“Struqa şeir axşamları”

“Struqa şeir axşamları”

01 Sentyabr 2014, 12:52 1364
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və şair Akif Əhmədgil Makedoniya Respublikasında keçirilən Beynəlxalq “Struqa şeir axşamları” festivalında iştirak ediblər. Akif Əhmədgilin həmin ədəbi forum haqqında təəssüratlarını oxuculara təqdim edirik:

Bəri başdan deyim ki, 53-cü dəfə keçirilən “Struqa şeir axşamları” festivalı Avropanın ən nüfuzlu ədəbi toplantısı hesab olunur. Belə ki, bu ədəbi müsabiqəyə qatılan şair və yazıçının şərəfinə təmsil etdiyi ölkənin bayrağı festival boyu kurort şəhəri kimi tanınan Struqada dalğalanır. Heç şübhəsiz ki, 3-cü dəfə iştirakçısı olduğum ədəbi toplantıda Azərbaycan bayrağının dalğalandığını görmək və onun kölgəsində şeir söyləmək mənim üçün qürurverici bir məqamdır.

Xatırlatmaq yerinə düşərdi ki, bu festivalda Azərbaycan şeirini ilk dəfə 1968-ci ildə xalq şairi Rəsul Rza layiqincə təmsil etmişdir. Bu mənada indiki poeziya festivalı yol yoldaşım Anar müəllim üçün xüsusi məna kəsb edirdi. Belə ki, az qala yarım əsr sonra bir zaman atasının keçdiyi yollardan keçmək, gəzdiyi yerləri görmək bir oğul kimi ona nəsib olurdu. Makedoniyada yaşayan ünlü türk şairi İlhami Emin indi bizim qaldığımız “Dirim” otelində Rəsul Rza ilə görüşü haqqında, habelə Ohri sahillərində Azərbaycan şairinin ana dilində oxuduğu şeirin hərarətlə qarşılandığı barədə mənə danışmışdır. Üstəlik həmin vaxtlarda Makedoniyada türklərin indikindən qat-qat çox olduğunu nəzərə alsaq Rəsul Rza şeirinin necə rəğbətlə qarşılandığını təsəvvür etmək çətin deyil.

Bir daha “Struqa şeir axşamlarında” Azərbaycan dilində şeir oxumaq səadəti iyirmi il sonra 1988-ci ildə türk dünyasının ünlü şairi Məmməd İsmayıla nəsib olmuşdur. O məşhur “Ağacdələn döy qapımı” şeirini oxumuşdur:
Ağacdələn ağlın azıb sənin də,
Dən gəzirsən saçlarımın dənində...

Nəhayət, müstəqillik dövründə 2004-cü və 2007-ci illərdə həmin festivalda Azərbaycan bayrağının kölgəsində bir neçə şeir oxumaq da mənə nəsib olmuşdur. Daha sonra istedadlı şairimiz Elçin İsgəndərzadə dalbadal beş dəfə həmin ədəbi foruma qatılmaqla həmin festivalın tarixində az qala özünəməxsus bir rekord müəyyənləşdirmişdir.

Fazil Hüsnü Dağlarca hələlik festivalın baş mükafatına layiq görülən yeganə türk şairidir. O, 1974-cü ildə bu ədəbi müsabiqənin laureatı olmuşdur. Bu il isə laureat adına Cənubi Koreyalı şair Ko Un layiq görüldü.

Festivalın təşkilatçılarından olan Makedoniya Elmlər və İncəsənət Akademiyasının prezidenti xüsusi olaraq Azərbaycan və Türkiyədən gələn nümayəndə heyətinin şərəfinə ziyafət təşkil etdi. Həmin məclisdə Ankara Dövlət Opera Teatrının pianoçusu Kaya Güc və Şakir bəy klassik Azərbaycan musiqisindən parçalar ifa etdilər.

Festivalda “Mən bir şeir ölüsüyəm”, “Kefin necədir?..” və Qarabağ savaşında şəhid olan, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırova həsr etdiyim “Ölümün qardaşlığı” şeirini oxudum:
Sonbeşik qardaşını qınamışdı bir zaman,
Sinəsini göynədir yaratdığı söz dağı.
O indi anlayır ki, həyatın əzabından
Müqəddəsdir, əzəldir ölümün qardaşlığı.

Yeri gəlmişkən, həmin şeiri Makedoniya radiosunun türk redaksiyasının hazırladığı bir saatlıq ədəbi proqramda canlı efirə də söylədim.

Struqa festivalı yalnız şairlərin şeir oxuması ilə yadda qalmır, həm də ədəbi əlaqələrin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu mənada ədəbi toplantı da iştirak edən Serbiya Yazıçılar Birliyinin sədri Radomir Andri və “Novi Sad” kitab evinin direktoru Selimir Rodulovski ilə serb dilində Azərbaycan şeir antologiyasının nəşri ilə bağlı ilkin anlaşmamız oldu.

Festivalda kitab nəşrindən, poliqrafiya mədəniyyətinin zəruriliyindən söhbət açıldı. Türkiyəli şair Heydər Elgüvən “Kırmızı Kedi” nəşriyyat evinin iş təcrübəsindən danışdı. Amma təəssüf hissi ilə qeyd etməliyəm ki,Rusiyanı təmsil edən sənətşünas Nadejda Reynin kitab nəşri və poliqrafiya mədəniyyəti ilə bağlı hazırladığı çıxış festival proqramına salınsa da, sonradan qeyri-müəyyən səbəblərə görə ləğv olundu. Bundan hədsiz dərəcədə pəjmürdə olan Nadya xanımın könlünü almaq üçün onun çıxışının mətnini tərcümə edib Bakıda Azərbaycan və rus dillərində çap etməyə söz verdim.

Bəlkə də şeir festivalı ilə bağlı yol qeydlərimə burada nöqtə qoymaq olardı. Amma həmişə olduğu kimi başıma Hüseyn Arifsayağı bir əhvalat gəlməsəydi...Belə ki, Struqadan ayrılıb aeroportun yolunu tutanda məlum oldu ki, Aqil Abbasın gözündən uzaq, tələskənlik ucbatından və başım yeni tanış olduğum şeir sərrafları ilə söz-söhbətə qarışdığından makedon dilində çap olunan şeir kitabımı mehmanxanada unutmuşam. Bir qayda olaraq, festivala qatılan şairlərin şeirlərindən ibarət “Kim Kimdir?” adlı almanax makedon və ingilis dillərində nəşr olunur, festival iştirakçılarına paylanır. Yolboyu evə dönüşdə Skopyedən İstanbula uçanda təyyarədə belə beynimdə bir fikir dolaşmaqda idi. Mən indi Bakıda dost-tanışa, evdəkilərə necə izah edim ki, kitabı mehmanxanada unutmuşam. Belə çıxır ki, bir həftə boş-boşuna gəzib dolaşmısan... Necə deyərlər Makedoniyada papağı günə yandırmısan. Adama deməzlərmi , səni ora nəyə göndərmişdik? Düzdü, əlimdə tutarlı bir bəhanə vardı. Uzağı demək olardı ki, səhər-səhər tələskənlik ucbatından Anar müəllim də oteldə cib telefonunu unutmuşdu. Amma telefon hara, kitab hara?!. Mən hələ Quzey Krıslı şairə Bəsti Saqqallı ilə şeirimizin dəyişik düşməsini demirəm... Onsuzda o şeiri oxuduğuna görə sənin kitabın bağlanmışdır. Çətin bir də səni “Struqa şeir axşamlarına” dəvət eləsinlər...

İstanbulun Atatürk hava limanında dondurma və çərəz ziyafəti verəndə Anar müəllim nigarançılığımın və həyəcanımın üstünə bir qədər sərin su səpdi. Məlum oldu ki, makedon dilində onun və mənim şeirlərim çap olunan kitabı Anar müəllim götürüb. Deyirəm, yaxşı ki sən varsan Anar müəllim. Heç olmasa həmin kitabdan şəklim və şeirlərim çap olunan səhifələrin üzünü çıxarıb dost-tanışa göstərmək olar...

Akif Əhmədgil