Toponimlərimizə erməni təcavüzü
İstənilən bir ölkənin
toponimiyası çoxlu sayda coğrafi obyekt adlarından-toponimlərdən ibarətdir. Azərbaycan
Respublikası ərazisində də yüz minlərlə
toponim mövcuddur, yalnız yaşayış məntəqələrinin (oykonimlərin) sayı
4550-dən çoxdur, lakin toponimlərin
böyük əksəriyyətini oronimlər (dağ, dərə, yamac), hidronimlər (çay, göl, bulaq)
və s. təşkil edir ki, onların sayı haqqında hələlik kifayət qədər dəqiq məlumat
yoxdur.
Toponimlər milli-mənəvi sərvətdir,
ünvandır, gələcəyə ötürülən informasiya kodlarıdır. Bu səbəbdən, onlara diqqət
və qayğı göstərilməsi və mühafizə olunması vacib məsələlərdəndir. Bu sahədə ölkəmizdə
müvafiq addımlar atılmış və bir neçə qanun və qanunaltı sənədlər qüvvəyə
minmişdir. Məsələn, coğrafi obyektlərin
adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı,
uçotu və qorunub saxlanılması sahəsində dövlətin əsas vəzifələrini, habelə
coğrafi obyektlərə adların verilməsi və coğrafi obyektlərin adlarının dəyişdirilməsi
qaydasını müəyyən edən əsas rəsmi sənəd - Azərbaycan Respublikasının Prezidenti
tərəfindən 2007-ci ildə təsdiq edilmiş
"Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Azərbaycan
Respublikasının ərazi vahidlərinə (şəhərlərə,
rayonlara, şəhər rayonlarına, qəsəbələrə və kəndlərə) adların verilməsi və
adlarının dəyişdirilməsi digər bir qanunla – 2000-ci ildə təsdiq edilmiş "Ərazi
quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə tənzimlənir. Məlumdur ki, ölkəmizdə
yaşayış məskənlərinin adlarının dəyişdirilməsi səlahiyyəti Azərbaycan
Respublikasının Milli Məclisinə məxsusdur və bu proses həmin ali qanunverici
orqanın yanında fəaliyyət göstərən Toponimiya Komissiyasının müvafiq rəyinə əsaslanır.
Son illər Azərbaycanın bəzi yaşayış məntəqələrinin adlarının - oykonimlərin dəyişdirilməsi
barədə komissiyaya daxil olmuş təkliflərdən bir çoxu müzakirə olunaraq qəbul
edilmiş və həmin məntəqələrin məsələn, sovet ideologiyasına xidmət etmiş
Kirovabad (Gəncə), Jdanov (Beylaqan), Şaumyan (Aşağı Ağcakənd) və s. bu kimi
yer adları dəyişdirilərək, onların tarixi adları bərpa edilmişdir.
Coğrafi obyektlərin
adlarının dəqiqləşdirilməsi isə "Azərbaycan Respublikasında dövlət dili
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir və
bu zaman tarixi, mədəni, etnik, dil və digər xüsusiyyətlər, habelə xüsusi elmi
tədqiqatların nəticələri nəzərə alınır. Bu istiqamətdə xüsusilə, Azərbaycan
Milli Elmlər Akademiyasının Dilçilik, Coğrafiya və Tarix İnstitutlarında
aparılan elmi tədqiqatların nəticələrindən
istifadə olunur.
Göründüyü kimi, coğrafi
adlar sahəsində respublikamızda kifayət qədər hüquqi baza mövcuddur, amma təəssüflər
olsun ki, bu qanun və qaydalar Azərbaycan dövlətinin iradəsindən asılı olmayaraq,
onun ərazisinin beşdə bir hissəsinə, daha doğrusu, Ermənistan tərəfindən işğal
olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazisinə şamil oluna bilmir.
İşğal faktoru, xüsusilə coğrafi obyektlərin,
o cümlədən yaşayış məskənlərinin
adlarının qorunması ilə bağlı həmin qanunların müvafiq bəndlərinin
icrasını mümkünsüz edir. Belə ki, "Coğrafi obyektlərin adları haqqında” Qanunun
9.2-ci bəndində "Azərbaycan
Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adlarının təhrif
olunmasına yol verilmir” və 9.3-cü bəndində "Azərbaycan Respublikasının ərazisində
yerləşən coğrafi obyektlərin adları dövlət tərəfindən mühafizə olunur” fikrini
təsdiqləyən ciddi müddəalar mövcuddur. Həmçinin, "Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında” Qanunun 14.1.-ci maddəsində deyilir: "Azərbaycan
Respublikasında yerləşən ərazi vahidlərinin və inzibati ərazi dairələrinin
adları və sərhədləri Azərbaycan xalqının tarixi və mədəni irsinin tərkib hissəsi
olmaqla dövlət tərəfindən qorunur”.
25 ildən artıqdır ki, işğal
altında olan ərazilərimizin sakinləri kimi, coğrafi obyektlərimizin adları da
soyqırımına məruz qalmış və hələ ki, qalmaqda davam edir. Azərbaycanlılara məxsus
yaşayış məskənlərinin və digər coğrafi obyektlərin adları kütləvi şəkildə dəyişdirilərək
erməniləşdirilir. Düşmənin məqsədləri aydındır: qədim türk-Azərbaycan adlarını
yaddaşlardan silmək, bu yerlərin guya, qədimdən onlara məxsus olduğunu sübut
etmək və bununla da işğal etdikləri torpaqları özününküləşdirmək üçün hüquqi zəmin
yaratmaq.
Azərbaycan Respublikası ərazisində
mövcud olan yaşayış məskənlərinin böyük əksəriyyəti etnotoponimlər, patronimlər
və antroponimlərdir, yəni bu ərazidə yaşamış xalqların, tayfaların, nəsillərin,
soyların və şəxslərin ilkin adlarını özlərində daşıyan toponimlərdir ki, onlar
da xalqımızın keçmişini, həmin ərazilərdə məskunlaşma tarixini özündə əks
etdirir. Ermənilər xalqımıza məxsus coğrafi adları dəyişməklə məhz
keçmişimizin, tariximizin izlərini o yerlərdən silib, öz saxta, mifik
iddialarını və şovinist ideyalarını bizim ərazilər hesabına gerçəkləşdirmək
niyyətindədirlər.
Ermənilər, nəinki Qərbi Azərbaycan
- indiki Ermənistan ərazisində, eləcə də Azərbaycanın Qarabağ bölgəsində son
200 ildə yüzlərlə türk-Azərbaycan mənşəli yer adlarını mərhələ-mərhələ erməniləşdirərək
dəyişdirmişlər. Hələ 19-cu əsrin
axırlarında rus tədqiqatçısı M.A. Skibitskinin Qarabağ bölgəsinin yay otlaq sahələri
haqqındakı hesabatında (1899-cu il) bu ərazidə yaşayanların 70 %-nin azərbaycanlı
(tatar), 16,6%-nin erməni, 12,7%-nin kürd və 0,7%-nin tat olduğu bildirilmişdi.
Onun tərtib etdiyi xəritədə isə qeyd olunmuş 1035 coğrafi addan 866-sı (84%-i)
Azərbaycan (türk), cəmi 5%-i erməni mənşəlidir, qalan 11%-i isə digər dillərə
aiddir.
AMEA-nın akademik Həsən Əliyev adına
Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Mahirə
Abbasova şöbənin əməkdaşları ilə birlikdə təkcə Qarabağ bölgəsində son 25 ildə
erməniləşdirilərək dəyişdirmiş 280-ə yaxın coğrafi adın siyahısını tərtib etmiş
və dəyişmə dərəcəsinə görə təsnifatlandırıblar. Məsələn, ermənilər iri yaşayış
məskənlərindən olan Ağdam şəhərini – Akna; Xocalını – İvanyan; Qubadlını –
Sanasar; Laçını – Berdzor; Kəlbəcəri – Karvaçar; Cəbrayılı – Jrakan
adlandıraraq tam, bəzi yer adlarını qismən, digərlərini isə erməni dilinə tərcümə
edərək dəyişmişlər. Hətta, çap etdirdikləri
xəritələrdə və kütləvi informasiya vasitələrində Azərbaycanın ikinci böyük şəhəri
olan qədim Gəncə şəhərini "Qandzak”, Bərdə şəhərini "Partav”, Kəpəz dağını
"Alparak” kimi yazmaları beynəlxalq hüquq normalarına etinasızlıq, Azərbaycan
xalqına qarşı isə mənəvi terror olduğu danılmazdır. Müstəqil Azərbaycan
Respublikasının ərazi bütövlüyünü pozmaqla kifayətlənməyərək, coğrafi
adlarımızı təcavüzə, soyqırımına məruz qoymuş Ermənistan, onun səlahiyyətli
nümayəndələri beynəlxalq ictimaiyyət və qurumlar tərəfindən qınanılmalı,
onların bu şovinist niyyətli əməlləri kəskin pislənilməli, mənəvi terror və
işğal kimi qiymətləndirilməlidir.
Ermənistan bu gün də müstəqil
Azərbaycan Respublikasının suveren hüquqlarını pozaraq öz mənfur etnik təmizləmə
siyasətini kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkələri vasitəsilə
toponimlərimizə təcavüz etməklə, coğrafi adlarımızı dəyişməklə davam edirlər.
Lakin Azərbaycan xalqı ermənilərdən fərqli olaraq, heç vaxt öz ərazisində olan
digər xalqlara, etnik qruplara mənsub coğrafi adları dəyişdirməyib və indi də dəyişdirmir.
Azərbaycan çoxmillətli
unitar dövlətdir, onun ərazisində 10-a qədər dilə mənsub coğrafi adların
olmasına baxmayaraq, onların böyük əksəriyyəti - 70 faizi Azərbaycan-türk mənşəlidir.
Azərbaycan Respublikasında dövlət və onun rəhbərləri tərəfindən milli-etnik
münasibətlər sahəsində tolerant siyasət yürüdülür və dilindən, dinindən və irqi
mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara və etnik qruplara məxsus coğrafi
adlara hörmətlə yanaşılır, diqqət və qayğı göstərilir.
Rəşid Fətəliyev
AMEA-nın akademik
H. Əliyev adına Coğrafiya
İnstitutunun
aparıcı elmi işçisi,
geologiya-mineralogiya
elmləri namizədi