaqda, ətrafdakıların hamısının fövqündə dayanmaqda, çeviklikdə, cəsurluqda, ox atmaq məharətində və sairədə görür. Məhəbbət onun üçün şəhvət alovunu söndürmək, gözəl kənizlər, cariyələr, şahzadə xanımlar arasında vaxt keçirmək deməkdir”. Əgər bu, doğrudan da, belədirsə, onda öz yetkinlik çağına çatmış mütəfəkkir şairin oxucuya çatdırmaq istədiyi əsas fikir nədən ibarətdir? Məgər adi şəhvət əsiri olan kəs belə fəlsəfi bir poemanın qəhrəmanı ola bilərmi? Əsla yox. Nizaminin gəldiyi nəticə daha dərin, daha fəlsəfi nəticədir ki, o haqda biz yuxarıda danışdıq. Ruhi cəhətdən kamil insan axtarışı Nizaminin "Yeddi gözəl” poemasında da davam edir və şair əvvəlki poemalarla müqayisədə yeni fəlsəfi ideyaların təsdiqinə səy göstərir, insan haqqında yeni hikmətlərin açılmasına nail olur.

Bəhramın mağarada yox olmasından sonra şair həyat və insan haqqında mülahizələr yürüdür, ümumiləşdirmələr aparır, insanın mahiyyətini açıqlayır. Bütün bunlar Bəhramın həyatının və aqibətinin yekunlaşdırılmış fəlsəfi ifadəsidir. Burada ölümün haqlığı bir daha təsdiqlənir və bu hikmət fonunda insan ömrünün dəyəri təyin olunur. Bir vaxt öz adını gurların buduna dağlayan Bəhram indi onların təpikləri altında tapdağa çevrilir. Bu dünya bir boyaqçı dünyasıdır. İnsanın dünyadan aldığı bütün rənglər (nemətlər, gözəlliklər) gec-tez geri qaytarılır. "Borc alınmış bu rənglərə neçin könül verirsən” (285). Bununla belə, Nizami insanın aliliyindən, onun xilqətin ən dəyərlisi olmasından söz açır.

Göyün ulduzları sənin həmayilindir,

Onlar nədir? – Hamısı sənin vasitəndir.

Yaranış üçün şükür edən mələk sənsən,

Yaradanı tanımaq üçün bələdçi sənsən.

Göylərin nümunəsi Yerdir.

Mələklər [qonaq], ev sahibi isə insanlardır. (286).

İnsan layiq olduğu və Allahın rəva bildiyi yeri tutmaq üçün necə yaşamalıdır? Hər şeydən əvvəl ruhi tələblərə cismani tələblər qarşısında üstünlük verilməlidir. Həyat yolunu "canla yeri”, çünki "bədən ağır və kütdür” (287). Ruh bədənsiz də yaşayır, lakin bədən ruhsuz yaşaya bilmir. Ruhla yaşayan kəs ikilikdən, yəni ruhun və bədənin ziddiyyətli birliyindən yaxa qurtarıb Vahidə, yəni Allaha tapınır. Ruha tapınan ölümdən yaxa qurtara bilər.

Beləliklə, həm "Xosrov və Şirin”də, həm "Leyli və Məcnun”da, həm də "Yeddi gözəl”də Nizami insanın özünüsevərlikdən özgəsevərliyə doğru mənəvi təkamülünü göstərir. Yalnız özünü unudub özgəsevərlik səviyyəsinə çatdıqdan sonra insanın qarşısında Allahı tanımaq və sevmək imkanı açılır. Allahsevərliyin yolu insansevərlikdən keçir.

Xosrov özünüsevərlik buxovundan azad olub axırda Şirini həqiqi bir məhəbbətlə sevdi. O, bu mərtəbədən o yana yüksələ bilmədi. Xosrovun mənəvi təkamülü özünüsevərlikdən özgəsevərliyə doğrudur.

Məcnun lap əvvəldən özgəsevərlik yolunu tutdu və bu yolu sona qədər getdi. Onun qarşısında Allahsevərlik qapısı vardı, lakin Məcnun onu görmədi, bu yeni yola qədəm qoymadı. Məcnunun həyat yolu özgəsevərlik yoludur.

Bəhram da Xosrov kimi özünüsevərlikdən başlayıb özgəsevərlik məqamına çatdı. Lakin Xosrovdan fərqli olaraq o, xalqı sevdi, ədalətə xidmət etdi. Yalnız bundan sonra Bəhramın qarşısında Allahpərəstlik yolu açıldı. O, insanlara qayğı və məhəbbətdən daha ali, daha dərin bir hikməti – ilahi eşqin hikmətini və inam səadətini dərk etmiş oldu. Lakin o da bu uca zirvəni axıra qədər fəth edə bilmədi. Beləliklə, Bəhram mənəvi təkamül yolunda Məcnundan bir mərtəbə yüksəyə qalxmış oldu. Göründüyü kimi, Nizaminin yaradıcılıq yolu möhkəm bir məntiq və ardıcıl bir qanunauyğunluq əsasında inkişaf edir.

Məmməd QOCAYEV

banner

Oxşar Xəbərlər