“Sözün Zəlimxan zirvəsi”

“Sözün Zəlimxan zirvəsi”

17 Fevral 2015, 09:19 799
Fevralın 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan “Mənə ümid kimi bax” şeirlər və Musa Nəbioğlunun qələmə aldığı “Sözün Zəlimxan zirvəsi” kitablarının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, kitabxananın foyesində şairin yaradıcılığını əhatə edən kitablardan ibarət “Sözün Zəlimxan zirvəsi” adlı sərgi nümayiş etdirilib.
Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, “Mənə ümid kimi bax” kitabına xalq şairinin müxtəlif illərdə yazdığı və bu gün də dillər əzbəri olan şeirləri toplanıb.
Vurğulanıb ki, şeirsevərlər kitabda şairin Vətən, türkçülük, ictimai-siyasi mövzularda yazdığı şeirlərlə yanaşı, dünya, sevgi, həyat və ölüm, qürbət haqqında düşüncələr və digər mövzularda qələmə aldığı bənzərsiz poetik nümunələrlə tanış ola biləcəklər.
AAB-nin katibi M.Nəbioğlunun şairin yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zitrvəsi” kitabı çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan və dəst-xətti ilə seçilən Zəlimxan Yaqubun bənzərsiz yaradıcılığına həsr edilib.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin vaxtilə gənc Zəlimxan Yaqub yaradıcılığına çox yüksək qiymət verdiyini xatırladıblar. Onun yaradıcılığını sahilsiz ümmana bənzədən natiqlər şairə böyük ümumxalq məhəbbətindən söhbət açıblar. Türk ədəbiyyatını dərindən bilən, yüksək yaddaşa və hafizəyə malik şairin Mövlanə Cəlaləddin Rumi, Dadaloğlu, Yunis Əmrə, Abbas Tufarqanlı, Xəstə Qasım kimi nəhəng söz ustadlarının irsini sevə-sevə təbliğ etdiyini, özünün də ustad dərəcəsinə gəlib çatdığını deyiblər. Aşıq Ələsgər, Səməd Vurğun yolunun layiqli davamçısı olan ədibin yazılı ədəbiyyatda “Aşıq Hüseyn Saraclı dastanı” ilə yeni bir janr yaratdığı vurğulanıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, professorlar Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Asif Rüstəmli, xalq yazıçısı Mövlud Süleymanlı və digər çıxış edənlər 40-dan çox şeir kitabının müəllifi, dünyanın bir çox ölkələrində Azərbaycan ədəbiyyatını ləyaqətlə təbliğ edən şairin məhsuldar əməyindən söhbət açıblar.
Natiqlər türkün ruhundan qopan, sazdan gələn qədir-qaim Zəlimxan Yaqub yaradıcılığının ilk gündən yüksək qiymətləndirildiyini, haqqında bir çox tanınmış insanların, elm, ədəbiyyat xadimlərinin, sələfləri olan Kamal Talıbzadə, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Süleyman Rəhimov, İsa Hüseynov, Yaşar Qarayev, Məmməd Araz, Xəlil Rza Ulutürk, Hüseyn Arif və digərlərinin dəyərli fikirlər söylədiklərini xatırladıblar. Vurğulanıb ki, şairin yaradıcılığı bu gün gənc ədəbiyyatşünas alimlərin tədqiqat mənbəyinə çevrilib. Onun haqqında neçə-neçə kitablar işıq üzü görüb və bu ənənə hazırda davam etdirilir.
Görkəmli şairin AAB-nin sədri kimi də folklorumuzun, aşıq ədəbiyyatının beşiyi başında dayandığı, onun zəhməti hesabına bu gün aşıqlarımızın, saz sənətimizin dünyanın bir çox ölkələrində sevgi ilə qarşılandığı bildirilib.
Qələm dostları səhhətindəki problemlərə baxmayaraq böyük əzm və sevgi ilə yazıb-yaradan şairə yaradıcılıq uğurları, cansağlığı arzulayıblar.
Sonda Z.Yaqub hər iki kitabın ərsəyə gəlməsində əməyi olan insanlara minnətdarlığını bildirib. Tədbir iştirakçılarına öz imzası ilə kitablarını hədiyyə edib.