AZE | RUS | ENG |


Türk xalqlarının milli təşəkkülü

Türk xalqlarının milli təşəkkülü
İnsanların ərazi, dil, iqtisadi və mənəvi cəhətdən birliyini ifadə edən millət anlayı­şına­, həmçinin, millətə, xalqa məxsus xüsusiyyətləri göstərən milliyyət an­layışına alimlər, mütəfəkkirlər müxtəlif baxımdan ya­na­şmışlar. Bu mənada Türkiyənin görkəmli ictimai xadimi Ziya Gökalp (1876-1924) və böyük mütəfəkkiri Hilmi Ziya Ülkənin (1901-1974) türk xalqlarının milli təşəkkül haqqında fikirləri maraqlıdır. 

Hilmi Ziya Ülkən dünyada kültürlər yaradaraq mey­da­na çı­xan milləti, cəmiyyətin çox yeni bir təşəkkülü kimi dəyərləndirmişdir. Əski çağlarda millət yoxdur, ancaq onu hazırlayan başqa ictimai formalar və başqa mədəniyyətlər vardır. Mütəfəkkir "milli təşəkkül Qərb mədəniyyətinin əsəridir” fik­rini irəli sürərək, bu mədəniyyəti mənimsəyən, onun texnikasını, ru­hu­nu alan başqa cəmiyyətlərin də getdikcə millət halını aldıqlarını gös­tərmişdir. Bu millətləşmə hərəkətlərinin başında milli iradəni təmsil edən istiqlal savaşları gəlir və bununla öz tarixlərinə çevrilən şüur­la kültürlərini meydana gətirir. Müasir mə­də­niyyət öz kültürünü yaratma qüdrətində olan millətlər mədə­niy­yə­tidir. Hilmi Ziya Ülkən milli təşəkkülün bir anda meydana gəlmədi­yi­ni qeyd etmişdir: Vətən və onun üzərində yaşayan millətin ideal­ları, heç bir qüvvə və fərd tərəfindən bağışlana bilməz. Onlar, tarixi bir tə­ka­mülün əsəridir.   

Millət və ümmət sözləri müxtəlif mənalar daşıyır. Hilmi Ziya Ülkən yazmışdır ki, millət sözünün müasir mə­na­sıyla "nation” qarşılığı olaraq işlədilməsi yenidir. Keçmişdən bu söz, İslam dininə girənlərin təşkil etdiyi böyük camaatı ifadə edirdi. "Millət-i İslamiyyə” bütün müsəlmanları topladığı üçün, bugünkü mil­lət anlayışından tamamilə fərqli idi. Belə ki, ümmət sözü də bir kök­dən gələn insanlar deməkdi. Ümmət-i Məhəmməd, peyğəmbərin nəs­li olduğu halda sonradan bu iki söz mənalarını dəyişdirdi; "üm­mət” bütün İslam camaatı, millət də İslam camaatında ayrı-ayrı əsr­lərdən gələn qolları ifadə etməyə başladı.

Ziya  Gökalp "ümmət” sözünün din ilə sıx bağları olan in­san­ların hamısına, "dövlət”  sözünün bir hökumətin idarəsi altında olan insanların bütününə, "millət” sözünün eyni dili danışan in­san­ların cəminə deyildiyini bildirərək yazmışdır: "Bir tə­rəfdən islamçılar deyirlər ki, "millət” sözü, sizin "ümmət” de­di­yi­niz mənanı qarşılayır. Bir dinə bağlı olan insanların toplamına "ümmət” və bir dilə bağlı olan, yəni eyni di­li danışan insanların bütününə də "millət” deyilməyə başlanmışdır”. 

Bu dövrdə türklərin ictimai-siyasi və elmi-mədəni həyatında İslamçılıq, Avropaçılıq, yaxud  Qərbləşmə, Türkçülük  cərəyanları yaranıb,  fəaliyyət göstərirdi. Türkçülüyün yaranıb formalaşması uzun bir tarixi döv­rü əhatə edir. Türkçülük tarixində bütün türk xalqları, xü­su­si­lə Azərbaycan və Türkiyə mütəfəkkirləri bir-birləriylə qarşılıqlı mü­na­sibətdə fəaliyyət göstəriblər. Türkçülük düşüncəsinin görkəmli nümayəndələrindən Yusif bəy Akçura (1879-1935) Türkiyə xaricindəki türk­lərlə Türkiyə türkləri arasında fərq olmadığı, türklüyün birlik ol­duğu fikrini müdafiə edirdi. Ona gö­rə üç siyasət tərzi vardır: 1) Osmanlı birliyi, 2) İslam birliyi (panislamizm), 3) Türk birliyi (pantürkizm). Hilmi Ziya Ülkən Yusif bəy Akçuranın fikirlərini belə izah etdiyini yazmışdır: Birinci hədəf: Amerika Birləşmiş Ştatları kimi ayrı cinsdən ünsürləri bir araya gətirən bir "Osmanlı milləti” yaratmaq istəyir. Bu fikir II Mahmud zamanında yarandı. O zaman üçün bu, təbii idi. Fəqət 1870-ci il zəfərindən sonra alman millətçiliyi hər tərəfdə yayılmağa və Osmanlı milləti fikri zəifləməyə başladı. İkinci hədəf: İslamiyyət siyasətidir. Bu fikir yenə Osmanlılıq şüurundan yarandı. Müsəlman osmanlılar sonradan sər­həd xaricindəki müsəlmanlarla bir olacaqlarını söylədilər. Onlara görə bütün müsəlmanlar birləşəcəklər. Əbdüləzizin son zamanlarında panislamizm sözü diplomatik danışıqlara qədər getdi. II Əbdülhəmid buna tərəfdar oldu. Hocaları, şeyxləri, təriqətləri tutdu, əski əsərləri tərcümə etdirdi. Fəqət beləcə Qərb düşüncəsinə vida etmək və orta əsr sistemində teokratik bir dövlətə sığınmaq lazımdı. Üçüncü hədəf: İrq üzərində qurulmuş bir türk birliyi fikridir. Türklük siyasəti də islam siyasəti kimi ümumidir. Sərhədlə əhatəli deyildir. Harada türk varsa, oraya uzanır.

Hilmi Ziya Ülkən "Əcaba bu üç siyasətdən hansı faydalı və tətbiqə əlverişlidir” sualını Yusif bəy Akçuranın tez cavab­lan­dır­madı­ğını, onun "Osmanlı, milləti təşkili dövlət sərhədlərini qorumaq üçün biricik çarədir” fikrini təqdim etmişdir. Yusif bəy Akçuranın İslam birliyi və Türk birliyi barədə fikirlərini Hilmi Ziya Ülkən  belə izah etmişdir: "İslam birliyi siyasəti də Akçuraya görə, İslam olmayanların işinə gəlmirdi. Ayrıca hər qövm öz milliyyətini duymağa başladığı üçün bütün İslamlar da istəməyəcəkdilər. Türk birliyi siyasətinə gəlincə, Osmanlı döv­lə­tin­də­ki türklər həm dini, həm irqi baxımdan birləşəcəklər, məmləkət xa­ricindəki türklər də bunu istəyəcəkdir. Fəqət türkləri birləşdirmək siyasətinin həyata keçməsindəki daxili güclər İslam siyasətindən daha böyükdür. Hər nə qədər Qərb təsiri ilə türklər arasında milliyyət fi­kirləri girmişsə də, bu, hələ çox yenidir. Fəqət İslamiyyət türklərin birləşməsində önəmli bir təsir ola bilər”.

Ziya Gökalp milliyyət ideyasının öncə müsəlman ol­ma­yan­lar­da,  sonra alban və ərəblərdə, ən sonra da türklərdə ortaya  çıxdığını bildirmişdir. Türklərin ən sona qalması səbəbsiz deyildir. Osmanlı dövlətini türklər qurmuşdular. Döv­lət, var olan bir millət, milliyyət duyğusu isə, var edilməsi is­tə­ni­lən millətin özü deməkdir. XIX  əsrdən başlayaraq Türk  xalqlarını düşündürən əsas mə­sələlərdən biri Türkçülüklə bağlı idi. Ziya Gökalpa görə, mil­liyyətçilik ideyasının güc­lənməsi üçün iki duyğunun yardımına ehtiyac vardır. Bunlardan bi­rincisi millət sevgisidir ki, milli qürur duyulacaq səbəbləri ilə ənə­nə­lərdən qaynaqlanıb yaranar. İkincisi isə milli kindir ki, hər hansı bir zülm və təzyiqə qarşı nifrət və düşmənlik oyanması ilə əmələ gəlir. 

Görkəmli alim Osmanlı İmperiyasındakı zülmün bir türk zül­mü kimi qəbul edildiyini, buna görə də  türk olmayan millətlərin türk adı­na qarşı olduqlarını, ümumiyyətlə, o dövrdə türk millətlərinə bir nif­rətin yarandığını, "o zaman, doğrusu, türk adını mənimsəyən bir tək Allahın qulu yox kimiydi” faktını göstərmişdir. Mütəfəkkir Türk qövmünün ortaya çıxıb "Mən varam!” de­yə bilmədiyi bir zamanda belə, Avropanın ölkədəki rəzalətə görə yal­nız türkləri günahlandırdığını, daxildə də müsəlman olan və ol­mayan  qövmlərin sarayın təzyiqindən, dövlət məmurlarının etdiyi əziy­yət­lə­rin məsuliyyətinin də türklərin üzərində olduğunu yaz­mış­dır: "Ora­da türkə yüklənən bu məsuliyyət yükü vardı, amma onu mə­nimsəyən bir çiyin yoxdu. Türklər milli bir vəzifəyə yüklənməmiş olan, özbaşına qalmış fərdlərdən meydana gəlirdi: Milli şüur, mil­li ideyaya sahib olmayan bir cəmiyyətdən, əxlaq, milli bir­lik, fə­da­kar­lıq gözləmək boşunadır, məhz yaradılış baxımından soylu bir şəx­siy­yə­tə sahib türklərin, ictimai bucaqdan tənəzzülü, ancaq "öz mənliyini tanımamaq” və "milli məsuliyyətlərini bilməmək” səhv­lə­rindən or­ta­ya çıxırdı. Ziya Gökalp bunun səbəbini belə izah etmişdir: Türk qövmü "Mən varam” dedikdən sonra məsuliyyətinin önəmini və lüzumunu daha yaxşı anlayır və bu gün millilik duyğularından uzaqlaşmaları imkansız olan eyni dinə və dövlətə mənsub olanlarla daha gözəl an­laşmaq yollarını tapır. Türk qövmü öz varlığını an­lar anlamaz, ərəblərin və başqa azlıqların irəliləmək üçün ehtiyac duy­duqları şeyin nə olduğunu da bu yeni duyğunun işığıyla gördü.

Bu mənada 18 mart 1915-ci il Çanaqqala zəfəri türklərin birliyini, böyük Türk vətəni uğrunda mübarizəsinin ifadəsidir. Türkiyənin məşhur mütəfəkkiri, İstiqlal Marşını yazan, şair, siyasətçi, hafiz Mehmet Akif Ersoy (1873-1936) "Safahat” əsərinin altıncı kitabında "Asım” şeir külliyyatında Çanaqqala müharibəsi haqqında, döyüşçülərin qəhrəmanlığından, Çanaqqala şəhidlərindən bəhs edir. Şair Çanaqqala müharibəsinin geniş təsvirini vermiş, döyüşçülərin qəhrəmanlığını göstərmişdir. Ümumiyyətlə, Çanaqqala zəfəri qəhrəmanlıq salnaməsidir. Buna görə Çanaqqala müharibəsini əks etdirən bir çox filmlər çəkilmişdir. Balkan müharibələrinə qədər Osmanlı imperiyasının tərkibində olan ölkələrdən də gəlib Çanaqqala zəfərinin qazanılmasında mühüm xidmətlər göstərənlər olub. 2015-ci ildə çəkilən "Çanakkale’de Unutulan Avazımız” (Yönetmen: Muhlis Durak; Yapımcı: Feridun Cesur) sənədli filmində Albaniya Respublikası, Kosova, Makedonya, Bosniya və Herseqovina, Qaradağ (Monteneqro), Serbiya kimi ölkələrdən bu müharibədə iştirak edənlərin olduğu vurğulanır. 

XIX əsrin əsrin sonlarından başlayan və XX əsrin əv­vəl­lə­rin­də  davam edən milli oyanış hərəkatı, müstəqil dövlətçiliyin qu­rul­ma­sının nəzəri əsasları  Azərbaycan tarixində parlaq şə­kildə öz əksini tapmışdır. Maarif xadimi, təbiətşünas alim Həsən bəy Zərdabi (Məlikov) (1842-1907) 1875-ci ildə "Əkinçi” qəzetinin əsa­sını qoymaqla tarixdə milli mətbuatımızın banisi kimi şərəfli bir yer tutmuşdur. Türkçülüyün inkişafı və təkamülü tarixində türkdilli  xalqların ortaq ça­lışmaları, xüsusilə Azərbaycan və Türkiyə mütəfəkkirlərinin bir-biri ilə qarşılıqlı nəzəri dialoq və mükalimələri  mühüm yer tut­muş­dur. Bu mənada Əhməd bəy Ağaoğlu (1869-1939), Əli bəy Hüseynzadənin rolu  (1864-1940) xüsusi qeyd olunmalıdır. Onlar həm Azərbaycanın, həm  də Türkiyənin ictimai-siyasi həyatında özünəməxsus mövqe qazanmış dahi şəxsiyyətlər idi.

1906-cı ildə Tiflisdə əsası qoyulan "Molla Nəsrəddin” jurnalının da XX əsr Azərbaycan mədəniyyəti və mətbuatı tarixində əvəzsiz yeri vardır. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə (1869-1932) ""Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı” yazmışdır. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin” jurnalının "Kürü və Arazı keçdi, bəl­kə Xəzər və Qara dəryaları da vurub Türkiyəyə, Türküstana, Gilana keçdi və uça-uça Qafqaz dağlarını aşıb, Qafqaza, Krıma və sair türk ölkələrinə” keçdiyini yazırdı. 

Türk xalqlarının ortaq əlifba və ortaq ədəbi dilinin hazırlanması milli birlik məsələsidir. XX əsrin əvvəllərində bütün türklərin ortaq bir ədəbiyyat və elm dili olması məsələsinə də diqqət yetirilmişdir. Ziya Gökalp "Rusiyadakı türklər terminlərini ruscadan, Çindəki türklər çincədən, biz fransızcadan alsaq, türkcələrimiz bir-birindən uzaqlaşar” yazırdı. Onun fikrincə, türklər terminləri ərəbcə və əcəmicədən, ya da türkcədən alsalar, tam əksinə, bir-birlərinə yaxınlaşarlar. 

İstanbul türkcəsini bütün türklər tərəfindən milli dil kimi qə­bul edilməsindən bəhs edərkən Ziya Gökalp İstanbulun bir paytaxt kimi yalnız Osmanlı türklərinin deyil, Türk Xaqanlığının paytaxtı olduğunu bildirmişdir: Ona görə İstanbul bü­tün dünya türklüyünün qibləsi sayılır. Ayrıca İstanbul, islam xilafətinin də mərkəzidir. Yəni İstanbul, milli valehedi­ci­li­yindən başqa, dini müqəddəslik də daşımaqdadır. Məhz İstanbul türkcəsinin bütün türklər üçün milli dil olması, bu valehedicilik və mü­qəddəsliyin dilə də keçmiş olmasına görədir. Üstəlik də İstanbul türkcəsi türk ləhcələrinin ədəbiyyat və elm istiqamətindən ən zən­gi­ni­dir. O halda İstanbul türkcəsini ədəbi dil halına gətirmək bütün türk­lər üçün milli bir vəzifədir. Bu vəzifə yerinə yetirildiyi zaman bütün türk­lər dil və ədəbiyyatda ortaq və tək bir millət halına gəlir.

 Ziya Gökalp "ümumi türk millətinin vətəni haradır?” sualını belə cavablandırır: "Vətən nə Türkiyədir türk üçün, nə Türküstan; Vətən böyük və əbədi bir ölkədir: Turan”. 

Mütəfəkkir "Turan” sözünü  bu cür açıqlayır: Turan, bütün türkləri bir araya toplayan, yadları isə oraya almayan ideoloji bir və­təndir. Turan türklərin yaşadığı, türkcənin danışıldığı bütün öl­kə­lə­rin tamamıdır. 

Ziya Gökalp Turanın türkçülərin uzaq ideologiyası olduğunu, bu ad altında birləşən oğuzların, tatarların, qırğızların, özbəklərin, ya­kutların dildə, ədəbiyyatda, kültürdə birləşmək məqsədində ol­duq­larını  yazmışdır. 

Ziya Gökalp Turan ideyasını yüz milyon türkün bir millət, ulus olaraq birləşməsi kimi dəyərləndirmişdir. Turan türkçülər üçün ən  güclü coşqu qaynağıdır, bu ideo­logiya ol­masaydı, türkçülük bu sürətlə ya­yıl­ma­ya­caqdı. Mütəfəkkir Turan ideologiyasının  gerçəkləşə biləcəyi eh­ti­ma­lını da qəbul etmişdir: "Kim bilir, bəlkə gə­lə­cək­də Turan ideologiyası da gerçəkləşə biləcəkdir. İdeo­lo­gi­ya,  gələ­­cə­yin yaradıcısıdır. Dünən türklər üçün yuxu bir ideo­lo­gi­ya olan mil­li dövl­ət, bu  gün Türkiyədə gerçəkləşmişdir”.

Ümumiyyətlə, müasir dövrdə türk xalqlarının milli təşəkkülü, türklər arasında milli birliyin zəru­riliyi məsələsi həmişə diqqət mərkəzində olub, bu gün də aktualdır. 
 
Aytək Zakirqızı (Məmmədova)
fəlsəfə doktoru 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002