Təsviri sənətimizin Sabiri

Təsviri sənətimizin Sabiri

Mədəniyyət
20 İyul 2019, 12:30 24093
Bu il unudulmaz  Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi dövlət səviyyəsində qeyd olunur. Mirzə Cəlili xatırlayarkən onun şah əsəri olan "Molla Nəsrəddin” jurnalından, eləcə də onun əməkdaşlarından, yetişdirdiyi şəxsiyyətlərdən də söz açmaq lazımdır.
  Bu mənada Azərbaycan qrafika və rəngkarlıq sənətinin görkəmli nümayəndəsi Əzim Əzimzadənin adı çəkilən kimi gözlərimin qarşısında onun fırçasından çıxmış saysız-hesabsız mənzərə, portret və karikaturalar canlanır. Sanki o dövrün ab-havasına düşürəm: «İnqilaba qədərki Bakı tipləri», «Köhnə bakılılar», «Bakı bağlarında», «Varlı evində toy», «Kasıb evində toy», «Azadlığa çıxan qadın»ın sevinci...
   Bu al-əlvanlığın içində bir də rəssamın qızı rəhmətlik Zəhra xanım yadıma düşür. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğumuz illər Zəhra Əzimzadə biz tələbələrin ən yaxın dostu və hamisinə çevrilmişdi. O zaman fakültəmizin yerləşdiyi köhnə binanın yaxınlığında Maksim Qorki adına səyyar kitabxana var idi. Zəhra xanım da həmin kitabxanada çalışırdı. Evə kitab verməyə icazə yox idi. Yalnız oxu zalında əyləşib bizə lazım olan ədəbiyyatı nəzərdən keçirə bilərdik. Zəhra xanım isə bütün qadağalara baxmayaraq, beş il bu sahədəki ehtiyaclarımı sanki boynuna götürmüşdü. Bakıda ilk yaxınlaşdığım, mehrinə sığındığım, qayğısını gördüyüm bu xanım çox sonralar bildim ki, böyük rəssamımız Əzim Əzimzadənin övladıdır. O qədər sadə, mehriban, həssas və həlim təbiətə malik idi ki, sanki mənimlə bir ailədə doğulmuşdu. Min ilin doğmasına dönmüşdük. Yadımdadır, dövlət imtahanı zamanı əlində bir dəstə gül məni təbrikə gəlmişdi. O gün özümü o qədər xoşbəxt sanırdım, mənim də bu şəhərdə kimimsə var idi. Atası ilə bağlı etdiyi söhbətlər, xatirələr qəlbimi tərk etməyib. Dünyadan heç bir umacağı olmayan bu zəif və zərif vücudlu qadın əslində böyük rəssamın şah əsəri idi. Hərdən onun danışıqlarında, həyata baxışlarında, mehribanlığında müəllimim, unudulmaz Əzizə Cəfərzadənin jestlərini görürdüm. Yəqin ki, bütün böyük ürəkli insanların bir-birinə bağlılığı mütləqdir. Bu xanımların hər ikisi Əzim Əzimzadə yaradıcılığının vurğunları olmaqla bərabər, əsl sənət xiridarları idilər.
   Artıq 76 ildir, Xalq rəssamı dünyasını dəyişib. Zəhra xanım da bir neçə ildir, öz doğmasının hüzuruna qovuşub. Elə bu yazını da bu unudulmaz insanların xatirəsinə həsr etdim. Yada salmaq da yaşatmaqdır, sevməkdir, unutmamaqdır.
    ...XIX əsrin ortalarında qədim Novxanı kəndində Əbdüləzim adlı daşyonan bir kişi yaşayırdı. Əlinin zəhməti ilə çörək qazanan usta həmkəndlilərinə daşdan, palçıqdan ev tikə-tikə böyük bir külfəti saxlayırdı. Nəsilləri dindar olub. Hələ gənc yaşlarından dini məbədləri, ocaqları ziyarət etməyi sevən Kərbəlayi Əbdüləzim zəhməti ilə qazandığı puldan qəpik-qəpik yığırmış ki, Məkkəyə ziyarətə getsin. O həm də uzaqgörən bir kişi olub. Öz sənətini oğlu Aslana da öyrətmişdi. Tez-tez də bir söz işlədərmiş: "Sənətkar günortaya qədər ac qalar". Atasının vəfatından sonra Aslan Novxanıdan şəhərə gəlir. O zaman Bakıda neft sənayesi sürətlə inkişafa başladığından yeni zavodlar, emalatxanalar və s. binalar tikilirdi. Mədən sahibləri, eləcə də varlı insanlar özləri üçün yaraşıqlı saraylar inşa etdirirdilər. Belə bir vaxtda Aslan kimi bənnalara da ehtiyac var idi. O, ağır işlər görsə də, qazancı pis olmurdu. Günlərin birində özünə də bu şəhərdə ev tikdi, ailə qurdu. Dünyaya oğlan uşağı gəldi. Babanın adını körpəyə verdilər - Əbdüləzim. Amma hamı onu "Əzim" deyə çağırırdı.
   Əzim ilk təhsilini mollaxanada alıb. Bir dəfə təsadüfən məktəb yoldaşlarından biri mollaxanaya bir qutu sulu boya gətirib Əzimə göstərir. Ömründə ilk dəfə boya görən Əzimin nədənsə bu rənglərdən xoşu gəlir, özündən asılı olmayaraq şəkil çəkməyə başlayır. Getdikcə bu həvəs onu rahat buraxmır. Məhəllədə qaralamadığı divar qalmır. Kömür parçası ilə bəyaz divarlara it, pişik şəkli çəkməyə başlayır. Qonşular da uşağın bu hərəkətindən narazı qalıb valideynlərinə şikayət edirlər. Bir tərəfdən də molla Aslan kişiyə irad tutur ki, oğlun nalayiq işlərlə məşğuldur. Belə getsə, o, kafir olar. Kərbəlayi Aslan bir neçə dəfə Əzimi möhkəm döyür. Amma bütün bu təzyiqlər onu inadından döndərə bilmir.
   Aslan kişi bir də xəbər tutur ki, oğlu rus-tatar məktəbində oxuyur. O zamanlar Bakıda bir neçə yerdə rus-tatar məktəbi açılmışdı. Dördsinifli ibtidai məktəb idi. Burada Azərbaycan, rus, fars, ərəb dilləri, hesab və qeyri fənlər öyrədilirdi. Əzim adi şagird deyildi. Artıq rənglərlə işləməyi bacarırdı. Müəllimlər və məktəb üçün müxtəlif əyani vəsaitlər də hazırlayırdı. Bu səbəbdən də onu çox sevirdilər. Tez-tez məktəb rəhbərliyi Əzimə kağız, boya, albom və s. verirdi. Əzimdə şəkil çəkməyə elə bir həvəs oyanmışdı ki, o, oxuduğu bütün bədii əsərlərə illüstrasiyalar və istənilən şəxsin portretini çəkirdi. Beləcə, ibtidai təhsilini başa vurduqdan sonra Əzim Realnı məktəbdə oxumaq istəyirdi. Amma məktəb haqqını verməyə pulu olmadığından Əzim işləmək məcburiyyətində qalır. O zaman az-çox savadı olan gəncləri ticarət işlərinə götürürdülər.
   Əzim Əzimzadə Bakının tanınmış şəxslərindən olan milyonçu Ağabala Quliyevin dəyirmanında kuryer işləməyə başlayır. Burada da boş vaxt tapan kimi rəsmlər çəkir. Qəribə yaddaşı var idi. Dükanda, bazarda, küçədə gözünə dəyən, xoşuna gələn adamların sonradan şəklini çəkərdi. Günlərin birində o, sahibkarın evinə getməli olur. Əzim ağ daşdan tikilmiş sarayın cürbəcür şəkillərlə bəzədilmiş otaqlarına heyrətlə baxır, burada çalışan rəssamlarla söhbətləşir. Hətta rəssamın biri ilə dostluq edir. Rusiyadan gəlmiş Maslov familiyalı rəssam Əzimin marağını görüb ona boyalarla işləməyin sirlərini öyrədir. Tale elə gətirir ki, Ağabala Quliyevin imarətində işlər çoxalır. Bu səbəbdən də Maslova köməkçi lazım olur. Rusiyalı rəssam Ağabaladan xahiş edir ki, Əzimi ona köməkçi versin. Buna da bir neçə səbəb var idi. Birincisi, Əzim rəssamlıq işini gözəl mənimsəmişdi. İkincisi də, milli geyimləri, milli kompozisiyaları Əzim daha yaxşı çəkə bilərdi. Beləliklə, dəyirmandakı işini biryolluq ataraq rəssamlıqla məşğul olan Əzim Əzimzadə çəkdiyi şəkilləri o dövrdə Bakıda çıxan qəzet və jurnallara göndərməyə başladı. Yaradıcılıq fəaliyyətinə başladığı ilk günlərdən "Zənbur", "Kəlniyyət", "Baraban", "Məzəli" və "Molla Nəsrəddin" jurnallarında fəal iştirak edərək çəkdiyi əsərlərlə bütün Şərqdə məşhur olmuşdu. Tədqiqatçılar bir məsələni həmişə qətiyyətlə bildirirlər ki, Əzimzadəni bir karikaturaçı rəssam kimi boya-başa çatdıran, onun yaradıcılığını realist sənət yolunda istiqamətləndirən məhz "Molla Nəsrəddin" və onun mübariz ideyaları oldu. Təsəvvür edin ki, Əzimzadə düz 40 il təsviri incəsənətin ən mübariz bir sahəsinə - satiraya xidmət etdi.
   "Molla Nəsrəddin" jurnalı ilə yanaşı, "Zənbur"la da Əzim Əzimzadənin əlaqəsi müntəzəm davam edirdi. O, hətta bir müddət bu jurnalın redaktoru da olub. Aparılan tədqiqatlar göstərir ki, onun redaktorluğu müddətində "Zənbur"da çap edilmiş rəsmlərin əksəriyyətini elə özü çəkirmiş. Sovet dövründə Əzim Əzimzadə haqqında çap edilmiş yazılarda onu dinin, Allahın əleyhinə olan bir adam kimi qələmə verirdilər. Halbuki o, bütün yaradıcılığı boyu dini, islamı yox, fanatizmi, geriliyi, feodal düşüncəni tənqid etmişdir. Onun babası da, atası da Kərbəlayi olmuş, ömrü boyu Məkkə həsrəti ilə yaşamışlar. Məlumdur ki, Əzim Əzimzadənin özü də bibisi ilə birlikdə 1910-cu ildə Kərbəlaya gedərək müqəddəs yerləri ziyarət etmişdir.
   Əzim Əzimzadə 1920-ci ildə respublika Maarif Komissarlığına məsul vəzifəyə təyin olunduqdan sonra Bakıda rəssamlıq emalatxanalarının, Dövlət Konservatoriyasının, dram və opera teatrlarının təşkilində şəxsən iştirak edib. Müxtəlif mövzulu plakatlar üzərində işləyən rəssam Rotter, Şmerlinq kimi görkəmli sənətkarlarla çiyin-çiyinə işləyib. «Kommunist» qəzetində, eyni zamanda «Molla Nəsrəddin» jurnalında baş rəssam kimi çalışıb. Təsviri sənətin inkişafında səmərəli fəaliyyətinə görə 1927-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.
   Azərbaycan mədəniyyəti tarixində iki nəfərin yaradıcılığı bir-birinə çox yaxın hesab edilir. Onlardan biri Mirzə Ələkbər Sabir, digəri Əzim Əzimzadədir. Böyük şairimizin "Hophopnamə"sinə çəkilən illüstrasiyaların müəllifi məhz Əzim Əzimzadə olub. Onun məharətlə çəkdiyi bu rəsmlər Sabir poeziyasının məzmununa, üslubuna o qədər yaxındır ki, həmin şeirləri o illüstrasiyalarsız təsəvvür etmək qeyri-mümkündür. 1914-cü ildən 1922-ci ilə qədər Əzim Əzimzadə Sabirin şeirlərinə 55 illüstrasiya çəkib. Bir faktı da demək kifayətdir ki, unudulmaz rəssamımızın "Molla Nəsrəddin" jurnalında 1922-ci ildən 1931-ci ilə qədər 1200-dən çox karikaturası çap edilmişdir. 1931-ci ildə "Molla Nəsrəddin"in son nömrəsi çapdan çıxdıqdan sonra Əzim Əzimzadənin yaradıcılığında sanki bir qədər solğunluq yaranmışdı. O, daha çox yoldaşlıq şarjları və məişət mövzusunda rəsmlər çəkirdi. Bəlkə də bu, dövrün ağır repressiyalarının vahiməsindən irəli gəlirdi, kim bilir?!
   Azərbaycan teatrı yarandığı gündən həmişə onun inkişafında səhnə ustaları, dramaturqlar, aktyorlar, rejissorlarla yanaşı, rəssamların da xüsusi xidməti olub. Mirzəağa Əliyev, Hacıağa Abbasov, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə kimi korifeylər Azərbaycan teatrının inkişafında hansı xidmətləri göstəriblərsə, Əzim Əzimzadə də o boyda yükü öz çiyinlərində məharətlə daşıyıb. Azərbaycan Dövlət Dram Teatrında bir sıra tamaşalara bədii tərtibat verərək geyim eskizləri çəkib. Bir müddət hətta bədii hissə müdiri kimi çalışıb. Cəfər Cabbarlı adına Azərbaycan Teatr Muzeyində, Milli İncəsənət Muzeyində Əzim Əzimzadə tərəfindən çəkilmiş geyim eskizləri saxlanmaqdadır. Onun ötən əsrin 30-cu illərində bəzi tamaşalara çəkdiyi eskizlər bu gün də istifadə edilir. Məsələn, C.Cabbarlının "1905-ci ildə", Hüseyn Cavidin "Şeyx Sənan" pyeslərinin tamaşalarına çəkdiyi geyim eskizləri maraqlı rəsmlər kimi indiyədək öz əhəmiyyətini itirməmişdir.
   1940-cı ildə İncəsənət Muzeyində Əzim Əzimzadənin əsərlərindən ibarət böyük bir sərgi açılmışdı. Xalq rəssamının 35 illik yaradıcılıq fəaliyyətinə yekun vuran sərgidə 1200 əsəri yer almışdı. Tədqiqatçılar deyirlər ki, o sərgidə rəssamın əsərlərinin yalnız dörddə bir hissəsi nümayiş etdirilib. Əzim Əzimzadə ilk Azərbaycan rəssamı idi ki, onun fərdi sərgisi Moskvada da keçirildi.
   II Dünya müharibəsi illərində Əzim Əzimzadənin fırçası müharibə mövzusunda plakat və karikaturalar çəkməyə başlayıb: «Faşist imperializminin zəncirli köpəkləri», «Reyxstaqın xarabalıqlarında», «Fürer stol arxasında» və s. əsərlərdə rəssamın haqsızlığa, faşistlərə nifrəti indi də duyulur. Təəssüf ki, möhtəşəm qələbəni görmək ona qismət olmadı. Doğmalarının söylədiyinə görə, cəbhədə döyüşən kiçik oğlunun «qara xəbər»i Əzim Əzimzadənin həyatının son nöqtəsi olub. Ürəyi bu sarsıntıya dözməyib, 1943-cü ildə dünyasını dəyişib.
   Unudulmaz rəssamın dostluq etdiyi insanlar da Azərbaycan ədəbi mühitinin çox məşhur simaları olub: Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Seyid Hüseyn, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Abbasmirzə Şərifzadə, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və başqaları. Şair Süleyman Rüstəm Əzim Əzimzadəyə həsr etdiyi bir şeirində deyirdi:
  
   ...Böyük ustadısan yeni həyatın,
   Sənət göylərində sınmaz qanadın.
   İnan, yaşayacaq sənin də adın,
   Çəmən yaşadıqca, gül yaşadıqca.
   Vətən yaşadıqca, el yaşadıqca.
  
   Azərbaycan incəsənəti tarixində şərəfli yer tutan unudulmaz sənətkar Əzim Əzimzadə bu sahənin ilkin fədailərindən olub. Xalq rəssamının bədii irsi incəsənətimizi zənginləşdirən əbədiyaşar əsərlərdir. Respublikamızın demək olar ki, əksər muzeylərində, Əlyazmalar Fondunda onun yüzlərlə rəsm və karikaturası, müxtəlif mövzularda işlədiyi kompozisiyaları saxlanılır. Əzim Əzimzadə ilk əl işlərindən tutmuş ömrünün sonunadək sevdiyi, bütün varlığı ilə bağlı olduğu incəsənət aləminin qeyri-adi nümunələrini yaratmışdır. Onun bədii irsi bu gün də geniş təqdir olunmaqda və sevilməkdədir. Çünki Əzim Əzimzadə yaradıcılığı dərin xəlqiliyi, milli koloriti, təkrarsız gözəlliyi və düşündürücü missiyası ilə sənət zirvəsini əbədi fəth edib.
 
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist