AZE | RUS | ENG |


Şuşa – möcüzələr dünyası

Şuşa – möcüzələr dünyası
Əyyub Əbdüləzimov: “Bütün ömrüm boyu bu şəhəri vəsf etməyə çalışmışam”

Düz 24 ildir ki, Şuşa həsrəti ilə yaşayır. 24 ildir ki, yuxularında da Şuşanı görür. Sözünün əvvəli də Şuşadır, axırı da... Danışdıqca Şuşada keçən həyatı, məktəb və gənclik illəri, müəllimlik dövrü... gözünün qabağından kino lenti kimi keçir. Ancaq ümidini itirmir. Bir gün doğulduğu torpağa qovuşacağı günün həsrəti ilə yaşayır. 
Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hazırda təqaüddə olan Əyyub Əbdüləzimov 1 nömrəli tam orta məktəb Şuşada fəaliyyət göstərərkən orada çalışıb. Həmin məktəbin də məzunudur. Bakıda məskunlaşandan sonra da fəaliyyətini bu təhsil ocağında davam etdirib. Şagirdlərə uzun illər ana dili və ədəbiyyat dərslərini tədris edib. Həmçinin Şuşa təhsil şöbəsində işləyib. Dərsliklərin və bir neçə kitabın müəllifidir.
"Bir məktəbin tarixi”nə müsahibəsində tədris illəri ilə bərabər, Şuşalı günlərinin nisgilindən söhbət açır, gənclərə də öyüd-nəsihəti eşidilir.
 
Biz müəllim kimi çalışanda...
 

- Xoşbəxtliyim odur ki, Üzeyir Hacıbəyov adına 1 nömrəli Şuşa şəhər məktəbinin məzunuyam. 1966-cı ildə bu məktəbi bitirmişəm. Şuşanın işğal gününə qədər həmin məktəbdə dərs demişəm. İşlədiyim müddətdə 11 nəfər qızıl və gümüş medalçı şagirdlərim olub. Həmçinin 3 saylı internat və 2 saylı riyaziyyat təmayüllü internat məktəbdə ana dili və ədəbiyyat dərslərini tədris etmişəm. 1983-cü ildən 1993-cü ilə qədər Şuşa təhsil şöbəsinin inspektoru işləmişəm. Bakıda məskunlaşandan sonra da yenə də həmin şöbənin inspektoru vəzifəsində çalışmışam. 2016-cı ilin yanvar ayında təqaüdə çıxmışam.
- Şuşada şagird və müəllim olduğunuz günləri necə xatırlayırsınız?
- Biz dərsdə nizam-intizamlı olmuşuq. 45 dəqiqə müddətində sinifdə müəllimdən başqa heç kimin səsi eşidilməzdi. Şagirdlərin hamısından dərs soruşulardı. Müəllimlər çox tələbkar idilər. Bizə oxumağa əsərlər və inşa yazılar tapşırırdılar. Əsərləri ətraflı şəkildə müəllimlərə danışardıq, onlar da zövqlə dinləyərdilər. Sonra həmin əsərləri təhlil edən yazılar yazardıq. Dərsə hazır olmayanda bir-birimizdən utanardıq. Dərsə gecikməzdik. Valideynlərin də nəzarəti güclü idi. Şagird müəllimdən sonra qapını döyüb içəri daxil olmazdı. Kim gecikirdisə, onu sinifdə küncdə saxlamaqla cəzalandırırdılar. Kimin hansı peşənin arxasınca gedəcəyini özümüz üçün müəyyənləşdirirdik. Bilirdik ki, kim hansı peşəni seçəcək. İnşaları uşaqlarla bir yerdə yazardıq. Çətin tapşırıqları yerinə yetirmək üçün bir-birimizin evinə gedərdik. Hamımız fərqlənməyə çalışardıq.
Sonra həmin məktəbdə işlədiyim dövrdə də tədrisi eyni qayda ilə davam etdirmişəm. Uşaqların hamısı həvəslə öyrənməyə çalışırdılar. Şuşa məktəbinin o vaxtdan başlayaraq tanınmış yetirmələri olub. Ərazi cəhətdən kiçik, əhalisi az olan Şuşanın dünyaya bəxş etdiyi insanların sayı-hesabı yoxdur. Şuşanın adı çəkiləndə mədəniyyət, poeziya, musiqi beşiyi deyilir. Mən bütün ömrüm boyu yaradıcılığımda da bu şəhəri vəsf etməyə çalışmışam. Ona «Möcüzələr dünyası», «Anamın adı Qarabağdır» və s. kimi adlar vermişəm. Müxtəlif araşdırmalarla, publisistik məqalələrlə, poeziya nümunələri ilə onları İspaniyada, Moskva və Təbriz kimi şəhərlərdə, Pribaltika ölkələrində tanıtmağa çalışmışıq. Vətəndən gözəl heç nə ola bilməz. Şuşa möcüzələr dünyasıdır. Həmişə fikirləşmişəm ki, uşaqlara vətənpərvərlik hissi aşılamaq lazımdır. Məktəbdə valideyn və müəllim nüfuzu rol oynamalıdır. Valideyn və müəllim nüfuzu əsas şərtdir. Biz müəllim kimi çalışanda həmişə nümunə olmağa çalışır, nümunəvi dərslər keçirdik. 2013-cü ildə Təhsil Şöbəsində nümunəvi dərs demək üçün təşəbbüs göstərdim ki,  məktəblərə gedib dərsləri yoxlayarkən onlara misal göstərək. Məsələn, mən Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığını tədris etməkdən ötrü Tehrana, Təbrizə, Ərdəbilə getmişəm. Orada Cavad Heyətlə görüşmüşəm, onun «Varlıq» jurnalını əldə etmişəm. Bütün materialları toplayandan sonra qayıdıb ustad dərsi keçmişəm. Həmin dərsdə Təhsil Nazirliyinin, Rayon Təhsil Şöbəsinin və ayrı-ayrı məktəblərin nümayəndələri iştirak edəndən sonra haqqında çoxlu yazılar yazılıb. Mən bütün müəllimlərin ustad dərsi keçmələrini tövsiyə etmişəm. Gərək uşaqları ətrafına yığıb elə danışasan ki, onlar səni sevsin. Uşaq ona dərs deməyən müəllimdən qaçır. O, auditoriyaya daxil olan sinədəftər müəllimi daha çox sevir. O vaxt bizim müəllimlərimiz belə idilər. Ona görə də biz onları çox sevirdik. 
 
İdeallıq məsələsi çox cətindir
 
- Fikirlər var ki, indiki şagirdlər ədəbiyyata əvvəlki illərdəki kimi həvəslə yanaşmırlar.

- Bu fikrə birmənalı yanaşmaq olmaz. Çünki əvvəl kompyuter və digər müasir texnologiyalar yox idi. Sırf kitablar vardı. Bədii əsərlər və dərs vəsaitlərindən istifadə olunurdu. Ona görə uşaqlar da o dövrdə əsasən kitablara qapanırdılar. Bu gün isə uşaqlar kitablarda olmayan məlumatları belə internet vasitəsilə əldə edə bilirlər. İnternetdə olan materiallar isə nə qədər geniş olsa da, uşaqların beynində yorğunluq yaradır. Ancaq onu da demək lazımdır ki, bugünkü uşaqların məlumatları keçmiş şagirdlərin məlumatından daha fərqlidir. Həmçinin verdikləri imtahanda da fərq var. Ona görə də bəzən müqayisə aparmaq çətindir. Fikrimcə, keçmişin ənənələrindən bu gün də istifadə etmək lazımdır. Çünki keçmişdə gözəl tədris olub. Məsələn, biz orta məktəbi qurtaranda demək olar ki, bütün fənləri eyni dərəcədə bilirdik. O dövrün müəllimləri dərslərə çox həssaslıqla yanaşırdılar. Valideynlərin müəllimlərə münasibəti tam fərqli idi.  Müəllimə fövqəlbəşər bir qüvvə kimi baxılırdı. İndi isə sanki dünyada müəyyən bir qarışıqlıq əmələ gəlir. Bilmirəm, bəlkə müəllimlərin sayı çoxalıb, ona görə belədir. Orta məktəbdə çalışan müəllimlərin ali məktəblərdə işləməyə qədər qüvvəsi çatırdı. Bu gün isə çox vaxt uşaqlar orta məktəb müəllimlərinin qarşısında oturmaq istəmirlər. Həmin müəllim onları qane edə bilmir. Müəllim dərs dediyi şagirdin başqa bir müəllimin yanına eyni fənn üzrə əlavə hazırlığa getməsindən narahat olmalıdır. Demək, şagirdi qane etmirsən ki, o, başqa müəllimin yanına üz tutur. Şagirdlərdə həvəs yaratmaq lazımdır. Amma demək olmaz ki, indiki dövrümüzdə müəllimlər savadsızdır. Çox yüksək səviyyəli müəllimlərimiz var və biz onlarla fəxr edirik.
 
- Ədəbi əsərlər insanlara yaxşı hisslər təlqin edir. Mütaliəni necə sevdirmək lazımdır ki, cəmiyyətdə insanlar ədəbiyyata məhəbbət ruhunda böyüsünlər, ən azı düşünməyi bacarsınlar?
- Keçən tədris ilində Təhsil Nazirliyinin təşəbbüsü ilə «Məktəbdə mütaliə» adlı layihə həyata keçirilirdi. Bu, uşaqların bədii qiraətə həvəsini artırmaq istiqamətində müsbət təsir etdi. Cəmiyyətdə hamıya eyni dərəcədə baxmaq mümkün deyil. Biz insan psixologiyasını ümumiləşdiririk. Bu gün dünyanın çox yerində müharibələr, fəlakətlər, aclıq var. Belə bir qarışıq dövrdə insanların hamısından istədiyimiz nəticəni ala bilmirik. İctimai nəqliyyatda, internet-kafelərdə uşaqlar olurlar. Biz onların mütaliə etmələri üçün hansı işləri görə bilərik? Bunun üçün hamı işləməlidir. Həyat elə gətirir ki, hamını kitab oxumağa məcbur etmək olmur. Dünyada baş verən hadisələr də insanların taleyini fərqli edir. Biz kitabın təbliğatını aparmalıyıq. Küçələrdə kitabla bağlı reklamlar olmalı, bağlarda, parklarda kitab vitrinləri açılmalıdır. Hətta bunu restoranlarda da eləmək olar. Qoy görsünlər ki, həmin məkanda kitaba hörmət var.
 
- Siz ömrünüzü pedaqoji sahəyə həsr etmisiniz. Ümumiyyətlə, hamının sevdiyi, hörmət etdiyi ideal müəllim varmı?
- Həyatda hər şey nisbidir. Bu baxımdan ideallıq məsələsi çox çətindir. Oxşarlıq ola bilər, ancaq eynilik mümkün deyil. İdeal saydığımız müəllimin özü hansısa məsələdə ideallığı doğrulda bilməz. Ona görə hamısına ideal kimi baxmaq olmaz. Biz indi hər şeyi bilmirik. Dünya inkişaf edir. Həzrət Əli: «Bilmədiklərimi ayaqlarımın altına yığsam, başım göyə dəyər», - deyir. Bu baxımdan ideallıq məsələsi çətindir.
 
T.Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022